Ata qətlinin sirri - Fəxri Uğurlu

Ata qətlinin sirri  - Fəxri Uğurlu

14 Avqust 2024 11:04 198


Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanı haqqında

Fəxri Uğurlu

Dostoyevski irsinin böyük tədqiqatçısı Leonid Qrossman yazıçının ədəbi yaradıcılığının həm yekunu, həm də zirvəsi sayılan, sonradan “Böyük beşlik” adı altında birləşdirilmiş romanları istər məzmun, istərsə də poetika baxımından belə təsnifləndirir: “Cinayət və cəza” - roman-tövbə; “İdiot” - roman-poema; “Şeytanlar” - roman-pamflet; “Yeniyetmə” - tərbiyəvi roman; “Karamazov qardaşları” - roman-sintez. Gerçəkdən də sonuncu əsər müəllifin həm ömründə, həm də yaradıcılığında keçdiyi mərhələlərin bir araya gətirilməsi, yekunu, sintezidir. Bu romanda biz ədibin əvvəlki əsərlərindən tanıdığımız neçə-neçə obrazla, personajla yenidən qarşılaşırıq, İvan Karamazovun timsalında Raskolnikovla, Alyoşa Karamazovun misalında knyaz Mışkinlə, Qruşenkanın simasında Nastasya Filippovna, Katerina İvanovnanın şəxsində Aqlaya İvanovna ilə bir daha rastlaşırıq.

Dostoyevski ən yetkin romanında da Dikkensdən əxz elədiyi metoda - qəhrəmanları ağa-qaraya, xeyirə-şərə, bir az da konkret desək, psixoloji tiplərə bölüb onları ideya daşıyıcılarına, ideoloji konstrukta çevirmək, bu yolla ideyaları, əqidələri çarpışdırmaq üsuluna nəinki sadiq qalıb, əksinə, metodun tələb elədiyi texniki fəndləri əvvəlkilərdən qat-qat yüksək səviyyədə, daha böyük peşəkarlıqla işlədib. Bu romanı həm bir bədii əsər, həm fəlsəfi traktat, həm də dini risalə kimi oxumaq olar. Dostoyevski son əsərinə bütün ilhamını, istedadını, bütün ağlını, zəkasını sərf eləyib, “Karamazov qardaşları”nın mövzusu, ideyası neçə il əvvəl yaransa da, yazıçı onu qələmə almağı bütün romanlarından sonraya - ömrünün qürub çağına, həm də müdrik vaxtına saxlayıb. Böyük ədəbiyyat adamlarının çoxu bu romanı müəllifin şah əsəri sayır.

“İdiot” romanında olduğu kimi burada da personajlar səhnəyə “hazır” çıxırlar, yəni öz xasiyyətləri, xislətləri, fikirləriylə birgə doğulurlar. Xarakterlər müsbət, ya mənfi mənada təkamülə uğramırlar (buna heç vaxt da yoxdur, çünki səkkiz yüz səhifəlik romanın əhatə elədiyi bütün hadisələr vur-tut iki həftə ərzində baş verir), bir-biriylə konfliktdə açılışırlar, öz potensiallarını ortaya qoyurlar - ya parlaq ideallarının zirvəsinə boylanır, ya da qaranlıq niyyətlərinin dibinə çökürlər. Dostoyevskinin istər mənəvi-etik, istərsə də bədii-estetik arsenalında nə varsa, hamısı bu romanda önə çıxarılmış başlıca ideyanın ətrafında cəmləşib. İdeya isə əvvəlkidir, dəyişməyib: iki min il əvvəl İsa Məsihin car çəkdiyi ümumbəşəri məhəbbət, könül qardaşlığı, özünü başqalarına qurban vermək, insanlığın günahlarını can bahasına satın almaq. Polifonik sənətkar kimi təqdim olunsa da, əsərlərində ideoloji opponentlərinə danışmaq üçün gen-bol imkan yaratsa da, Dostoyevski olduqca tendensiyalı yazıçıdır, onun ədəbi-fəlsəfi niyyəti bəri başdan bəllidir. Niyyət, əlbəttə, İsa Məsih platformasının, xristianlıq ideyalarının alternativsizliyini sübuta yetirməkdir.

