Aqşin Yeniseydən yeni hekayə: Morq həyatı

Aqşin Yeniseydən yeni hekayə:   Morq həyatı

22 Fevral 2022 10:03 1001


Doktor Paltonun (Həmişə dustaq üşürgənliyi ilə ayaqüstə başına çəkdiyi qara paltonun boğazından deyil, yaxasından boylandığı üçün bu ləqəbi ona yumor qıtlığından korluq çəkən tələbələr veriblər; yay-qış Bakı küləyinin qaraçı milyonerləri kimi sakinlərin başına səxavətlə səpdiyi rəngbərəng zir-zibildən qorunmaq üçün küçələrdə, dayanacaqlarda, avtobus pəncərələrinin arxasında uzun, qara paltosunun içində elə gizlənirdi ki, əhali artıq şəhərdə sahibsiz bir paltonun yaşadığına digər yalanlar kimi çoxdan inanmışdı) ətrafında hər cür insan var; qaban ovçularının başını üfunətli qamışlıqdan, bədənini hər gün bir igidin başını yeyən o qamışlığın həsrətini çəkməkdən get-gedə quruyan lehməli göldən tapdığı, həkimlərin bu baş-bədəni iynə-sapla bir-birinə tikdiyi və hələ ki, məlum olmayan adı sənədlərdə sağ əlinin dörd barmağının üstünə döyülmüş rəqəmlərə uyğun “1 9 6 7” kimi qeyd olunan, polisin yaradıcı istedadının təsvir etdiyi kimi, ortaboylu, qarayanız, sinəsində və kürəyində döymələr olan orta yaşlı kişi; bu, bir! Evlənənə qədər seksin yalnız ailədə icazə verildiyi, yaxud qaçaqmalçılıq yolu ilə əldə edildiyi müsəlman cəmiyyətdə monastır rahibi kimi yaşayan, toy həftəsini, hormonal qısaqapanma nəticəsində həyəcandan yaranan impotentlik əleyhinə ərəbcə yazılmış duaların suyunu içməklə keçirən, evləndikdən sonra arvadına illərin məcburi rahib həyatının şəhvət aclığının səbəbkarı kimi baxan və bu amansız aclığın qisasını ondan almaq üçün namus adlı gözəgörünməz müqəddəs qəssabın əlində hər gün itilədiyi bıçağa dönən, evlilik həyatını daha çox kəsici-deşici məişət əşyaları statusunda yaşayan keçmiş aşiqin qanı yenicə qurumuş yaralarının yerini boğazında və kürəyində acı xatirə kimi saxlayan kimsəsiz Nisə bacı; bu iki! Gecənin bir aləmində içkinin və şaxtanın ustalıqla, sanki, taxtadan birgə yonduqları dərviş heykəli kimi polislərin qoltuqlarına vurub gətirdikləri və görkəmində donmuş faniliyin əhlikef etinasızlığı uyuyan, üzündə bizə, yoxsa özünə görə məyus olduğu anlaşılmayan tüklü-müklü acı bir təbəssüm qoyub getmiş rus ağsaqqalı Saşa dayı, bu üç! Yaxud cücələrini arxasına salıb qırtıldaya-qırtıldaya ora-bura aparan, hərdənbir dayanıb yeri eşərək gələcəyin beçələrinə, fərələrinə yaşamaq üçün caynaqların faydasını öyrədən kürt toyuqlar kimi tələbələri başına toplayıb danışa-danışa universitet binasından morqa gətirən və dördüncü, beşinci əlləri ilə rüşvət aldığı (Bakıda professorların, akademiklərin öz üzləri və əllərindən başqa hind allahı Brahma kimi dörd üzü, səkkiz əli var, bu əllərin ikisi həmişə tələbələrin və onların valideynlərinin ciblərində eşələnir, ikisi aşağıdan yığdıqlarını yuxarılarla bölüşür, ikisi başqalarının həyatı bahasına yazdığı kitablardan elm oğurlayır, yerdə qalan ikisi də qaşıq-çəngəl tutmağa, saç sabunlamağa, uzun bir alim ömrünü yalnız təbii ehtiyaclara çevirən vücudlardan bu üfunətin izini təmizləməyə yarayır.) və guya, ölü bədənlərdən iyrənən, əslində isə, elmə, insanın öyrənmək ehtiyacına genetik nifrət bəsləyən tələbələrin – onlar övladlarını diplomlu büdcə oğrusu görüb bu dünyadan rahat köçmək istəyən ata-anaların elm aləmi üçün doğub-törədiyi şudralardır - yolboyu sehrbaz kimi bir-bir əkildiyinə göz yuman, nəhayət, morqa çatana kimi çox vaxt oxumamaq, öyrənməmək üçün pul verməyə imkanı olmadığına görə, kasıblıq ucbatından əlinə skalper almağa məcbur olan iki-üç vələmyesir tələbə ilə, bəzən isə təhqir olunmuş peyğəmbər kimi meyitlərlə tamamilə tək qalan tibb professorları və s. Burada sayı itiririk.

