Anacan, dostum evlənir - Qalib Arif yazır...

Anacan, dostum evlənir   - Qalib Arif yazır...

01 May 2023 10:56 241


(“Gənclik” hekayələri” silsiləsindən)

Deməli, 80-ci illərdi, yuxarıda nəqaratı gedən mahnı da dəbdə idi. Onda “Vosmoy”da yaşayırdım, nə yaşım var idi, “Xruşovka”da 3 otaqlı damım-daşım var idi. Və qonşuluqda Nurəli adlı bir yoldaşım var idi. Uşaqlıqdan bir məhlədə böyümüşdük, 220 saylı məktəbdə bir sinifə getmişdik. Balaca, arıq oğlandı, məhlədə bir şey olanda, dalında dağ kimi dururdum. İllər gedirdi, amma bizim dostluğumuz davam edirdi...

Artıq Nurəli əsgər gedib gəlmişdi, “Pişevoy”u bitirmişdi və Çörək zavodunda ambarda köməkçi işləyirdi. İşi babatdı, gündə 100 manat qazanırdı. Arıq, hündür oğlandı, bir şey olanda, dalımda dağ kimi dayanırdı. Mən də Neft Akademiyasını (onda AZİ deyirdilər) bitirmişdim, Elmlər Akademiyasında Aspiranturaya girmişdim. Ayda 125 manata qulluq edirdim, amma bizim xarici tələbələrlə alver edirdim, babat fırlanırdım. Nurəlinin üst-başına, cins şalvarına da mən baxırdım. Puluna minnət, 250 manata “Levis”, 280-nə “Montana” alırdı. “Belgiyski” layka plaşı da vardı.

Nurəli mənim işlədiyim İnstituta arabir gəlidi, amma son vaxtlar lap “su yoluna” döndərmişdi. Qara qızın dərdi varmış... Anacan, dostum evlənir... Bizim şöbədə Aida adlı bir qız vardı, birinci ildən AMİ-yə girməmişdi, bizdə 6 aylıq staj yığırdı. Qarayanız, suyu şirin gözəldi, İnstitutda bütün subaylar ona valeh idi, Nurəli də istisna deyildi. Onun boy-buxunu, “firmenni” üst-başı Aidanı da cəlb edirdi. Hiss edirdim, çörəyi qulağıma yemirdim. Dostum pul qazanan idi, amma danışan deyildi, qıza söz deyən deyildi. Odur ki, dərdini mənə dedi: “Mən zirəli, Aida məştağalı, kənd uşağıyıq, bizimki tutar, gör neynirsən...” Hətta “Abşeron”da babat qonaqlıq da söz verdi...

Mən də atı daşlığa sürmədim, dostuma ilkin elçilik elədim. 8 mart ərəfəsində Aida ilə danışdım, onu “podruqası” ilə “Abşeron”a dəvət etdim. Gözəl işarədən söz biləndi, dəvətimi səmimi qəbul etdi. Və biz ilk martın ilıq bir axşamı “Abşeron”a səfər etdik. Bilənlər bilər, o vaxtlar “Abşeron”a adi günlərdə düşmək çətindi, 8 mart ərəfəsi isə, mümkün deyildi. Onlarla adam qapıda növbə gözləyirdi, hətta pul kömək etmirdi. Nurəli tədbirli oğlandı, əvvəldən əldən dəvətnamə almışdı.Amma işin tərsliyindən, dəvətnamələr bara yazılmışdı. Bizi yuxarı restorana buraxmadılar, aşağıda barda oturası olduq.

“Zolotoy” şampanski su kimi axırdı, qara, qırmızı “ikraya” dəyib dayanırdı. Şampanski ilə qara “ikra” da, məlumdur ki, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Bizim “dördlük” də həmin qoşquda, bəndənizin şux zarafatlarının qoynunda çox uzağa getdi. Arkadi Raykin qəllət eləyir, mən “anekdot” danışmağın ustasıyam. Məclisi mən aparırdım, başağrısı olmasın, çox danışdım. “Anekdotlar”ın biri indi də yadımdaır, yaddaşımın qızıl fondundadır... Qızların gülüşü isə, qulaqlarımdadır...

-Deməli “pus-nemes” müharibəsində bir zirəli əsir düşür. Hamı rusca az-maz bilir, zirəli bir kəlmə də bilmir. Tərcüməçi gətirirlər, nemes bunu sorğu-sual edir, bakılı ləhcəsi ilə deyir, “Ala, haralısan?”. Zirəli kəkələyir, “Qədeş, Bakiliyəəəmmm”. Nemes deyir, “bunu bilirəm, Bakı ruslara neft verir. Sən Bakının harasındansan?” Nurəlinin kəççisi bicin biri olur, fikirləşir ki, “zirəliyəm” desəm, birdən nemesin xoşuna gəlməz, elə bilər, orda neft çıxır, məni güllələyər. Qoy, “mərdəkənniyəm” deyim, Mərdəkəni hamı tanıyır, orda neft də çıxmır”. Deyir, “Qədeş, mən mərdəkənniyəəəm”... Nemes gülümsəyir ki, “Ala oğraş, bes zirəli kimi kəkələyirsən”...

