4-cü Milli Kitab Sərgisinə hazırlıqlar başladı

4-cü Milli Kitab Sərgisinə hazırlıqlar başladı

09 Sentyabr 2022 16:53 628


24 sentyabr - 1 oktyabr tarixlərində Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisi keçiriləcək.

Tədbirin təşkilatçısı “Qanun” Nəşrlər Evindən verilən məlumata görə, sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edə biləcəklər.

Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Bir həftə ərzində oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər. Eyni zamanda, yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.

Sərginin daha maraqlı keçməsi üçün təklif və arzular da nəzərə alınır.

Hazırlıq işləri ilə bağlı əlavə məlumat veriləcəkdir.