Düzü, Mirşahinin qələbənin tərənnümü ilə bağlı məlum çıxışına reaksiya vermək istəmirdim. Hətta bunun üçün dəvət aldığım bir neçə televiziya verilişindən də imtina etdim. Lakin ədəbiyyat adamlarının məsələyə verdiyi reaksiya məni klaviatura arxasına keçməyə vadar etdi.
Ritorika, pafos efir üçün məqbuldur. Mirşahin doğruları demədən maraqlı olmağa məhkumdur. Buna görə belə “zərərsiz” mövzular onun üçün böyük avantajdır.
Fərdi seçimlərə hörmət etməyən totalitar sovet cəmiyyəti ədəbiyyatı da “kolxoz”laşdırmışdı. Ümumi direktivlər, təlimatlar, tapşırıqlar yaradıcılıq sahələri üçün keçərli idi. Mətbuatın 30-40-cı illərə aid nömrələrinə baxsanız, bir inəkdən nə qədər süd, nə qədər bala almaqla bir şairdən nə qədər şeir, nə qədər poema almağın eyni uğur zənbilinə qoyulduğunu görərsiniz. Mətbuatı “bay” edən Mirşahinin yazıçılara göstəriş verməsi həmin dövrün xəstə inersiyadır. Lakin yazıçıların hesabat xarakterli cavabları Mir Şahini haqlı çıxardır.
Demək, hədəfi düz vurub.
Daha doğrusu, bu hədəf bu atəşə layiqdir.
Cəmiyyətimiz totalitar sovet düşüncəsindən xilas olmayıb. Ona görə bizdə hər şey fərdlər üzərindən yox, siyahılar üzərindən həyatda keçirilir. Siyahı əsasında AYB-yə üzv oluruq, siyahı əsasında təqaüd alırıq, ev alırıq, fəxri ad alırıq. Ölkəni bürümüş “kollektiv təsərrüfat”ı qəbul etməyən adamlar da siyahıdan canını qurtara bilmir: onlar da qara siyahıya salınır.
İş o yerə qalıb ki, Şuşaya belə siyahı əsasında gedirik. Kimsə mütləq bizim razılığımızı verməli, kimsə mütləq bizim üstümüzdən xətt çəkməlidir.
Müharibə haqqında yazılan əsərlər də siyahı xarakterlidir: 5 poema, 30 şeir, 20 hekayə, 40 publisistik məqalə.
İnsan dəyərini itirəndə statistikaya - siyahıya çevrilir.
İnsanın yaratdığı əsərlər də eləcə.
Liberalizm totalitarizmə uduzur.
Mirşahinin siyahıya alınmış yazıçıların üstünə Qılınc Qurban ədası ilə getməsi totalitarizmin hayqıran səsidir. O səs ki, Şuşa kimi müqəddəs bir ocağı siyasi tamaşaların dekorasiyasına çevirir. Ara yerdə Anar müəllim də bulanmış suda öz balığını tutmaq istəyir; Yazıçılar Birliyinin növbəti qurultayına ünvan kimi Şuşanı seçir. O özünü də, bizi də, ölkəni də rüsvay edən sədrliyinin 40-cı ilini tamamlamaq kimi “əxlaq dışı” addımına məhz Şuşanı şahid çəkmək istəyir. Dünən 20 yaşlı gənclərin düşmənlə əlbəyaxa döyüşünə şahid olan Şuşanı...
İndiki situasiyada isə Anar kimi ədəbi despot qurban kimi görünür. Çaxır içmisən pulunu ver! İllərdir dövlətdən hər şey almısan, bəs hanı qələbəmizi tərənnüm edən əsər?!
Lap adamın yadına Kamyunun “Yad”ındakı baş qəhrəman düşür. Onu da öz anasına ağlamadığı üçün ittiham edirdilər və iş gilyotinə qədər gedib çıxmışdı.
Gecə-gündüz xatirəsini hüznlə yad etdiyin vətənlə, vətən adamları ilə münasibətinə belə burun soxmaq cəsarəti tapırlar. Səndən sevginin də siyahısını istəyirlər. Sanki kafe müştərisisən. Kabab, lülə, dana basdırması, axırda da külləmə kartof...
Diqqət etdinizsə, Mirşahinə cavab verən yazıların ən böyüyü hansısa fərdin yox, analitik mərkəzin adından yazılmışdı. “Bayrak”darın səsi niyə simfoniyalardan eşidilmir?! İlahi!
Özünə hörmət edən adam belə bir yazının altına imza atmaz. Atmayıb da. Bu gün nəyinsə xatirinə yazır, bunun sabahı da var axı. Adamın quyruğuna vedrə bağlayarlar.
Yazıları da siyahılar yazır indi...
Fərdi münasibət şəhid edilir.