Bardan sonra Nurəli Aidanı ötürdü, mən də onun azərbaycanca danışmayan, ancaq başa düşən çəpgöz “podruqası”nı. Deyirəm, qıza bax e, qəsdən bunu gətirib ki, özü daha gözəl görünsün... Onlar yuxarı, “Moskva” mehmanxanasına tərəf qalxdılar, biz aşağı Azneftə düşdük. Mən bir taksi saxlayıb “podruqa”nı Mikrorayona yola saldım, özüm piyada “Baksovet”ə qalxdım. Günümüz cavan qızların əhatəsində keçmişdi, kefim qaranlıq göylərdə, işıqlı ulduzlarda idi. Bəli, şair demiş, cavanlıq heç zad ilə şad olar, bizim dərdi tutmur indi dünyalar...

Sonra Nurəlinin xoşbəxt yay günləri başladı. Aida “med-texnikuma” imtahan verdi və qəbul olundu. Nurəli qırmızı “Jiquli” aldı, özü demiş “11 nömrə”nin daşını atdı. Tez-tez axşamlar bizə gəlirdi, mən də ona baş çəkirdim. Deyirdi “qızı şəhərdə nənəmgilə aparmışam, nənəmin xoşuna gəlir, deyir “gözəldir”. Anamla da bulvarda tanış etmişəm, bir yerdə çay içmişik. Anamın da xoşuna gəlir, deyir “gəinim gözəldir”. Bu gün sabah kişini “Avrora”ya, qızgilə göndərmək istəyirəm, amma hələlik qız razılıq vermir”... Deyirdim, “Allah xeyir versin... Anacan, dostum evlənir”... Gülüşürdük...

Deyirlər, pis günün ömrü az olar, amma yaxşı günün ömrü daha az olur. Günlərin bir payız gecəsi Nurəli bizə gəldi. İnanın ki, salam vermədi, qanı qapqara idi. Dedim, “ala, nə olub, bəlkə qızla aran dəyib, bəlkə işdən qovublar?!” Dedi, “Ölmüşəm yerdən götür, səhərlər çörək də yeyə bilmirəm. İş olsa, özüm düzəldərəm, pul verərəm. Amma qız mənimlə danışmaq istəmir... Mən kişini bunlara evə göndərmək istəyirəm”... Çox gec idi deyə, Aidaya zəng etmədim, həm də bu, telrfon söhbəti deyildi. “Axşamın xeyrindən sabahın şəri yaxşıdır” dedim... Nurəli razılaşdı, amma fikrimi başa düşdü, düşmədi?! Getdi...

Səhər tezdən Nurəli qırmızı “Jiquli”də evimizin qabağını kəsdirdi. Mən işə getməli idim, amma “Avrora” metrosuna Aidagilin məhləsinə getdim. Çox gözləmədik, tələbə qız dərsə gedirdi. Bəzənmişdi, iri, iri gözləri... Qara kişmişi cibə tökərlər, qara qız qara layka plaşda hind gözəlinə bənzəyirdi. Başaıma gələn axmaq fikirləri əlimlə qovdum, “hind gözəli”nə yaxınlaşdım. Qız məni şirin bir təbəssümlə qarşıladı, sanki heç zad olmamışdı. Əl veib görüşdüm, tələbə biletini bir də (zəng etmişdim) təbrik etdim. Səmimi sevindi, “sağ ol, işdə nə var, nə yox?” dedi. Söhbəti 6 ay əvvəl mən başlamışdım, indi də mən yoluna qoymalıydım. Dedim, “Nurəli sizə elçi göndərmək istəyir”, dedi, “Bilirəm, amma mən istəmirəm”... Mənim təəccüblə baxdığımı görüb “net” bir cavab verdi, indi qulaqlarımdadır...

-Nurəli məni çox istəyir, nənəsi ilə, anası ilə tanış edib... Mən də evdə anama demişəm, deyir “ öz bakılımızdır”, pis olmaz. İmtahanlardan sonra, az qala, hər gün görüşürdük, görüşən kimi də kafeyə, ya bara gedirik. Şampansi, sok... Sok, şampanski... Nə qədər olar, mən paltar maşını zadam?! Adam bir kəlmə danışmır, elə bil ağzına su alır... Arif, hər dəfə sən bizim yanımızda olmalısan ki, “anekdot” danışasan?! Axı, mən darıxıram, partlayıram. Mən bu adamla necə yaşayacağam... Mən bu adamla yaşamaq istəmirəm...

(Ardı olacaq...)