***

Karamazov ailəsi bir atadan, bir də onun üç anadan doğulmuş dörd oğlundan ibarətdir.

Ata - xırda mülkədar Fyodor Pavloviç Karamazov arsız, pozğun, tamahkar, həm də hiyləgər adamdır. Bəzi bədnam Roma imperatorlarının xırda modelinə bənzər əlli beş yaşlı bu təlxək despot iki dəfə evlənib. Birinci arvadı varlı-hallı, nüfuzlu bir nəslin qızı olub. Fyodor Pavloviç toydan dərhal sonra onun bütün cer-cehizini mənimsəyib, üstəlik, gəlinlə çox kobud davranmağa başlayıb. Dava-şavadan, döyülməkdən bezən qadın günün birində baş götürüb Peterburqa qaçıb, üstündən çox keçməmiş orada ölüb. Özündən sonra qadının Mitya adlı üç yaşında oğlu qalıb. Fyodor Pavloviç oğlunu himayəsinə götürmək istəməyib, Mityanı anasının qohumları saxlayıb boya-başa çatdırıblar.

Beləcə, Dmitri Karamazov allahümidinə böyüyüb, gimnaziyanı bitirməmiş hərbi məktəbə girib, oradan Qafqaza yollanıb, avara-sərgərdan həyata meyil salıb, nəhayət, dueldə iştirakına görə qulluqdan qovulub. İndi o, atasından anasının mirasından özünə düşən payı istəyir, ancaq atası illər boyu ona göndərdiyi pulları əsas gətirib Mityaya heç bir borcu qalmadığını sübuta yetirir. Üstəlik bunu da deyir ki, dəqiq haqq-hesab çəkilsə, Mityanın ona borclu olduğu üzə çıxar. Mitya isə atasının dəlillərini kafi saymır, pulunu istəyir.

Fyodor Pavloviçin ikinci arvadı həlim, ürkək bir gəlin olub. Əri ona iki oğul doğan bu gəlinə də gün-dirrik verməyib, onu daim alçaldıb, onun gözü qabağında evdə orgiyalar təşkil eləyib. Bəxtsiz gəlin ikinci oğlunun dünyaya gəlməsindən dörd il sonra çərləyib ölüb. Ataları İvanla Alekseyin də qayğısını boynuna götürməyib, onlar da özgə qapısında böyüyüblər, yaxşı təlim-tərbiyə görüblər, keyfiyyətli təhsil alıblar.

Uşaqlıqdan yaxşı zehni olan İvan Karamazov əvvəl gimnaziyada, sonra universitetdə oxuyub. Tələbəlik illərində qəzetdə məqalələri çıxıb, gənc yaşından cəmiyyətdə tanınmağa başlayıb. İvan ağıllı mühakimələr yürütməyin, oturuşmuş ictimai fikrə zidd qənaətlər hasil eləməyin, paradoksal məntiqi nəticələr çıxarmağın ustasıdır. Təhsilini başa vurandan sonra o, atasının yanına qayıdıb, dözülməz qocayla hələlik birtəhər yola gedir.

Kiçik qardaş Aleksey Karamazov hər yerdə hamının sevimlisidir. Hətta pozğun, əxlaqsız atası da onu o biri oğlanlarından seçir, onlara nisbətdə Alyoşaya həlim yanaşır. Sakit, mömin Aleksey qoca rahib Zosimanın təsiri altında monastıra çəkilmək istədiyini deyəndə belə atası ona mane olmayıb. Alyoşa mürşidi Zosimanın timsalında özünə mənəvi ata tapıb, qocaya elə möhkəm bağlanıb ki, artıq onsuz yaşamağı təsəvvürünə gətirə bilmir.

