Açıq-saçıq səhnələrlə xal qazanmaq - Səfər Alışarlı yazır...

Açıq-saçıq səhnələrlə xal qazanmaq   - Səfər Alışarlı yazır...

01 Noyabr 2023 12:12 212


Yəni ədəbi əsərdə nə istəyirsən, yaz, o cümlədən intim təsvirləri də... Keçmişdə bu cür səhnələrin ifratına "çirkli yataq mələfələrini yellətmək" deyirdilər. Bu gün, deyəsən, heç mələfədən də istifadə edilmir.

İfrat nədir? Əsəri məlum orqan ətrafında fırlamağa ifrat demək olar. Ancaq deyək ki, bu görməmişlikdən irəli gələn eybəcərlikdir. Fərq etməz, hekayə, povest, ya da roman olsun. İntim həyata qədəm qoyan gənc ədiblərin bəziləri sanki qışqırır: böyük Yekaterinanın yadigarı mən özüməm!

Bir onu yaşayanlar, bir də özünə böhtan atanlar var.

İntim təsvirlərinin əleyhinə deyiləm, gənclikdə biz də peqasımızı o çəmənliklərdə səyirtmişik. Həyatımızın sırf sosil-iqtisadi problemlərlə dolu olduğu bir vaxtda ən kiçik hekayəni belə o mövzunun ağuşunda oynatmaq, məncə, israfçılıqdır. Mənəvi aşınma bir yana, həm yazıçı, həm də oxucu tərəfindən ona sərf edilən enerji heyfdir. Həcm baxımından götürsək, bəlkə də ciddi əsərdə intim 0,5 faizindən çox yer tutmaz.

Açıq-saçıq səhnələr hesabına ədəbiyyatda xal qazanmaq heç zaman mümkün olmayıb. Bu gün də mümkün deyil. Sosial şəbəkə laykına hesablanan ədəbiyyat ciddi görünmür. Fikir verin, necə böyük bisavadlar ordusu yetişib, onlar adi feysbuk şəklinin üstünə ən qısa cümləni belə yazanda az qala hər sözdə bir orfoqrafik səhv buraxırlar.

Orfoqrafiyasız ədəbiyyat, əsər, yazıçı olmur. Cümlə güllə kimi gözəl, qüsursuz və ağırlıq mərkəzi tarazlanmış olmalıdır. Sözlərdəki orfoqrafik səhvlər, səthi morfoloji düzüm, pinti sintaksis, sanki nasaz lülədən çıxmış güllənin arxasında yellənən metal yonqarlarıdır: o güllə heç zaman hədəfə dəyə bilməz.

Yadınızdadırsa, bir zaman çap mediasını uydurma ulduz falı, dayaz krossvord, yalançı sensasiya epidemiyası bürümüşdü. Onun intim oxşarını ədəbiyyatda yaşayırıq.

Söz ucuzlaşıb. Yazıçılıq ölən sənətlərdən deyil, ancaq onu öldürən sənətə çevirənlər artıb.