Armudu çox sevirəm. Meşə armudu lap fantastikdir. Əvvəllər kənddə yaxşı yetişsin, saralsın, qaralsın deyə evlərin çardağına – otun içinə yığırdılar, qoxusu qışqırıq kimi hər yanı bürüyürdü. O qoxunun rəngi olsaydı, məhəllələr, evlər görünməzdi.
Bağ armudu da gözəldir. Estetikdir. Məncə, dünyada bir çox əclaflığı, hətta Azərbaycandakı parlament seçkilərini armud qoxusuna bağışlamaq olar.
Bu meyvəni yaradan Tanrıya gündə 17 səcdə azdır.
Qanan adamı Quransız-Kitabsız, armud qoxusu ilə imana gətirmək olar.
Adəm almaya yox, armuda tamah salsaydı, Tanrı onu bağışlayardı.
Armuda aldanmamaq günahdır!
Həmişə bazarda armud satan qadınların çöhrəsində xüsusi gözəllik, məlahət axtarmışam, tapmayanda çaşmışam: necə bəyəm, armud satasan və dünyanın ən gözəl qadını olmayasan?
Bir dəfə rayonda gözəl bir qadın özü kimi gözəl bir armudu ətəyi ilə silib o biri armudların üstünə qoydu, inanın qaçıb əllərindən öpmək istədim. Dəli olsaydım, bunu mütləq edərdim.
Ağıllı idim utandım, çəkindim, eqom güc gəldi.
İlahi bir istəyi içimdə qətlə yetirdim.
Şərqli şairlər buna görə eşqdən danışanda ağıla istehza edirlər.
Ağıl çox axmaq məfhumdur.
Bütün vəziyyətlərdə düşünüb-daşınıb öz mənafeyinə uyğun variant tapırsan!
Fu!
Yepyekə bir cahillik!
Mənəvi xırdalığın trimfu!
Tələbə vaxtı avara bir şəhər uşağı ilə davaya gedirdim. Arxadan kəmərimə balaca dəyənək taxmışdım. Öldürəcəkdim çaqqalı. Məni çox hirsləndirmişdi. Küçədə qəfil bir maşın armud çıxdı qabağıma. Maşın tərəfdən xəfif bir meh də gəlməzmi bu dəm? Aman Allah! Az qaldı huşumu itirəm. Qeybin yelləri əsdi üzümə. Hirsim tamam soyudu. Davaya getmək əvəzinə bir kilo armud alıb çayxanaya döndük. Hamı istədi o armuddan. Yoldan keçən bir qoca da heç nə demədən gəldi, ikisini götürüb getdi. Elə bil dədə malıdır. Həm də onun idi o armudlar. Bilirdi. Mən də bilirdim. Üstəlik, qoca mənim bildiyimi, mən də onun dildiyini bilirdik - armud qoxusu ilə biri-birimizdən agah olmuşduq.
Mən yemirdim armudu, öpüb yerinə qoyurdum.
Avara şəhər uşağı təəccüblə baxırdı.
Deyəsən, bu dünyada mənimlə dalaşmaqdan daha mənasız bir iş olmadığını anlamışdı.
Armud onun da içində mərhəmət yelləri əsdirmişdi.
Evdəkilər bayaqdan söz açdığım bədii-fəlsəfi konsepsiyamdan xəbərdardırlar, ona görə işə gələndə hərdən çantama bir-iki armud atırlar. Adətən iş masamda saxlayıram, qoxulayıram. Armudu yemək vəhşilik kimi gəlir mənə. Onu qoxulamaq sevgidirsə, yemək şəhvətdir.
İkincisi anidir.
Keçicidir.
Zövq israfıdır.
Amma nə edək, biz insanlar bir yanımızla ayı olaraq qalırıq!
Bu gün də armud qoymuşdular mənə. Tərs kimi səhər qan analizinə gedəcəkdim. 12 saat heç nə yeməmişdim. Səhər işləyə-işləyə çantadakı armudu götürüb yanıma qoydum. Düz bir saat qoxusunu aldım, sonra ayılığım tutdu...
Yazı yazanda hər cür səylik gözlənilir məndən. Özümdə olmuram. Atom bombasının düyməsi yanımda ola, karıxıb basaram. Hələ sonra da deyərəm, bu nə guppultudur? Dəfələrlə olub, qələmlə çay qarışdırmışam, dolu stəkanı boş bilib masaya dağıtmışam, barmağımın ucu ilə mürəbbə qabında qənd axtarmışam, lap yaxınımda qışqıran telefonun səsini eşitməmişəm və s.
Təsəvvür edin, armud gedib, hələ nə baş verdiyi mənə çatmayıb. Durub klinikaya gedirəm. Qapıdan çıxa-çıxda boğazımdı sulu-şirin tam hiss etməsəm maşına minib gedəsiyəm…
Belə.
Bütün gözəl varlıqlar kimi armudun da adamı yoldan eləməyi varmış.
Analizə onsuz da gedə bilmədim, bir yandan da ürəyim yenə armud istəyir.
Və bəxtimə baxın, şiddətlə armud arzuladığım vaxt şair Faiq Balabəyli hay-küylə içəri girir:
- Vətəndaş Ağayarov, yubileyimlə bağlı yazını nə vaxt verəcəksən, kitab sənə məəttəldir!
Deyirəm, nə yaxşı iş yerimdə tapança-zad yoxdur, qana düşmüşdüm yoxsa!