Doktor Palto yanşaq adam deyil, yəni kəlmələrlə ünsiyyəti sevmir, ondan əntiqə Tibet müqəddəsi çıxardı, heyf, Tibetdə doğulmaq şansını qırx iki il əvvəl itirib; bir də axı kim öz vətənində doğulur ki? Yalnız kəlbətin təhlükəsi ilə qarşılaşdıqda, emosiyasız baş işarələrinə, ağız-burun əymələrinə, əl hərəkətlərinə ehtiyac duyur. Dinə yox, telepatiyaya inanır. Nə vaxt baxsan əyni kimi qaşqabaqlıdır. Çox vaxt avtobusda yanında oturanlar bu paltonun içində adam olduğundan əmin olmaq üçün özlərindən asılı olmadan qorxa-qorxa əyilib yaxasındakı qaranlıq yarıqdan içəri boylanırlar. Bəzən paltonu boş görüb vahimələnənlər də olur. Hətta bir neçə dəfə onu şəhərin qaranlıq skamyalarında büzüşüb oturduğu yerdə sahibsiz palto kimi oğurlamaq üçün dartışdıranlar da olub. Hərdən zarafatla özü də deyir ki, həyata ana qarnından bir insan deyil, bəlkə də, bir dərzi əlindən qara bir palto kimi gəlsəydi özünü daha xoşbəxt hiss edərdi. Heyf, axı kim özünün nə olacağına qərar verə bilir ki? İnsan olmalı olanları qara paltoya, qara palto olası adamları ağ adamlara çevirən həyatın əbləhliyinin qarşısını hansı güc kəsə bilər ki? Bəlkə də, bizə məlum olmayan qəlbinin neft quyusu dərinliklərində hamıdan çox danışır özüylə, çünki susmaq da elə öz dərinliyindəki həmsöhbəti neft yatağı kimi kəşf etməkdir. Heykəllərin yox, heykəl kimi lal-dinməz adamların heyranıdır. Ondan olsa adamlara baxıb heykəl deyil, heykəllərə baxıb adam düzəldər. Bəxtindən Şərqdə heykəlləri də həmişə dilotu yemiş adamlara qoyurlar. Tədbirlərdə, iclaslarda böyük gözlərdə böyük görünməkdən ötrü ön cərgədə oturmaq üçün bir-birini tapdalayan qalstuklu, ciy-ciy səsli siçanlardan fərqli olaraq, heç vaxt hamıdan əvvəl aşağıdan yuxarı tərif yağdırmaq üçün səngər axtarmır, ya iştirakçılardan gizlin gəlib qapının ağzında dayanır və gözlərini şəxsiyyət hərracı, ləyaqət yarmarkası üçün ayrılmış zalın ən ucqar küncündən rəyasətin oturduğu paytaxt qisminə qədər iyerarxik itaət dozasına görə boy sırası ilə oturmuş, zahirən göl üzü kimi təmiz, daxilən ilan-qurbağa ilə dolu olan adamları süzür, özü kimi dilsiz-ağızsız bir allah bəndəsi tapıb yavaşca onun böyrünə sivişir, ya da o dilsiz-ağızsız allah bəndəsini gündüz çıraqla axtararaq qabaqcadan yeltələyib yanında oturmaq üçün qoltuğuna vurur, müqəvva kimi özüylə tədbirə gətirir. Zamanın onun üçün xəsisliklə nəzərdə tutduğu altmış-yetmiş illik ömrün artıq yarısının içinə sıçıb; hərdən çənəsinə güc verib özü qırx iki illik həyatını bu cür qiymətləndirir, uzağı, altmış il ömrüm olacaq, ola bilsin, həkimliyin hesabına iynə-dərman qoxuyan osduraqlı-öskürəkli üç-beş ili də böyrünə soxuşdurdum. Həmin o xəstə, ölüvay üç-beş ili çərənləməyə həsr edəcəyəm. Deyir, insan yalnız ölüm ayağında doğru danışır, çünki bilir ki, yalanın faydasını artıq görə bilmək üçün ömür, sevgisi pul gətirməyən qadın kimi vəfa etməyəcək. Yalan haqqında öz üzərində apardığı psixoloji təcrübələrdən bu nəticəyə gəlib ki, yalan danışdıqlarımız, doğru düşündüklərimizdir. Həqiqət yalnız təbiətdə və düşüncədə mövcuddur. İnsanlar şəhərləri yalan danışmaq üçün tikiblər. Özünü düşüncələrə qərq etməsi onu qadınların diqqətindən min insan ili uzaqda saxlayıb həmişə. Qulaqların və çənələrin sevgisindən məhrum edib. Bu vaxta qədər nə o, bir qadını sevə bilib, nə bir qadın onun dünyada olduğunun fərqinə varıb. Ondan zarafatla “heç üzünlə qasığın eyni vaxtda təzə-təzə tüklənəndə də xoşuna gələn olmayıb?” soruşduqda Palto başsız gövdəsini dəvə kimi sağa-sola yelləyir, bu hərəkət onun dilində əyləncəli “yox” deməkdir. Çünki onun bir də qəti yox deməyi var; qəti “yox” dedikdə ortası batıq çənəsini paltonun yaxasından çıxarıb sərt bir tövrlə yuxarı atır, az qalır, boynu sınsın. Bir dəfə evlilik haqqında kahin kimi divarlara moizə oxuyan anasına deyib ki, öz suallarını özü cavablandıra bilən qadın tap, yeddisini birdən alım; yox, onun gözünü əvvəli sevgi yalanları ilə başlayan, sonu məhkəmə iclaslarında məişət həqiqətləri ilə bitən aşiq monoloqları qorxutmayıb. O, xoşbəxtliyi, yalan olduğunu bilə-bilə qulaqları vasitəsilə qəlbini kişi zəvzəkliyi ilə ağzınacan doldurmaqda görən və bir gün ən ziyansız həqiqətlə üzləşdikdə belə hər kəsə bədbəxtlik gətirən dişi bir kahinlə bir damın altında necə yaşayacağını təsəvvür edə bilmədiyi üçün qurşaqdanaşağı gələn çağırışları cavabsız qoyub.

Heç tələbə vaxtı Tibb universitetində haqqında gəzən “kişiləri əlləşdirir” dedi-qodusuna da fikir vermirdi, ürəyinə yatan oğlanları harda tutdu, altdan-altdan əlləşdirirdi, daha doğrusu, başqa kişi bədənlərində itirdiyi, sanki, özündə olmayan nəyisə axtarırdı. Bəzən dəngil-düngül qızlar buna əmin olmaq üçün özlərini ona əllətdirməyə fürsət yaratsalar da, qadınları qurdalamaq tələbə Paltonun ağlının ucundan da keçmirdi. Dul və tək yaşayan, öz təkliyinin gözünə bir çimdik də ürəyində dar gün üçün saxladığı məhəbbətdən qatıb pula, Türkiyə yağına, Hind düyüsünə, İran kələminə, gürcü çaxırına, bir sözlə, vətən kasıblığına çevirən, adı Tibb universitetində Hippokrat andından daha çox etibar qazanmış məşhur Natella xalanın (48 yaş) yanına kişilik dərsləri almağa gedən tələbə dostlarını da ya həyətdə monqol işğalı zamanı sındırılmış, ərəb işğalı zamanı yandırılmış, rus işğalı zamanı tarixi abidə statusu verilmiş skamyada oturub içəridə insan azadlığının “kəllə-paça” dadına baxan vətəndaşlarını polisdən gözətləyirdi, ya da çarpayısını piştaxtaya çevirib lüt bədənini onun üstünə uzadaraq, özünün zarafatla dediyi kimi, tələbələrə çiy ət qiymətinə satan, etibarını qazandığı köhnə müştərilərinə nisyə də verən, növbə ilə öz təcrübəsiz gənc alıcılarını bir-bir içəri alıb, iki dəqiqə keçməmiş utandıraraq yola salan Natella xalanın otağında divana sərələnib, başqa vaxt adına sevgi deyilən, onu tərənnüm edən Nizamiləri, Füzuliləri, Şekspirləri əsrlərin hər gün rast gəlinən yaddaş avaralarına çevirən, son nəticədə isə sağa-sola çevirilib kirli döşəyin üstündə bir-birini yenmək istəyən bir cüt çılpaq yançağın güləşindən başqa bir şey olmayan tərli səhnələrə tamaşa edirdi. Paltodan nə desən çıxardı, sözdən başqa.

