Allaha yazığım gəlir - Yeni şeirlər

Allaha yazığım gəlir   - Yeni şeirlər

17 Aprelel 2023 15:09 514


Allaha yazığım gəlir – Yeni şeirlər


Ölənin arxasınca danışmazlar...

Mehman Qaraxanoğludan yeni şeirlər

RƏQS DƏRSİ

Düz əlli ildi
Şeir yazırsan qadın ayaqlarına -
Guya hələ də dümdüzdür onlar,
Üstündə bir tük də bitməyib hələ...
Özünü gözəllik və sevgi şairi kimi
Kütləyə sırımağın yetər!
Yetər,
Sağı göstərib,
Solu vurmağın!
Yetər!!!
Doymadınmı?!
Fəxri ad istədin,
Aldın!
Ev istədin,
Aldın!
Oğul-uşağın üçün iş istədin,
Aldın!
Torpaq istədin,
Aldın!
De, de, indi nə istəyirsən?
Mən deyimmi?
Fəxri Xiyabanda torpaq sahəsi...
Bunun üçün Xalq şairi olmalısan!
Qalx,
Qalx!
Qalan ömrünü də buna həsr elə!
Bax gör
Daha kimlərə girişmək olar?!

AXMAQ KOMPANİYA

Bilirəm,
Ədəbiyyat dəllalları bağıracaqlar:
Onlar dil uzadır dəyərlərimizə!
Dil!
Müqəddəs!
Dəyər!
Siz hər üçünü darmadağın etdiniz,
Darmadağın...
“Dil” ona görə sizə lazımdır ki,
Ondan özün,
Arvadın,
Oğlun, qızın,
Qohum-əqrəban üçün,
Şərəfsiz dostların üçün
Nəsə istəyə biləsən...
“Müqəddəs” sizin üçün
Murdar, riyakar “poz”larınızın
Bir ləçər epitetidir...
“Dəyər” də
Alt paltarınızın reklamıdır, vəssalam...

ÇIXIŞA DOĞRU

Şeirimizdəki Allaha yazığım gəlir -
Bu qədər də sual olar?!
Biri deyir: Məni tanımadın?
Biri deyir: Nə edim?
Biri deyir: Hara gedim?
Biri deyir: Eşitmirsən?
O birisi də deyir: Niyə susursan?
Girinc olub qalıb Tanrı...
Ən yaxşı işi də elə özü görür -
Onların sualllarını qozuna da almır...

NÖMRƏSİZ PALATA

Sənin təşkilatın sənin şirkətindir!
(Darıxdırıb eləmə özünü, çoxunda belədir)
Yox, yox, sənin balandır!
Necədir balaların?!
“Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynuzumda ot gətirmişəm”.
Həm atasan,
Həm anasan,
Həm də baba...
Hər şeyin “gözəli”ni də özün bilirsən, özün...
Baxma da, bəlkə “məsləhətim” gərəyin oldu:
Amanın günüdür,
Şəngülümün,
Şüngülümün
və Məngülümün
Suyunu,
Südünü
Və otunu bol eylə, bol...

MEMUAR
VƏ YA GƏLİNİN BƏZƏDİLMƏSİ AYİNİ...

Mən söz verirəm:
Qocalanda memuar yazacağam;
Məndən başqa zibillərimi kim örtə bilər, kim?!
Mələklərin paltarını zorla əyinlərindən çıxarıb geyinəcəyəm!
İblislərə qəlyan çəkməyi öyrədəcəyəm!
Dostlarımı necə satmışam, gizlədəcəyəm!

Yox, mən heç bir istedada güllə atmadım,
Özüm elə apardım ki, guya heç nədən xəbərim yoxdu...
Heç güllə səsi də eşitmədim!
Bir sabah dedilər ki, o öldürülüb!!!

Qəbristanlıqdan gözəl tribuna harada ola bilər?
İlk çıxışı da özüm yapdım!
Özümü elə apardım ki,
Guya cib dəsmalımı unutmuşam...
Və...
Əlimin arxasıyla gözümü sildim...

ÖLƏNİN ARXASINCA DANIŞMAZLAR

(Aqşin Yeniseyə)

Eheyy,
Aqşin bəy,
Guya sən bilmirsən ki,
Ölənin arxasınca danışmazlar?!
Ölən ölüb gedib də...
Bəs mentalitet?
Qoy ölən də arxayın ölsün –
Orada dolduracağı bircə çalanı
Burada açdığı yüz çalayla
Müqyisə edib,
Yumsun gözlərini arın-arxayın...

01-15 aprel 2023