And olsun axşamçağına - Könül “Seçilmiş əsərlər” layihəsində

And olsun axşamçağına   - Könül “Seçilmiş əsərlər” layihəsində

21 İyun 2022 09:25 726


YeniYaz.Az “Seçilmiş əsərlər” layihəsindən Könül Arif Həsənqulunun şeirlərini təqdim edir. Xatırladaq ki, layihədə istedadlı Azərbaycan şairləri özləri öz yaradıcılıqlarından 5 ən yaxşı şeiri seçirlər.

Pencək

Bir qadın vardı –
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.

Demə,
Müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı...

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə hey
Üzüyuxarı baxırdı.

Ağlayırdı qarğalar qadına,
Qarğa dilində
Ağlayırdı...

Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-çürük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:

“Bu tikəni də ye, balam,
Ye ki, rahaaat yatasan.
Ağlayır, bax, qarğalar –
Hamısı da acdı ha,
Ye! Qalmasın onlara...”

2013

Qadının əsr surəsi

And olsun axşamçağına,
İkindi vaxtına, əsr namazına, zamana və ya
Peyğəmbərin əsrinə ki,
Mən idim o sübh çağı səmada!

Gecədən doğan Günəş kimi!
Gözlərimin yaşıyla yudum
Qədr gecəsini...

17.07.2014

Kiçik formatda küçə

Küçədə əl izləri var –
Çəkilib üzüaşağı
Həzin bir sığal.

Damlarda göz yaşları...
Ordasa yaydı.

Ovcunda tutub bir kişi üst-üstə iki çörək,
Sol qolunda saatı,
Əlində
Qara eynək.

Çörəyin üstündəsə
Qat-qat öpüş izləri – anamın dodaqları…

Bu,
Sənin fotoşəklindir,
Ata!

2014

Tanrının süqutu

Meh əsincə tərpənən o köhnə
O taxta qapıların
Titrəyişi var ürəyimdə.

Lal gecədə
Kədərli ay susqunluğu –
O olüm xofu
Bəndə xofu
Qatar kimi bölər tanrılığı içimdə!

Mən –
Böyük güzgarlara
Qanadlarını qopduran böcəyəm...

Öncə
Tanrı idim.

2015

City Smile

Təbəssüm deyildi üzümdəki
Vidalaşarkən tratuarda...
Boynunu qucaqlamaqdı o!

Bir üzükirli
Ayaqyalın uşaq tarlada
Qol açıb günəbaxanları
Qucaqladığı kimi...

2015