YeniYaz.az gənc şair Əlibala Əhmədovun "Albalı küçəsindəki qoxunun xatirəsinə" essesini təqdim edir.
.....Qulaqlarını donduran küləyi unudaraq tutacağa yaxınlaşır. Amma ayaqlarının necə üşüdüyünü hiss edir. Paltarlarından yadlıq qoxusu gəlir, sanki. Və boğazına bir topa palçıq yapışıb. O palçıq öz həmyaşıdını incidən uşaq inadıyla onun boğazını əlləriylə cızır, nəticədə öskürmək istəyir - amma nə qədər etsə də bacarmır. Ağrı güclənir və gücləndikcə, keçmişi - öz gənc müəlliməsini xatırlayır, onun balaca ağappaq - ətirli əlini. Hər səhər qızılgül suyunda yaxaladığı əlini. Hər səhər quşların öpdüyü və ağacların xeyir dua verdiyi, ərik şirəsinin öz nəfəsini üfürdüyü əlini...
Tutacağın üzərində qar bərkiyib - bərkiyib, bozarıb və buza dönüb. Tutacağa yaxınlaşır və dişlərini altdan o buza keçirməyə çalışır, alınmadıqca biraz da sərt olmaq istəyir, dişlərini lap dərinliyə sancır..
Amma buz parçalanmadı - necə var elə də qaldı.
.....O günləri xatırlayırsan - qış axşamından əvvəlki anları. Qaranlıq hələ tam düşməmişdən əvvəl sanki havada xəyali kül rəngli tüstülər dolaşırdı, sənə elə gəlirdi ki, indi kimsə öz daş hamamında üşüyür, kimsə balaca evində tək - tənha işığını yandıraraq, soyuducu motorunun kədərli səsinə qulaq asır və istəyir masasına qoyulmuş şokoladı götürsün, pəncərəni açsın və bir itə atsın, sonra həmin itin üzünə baxıb gülümsəsin.
Sənə elə gəlirdi ki, haradasa çil - çil sarışın bir uşaq - öz baxışlarını nəlbəkidəki qatılaşdırılmış südə və o südün içində qalmış bir tikə çörəyə zilləyib.
Və ağlına qara rəngli ağaclar gəlirdi və ağlından qış günlərində islanmış soyuq ayaqların keçirdi...
Sənə elə gəlirdi ki, çöldə qara torpağın içindən yaşıl bir ot qopur və o qopmanı öz daxilində hiss edirsən.
Sənə elə gəlirdi ki, meyvə ağacının altında
və teldən hasarların yanında əynində köhnə paltarı olan bir adam dayanıb və bənövşəyi ildırımların qorxusundan tir - tir əsir. O qədər çox qorxub ki, indi yetişib şipşirin olan qara üzümlər də ağlına gəlmir.
.....Nəhayət yağış yağmağa başlayanda birazca sakitləşirdin. Ürəyinin döyüntüsü öz axarını tapırdı. Və nəfəsin təmizlənib, boğazını sərinlədirdi.
"Yağış yağmağa başlayanda qorxularım azalırdı, daha nənəmin hər gün içi qarışqayla dolu çay içdiyini təsəvvür etmirdim.
Və evin altına yığılmış balqabaqların ağappaq sümük kimi üşüdüyünü düşünmürdüm. Evin altındakı nəm, qara torpağın acıqlı üzünü unudurdum.
Yağış yağmağa başlayır....- xəyal edirdim ki, həyətdəyəm, geniş bağçamızda, islanmış otlara baxıb gülümsəyirəm, qarğıdalı yarpağının saralmış yerinə toxunuram və göyəm ağacına yaxınlaşıram...
Xəyal edirəm ki, ağzımı göyəm dənələrinin aşağısında açıb, onların qabığı üzərindən süzülən yağış suyunu içirəm... Və burnumun üstündəki damcını yaşıl çəyirtkənin üzərinə tulllayıram...
Xəyal edirdim..."
Xəyal edirdin, paslanmış dəmirin solmuş rənglərinə baxaraq, gecəsində ulduzların parıldadığı, təpələri üzərində şən adamların uzandığı yerləri.
Və ətirli kəklikotuyla dolu torpaqları.
....Xatırlayır. İsti yorğanın altında səslərə oyanırdı. Və corabsız - hamar ayaqlarını ləzzətlə bir - birinə sürtürdü.
...Evdə anası və bacısı səhər yeməyi yeyirdi. Peçin üzərində qızdırılmış, bəkimiş çörəklərlə şirinçay.