Əsl sənətsə qətlə yetirilən həmin bu incə nüansdan başlayır. O hər cür gurultudan insan pıçıltısına enmə məqamıdır. Yazıçı qələbədən çox insanın yanındadır. Bu yerdə cəsarət tapıb sənət və sənətkar həqiqətini lap çılpaqlığı ilə yazıram: qələbə şadyanalığının yaradıcılığa zərrəcə dəxli yoxdur. Bunlar fərqli komponentlərdir. Şadlıq evində şahmat yarışı keçirmirlər. Ədəbiyyat da eynən şahmat kimi xüsusi bir sənətdir və özünün xarakterik xüsusiyyətləri var. Və bu xüsusiyyətlərin içərisində hər hansı hərbi-siyasi uğuru tərənnüm etmək şərti yoxdur. Zorla etmək istəsək, xeyli eybəcər görünər. Mirşahinə aşıq paltarı geyindirib Borçalı toylarına aparmaq kimi.
Əsla və əsla qələbənin dəyərini azaltmaq məqsədim yoxdur. Hamı kimi mən də onun müjdəsini göz yaşımla qarşılamışam. Lakin qələbə parıltısının fonunda digər dəyərləri itirmək, itirilməsinə razılaşmaq olmaz. Hər şey vətən üçün, hər şey qələbə üçündür, doğrudur, lakin vətən də, qələbə də insan üçündür. Qələbə öz ardınca insana, onun hüquq və azadlıqlarına yol açmalıdır. İnsanın, onun hüquq və azadlıqlarının tapdandığı məqamları qələbə parıltısında görünməz ediriksə, əxlaqsızlığa yol veririk. Nifrətlə yad etdiyimiz sovet totalitarizminin bu mənada əxlaqi yanları vardı. Müharibə hamı üçün idi. Biri iki milyonluq saat taxmır, o biri qamış komadan şəhid tabutu çıxarmırdı.
Vətən üçün ölmək insanın vətəndən dəyərsiz olması anlamına gəlmir. O ölümlər də, o qələbələr də geridə qalanlar üçündür. Geridə qalan yoxdursa, yaxud “adam balası kimi” yaşamırsa, qələbənin də, qəhrəmanlığın da mənası qalmır.
Fərdiyyətçilik öldükcə insan dəyərdən düşür.
İnsan dəyərdən düşdükcə yazıçı sınır.
Yazıçı sındıqca azadlığını qurban verir.
Yazıçı azadlığını qurban verdikcə Mirşahinin qarşısında aciz qalır və bir gün onu “içdiyi çaxıra görə” Kamyunun mənəvi gilyotininə qədər qovalayırlar.
Qələbə insanın, vətəndaşın özünə təsir edir, onun yarımçıqlıq və əziklik kompleksini aradan götürür. O cümlədən yazıçılıqla məşğul olan insan da, vətəndaş da daha bütöv şəxsiyyətə çevrilir və özünü güclü hiss edir. Bundan sonra daha böyük, daha möhtəşəm əsərlər yaradır, içərisində, heç şübhəsiz, müharibədən bəhs edənlər də olur.
Yaxşı əsər cəmiyyətin məhsuludur. Çünki yazıçı cəmiyyətlə əhatə olunub və onun gördükləri, yaşadıqları bu və ya digər şəkildə yaradıcılığında ehtiva olunur.
Biz Azərbaycan yazıçısına hansı mühiti təklif etdik ki, o, dünya çapında formalaşsın?!
Bunun üçün şəxsən Mirşahin özü nə etdi?
Onu bir ciddi kitab təqdimatında və ya kitab müzakirəsində belə görməmişəm. Efirdən hansısa yeni imzanı həvəsləndirən cəhdi də olmayıb. Əksinə, həmişə burnufırtıqlı mentalitetlə silahlanıb yeni düşüncələrin üstünə yürüşə çıxıb. ANS-dən üzübəri bircə dənə də normal ədəbiyyat verilişi açmayıblar.
Şəxsən mən 20 il Bakı mühitinin əzablarına qatlaşan bir qələm adamı kimi istedadlı gəncləri görəndə utanıram. Öz həyatımı, öz məşəqqətlərimi onlardan gizləməyə çalışıram. Təsəlli verməyə, ürəkləndirməyə söz tapmıram.
Hansı mühitdə yetişəcək o?
Azadlıq dalınca düşsə çörəkdən olacaq, tərənnüm dalınca düşsə istedaddan.
Bu 20 ildə çörəklə azadlığı bir yerdə bircə dəfə də görmədim.
Və Mirşahin səmimidirsə Xocalı faciəsinin amansız metaforası olan bu istedad soyqırımından danışsın.
Başıqapazlı Azərbaycan yazıçısının üstünə “əsəriniz hanı” deyib xoruzlanmağı nənəm də bacarar.
Harda olacaq əsər, Atbalaxanımın tumanında.