Seksin həyatda və sənətdə gizli və əbədi aktuallığını nəzərə alaraq bu səhnələrin birinə özüm rejissorluq etmək istəyirəm: Doktor Paltonun arxalarınca süründüyü, insan bədənini universitet laboratoriyalarında yox, Natella xalanın “xruşovka”sında tanıyan tələbələr, alternativ turizmdən, məsələn, relyefdən zövq almağı xoşlayan əcnəbilər kimi, sanki, səyahətə gəlirdilər Natella xalanın yanına. İlk gecədən sonra bütün kişilər qadın bədənində macəra axtarır, çünki bir filmdə deyildiyi kimi, ikinci gecə artıq təzəlik hissi olmur. Natella xalanın bədəni də təzəlik hissini itirdikdən sonra – onun nə vaxt təzə olduğunu tarixdə heç kəs xatırlamır - tələbələr üçün Şərqlə, Qərbin, Şimalla, Cənubun qovuşduğu, iqlimlərin qarışdığı, dağları, çayları, çölləri, dənizi, şəlaləri olan münbit bir ölkə idi. Əvvəlcə şəlalələrdən (Natella xalanın gözlərindən) başlayaq, çünki keçmiş xəyalların arxasınca ağlamaqdan çoxdan qurumuşdular; şəlalədirsə, necə quruyub deyəcəksiniz, siz də az aşın duzu deyilsiniz, bilirəm! Sualınızı eşidirəm və cavab verirəm: “Quruyar, təklik adiləşəndən sonra şəlalə də quruyar, dəniz də, hətta yeri də çat-çat olar. Qoy elə misalı da coğrafiyadan çəkim; Aral dənizi səhraların, çöllərin mühasirəsində təklikdən qurumadımı, Nigar xanım, siz ki coğrafiya fakültəsində oxuyursunuz!" Quraq şəlalələrin dərin dibləri aşağıdan çılpaq dağlarla əhatə olunub; zirvələri şişuclu Kiçik Qafqaz dağları ilə (Natella xalanın məmələri). Bizim səyyahlar bir az bu dağların yamaclarında üzüqoylu uzanıb məst olandan sonra aşağılara yararsız düzəngaha enirdilər – Kür-Araz ovalığına; ilan mələyən, yağışsız göylərin gecələdiyi bu boş ərazidən tez getmək məsləhətdir – ovalığın lap qurtaracağında dərin bir dərya var (Natella xalanı xala edən sakit və gizli bir göl); Xəzər gölü. Əslində, bu bədən-ölkəyə hamı bu gölə görə gəlirdi və hamı bu gölün sahilinə çatan kimi əynini soyunub dərinliklərinə cumur, gölün dibinə, dibinə, daha da dibinə kəllə vurur, vururdu, çünki dərində, lap dərində dünyanın bütün enerjisi, ehtirası toplanmışdı – neft! – dünyanın şəhvəti; ehtiras, ağrı, həzz, göz yaşı burada fontan vururdu, çünki Natella xala da, gəlmələr də ancaq burada öz dərdini unudurdu, çünki bu yer səyahətin kulminasiyası idi, burada hamı həzz alırdı; Natella xala öz dərinliyindən, gəlmələr isə bu dərinliyin fəthindən. Öz bədənini alternativ turizm zonasına çevirmiş Natella xalanın bütün yollarında istiqamət oxları bu dərinliyi göstərirdi; bu dərinlik həm sahibinə, həm də yaxından, uzaqdan gələn hər kəsə həyat bəxş edirdi. Gələnlər bu dərinliyə üstlərində gəzdirdikləri qazma baltaları ilə enib dünyanın şəhvətini – neft - çıxarırdılar, Natella xala isə öz dərinliyinə utana-utana əlizənbilli düşürdü və o boyda şəhvətdən-sərvətdən ona qalan bunlar olurdu; kilo yarım dana əti, 2 kilo soğan, 3 kilo kartof, 5 dəstə göy-göyərti, 10 dənə yumurta, bir qutu çay, 1 qutu qənd, 1 qutu yağ, 5 ədəd sabun (çox işləndiyi üçün) 1 qutu yuyucu tozu, qan rəngli dodaq boyası (gözəlliyin şüşədəki canı), kirpik lakı, qaş qələmi, yumşaldıcı krem, qısaboğaz corablar, müştəriləri bir-birilərini gözləyərkən darıxmasınlar deyə səhifələrinə sarı lüt qız şəkilləri çəkilmiş ehtiras yaxmaclarına oxşayan əcnəbi jurnallar, siqaret, çaxır, masanın üstünə qoymaq üçün ləbləbi... yox, ləbləbini həmişə qaytarıb vitrinə qoyurdu, çünki onu, adətən, masanın üstünə qoymağını görürdü, sırtıq müştərilərin əlindən ona ləbləbi çatmırdı. Kaş siz zənbili dolu Natella xalanın öz dərinliyinin yoxuşu ilə üzüyuxarı qalxarkən üzündəki sevinci görəydiniz; evə çatan kimi çaxırın tıxacını çay qaşığının arxası ilə içinə salıb, şüşəni başına çəkməyini, birnəfəsə yarıyacan içməyini, musiqinin səsini qaldırıb oynaya-oynaya soyunmağını, lüt bədənə başından keçirdiyi nazik canköynəyini dalını titrədə-titrədə geyinməyini, siqaret yandırıb damağına qoymağını, qutunu divanın üstünə necə ərklə atmağını və otağın içindən qapını açaraq özünü qonşulara göstərmək üçün yüksək səsli musiqi və burnundan püskürən tüstü ilə birlikdə balkona necə çıxmağını görəydiniz! Görmədiniz, eh, siz nə gördünüz ki, bu həyatda, zavallı nəsillər!

Dərinlikdən çıxan kimi azca arxaya keçmək kifayət idi ki, əlçatmaz ucalıqlarla – Böyük Qafqaz dağları (Natella xalanın arxası) ilə qarşılaşasan. Həzz həzzə, ehtiras ehtirasa qarışırdı burada; dərinliyin istiliyini ucalığın sərinliyi (hərdən meh də əsirdi) əvəzləyirdi. Natella xalanın kələ-kötür ərazisi bu dağların sıldırım zirvələrində başa çatırdı və səyyahlar bu zirvələrə qalxır, gəzdikləri, dincəldikləri bu gözəl relyefi seyr edir və tələsik çıxıb gedirdilər, çünki növbədə başqaları da vardı.

Hətta bir neçə dəfə müştərilərini yola salandan sonra zamanı öz üzərində həmişə kişi ağırlığı kimi hiss edən və buna, bir növ vərdiş etmiş, bu ağırlıq olmadan gərəksiz birinə çevrildiyini anlayan Natella xala öz balası kimi çox istədiyi, həmişə stulun üstündə hansısa gələcək günün həsrəti ilə gözləyən Paltoya da havayı sevgi təklif etmiş, əlindən tutub yatağına aparmışdı, əlini əlinə alıb isti paçasına soxmuşdu, dodağından öpmüşdü, şalvarının qabağını açıb özünü nəhəng pişik kimi ona sürtmüşdü, qadının kişiyə edə biləcəyi ən böyük xeyirxahlığın qarşılıqsız qaldığını görəndən sonra çarpayıda oturub çörəyi bədənindən çıxan bütün qadınların əzbər bildiyi “tale hekayəsini” – məzlum ölkələrin bir-birinə bənzəyən tarixi kimi - ona danışmış, həmişə sevgiyə, öpüşmək, öpüşmək, öpüşmək üçün birinə ehtiyacı olduğunu, lakin bunun əvəzinə taleyin və tarixin onun alnına onu öpməkdən imtina edən yüzlərlə kişi adlarından ibarət uzun bir siyahı yazdığını söyləyib ah çəkmişdi. Kişilər Natella xalanın ağzından iyrənmirdilər, yox, sadəcə, onun üst çənəsində yırtıcı dişindən sonrakı üçüncü dişi düşdüyündən, yerindəki boşluq ağzında qara xal kimi görünürdü. Gələcəyinə olan ümidsizliyini, yaradıcı qadın ruhunun azadlığınımı, bədbəxtliyinimi beş-altı dişin arxasında gizləmək üçün irişəndə, yaxud üstündəki müştərini tələsdirmək üçün altdan-yuxarı diş qıcayanda ağzındakı çürük boşluq, həmin o qara xal gözə girir, hətta ehtirasın əmrinə tabe olub bir anlıq onun dodaqlarından öpmək istəyənləri də diksindirirdi. Qadın gözəlliyi süd üzü kimi o qədər kövrəkdir ki, bəzən yerində olmayan xırda bir xal ilə də ürəkbulandırıcı eybəcərliyə uğrayır.

Ancaq gec idi, Palto, deyəsən, bu dünyaya hardansa daha gözəlini sevib, öpüb gəlmişdi. Qadın bədəni onun üçün adi və tanış idi; adilik və tanışlıq öpüşə layiq deyil, öpüş ecazkar və müqəddəs hesab etdiyi güllərə qonan insan ruhunun ömrü qısa kəpənəyidir; bəzən elə qonduğu güldə canını tapşırır.

