Adını Polad qoyduğumuz uşağın azadlığı - Əsəd Qaraqaplan

Adını Polad qoyduğumuz uşağın azadlığı   - Əsəd Qaraqaplan

24 İyul 2023 09:37 321


Azadlıq seçimdir
Əsəd Qaraqaplan

Saytlarda bir xəbər gördüm. Bir valideyn doğulan uşağının adını Polad Həşimov qoyub (bilmirəm, soyadı da Həşimovdur, ya yox). Və indi 3 yaşı tamam olan uşağı hərbi formada, əlində bayraq gətirib mərhum generalın məzarı üstünə.

Gözəldir, yaxşıdır, çox pakizə! İlk baxışdan hətta çox cəlbedici görünür.

Ancaq o uşağın günahı nədir ki, daha doğulan kimi onun çiyninə bu qədər yük mindirirlər? Bu yaşda bu formanı niyə geyindiriblər? Vətənpərvərlik bu qədər düşüncəsiz bir şey deyil axı.

Bəlkə, uşaq böyüyəndə başqa bir şey olmaq istəyir, başqa biri. Bəlkə, qatil olacaq, ya da dahi bir musiqiçi. Nədən onun seçimlərinə hörmət etmirlər? Nədən imkan vermirlər ki, özü öz seçimlərini edə biləcək yaşa qədər rahat böyüsün?

Üstünə qəhrəmanın adını qoy, 3 yaşında məcburi forma geyindir, məzar üstünə apar, əlinə bayraq ver, şəklini çək və paylaş. Həqiqətən, gerçək olan budur?

Əminəm, o uşağın vətənpərvərliyini də əlindən aldılar. O böyüyəndə vətənpərvər olmaq istəməyəcək...

"Cəhənnəm başqalarıdır".

İnsan öz seçimində səhv edəndə onu düzəltməyin yollarını da yaxşı bilir. Çünki o səhvin mənbəyi ondadır, onun özəyini də bilir. Bu da onu düzəltməyinə kömək olur.

Üstəlik, "öz səhvi" olduğuna görə, məsuliyyəti tam olaraq öz üzərinə götürür, sonra başqalarını da günahlandırmır. Belə olanda da səhvlər istər-istəməz düzəlir, ya da ən azı minumuma enir.

Ancaq insan başqalarının seçimiylə səhv edəndə onu düzəltməyi bacarmır, çünki mənbəyini bilmir, özəyi onda olmur.

Həm də çox vaxt düzəltmək istəmir, çünki öz seçimiylə elədiyi səhv olduğunu düşünmür. Ona görə başqalarını günahlandırır.

Sonra da başqaları başqalarını günahlandırır və bu silsilə şəklində bir cəmiyyətin öz taleyinə görə bir-birini günahlandırması halına gətirib çıxarır...

Sartır necə deyir: "Cəhənnəm başqalarıdır".

Ona görə də buraxın insanlar öz seçimlərini eləsinlər. Hətta "buraxın" yox, insanlar sadəcə öz seçimlərini etməlidirlər...

Azadlıq dərk olunmuş zərurətdir

Hər kəsin darıxmaq haqqı var. Həm də kimə gəldi, nəyə gəldi darıxmaq.

Məncə, ən yaxşı yaxınlıq məişətdən uzaqlıqdır. İnsan, yəqin, heç vaxt insanlarla azad ola bilməyəcək. Ona görədir, yəqin, həmişə tənhalığa qaçırıq.

Və sevə bilənlər həmişə bunun cəzasını çəkməyə məhkumdurlar. Bunu biləndə azad olurlar, bilməyəndə isə daha çox tənha.

Sevgi dərk olunmuş azadlıqdır, tənhaqlıqsa, dərk olunmamış. Ona görə insan tənhalıqdan qaçmaq istəyir. Sevdinsə, azadsan demək, cəzasını dərk eləmədinsə, tənhasan...

Mən əvvəllər tənha idim, elə ki dərk elədim, cəzamı çəkməliyəm, elə ki dərk elədim, sevmək tənhalıq deyil, azadlıqdır, onda daha çox rahat oldum.

Məişətin öldürdüyü təkcə sevgilər deyil, həm də azadlıqlardır. Məişət sevgini öldürüb adamı tənha edir.

Hər kəsin içində, əslində, heç kim olub yaşayırsan, hər kəsdə yox olursan bir az da.

Xoşbəxtlik də məişət məsələsidir, sevgiyə dəxli yoxdur. Rahatsansa, zatən azad deyilsən, uzağı sadəcə xoşbəxtsən. Yeni dərin tənhalığa baş vurmaq üçün xoşbəxt. Azadlıqsa tamam adamdan, adamlardan uzaq anlayışdır, orada sadəcə sən varsan, bir də sevgin, səni tənhalığa aparmayacaq sevgin. Səni mərhələlərdən keçirərək azad edən, sən sən edən azadlıq...

Darıxmaq azadlıqdır, azadlıq insansızlıqdır deyə. Azadlıq seçimdir, azadlıq seçə bilməkdir. Azadlıq dərk olunmuş seçimdir həm də. İnsan azad olanda darıxır, darıxanda azad olur. Bilirsən, işin içində məişət yoxdur, bilirsən, sənin içində məişət. Sevdinsə, öncə tənhasan, sonra azad...

Azadsansa, insansan. İnsansansa, gerisi sevgidir elə. Adını nə qoyursan-qoy...