Artistlər ordusu haqqında - Seymur Baycan

Artistlər ordusu haqqında   - Seymur Baycan

23 İyul 2024 11:17 2131


İctimai-siyasi-mədəni həyata xeyli sayda yeni simalar daxil olmuşdur. Onların görünüşləri yaxşıdır, zövqlə geyinirlər, jestləri, mimikaları da qaydasındadır. Amma fikirləri çox cılızdır, dərinliyin və genişliyin heç əlamətləri belə görünmür. Artistlik, hoqqabazlıq fikirdən, ideyadan daha qabarıq nəzərə çarpır. Bu isə onların qidalandığı mənbələrdən qaynaqlanır.

Əgər hörmətli bəstəkarımız Firudin Allahverdi musiqi tarixini türklərdən, türk mənbələrindən öyrənirsə, ta uşaq-muşağı necə qınamaq olar? Hansısa bir türkdən musiqi tarixini necə öyrənmək olar? Bir insan musiqi tarixini hansısa bir türkdən öyrənməyi özünə necə rəva bilir? Bunu özünə necə sığışdırır? Bir türk musiqi tarixindən danışanda, ona qulaq asan adamın ürəyi necə olur ki, bulanmır? Bu suallara cavab tapmaqda, həqiqətən, çətinlik çəkirəm.

Əgər əlli ilin publisisti, saç-saqqalını yazı-pozu yolunda ağartmış hörmətli Zamin Hacı “internet üzərindən”, “ailədaxili şiddət” kimi sözlərdən istifadə edirsə, daha uşaq-muşağa hansı iradları bildirmək olar? Həqiqətən, mənə çox maraqlıdır, “internet üzərindən” ifadəsi Zamin müəllimin qələminə necə, hansı yollarla düşüb? Bu sözü istifadə etməyi Zamin müəllim özünə necə sığışdırır? Bütün bunlar və bu qəbildən olan digər hallar, açıq-aşkar mənəvi, intellektual tənəzzülün təzahürləridir. Belə yerdə yaxşı deyiblər: “Ağıllınız kimdir? Qabaqda gedən zəncirli”.

Ağsaqqallar özlərini apara bilməyəndə, ağsaqqallar yüngülsaqqallıq edəndə, gənclərə, yeniyetmələrə hansısa iradlar bildirmək yersiz, ədalətsiz görünür.

Bəli, getdikcə fikir, düşüncə cılızlaşacaq, artistlik isə artacaq. Beləliklə gopa basmağı ustalıqla bacaran dayaz, cılız artistlər ordusu yaranacaq. Çünki türk mənbələrindən qidalanıb ciddi fikir yiyəsi olmaq, idrak ağacının meyvələrin dərib dadına baxmaq bir yana qalsın, idrak ağacına yaxınlaşmaq belə qeyri-mümkündür. Türklərdən ancaq yaxşı artistliyi öyrənmək olar.

Hə, artistlik məsələsində heç kim türklərin tozuna da çata bilməz. Artistlik məsələsində türklər özlərinə rəqib tanımırlar. Bir türkün danışdığı mövzuya, həqiqətən, bələd olub-olmamasını, haqqında danışdığı kitabı, həqiqətən, oxuyub-oxumamasını müəyyən etmək olduqca çətindir. Bəzən hətta, demək olar ki, mümkünsüzdür. Bunu müəyyən etmək üçün insanda güclü intellektdən əlavə, çox güclü həyat təcrübəsi, çox güclü müşahidə qabiliyyəti olmalıdır. Əgər bir türk Firudin Allahverdi kimi intellektualı öz parıltısı, artistlik bacarığı ilə aldatmağı bacarıbsa, yeniyetmələrin, gənclərin parıltıya, artistliyə aldanmasını normal qəbul etmək lazımdır. Ədalət bunu tələb edir.

Məncə, Türkiyənin çörəyində, suyunda nəsə sirli, elmə məlum olmayan bir maddə var. Kim oradan qidalanırsa, kim orda yaşayırsa, onda gopa basmaq, artistlik etmək xəstəliyi yaranır.

Bizim bir şairimiz vardı. Gül kimi şair, maraqlı, koloritli, duzlu insan idi. Getdi bir müddət Türkiyədə yaşadı və gopa basmaq, artistlik etmək xəstəliyinə yoluxdu. İndi ağzına gələni danışır. Heç bir məsuliyyət hiss etmir. Gah filosof olur, gah sosioloq olur, gah psixoloq olur, gah nə bilim nə LOQ olur. Nəticədə bütün koloritini itirdi.

Kolorit demişkən, onsuz da Azərbaycan əhli kolorit cəhətdən ciddi korluq çəkirdi. İndi olan-qalan kolorit də sürətlə buxarlanmaqdadır. Çünki aşpazlar türk aşpazlarını, siyasətçilər türk siyasətçilərini, aparıcılar türk aparıcılarını, yazıçılar türk yazıçılarını, hətta çobanlar da türk çobanlarını miskin və düşük tərzdə yamsılamaqdadırlar.

Ümumiyyətlə, artıq Azərbaycan adlı ölkə de-fakto yoxdur. Azərbaycan İğdır, Kars, Hatay kimi bir yerdir. Və bunu, əyalət olmağı, ikinci, üçüncü sort insan kimi yaşamağı könüllü olaraq özləri seçiblər. Görünür, böyük qardaşsız, müstəqil, azad yaşamaq, həqiqətən də onlar üçün çətindir. Görünür, hansısa ölkənin əyalətinə çevrilmək, ikinci, üçüncü sort insan kimi yaşamaq onlar üçün daha rahatdır. Necə deyərlər, alan razı, satan razı. Allah bazar versin!