Nəhayət, Tibb universiteti altı il ona sahibsiz cəsədlərin dərisini soydurduqdan, gözlərini çıxartdırdıqdan, tikə-tikə doğratdırdıqdan sonra qarşısına qoyub bədənin ən qaranlıq küncündə dinamit kimi gizlədilmiş korbağırsaq haqqında suallar verəndə, o, özünə verdiyi “görəsən, dünyada insanın sorğu-sual olunmadığı bir yer varmı” sualına cavab axtarırdı. Susdurulmaq üçün ucaldılan məbədlər, susmaq üçün insana bir künc yeri qoymamışdı. Dünya başdan-başa dil boğaza qoymayan bəndələrə, onlar üçün tərtib olunmuş lüğət kitabları həcmində və uşaqlıqdan öyrədilmiş dil qanunlarına uyğun danışmaq ixtiyarı verən, razılaşdırılmış qaydaları pozduqda isə hər kəsi insanlığın ali məqsədləri naminə biryolluq susduran evlər, həbsxanalar, dövlət idarələri, kilsələr, sinaqoqlar, məscidlər tərəfindən zəbt edilmişdi. O, bəzən axşamlar universitetdən evə piyada gedərkən yanından ötən içi ağzınacan insanla dolu olan təkərli dördkünc qazanlara - avtobuslara, eyvanlarında rəngbərəng məişət bayraqları yellənən kvadrat binalara, həyətindən həmişə dili boğazında ərəb dilinin fonetik cəngəlliklərinə dolaşmış mollanın yanıqlı səsi eşidilən məscidə, qapısının ağzında təbil və zurna səsinin gurultusu ilə iki gəncə ruh yüksəkliyi verib gərdəyə haraylayan qurul-toy iştirakçılarına, nə qədər çalışsalar da əyinlərindəki parıltılı bər-bəzəklərlə sifətlərindəki yoxsulluğun kölgəsini işıqlandıra bilməyən sərxoş şəhər sakinlərinin girib-çıxdığı, hər kəsin bir gecəlik özünü kral zənn etdiyi “Kral” şadlıq sarayına, pəncərəsindən arabir eşidilən piano səsindən buranın sınıq alətlə əsər yazan həvəskar bir bəstəkarın yaşadığı ev olduğu təəssüratını yaradan köhnə musiqi məktəbinə baxa-baxa düşünürdü ki, kaş bir anlıq divarları insanların həyatından soyundurmaq mümkün olaydı. Onda bütün şəhər bir-biriləri ilə danışan, qapışan qarmaqarışıq insan yığınlarına çevrilərdi; hamının danışdığı və heç kimin eşidilmədiyi insan topalarına.

Tələbəliyin zəmanətsiz qayğıları bitdikdən, evdə məcburi valideynlik qayğıları dartışılmağa, anasının onu dünyadakı milyardlarla məişət allahlarından birinə çevirmək üçün özünü böyük bir Xalq kimi aparmağa başladıqda, Palto divardakı ispan rəqqasəsinin davğalanan libasının altından görünən qırxılmış ayağına baxa-baxa düşündü; anacan, həyat həm çətindir, həm də gülməlidir. Gülməli olan həyatı başqalarının istədiyi kimi yaşamaqdır, çətin olan arzuladığın kimi və heç bir şəxsi arzu xalqın sınaqdan çıxarılmış ümumi təcrübələri qarşısında tab gətirə bilməz. Yaşamaq üçün elə bir yer tapmalı ki, orada insan olsun, amma Xalq olmasın.

Morq! Xalqa tarixlərin ən şanlısını vəd etsən, itaətkar sürüləri ayağının altında qurban kəssən belə ora öz istəyi ilə ayaq basmaz. Yəqin, sürünü ürküdüb, axsağından yapışmasa, morqda işləyən kişini də heç bir qadın eşq ustası zənn etməz. Mürdəşir qədər də lazımlı şəxs deyil ki, xeyrini güdənin biri dostluq etmək istəsin. Əşi, lap tutaq ki, zorla verdilər, arvadı oldun, bütün günü ölülərlə əlləşən bir adamın əllərini bədənində hiss edəndə ətin ürpəşməyəcəkmi, hələ zəif yerlərini öyrənib səni rüsvay etmək üçün pusquda duran rəfiqələrin biləndə ki, ərə getdiyin adam morqda işləyir, maaşı cəhənnəm, peşəsinin adı bəs etməyəcəkmi yüngül lağlağılara mövzu olasan? Məsələn, əri dövlət məmuru olan, büdcə oğurluğu və Hindistan filmləri ilə nəfəs alan varlı bir ailənin gəlini toyda morq işçisinin arvadı ilə eyni masada fotoqraflara düşməyi özünə və ailəsinə yaraşdıracaqmı? Əlbəttə ki, yox, min dəfə yox! Yaxud hansı dost səni xoş niyyətlə xatırlayacaq? Dostluq qazanc şərikliyinə verilmiş simvolik ad deyilmi? İnsanın öz xeyrindən başqa dostu varmı? Əlbəttə ki, yox, min dəfə yox!

Fədakarlar saf adamlardır və onlara sərəncamda yazıldığı kimi “ölümündən sonra” quru addan başqa heç nə vermirlər. İkincisi, sevmədiyi, qaçmaq, gizlənmək istədiyi Xalqın arasında qazandığı şöhrət insanın nəyinə lazımdır ki?

Gənc həkimlər iş yeri kimi daha az şəfa verən, daha çox pul gətirən xəstəliklərin müalicəsini seçəndə Palto lal-dinməz içinə qısıldı, möhürlənmiş sənədlərini qoltuğuna vurub, ətrafdakıların bir az təəccüblü, bir az da rişxənd dolu baxışları altında sakinləri ölülər olan binaya, morqa yollandı. Bundan sonra diriləri xilas etmək üçün ikinci, üçüncü, dördüncü dəfə içalatı doğranan, dərisi soyulan, gözləri çıxarılan, beyni dağıdılan, əlləri, ayaqları sındırılan ölülərə o, xidmət göstərəcəkdi. Morqdakı hər bir ölünün yaşayan taleyinə o, cavabdehlik daşıyacaqdı, bir növ, cənnət və cəhənnəmin yer üzünə çıxdığı bu balaca binanın içində zəbanəlik edəcəkdi. Bir həkim nə qədər çox ölü tanısa, dirilərlə dil tapmaq ona bir o qədər asan olur. Diriləri tanımaq istəyirsənsə, ölülərlə aran yaxşı olmalıdır, bu, təkcə həkimə yox, peyğəmbərə, prezidentə, şairə, tarixçiyə, filosofa da lazım olan həqiqətdir. Ölülər varlığın təcrübə siçanlarıdır.

Dənizdə gəmiləri beşik kimi yırğalayıb yuxuya verdikdən sonra quruya çıxıb özünü açıb-tökən dul Bakı küləyi Paltonu qabağına qatıb itələyə-itələyə morqa salanda, uzun illər bu birmərtəbəli pəncərəsiz binada ölülərə qulluq etməkdən meyit cansızlığı çökmüş üzünə göy düymə kimi tikilmiş gözləri ilə gülən qoca doktor sevinə-sevinə qəbiristanlığa yollandı. Gedərkən də qarşısında dayanmış qara paltoya baxıb “Bəs doktor özü hanı?” deyərək yolüstü zarafatından qalmadı. Bu sözləri qocanın şit vida laqqırtısı kimi elə oradaca unutdu.

Görünür, elə onun özünü də burada illər uzunu keçirdiyi vahimə bu cür şitləşdirmişdi. İnsan bəzən qorxusundan yumorun arxasında gizlənir və bu zaman qorxduğu şeyi görməmək üçün əlləri ilə gözlərini yuman uşağa oxşayır. Öz müsibətlərinə ancaq lağlağı ilə qarşılıq verən xalq da belədir.