Həmin səhərlər nədənsə alatoran olurdu. Və o çöldəki sarı heyvaların qoxusunu xatırlayırdı. Sonra yenidən ayaqlarını bir - birinə sürtürdü və başını yana çevirirdi. Köhnə, kiçik televizorun ağ və qara kauçukuna, dar ekranına baxırdı...
Elə yerindəcə, kənara çıxmadan...Sanki həmin səhərlərdə isti yorğanın əllərində qalmaq üçün ona istədiyi qədər aman verilirdi...
Və alatoran səhərlərdə Piter Peni, kapitan Qarmağı görürdü və alatoran səhərlərin yaşıl timsahını....
Və nədənsə arxın üzünü yenicə bağlamış buzu düşünüb gülümsəyirdi...
Özüylə həmin buz arasında körpə doğmalıq duyurdu..
......Üzərinə qara şokolad yaxılmış biskvitlər yediyinizi xatırlayırsanmı? Yayın isti və yuxunu özünə yadlaşdıran gecələrini. Geniş koridorda - qardaşınla rahat oturacaqlarda əyləşməyinizi.
Və iki gün öncə leysanla keçmiş gecəni yadına salırdın. Damcıların yarpaqların üzərinə toxunan addımlarını... Və atanla qırılmış naqilləri təmir etməyinizi....Və yaşıllığın qoxusunda zaman qorxusunun yox olub getməyini...
İsti gecələrdə ayağına toxunan sərin döşəməni xatırlayırsanmı?
Gecəboyu "Rokki" filmini izləyirdiniz və bir tərəfdə büzüşüb qalmış qısaqol köynəyini götürür, əyninə keçirir və nəhayət yatmağa gedirdin...
..... Günlər olub ki, sən saatlarla xəyalındakı qadın barəsində düşünmüsən. Onun əllərini və gözlərini təsəvvür etmisən.
Və yağışlı günlərdə - itinizin islanmış tüklərini görəndə və göyəm qabığından süzülmüş yağış suyunu içəndə - daim onun əksikliyini duymusan.
O şən ledi idimi? Fərəhli gülüşü olan və ağ velosipedinin üzərindən səbət asaraq, küçələrdən göz qırpımında gəlib keçən....
O fısıldayan qazlara baxaraq gülməyi bacarırdımı? Tikan qolunu cızanda öz qanını dodağıyla sovurur, yoxsa soyuq havaya baxmadan suda yaxalayırdı?
Onun üzünə baxarkən ağlına şəffaf suyunn üstünə düşmüş ağ, təzə tut dənəsi gəlirdimi?
Bilirəm, bilirəm...
Sən "Albalı" küçəsində yaşayan Meri Poppinsi xəyal etmisən. Albalı ağaclarının üzəriylə uçan Meri Poppinsi.
Öz gözəl papağı, plaşı və əlcəkləriylə...Nazik və cazibədar üzü, gövdəsiylə.
Qəzəbindən işvəsinin şirinliyi yağan, sərt, amma həm də qayğıkeş olan həmin qızı.
O qızı ki, heyvanların və quşların dilini unutmayan yeganə adam idi. O qızı ki, dünyanın dördbir yanına səyahət etmək üçün sirli, qəribə bir kompası vardı. O qız ki, Maykl və Ceynin, körpə Conun və Barbaranın dayəsi idi. Yerə enən ulduzlarla söhbət etməyi bacarırdı.
Və körpələrə xəbər verirdi ki, böyüyəndə quşların dilini unutmağa başlayacaqlar. Və körpələrin buna görə necə ağladığını görürdü.
Və bir vaxtlar o körpələrlə danışan bildirçinin də...
O qız ki, onun doğum gününü bütün heyvanlar qeyd edirdi, ayılar və şirlər, fillər və quşlar... Və qoca ilan ona doğum günü hədiyyəsi bağışlayırdı.
Və o qız ki, bütün bunlara baxmayaraq - öz sevgilisiylə görüşəndə utanaraq, qızarırdı.....
......"Bir vaxtlar hər şeyi xəyal etmişəm - qadını, günəşi və ulduzu....Və şokolad içindəki fındığın dadına inanmışam.."
Amma indi dişləriylə tutacağın buzunu qırmağa çalışır. Və boğazına yığılmış torpaq əlləriylə ona əziyyət verir. Və o bu əziyyəti duyducqa müəlliməsini xatırlayır - gənc qadının ağ və ətirli əlini.
O əl ki, hər səhər qızılgül suyunda yaxalanırdı...
Və ərik şirəsi öz nəfəsini o əl üçün üfürürdü...
Xatırlayır.
Sonra buzun soyuğundan donmuş dişlərinə barmaqlarıyla toxunur, öskürmək istəyir və yenə də bacarmır...