Anar niyə ictimai etiraz yaradır? - Mehriban Vəzir

Anar niyə ictimai etiraz yaradır?   - Mehriban Vəzir

19 İyul 2022 09:27 388


Yazıçılar Birliyi nəyi etməlidir ki, etmir

Mehriban Vəzir

44 günlük müharibənin gedişatında sonralar diqqətdən yayınmış bir ictimai-psixoloji hərəkat baş verdi. Bu hərəkatın içində hər BİRCƏCİYİ bir millət üçün baş ucalığı olan yüzlərlə hadisə vardı.
Yadınızdadır, yaşlı, yoxsul kişinin əməkli maaşını orduya verməsi. Yırtılmış ayaqqabıları gözümün önündədir. Şəkidə daxmada yaşayırmış, amma adamda qeyrətə bax. O kişilər bizi özümüzə tanıtdı, oğru nazirlərdən olmadığımızı, talançı hökumətlə eyni qanı daşımadığımızı bizə anlatdı.

Sonra əlində zənbil yollara tökülmüş insanlar...

Ən yoxsul təbəqə...

Evində urvalıq belə yoxdu çoxunun, amma könlü iddialıdır: "ƏSGƏRİM QALİB OLSUN" deyir.

Öz siqaret pulunu qonşu marketə borcu ola-ola əskərə siqaret göndərənlər...

Adı nisyə dəftərində olan xalq...

Dastandı... saymaqla başa gəlməz...

Hələ bütün kəndin bir araya gəlib əsgərə kotlet bişirən anaları...

Daha nələr...

Saysız-hesabsız əfsanə kimi əhvalatlar...

Ölkədə fenomenal bir hadisə baş vermişdi. Bu fenomen Azərbaycan Yazıçılar Birliyinin gözündən yayınmamalıydı. Birlik bu hərəkatın parlaq hadisələrini gələcək nəsillərə ötürməyi özünə vəzifə borcu saymalıydı.

Şuşanı götürən əsgərimizin hünəri dünyanın hərb institutlarının nəzərindən qaçmadı, dərsliklərə saldılar.

Bu qeyri-adi xalq hərəkatı da mənəviyyat institutu olacaq Yazıçılar Birliyinin gözündən qaçmamalıydı. Bu hadisələr dərsliklərə düşmək üçün toplanmalı, faktlaşdırılmalı, hekayələşdirilməli idi.

Çünki o döyüşü əsgərimizə xalqımızın mənəvi gücü qazandırmışdı...

İgid əsgər Şuşa qalasına millətimizin ruhuna sarılıb çıxmışdı...

Savaşlarda belə fenomenal hadisələrə, ordu ilə xalqın bu qədər və könüllü çulğaşmasına az-az rast gəlinər...

Yazıçılar Birliyinin mənəvi borcu o nadir insani halları tarixləşdirmək, unudulmasına yol verməməkdir. Çünki Azərbaycanın sovetlərdən qopub müstəqillik elan etməsinə Cümhuriyyət faktı nə qədər lazım idisə, millətin özünü tanıması üçün, kimliyini bilməsi üçün o tarixin ədəbiləşdirilməsi o qədər lazımdır. Cümhuriyyət bizim siyasi, o xalq hərəkatı isə mənəvi pasportumuzdur.

Yazıçılar Birliyi müsabiqələr keçirməli, həvəsləndirməli, məhz arxa cəbhənin qələmə alınmasını, o misilsiz faktların hekayələşdirilməsini, ədəbiyyata gətirilməsini təşviq etməliydi.
Ədəbiyyat təsisatının Vətənə başqa nə xidməti ola bilər ki...

Xidmət budur...

Anar gedib səngərdə döyüşəsi deyil. Onun yeri Şuşada arxayın oturduğu elə həmin yer idi. Amma boynuna düşəni etmədən olmur, ictimai etiraz yaranır.

Yazıçılar Birliyi təkcə bu hadisəni deyil, İttifaqın üzvü olmuş, güllələnmiş, sürgün olunmuş yazıçıların həyatını işıqlandıran, onları faciəli ömrünü xalqa tanıdan əsərlərin meydana gəlməsini stimullaşdırmalıydı. Son 20-30 ildə ədəbi silsilələr yaratmalıydı.

Yazıçılar Birliyi Cümhuriyyət qəhrəmanları haqqında yazılacaq romanları maliyyələşdirməliydi. Milli azadlıq uğrunda fəda olmuşların həyatını, eləcə də Axundov, Bakıxanov, Zərdabi, Vəzirov, Cavid, Müşfiq, Yusif Vəzir, Abbas Səhhət, Abdulla Şaiq kimi mütəfəkkirlərdən yazacaq, sələflərini tanıdacaq yazıçılara qucaq açmalı, mükafatlar verməliydi.

İllərlə Yazıçılar Birliyindən maaş alan yazıçıların boynuna bu kimi ədəbi öhdəliklər qoymalıydı.
Amma bütün bunları etmədən taxta çıxarsansa millət səni qəlbinin taxtından salar...

Yazıçılar Birliyi ətrafında dedi-qodu çoxdur, bunlar mənim üçün önəmli deyil. Önəmli olan Birliyin ədəbiyyata xidmətidir. Tariximizin şəxsiyyət, mənəviyyat, azadlıq qəhrəmanlarının ədəbiyyatını yaratmağa çağırışdır.

Yazıçılar Birliyində bu çağdaş çağırışlar yoxdur.

Yazıçılar Birliyi heç bir siyasi havalara baş qoşmadan bu qutsal işi etməlidir ki... ETMİR...
Sonra da iş o yerə yönəlir ki, "Şuşaya getməyənlər gedənlərə paxıllıq edir" deyə toplumda yeni bir qarşıdurma mövzusu yaranır...

Lakin işin kökü daha dərindir...