İlk iş gününə, sözsüz ki, tanışlıqla başlamaq lazım idi; qorxunun təlxəyə çevirdiyi qocanı yola salandan sonra Palto ondan qol çəkib təhvil aldığı siyahını və açar topasını götürüb meyitlərin bayaqdan onu həsrətlə gözlədiyi ümumi salona keçdi. Soyuq və qaranlıq salonun işıqları çöl tərəfdən qapının ağzındakı çərtmə ilə yanırdı, içəridən yod qoxusuna oxşar kəskin bir il gəlirdi. Tavanın altında meyitlərdən buxarlanan sükutu növbə ilə pozan soyuducuların səsindəki gümrahlıqdan, onların öz işlərinə insanlardan fərqli olaraq necə nizam-intizamla yanaşdıqlarını hiss edəndə Palto istər-istəməz şəxsiyyəti tabeliyində olan əşyaların səriştəsi ilə ölçülən müasir insanın peşə cəsarəti ilə qapını arxasınca örtdü. Salonda biri ümumi, üçü ayrı-ayrı olmaqla dörd dəmir hovuz vardı; formaldehid məhlulu ilə ağzınacan doldurulmuş hər üç hovuzun içində, mayenin üzünə çıxıb xarab olmasınlar deyə sinələrinin üstünə ağır daş qoyulmuş üç lüt-ətcə meyit uzanmışdı.

Gözlərini tavana zilləmiş hər üç meyit formaldehid vannası qəbul edə-edə həyatın dərdini onun həzzinə qatıb çəkməyin fərqində olan, heç nəyin heç vaxt düzəlmədiyini və düzəlməyəcəyini biləndən, həyatı olduğu kimi qəbul edəndən sonra eqosunun iddialarını ruhani təmkininin təlxəyinə çevirmiş müdriklər kimi təknədə uzanıb xəyala dalmışdı. Nəzakət qaydalarına uyğun olaraq Palto əvvəlcə əlindəki kağızda adı Nisə xanım kimi yazılan qadına yaxınlaşdı. Nazik topuqlu, şişman budlu, dar sinəli, əsmər üzlü qadın sarı saçlarını toppuz kimi ənsəsində yığıb ilk görüşdə rədd cavabı verməyin, əslində, cütləşməkdən ötrü ən yaxşı erkəyi gözləmək üçün vaxt qazanmağa yönəlik təbii instinkt olduğunu və bunu qadın əxlaqına çevirib qadın azadlığını qadının öz bədənində boğan kişilərə qarşı feminist bir “get, tullan” mesajı verən saymazyana görkəmi ilə arxası üstə uzanmışdı. Gizləməyə cəhd etmədiyi lüt bədəni bu feminist özündənrazılığı daha da artırırdı, yalnız boğazındakı bıçaq yarası bu qürurun ona ucuz başa gəlmədiyinə işarə edirdi. Nisə xanıma ilk baxışda gözəl qadın demək olmazdı, Yanaşı qoyulmuş anac toyuq budlarına oxşayan ombasını çıxmaq şərtilə onda kişilərə “mənəm-mənəm”, ya da “gəl-gəl” deyən bir dişilik əlaməti yox idi. Dünyanı başına götürmüş milyonlarla zərif bədəndən biri idi. Amma qoltuqlarının altına sallanmış iri döşləri onun kortəbii ehtirasa sahib, sevgidən çox özünü vurulmaq hissinə təslim edən, hər yeni kişinin ağuşunda növbətisi haqqında düşünən tiplərdən olduğunu göstərirdi. Adətən, kişilər sevgiyə layiq olmadığını bildikləri üçün, özünü yatağa layiq bir uzman kimi yetişdirən, ilk baxışda feminist təsiri bağışlayan, - onları kişi düşməninə çevirən də elə bu sirri bilmələridir - bu cür qadınlarla evdəki ailə nökərlərinə xəyanət etməyi sevirlər. Çünki bütün peşəkar erkəklər bilir ki, qadın həyatda sevildiyini biləndə yataqda zayı çıxır. Fahişələrin çörəyi kişilərin evdə yaşadıqları bu intim yoxsulluqdan çıxır və nə qədər ki, dünyada sevgi var, kişilər həmişə fahişə yanına gedəcəklər. Nisə xanıma azad - əxlaq qanunlarına görə pozğun - həyat sürən qadın demək olmazdı, çünki onun üz cizgilərində başqalarının halına acıyan evdar bir qayğıkeşliyin əl izləri hələ də itməmişdi, amma onu qadının özünün iştirakı olmadan tərtib olunmuş əxlaq qaydalarına uyğun yaşayan birinə də bənzətmək çətin idi. Ən azı, bədənindəki bıçaq yaralarının sayından bilmək olardı ki, ondan bu qaydaları pozan bütün qadınların qisası alınıb. Çünki kişidən fərqli olaraq, qadın heç vaxt əxlaq məsələsində təkcə özünə görə cavabdehlik daşımır, o ya bütün qadınların əvəzinə müqəddəsləşdirilir, ya da bütün qadınların yerinə daş-qalaq edilir. Nisə xanım çox güman ki, müqəddəsliklə lənətlənmişliyin arasında orta bir yol tapıb yaşamağa çalışan, ruhunun ehtiyaclarını ailədə, bədəninin ehtiyaclarını şəhərdə ödəyən, sevmək üçün evə, vurulmaq üçün küçəyə tələsən, azadlıq dedikdə ərinin orada olmadığı bir dünya düşünən, son anda boşanıb biryolluq həmin dünyaya daşınan və bir gün öz azadlığına qurban gedən çoxsaylı dişi inqilabçılardan biri idi.

Palto Nisə xanımın meyitinə baxa-baxa onunla artıq tanış olduğuna əmin olub, adı kağıza barmaqlarına döyülmüş göy rəngli rəqəmlərə uyğun “1967” yazılan kişinin təknəsinə yaxınlaşdı.

