Arada mifologiya oxuyun - Etimad Başkeçid

Arada mifologiya oxuyun   - Etimad Başkeçid

20 Dekabr 2022 10:03 290


Siyasət, futbol-filan öz yerində, amma müqəddəs kitabda deyildiyi kimi, təkcə bunlarla ötüşmək olmaz! Arada mifologiya da oxumaq lazımdır. Çünki müasir həyatımızın elə bir mənəvi sahəsi yoxdur ki, orada antik ədəbiyyatın və mədəniyyətin, onun ən maraqlı və xarakterik elementlərindən olan mifologiyanın təsiri hiss olunmasın.

Nə təsviri sənəti, nə də ədəbiyyatı və ümumilikdə mədəniyyəti miflərdən və mifoloji motivlərdən kənarda təsəvvür etmək mümkün deyil. Antik miflərin süjetləri, qədim insanların poetik təxəyyülü hər zaman sənətkarların ilham qaynağı olmuşdur. Antik mifologiyadan qaynaqlanan «Sizif əməyi», «Tantal əzabı», «Prokrustun yatağı», «Nifaq alması» və s. kimi məcazlar və metaforlar dilimizdə fəal şəkildə işlənməkdədir. Gündəlik həyatımızda hər addımda mifologiya ilə bağlı obrazlara rast gəlirik.

Günəş sisteminin planetləri Roma tanrılarının adlarını daşıyır: Merkuri, Venera, Mars, Yupiter, Uran, Neptun, Saturn, Pluton; ayların adları da Roma tanrılarının adlarından götürülüb: Yanus, Mars, May, Yunon (yanvar, mart, may, iyun).

Qədim mifologiya haqqında müəyyən təsəvvürə malik olmadan, bir çox klassik əsərləri oxumaq, anlamaq mümkün deyil. Muzeylərdə nümayiş etdirilən saysız-hesabsız hekyəltəraşlıq və rəsm əsərlərinin qayəsini, dəyərini izah etmək üçün xüsusi soraq kitabçalarının tərtib edilməsi də bu zərurətdən qaynaqlanır.

Oxucuların diqqətinə təqdim olunan «Mifoloji lüğət»dən humanitar fənlər üzrə təhsil alan tələbələr, kitabxanaçılar, muzey işçiləri və bu sahədə fəaliyyət göstərən digər insanlarla yanaşı geniş oxucu kütləsi də yararlana bilər.

Kitabda müxtəlif xalqların, o cümlədən, türk toplumlarının miflərinə aid mindən çox məqalə toplanıb. Bu məqalələrdə təkcə miflərin məzmunu haqqında məlumat verilmir, eyni zamanda, qismən də olsa, qədim kultların, ayinlərin müasir dini təsəvvürlərlə əlaqəsi də göstərilir. «Mifoloji lüğət» klassik ədəbiyyatın oxunmasını, muzeylərdə saxlanılan təsviri sənət əsərlərinin süjetinin dərkini asanlaşdıran arayış vəsaiti kimi də nəzərdən keçirilə bilər.

Qeyd etməliyik ki, bizdə bu tip lüğətlərin tərtibi praktikası o qədər də zəngin olmadığından materialların yerləşdirilməsi sistemi, xüsusi isimlərin, coğrafi adların transkripsiya prinsipləri, vurğuların qoyulması və s. kimi məsələlərlə bağlı müəyyən kəsirlər müşahidə oluna bilər. Bütün bu məsələlər, bir qayda olaraq, dünya praktikasında olduğu kimi, resenzentlərin və oxucuların rəyləri və təklifləri nəzərə alınmaqla, təkrar nəşrlərdə həllini tapır. Sirr deyil ki, sözügedən sahədə böyük ənənələri olan ölkələrdə belə, çox zaman üçüncü, bəzən hətta dördüncü nəşrlər az və ya çox dərəcədə lazımi tələblərə cavab verə bilir. Bu zaman bəzi məqalələr yenidən işlənir, müəyyən yanlışlıqlar aradan qaldırılır, hansısa terminlər əlavə olunur və ya çıxarılır, dəqiqləşdirmələr aparılır.

Tərcümə Mərkəzində işıq üzü görmüş «Mifoloji lüğət»in həm mütəxəssislər, ixtisaslaşmış təhsil ocaqları, həm də geniş oxucu kütləsi üçün maraqlı və faydalı olacağına ümid edirik.

Kitabın tərtibçiləri – Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları – Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, Ön sözünün müəllifi – bəndənizdir.