Bunlardan başqa ata Karamazovun divanə küçə qadını Lizavetadan doğulmuş Pavel Fyodoroviç Smerdyakov adlı qeyri-qanuni oğlu da var. Anası bu uşağı Fyodor Pavloviçin tövləsində dünyaya gətirəndən sonra əzabla ölüb. Körpəni ağasının razılığıyla mömin nökər Qriqori bəsləyib böyüdüb, ona yazıb-oxumaq öyrədib, din dərsi verib. Uşaqlığında Smerdyakovun çox sevimli bir əyləncəsi varmış - pişikləri asıb öldürüb sonra da təntənəli mərasimlə dəfn eləyərmiş. Qriqori nə qədər çalışsa da, ona insani duyğular, Allah xofu aşılaya bilməyib. İndi Smerdyakov ata evində yaxşı gitara çalan, dadlı yeməklər bişirən lakeydir.

***

Əhvalat bir əyalət şəhərində, Karamazovun malikanəsiylə monastır arasında vaqe olur. Məsələ burasındadır ki, atayla böyük oğulun dərin münaqişəsi yaranıb, həm də təkcə var-pul üstündə yox. Romanda təsvir olunan hadisələr də iki məhkəmə aralığında baş verir - başlanğıcda personajlar özlərini könüllü qaydada din xadimlərinin mühakiməsinə təslim eləyirlər, sonda isə onları məhkəmə hakimləri, müstəntiqlər, prokurorlar məhşər ayağına çəkirlər.

Dmitri Karamazov Katerina İvanovna Verxovtseva adlı kübar, gözəl bir xanıma nişanlıdır. Bu qızın vəzifəli atası romanda baş verən hadisələrdən xeyli qabaq böyük miqdarda xəzinə pulunu batırdığına görə özünə qəsd eləmək fikrinə düşür. Bundan xəbər tutan Mitya bacısıyla Katyaya xəbər göndərir ki, əgər axşam onun yanına tək gəlməyə razılaşsa, əlində-ovcunda olanı verib qızın atasını rüsvayçılıqdan, ölümdən qurtarar. Fəqət Katerina gələndə Dmitri onun düşdüyü vəziyyətdən sui-istifadə eləmir, pulu qıza eləcə təmənnasız verir. Bununla da Katyanın qəlbinə əvvəl vura biləcəyindən daha ağır xətər yetirir.

Mühakimədən yayınsa da, qızın atası çox keçməmiş dərddən ölür. Ardınca da Katerinaya bibisindən böyük miras qalır. Katya Dmitriyə namə yazıb onu sevdiyini, ona ərə getmək istədiyini deyir. Mitya bol cehizli qızla evlənməyə həvəslə razılıq verir. Fəqət qardaşı İvanın timsalında Dmitrinin rəqibi meydana çıxır, məlum olur ki, İvanla Katerina arasında sevgiyə çevrilməkdə olan gizli bir rəğbət yaranıb. Onlar bunu boyunlarına almasalar da, münasibəti ört-basdır eləmək mümkün deyil. Əslində, Katerina özünü Dmitriyə təklif eləməklə qəlbinə vurulmuş zədədən qurtulmaq, bədbəxtliyi bədbəxtliklə sağaltmaq (bir mahıda deyildiyi kimi: təzə dərdi köhnə qərdə dərman verdin...), xoşbəxtliyini travmalarına yedirtmək istəyirdi. Artıq buna ehtiyac qalmayıb, Dmitri də vəziyyətdən məmnundur, çünki o da başqasına vurulub.

Mitya Alyoşanı Katerina İvanovnanın yanına elçi göndərir ki, nişanlısının qardaşı İvana ərə getməyinə razı olduğunu ona çatdırsın. Dmitri Karamazov beş il əvvəl bir polyak zabitinin yoldan çıxardığı, sonradan varlı bir tacirin saxladığı (Nastasya Filippovnanı xatırlayaq) Qruşenka (Aqrafena) adlı qadının divanəsidir, onu almaq arzusuyla alışıb yanır. Bu biri yandan Fyodor Pavloviç də Qruşenkanın dərdindən dəli olub, onu özünə arvad eləmək üçün bütün varidatını xərcləməyə hazırdır. Ata Karamazov özünü əsla qocalmış saymır, əminliklə deyir ki, indən belə hələ iyirmi il də sağlam kişi həyatı yaşamaq fikrindədir. Dərinləşən konfliktin qarşısını almaq, atayla oğul arasında münaqişəni çözmək üçün Alyoşa onları monastıra, qoca Zosimanın hücrəsinə dəvət eləyir.