Başı sonradan bədəninə iynə-sapla tikilmiş “1967” saçlarından daha uzun olan saqqalının barbar görkəmindən daha çox təriqət fanatına oxşayırdı, ancaq baldırındakı və sinəsindəki döymələr onun cinayətkar aləmin bir üzvü olduğuna işarə edirdi. Çənəsindəki və bədəninin müxtəlif yerlərindəki dərin çapıqlar onun qismətinə yaşamaq uğrunda mübarizənin ən amansız düşmənlərinin düşdüyünü və bəlkə də, elə bu düşmənlərdən birinin əlində öldüyünü göstərirdi. Baldırındakı döymədə çılpaq və cazibədar qadını dirəyə bağlayıb, ayaqlarının altında tonqal qalamışdılar. Cəzanın mərhəməti yandığını görməsin deyə qadının gözlərini arxadan qara yaylıqla bağlamışdı. O, cadugərliyə görə inkvizisiya tərəfindən tonqalda yandırılan Orta əsr Avropa qadınına daha çox bənzəyirdi, inkvizitora görə, belə qadınların bədəni ilə birlikdə ruhu da tonqalda yanmalı və ondan heç bir nişanə qalmamalıydı. Kilsə məntiqi ruhun ölmədiyinə, lakin yandığına inanırdı. Ancaq bizim doktor cinayətkar aləmin məşhur avtoritetlərinin həyatını yamsılamaqla özlərinə yeniyetməlik və gənclik romantikası uyduran qafqazlı cavanların əhatəsində böyümüşdü və Tibb universitetində oxuduğu illərdə insan dərisinin üç qatdan ibarət olmasından əvvəl, onun üzərindəki döyməyə baxıb insanın kimliyini tanımağı öyrənmişdi. Döyməyə baxan kimi bildi ki, “1967” ona xəyanət etmiş qadını, çox güman arvadını öldürdüyü üçün uzun illərini həbsxanada keçirib, çünki bu döymə xəyanətə görə sevdiyi qadını öldürən kişilərin bədəninə vurulan və heç vaxt silinməyəcək həbsxana möhürü idi. “1967”nin, məhlulun səthinə çıxıb şişməsin deyə sinəsinə qoyulan daşın altında daha bir döymənin cizgiləri görünürdü. Palto əyilib daşı azca aşağı sürüşdürdü, “1967” dərhal narazılıqla yırğalanıb məhlulu dalğalandırdı, Nisə xanım da yerində narazı-narazı qurcuxdu. “1967”nin sinəsində əlində balta tutmuş, başında qara üçkünc papaq və üzünü örtdüyü qara niqabda ancaq gözlərinin və ağzının yeri açılmış, qara uzunboğaz çəkməli cəllad, uzun ətəkli paltarının əllə dartılıb cırılmış yaxasından ağ döşləri görünən, əlləri qasığının üstündə zəncirlə bağlanmış və saçları dağınıq başını hələ qoymağa tələsmədiyi kötüyə baxan qadına həyatla vidalaşmaq, bəlkə də, bir neçə dəqiqə artıq yaşamaq üçün vaxt verməkdən ötrü təmkinini pozmadan onun arxasında dayanmışdı. Cəllad aşağıdan yuxarı Paltoya, qadın yuxarıdan-aşağı kötüyə baxırdı və bu zaman cəlladla Palto, qadınla kötük arasında belə bir söhbət oldu. Palto cəlladdan soruşdu ki, qadın kimdir və hansı günahın sahibidir? Cəllad qadının doğma bacısı olduğunu və ailənin namusunu ləkələdiyi üçün onun ailə üzvlərinin gizli razılaşması ilə ölüm cəzasına layiq görüldüyünü söylədi. Onda Palto soruşdu ki, cəllad ailə namusu dedikdə nəyi nəzərdə tutur? Cəlladın cavabı qısa oldu: “Atalarımızın min illər öncə tərtib etdiyi sevgi qaydalarını!” “Bacın o qaydalarımı pozub?” “Bəli, o, öz istədiyi kimi sevirdi, bu, başqalarına qarşı təhqirdir və cəzası ölümdür, hamımız başqaları kimi olmalıyıq, hamı necə, biz də elə! Tək və fərqli olan yalnız tanrıdır!” Geyimindən də görünürdü ki, cəllad Orta əsrlərin adamıdır, feodal ənənələrin südünü əmib, indi ona namusun hisslərin, vicdanın ağlın tərbiyəçisi olduğundan və namusu seçənlərin özünü, vicdanı seçənlərin isə başqalarını düşündüyünü, müasir dünyada avtoritar və demokratik cəmiyyətlərə gedən yolun bu iki seçimdən; namusu, yoxsa vicdanı, hissi, yoxsa ağılı seçmək məsələsindən başlandığını deyib mübahisə etmək axmaqlıq olardı. O zatən öz dövrünün insan haqlarının keşikçisi idi. Əlindəki baltanın qüdrəti indiki zəmanənin Haaqa məhkəməsinin hökmlərindən heç də az deyildi.

Bu zaman kötük də qadının önündə diz çökmüş aşiq kimi bunları deyirdi: “Gələcəyindən əmin idim, bilirdim ki, bir qadın yubanırsa, demək, hardasa dəfn etdiyi başqa bir sevgi ilə vidalaşır. Ona görə səni elə bu cür də gözləyirdim; göz yaşları içində, yaxası, başı açıq, əlləri bağlı! Sevgi sənin əllərini, mənim gözlərimi bağlayıb, nə mən səni görə bilirəm, nə sən məni qucaqlaya. Bu eşqdir! Nəhəng dağla ətəyindəki gülü qovuşduran, həm də bir-birlərinə əlçatmaz edən eşq! Eşq əlləri və gözləri bağlı olanların qismətidir! Ölüm sənin əllərini mənim gözlərimi açacaq!”

Qadın ağlayır və kötüyün dediklərinə qulaq asa-asa boynunu asta-asta ona doğru əyirdi.

Palto döyməyə uzun-uzadı baxandan sonra, yenidən daşla üstünü ötrüdü və hər iki döymədən bu fikrə gəldi ki, “1967” yaxın qohumu olan arvadını öldürüb ömrünü həbsxanalarda keçirən, öz vicdanının ağrısını arvad namusunun şərəfi ilə ovudan minlərlə adi məişət canilərindən biridir. Belə adamlar həyatdan az şey istəyirlər; ovlanmış heyvan cəmdəyindən onlara çatacaq bir tikə və rahat yuxu. Bunu da onların əlindən aldıqda içlərindəki ac və məsum vəhşi oyanır, haqqını yox, intiqamını alır. Ancaq “1967”nin intiqamını aldıqdan sonra döymələrlə mükafatlandırdığı cani bədəninə kobud və tələsik tikişlərlə bərkidilmiş başı, elə bil, özünün deyildi. Bu tüklü-müklü baş daha çox dini fanatizmlə, özünü allah hesab edən cürbəcür müqəddəs ayın-oyunla doldurulmuş bir təriqət üzvünün başına oxşayırdı. Sanki, biri cinayətkar, o biri dindar olan ayrı-ayrı adamların bədənini və başını tapıb bir-birilərinə tikərək dinlə cinayətin vəhdətini yaratmışdılar onda və bu cərrahi dərzilik bir həkimin yox, bir siyasətçinin əl işinə bənzəyirdi. Çünki insanların dini inancını rəqiblərinin siyasi iddialarına qarşı muzdlu qatil kimi istifadə edən bəzi siyasətçilər öz hakimiyyətlərinin əbədiliyi naminə bütün yer üzünü başı dindar, bədəni qatil olan bu cür adamlarla doldurmağa razıdırlar. Və tarix boyunca elə doldurublar da... Paltonu bir az da yaşadığı cəmiyyətdən üz döndərib meyitxanaya, dirilərdən uzaqlaşdırıb ölülərə, səsdən sükuta gətirən də bu cür cahil siyasətlərin Xalq tərəfindən həyat şərtləri kimi qəbul olunması və alqışlanması idi desək, onun nitqə bəslədiyi gizli nifrətə daha bir səbəb tapmış olarıq. Adama elə gəlirdi ki, “1967”nin formaldehid məhlulunda islanmış saqqalının arxasındakı qaranlıq beynində eybəcər bir tanrı acıqlı-acıqlı deyinir və yaratdığına peşman olduğu insanları öldürüb cəhənnəmdə cəzalandırmaq üçün cürbəcür sui-qəsd yolları fikirləşirdi.

Palto “1967”un saqqalına baxa-baxa nə vaxtsa avtobusda başqalarının sifətini görməsin deyə yaxasına tutub oxuduğu, ancaq indi adını xatırlamadığı romanda saqqalın müharibə dövrünün kişiləri üçün gücü, zorakılığı ifadə edən psixoloji aksessuar adlandırıldığını xatırlayırdı, cümlə indiyə kimi yadındaydı; “Saqqal insan sifətində fışqıran barbarlığın “nurudur”. Yazıçı iddia edirdi ki, kişilərin ucdantutma saqqal saxlaması zəmanənin zorakı ruhuna uyğun olaraq dünyada getdikcə artan şiddətə kütlənin göstərdiyi kosmetik reaksiyasıdır. İnsan öz içindəki məsum uşağı zorladıqca saqqalı uzanır. O “1967”nin ölüsündən belə hücum etməyə hazırlaşan insan obrazı yaradan saqqalına baxa-baxa xatırlamağa çalışdığı romandakı fikirlərin ardını morqda özü davam etdirir. Saqqalın zorakılığın, müharibənin makiyajı olması fikir onu tarixə, insanlığın xatirələrinə aparır. Hətta sülh dövründə dəbə çevrilsə belə, üzdəki bu tük yığını sivilizasiyaya uğramış gizli barbarlıq əlamətidir. O, imperatorda qorxunun, üsyançıda azadlığın gücüdür. Zora qarşı zorun qiyafətidir. Şüur axını Paltonu daha uzaqlara aparır; cəngavərlik ruhunu yaşadan dastanlarda əfsanəvi qəhrəman, döyüşçüdən daha çox döyüşçü manikeni kimi təsvir olunur. Sanki, bir yığın igidlik aksesuarı mücəssəməsidir dastan qəhrəmanı. Atı qaçanda mütləq ayaqlarının altından çınqı çıxır, qılıncını hər yoldan ötən qaldıra bilmir, nərəsi dağları titrədir, bığının, saqqalının zəhmi ayrıca bir cəngavər gücündə. Bu zahiri effektlər olmadan, məsələn, bizim Koroğlunu nəinki əfsanəyə, heç bir qəzetçinin köşə yazısına da buraxmazlar. – Palto hər gün köşə yazılarını oxuduğu satira ustasını xatırladığı üçün istər-istəməz meyitə gülümsünür. - Hətta dastanı oxuyanda adama elə gəlir ki, Koroğlu-Qırat vəhdəti dastanda üzə çıxmış kentavr mifidir, sanki, hansısa fövqəlana Koroğlunu atqarışıq gətirib dünyaya və oğlu ilə birlikdə onu belində doğduğu balaca dayçanı da əmizdirib.

“1967”nin saqqalı ilə etdiyi bu xəyali zarafatdan sonra Palto önündəkinin törətdiyi cinayətin bədəlini həm ömrünün həbsxanada keçən yaralı-xoralı illəri ilə, həm də azadlığa çıxıb mətbəx bıçağıyla tələm-tələsik kəsilmiş başı ilə ödəyən bir qadın qatili olduğuna əmin idi, görünür, onun özünü də qisas məqsədilə öldürmüşdülər və artıq bu adamın dirisi kimi ölüsünə də heç kim yiyə durmaq istəməmişdi deyə gətirib Tibb universitetinin təcrübə morquna atmışdılar.

Bayaqdan hovuzun küncünə qısılmış Saşa dayı elə hey rusca gülümsünürdü; onun üzündə küçədə donub öldüyü sərxoş gecənin uşaq məsumluğu olduğu kimi qalmışdı. Bəlkə də, bu qoca bütün həyatını içindəki çocuğu başqaları tapıb öldürməsin deyə sərgərdanlıqda keçirmişdi. Dişləri töküldüyündən ağzı boks əlcəyinin ovcu kimi içəri yumulmuşdu. Üzündə əzabla nəşənin qarışığından yaranmış böyük bir təəssüfü ifadə edən qırışlı cizgilər onu, doğulandan ölənə kimi içlərində çarmıxda köməksiz qalan İsa Məsihin ağrılarını və nakam həyat eşqini gəzdirən bütün məsum rus pravoslavlarına bənzədirdi. Sısqa vücuduna nisbətən köntöy şəkildə yonulmuş talaşalara oxşayan əl və ayaq barmaqları isə onun bütün ruslara xas xarakterindən - dini məsumluqla qol-boyun olan cinayətkar rus təbiətindən xəbər verirdi; qılınc deyil, tüfəng tutmaq üçün işə yarayan bu uzun, əyri-üyrü talaşa barmaqların dülgəri, sözsüz ki, rus xalqının tarixi idi. Uzun illər türk-monqol ordularının bəstəboy döyüşçülərinə qılınc və oxla qalıb gəlməyin mümkün olmadığı görəndən sonra ruslar orduların döyüşdüyü böyük savaşlardan əl üzüb qılınclarını tüfənglə əvəzlədilər və nəhəng türk ordularının qisasını fürsət düşdükcə türk əsgərlərindən uzaq məsafədən və tək-tək almağa qərar verdilər. Saşa dayının, bəlkə də, həyatda heç vaxt karına gəlməyən əcdadlardan ötürülmüş bu milli cinayətkar rus xislətinin əlamətləri indi onu daha çox tarixi bir suvenirə oxşadır və ona qarşı xoş bir cazibədarlıq hissi yaradırdı. Palto, Saşa dayının məsum görkəminə baxa-baxa cinayətkar ruhunu tanıdığı üçün daim bağışlanmaq ehtiyacı içində bədbin pafosla çırpınan Dostoyevskinin qəhrəmanlarını xatırladı; cinayət instinkti və cəza ehtiyacı səbəbindən ağlını, günah həzzi və bağışlanma qorxusu qarşısında mənliyini itirən sərsəri rusları. Hətta özündə Saşa dayı ilə bir doğmalıq da hissi etdi. Axı bu qoca da nə vaxtsa Xalq olan yaxınlarından üz çevirmiş, indi kimsənin xatırlamadığı və allah bilir, bütün həyatını tək gəldiyi dünyadan tək getmək üçün yaşamış bir rus gənci olmuşdu. Bu gizli doğmalığın ikinci səbəbi isə qocanın ona rus ədəbiyyatından tanıdığı, həyatı tənhalıq və yoxsulluq içində keçən personajları xatırlatması idi. Palto hələ rus romanlarına heyran olduğu yeniyetməlik illərində rus pravoslavları ilə özünün mənsub olduğu şiə müsəlmanları arasında oxşar mövhumatın olduğunu sezmişdi. O, bu fikrə gəlmişdi ki, pravoslav ruslar da şiələr kimi müqəddəs əzabı öz bədənlərində çəkməyi eqo səviyyəsinə ucalda bilirlər. Ruslar Məsihin məsumluğunu və iztirablarını o qədər özünüküləşdirirlər ki, bu üsyan onların həyatına, yaradıcılıqlarına da yansıyır. Doktor hətta o vaxt Dostoyevskinin romanlarını oxuyarkən bu əsərləri, sanki, İsa peyğəmbərin özünün yazdığını düşündüyünü də xatırlayır. Şiələr isə imam Hüseynin günahsızlığını və ağrılarını daha çox intiqam hissi, qisası alınacaq bir qan davasının kini kimi yaşadırlar, bu kinin sənətə çevrilib estetik həzz səviyyəsinə enməsinə etiraz edirlər. Ona görə də şiənin həmişə düşmən gözləntisi var, o, bu müqəddəs eqonu nə vaxtsa üz-üzə gələcəyi qan düşmənini cəzalandırmaq üçün vaxtaşırı səfərbər edir, pravoslav isə İsa Məsihin özü kimi aqibətini tanrı atanın ondan üz çevirməsində görür, günahı özündə axtarır, bu əzabla özünü cəzalandırır. Sənət də elə bu zaman yaranır, çünki sənət, özünücəzalandırmanın bir yoludur, insan öz əzablarına görə başqalarını cəzalandırmaq fikrinə düşəndə din yaradır.

Saşa dayı, sanki, Paltonun fikirlərini üzündən oxuyur, elə hey gülümsünürdü. Doktor əvvəlcə saatına, sonra əlindəki cədvələ baxdı. Universitetdən batalyon kimi çıxsalar da, qabaqcadan müəllimə rüşvət ötürüb yolda bir-bir aradan çıxan, axırda yalnız üç-dörd kasıb tələbə qızın qaldığı – oğlanlar yerin deşiyindən də olsa, pul tapırdılar, çünki rüşvət verməyib oxumağı, öyrənməyi kişiliklərinə yaraşdırmırdılar – gənc travmatoloqlar morqa təcrübəyə gəlməli idilər, bəlkə də, artıq yolda idilər. Bu gün bəşəriyyətin sağlamlığı naminə “1967”nin qol-qabırğasını sındıracaqdılar.