Dmitri olduqca çılğın, impulsiv tipdir, Karl Yunq beləsinə “Şiller tipi” deyirdi. Rahiblərin hüzurunda Fyodor Karamazov özü də iki böyük oğlunu Şillerin “Qaçaqlar” pyesinin qəhrəmanlarına - İvanı xeyirxah Karl Moora, Dmitrini məkrli Frans Moora bənzədir. Mitya atasının Qruşenkanı ələ almaq məqsədiylə üç min rubl hazırladığını bilir, bu səbəbdən eşq cəbhəsində məğlubiyyətə uğrayacağından bərk qorxur, qızı itirməmək üçün atasını öldürməyə belə hazırdır. Fyodor Pavloviç də öz növbəsində oğlu Mityanı nişanlısını buraxıb Qruşenkanın dalına düşdüyünə görə qınayır. Ata-oğul ağızlaşıb bir-birini alçaldırlar. Monastırdakı “yoldaşlıq məhkəməsi” heç bir nəticə vermir, ata-bala Karamazovlar nəinki kompromisə gələ bilmirlər, əksinə, özlərini bir az da rüsvay eləyirlər, aralarındakı düşmənçilik daha da dərinləşir.



Monastırda rahiblərlə İvan Karamazov arasında maraqlı bir polemika baş verir. Söhbət İvanın yeni dərc olunmuş məqaləsindən düşür: gənc mütəfəkkir bu qənaətə gəlib ki, təbiət insanın boynuna başqalarını sevmək kimi bir öhdəlik qoymayıb, belə bir təbii qanun yoxdur. İvanın fikrincə, əbədiyyət yoxdursa, xeyir də yoxdur; əgər indiyə qədər yer üzündə sevgi deyilən bir anlayış, hiss olubsa, bu anlayış da, bu hiss də təbiətin hökmüylə yox, insanın öz ruhunun ölməzliyinə inanması sayəsində yaranıb. Bu inamı onun qəlbindən silsən, həmin andaca insanın başqalarına sevgisi, ümumən yaşamaq istəyi yoxa çıxacaq. Ölməzliyə inamı itəndən sonra insan üçün əxlaq, mənəviyyat anlayışı qalmayacaq, hər əməl ondan ötrü yolverilən, icazəli, məqbul olacaq - eqoizmdən tutmuş zalımlığa, qəddarlığa, qatilliyə qədər hər əməl. Həm də bütün bunlara nəinki rüsxət veriləcək, hətta başqasına əzab çəkdirmək ən zəruri, ən faydalı bir hal kimi təqdir olunacaq, qəhrəmanlıq sayılacaq.

Necə də Nitsşenin moizələrinə bənzəyir, eləmi? Yeri gəlmişkən, böyük alman filosofu Dostoyevskinin məhz mürtəce düşüncələrindən, onun mənfi qəhrəmanlarına yüklədiyi aqressiv ideyalardan təsirlənmişdi, daha xristianlığın təbliğatını aparan fikirlərindən yox...
Fyodor Pavloviç sonda keşişləri də ələ salır, müdrik Zosima deyir ki, onun təlxəkliyi, çıxardığı hoqqalar öz xislətindən, əməllərindən utandığına görədir. Sonra qoca rahib Dmitrinin qarşısında diz çöküb alnını yerə dirəyir, onun gələcək əzabları qarşısında sitayişə durur. İvana isə deyir ki, onun qəlbində məsələ hələlik öz həllini tapmayıb, gəncin axtarışları müsbət sonluqla nəticələnməsə belə mənfi qütbə də yuvarlanmayacaq.