Palto meyitlərlə tanışlıqdan sonra otağına qayıtdı, elektrik çaydanının düyməsini basıb gözləməyə başladı. İlk dəfə tələbəlik illərində rastlaşdığı və bir bədənə sığan iki cahan kimi bu illəri birgə yaşadığı mədə xorası asta-asta gərnəşib yuxudan oyanırdı. Palto illər ərzində bu ağrının qayğısına o qədər qalmışdı ki, artıq ona doğmalaşmışdı, ona qulluq etməyəndə özünü çox tənha hiss edirdi. Bəlkə, elə əynindəki qara paltoya da bu xoranı Bakı sazağından qorunmaq üçün əbədi bürünmüşdü, desək, adamayovuşmazlığın növbəti səbəbi öz yerinə oturmuş olar. Bu ağrı ilə münasibətdə Palto özünü, əvvəlcə ona vurulduğunu hiss edən kişini təbii instinktlə yaxına buraxmaq istəməyən, ondan uzaqlaşmaq üçün müxtəlif yollara əl atan, tez-tez evdəkilərə şikayətlənən, görəndə ki əl çəkmir, onu öyrənmək, tanımaq fikrinə düşən, öyrəndikcə öyrəşən, yavaş-yavaş "başımın bəlası" deyib haqqında ona-buna danışmağa başlayan, ondan ötrü yediyinə, içdiyinə fikir verən, nəhayət, ona ərə gedib gecələr onu qucaqlayıb yatmaqdan intim bir zövq alan qadın kimi aparırdı. Hərdənbir bu ağrı gəldiyi kimi də qəfildən yoxa çıxanda isə Palto mədəsinə münasibətdə özünü əvvəlcə sevgilisini, sonra sevgisini itirib, sadəcə, ailə qurmaq xatirinə yaşca özündən xeyli böyük olan, bütün hissləri başı kimi keçəlləşmiş birinə ərə gedib gününü keçirən, gətir-apardan başqa işi-gücü olmayan, ancaq əmr və tələblə danışan tösmərək bir kişinin qulluqçusuna çevrilən başqa bir qadına bənzədirdi. Ağrı ilə qarşılaşdıqda hamımız özümüzü qadın kimi aparırıq.

İndi bu sevimli ağrı ikilikdə çay içmək üçün onunla bir yerdə çaydanın qaynamasını gözləyirdi.

Kasıb güzəranın xəcalət təri və buna görə tələbələrdən rüşvət götürmək üçün üzünə tüpürülmüş vicdanın qırmızı ləkələri bir-birinə qarışıb yanaqlarına çıxmış əsəbi professor başının ağxalatlı ütülmüş “mələkləri” ilə gəlib çıxdı və sanki, rəssam olduğu halda meyit yarmağa məcbur edilmiş biri kimi narazı səslə texniki işçilərdən dərhal preparatı – “1967”nin nəşini cərrahiyyə otağına gətirmələrini tələb etdi.

Bu vaxt Palto morqun həyətinə səssizcə daxil olan təcili yardım maşınından endirilən, həyatın ona göndərdiyi ilk hədiyyəni qəbul etmək üçün çölə çıxmışdı. Növbətçi həkim: “Cavan oğlandır, dünən gecə özünü on yeddinci mərtəbədən atıb” deyərək xərəyi aşağı düşürməyə çalışan həmkarlarına kömək edib daha bir həyatın unudulmasının başlanğıcını qoyan ilk siqareti yandırdı: “Bilirsiz, doktor, sizi, deyəsən, yeni göndəriblər bura, çətin işdir, hər gün insanlar intihar edirlər. Bilirəm, vəziyyət ağırdır, amma insanlar bundan da çətin dövrlərdə yaşayıblar. Mənim babam müharibə illərinin uşağı olub, danışırdı ki, anam acımızdan ölməyək deyə barmaqlarını əmizdirirdi bizə. Bilirsiz, indi insanlar çox ərköyün olublar. Bu da onların həyatdakı neqativ vəziyyətlərə həssas olmalarına gətirib çıxarıb, cəmiyyətin neqtiv ehtiyacı yaranıb, qəzetlər, saytlar, filmlər, seriallar dayanmadan neqativ istehsal edirlər, ailələrdə neqativ hallar gündəlik ünsiyyət forması kimi adiləşib. Şəxsən bizim evdə qan-qaraçılıq olmayanda arvadın harasısa ağrıyır, elə ki, mübahisə edirik, dalaşırıq, ya uşaq nəyisə sındırır, zalımın qızı cin kimi şən olur. Sən, deyəsən, hələ evlənməmisən, onu deyirəm də, evdə hər bir işin çözümü üçün əsəbi, neqativ yolların seçilməsi, uşaqlarda neqativin əhəmiyyətini dəyərləndirmə refleksini formalaşdırır; bu, mənim öz fikrimdir, razılaşmaya bilərsən, evdə hər kəs bir-birini incidirsə, aha, deməli, məsələ ciddi və vacibdir. Bu cür uşaqlar böyüdükcə gördükləri, eşitdikləri, oxuduqları hər şeyə məna vermək, məzmununa nüfuz edə bilmək üçün onlarda neqativ yönləri axtarırlar. Neqativ onlara düşünmək, izah etmək, çıxış yolları tapmaq üçün güc, yaradıcılıq ruhu verir. Neqativ qıtlığı hiss etdikdə onlar başqalarının faciələrini, bədbəxtliklərini özününküləşdirib, guya, onların halına acıyırlar. Bu hal kənardan baxanlar üçün onların humanist, canıyanan obrazını yaradır. Əslində isə, onlar özlərinin neqativə ehtiyac duyan ərköyünlüklərini ovutmaq üçün başqalarının dərdinə üz tuturlar. Oğlum deyir ki, ata, sən evdə olmayanda anam serialdakı adamlarla dalaşır.

Palto susurdu.

İşıq bu adamların kədər dolu qəlbini yarasa kimi büzüşdürür, - növbətçi həkimin ağzı yenidən tüstülənir - onlar həmişə işıqdan qaranlığa uçurlar. Onlar öz dostlarını da özləri kimi əzab və faciə ilə qidalanan insanların arasından seçirlər. Gözəllik anlayışı onlar üçün məşəqqəti ifadə edir. Onlar özlərində məşəqqət yaradana heyran olurlar. Onları əzabla, neqativlə təmin edənləri Olimp zirvəsinə ucaldıb allahlaşdırırlar. Hələ bu “allah” qadındırsa, ondan gələn neqativi ilahi mərhəmət kimi qəbul edirlər. Bax, bu gənc kimi – o, siqaret tüstülənən əlini qapıya ilişib, sanki, içəri girmək istəməyən meyitin uzandığı xərəyə uzadır - Məcnun kimi onları eşqin özü yox, bəlası, əzabı cuşa gətirir. Yəqin ki, Füzulini oxumusunuz, mən ona Şərqin neqativ püskürən ən uca vulkanı adını qoymuşam. Hə, bu “neqativ allahı” onları batinində gizlədiyi bəla ilə cəzb edir. Onlar bu “allaha” mənəvi ehtiyaclarını ödəyən əbədi qaranlıq mənbəyi kimi sitayiş edirlər. Onlar ta uşaqlıqdan belə bir zülmət ilahəsi axtarırdılar və tale onu bir qadın cildində qarşılarına çıxarıb. Məcnun Leylidəki Məcnunu sevirdi, neqativə ac olan aşiqi. Leylidəki Leyli onu maraqlandırmırdı. Ona görə eşq şairləri yazırdılar ki, sevən də, sevilən də birdir. O, ikiləşə bilməz! Və günlərin bir günü onları əbədi neqativlə, əzabla təmin edən bu “allah” üz çevirdikdə, onlar özlərini itirmək qorxusu ilə üzləşirlər. Bundan sonra isə bütün yollar səhraya, çarmıxa və intihara aparır...

Palto növbətçi həkimə qulaq asa-asa susurdu və biz onun bu zaman nə düşündüyünü heç vaxt bilməyəcəyik.
Morqda isə həyat get-gedə canlanmağa başlamışdı.