Qonaqlar dağılışandan sonra müdrik Zosima Aleksey Karamazova da son tövsiyələrini verir. Onun fikrincə, müridi artıq qaranlıq hücrəsindən işıqlı dünyaya çıxmalı, aldığı dərsləri gerçək həyatda, insanlar arasında sınaqdan keçirməlidir. Alyoşa evlənib arvad-uşaq yiyəsi olmalı, Tanrıya xidmət eləməli, qardaşlarını tək buraxmamalıdır. Dmitri kor ehtirasının, İvan şübhəcil ağlının hökmü altındadır, hər iki qardaşda kəskin ruh çatışmazlığı var. Bu dərin boşluğu doldursa, kiçik qardaş doldura bilər, çünki böyük qardaşlarından fərqli olaraq onun təkcə bioloji yox, mənəvi atası da var.

İncil buyurur ki, bu dünyada heç kimə ustad deməyin, çünki sizin bir ustadınız var, o da Məsihdir; heç kimə ata da deməyin, çünki hamınızın bir atası var, o da göylər səltənətinin hökmdarı Tanrıdır.

***

Alyoşa mürşidinin tövsiyələrini dinləyəndən sonra atasının evinə yollanır. Evə çatmamış ata mülkünün qonşuluğundakı bağçadan Dmitri onu səsləyir. Mitya burada qarovul çəkir, atasının qapısını güdür ki, Qruşenka onun yanına gəlsə, xəbər tutsun. Qardaşlar arasında maraqlı söhbət alınır. Dmitri deyir ki, gözəllik çox xatalı, dəhşətli şeydir, gözəllik olan yerdə Allahla Şeytan çarpışır, savaş meydanı isə insan qəlbidir. Mitya nişanlısı Katerina İvanovnanın Moskvada yaşayan bacısına göndərmək üçün ona verdiyi üç min rublun yarısını Qruşenkanın yolunda havaya sovurub, indisə xəcalət çəkir, nə olur olsun həmin pulu düzəldib yerinə qoymağa çalışır. Böyük qardaş Alyoşadan xahiş eləyir ki, nişanlısı Katyanın evinə gedib onun qıza salamını, hörmət-ehtiramını çatdırsın, desin Mitya bir daha onun gözünə görünməyəcək. Qruşenkaya qalanda, onun gəlişi barədə Dmitriyə lakey Smerdyakov xəbər çatdıracaq, bu görüşün, izdivacın qarşısını başqa cür ala bilməsə, Mitya atasını öldürəcək.

Katerina İvanovnanın evində Alyoşa Qruşenkaya rast gəlir. İki hikkəli, isterik, infernal qadın əvvəlcə bir-birinə mehribanlıq göstərir, hörmət, məhəbbət izhar eləyir; guya bunlar Dmitri məsələsində artıq razılığa gəliblər, Qruşenka beş il əvvəl onu atıb getmiş, indi yenidən buralara dönən polyakın yanına qayıdacaq, Mitya Katyanın olacaq. Fəqət az keçmiş Qruşenkanın ləçərliyi tutur, Dmitrinin nişanlısıyla məzələnməyə, onu alçaltmağa başlayır. Nəticədə Katerina İvanovna onu evindən qovur. Ümumiyyətlə, Dostoyevski cəhənnəm mələklərinin vurğunudur, özünü də, sevimli qəhrəmanlarını da onlara əzdirməkdən həmişə zövq alıb. Ömrünün yetkin çağında Anna Qriqoryevna kimi müqəddəs bir qadına calansa da, onu əsas qadın qəhrəmanlarından birinin prototipi seçmək nədənsə ağlına gəlməyib...

Atasının evinə gedən Alyoşa Fyodor Pavloviçlə İvan Fyodoroviçi süfrə başında konyak içən görür. Orada yenə Allahdan, dindən, ölümsüzlükdən söhbət düşür, lakey Smerdyakov İvanın fikirlərinə, xüsusən də onun “Allah yoxsa, hər əmələ rüsxət var” tezisinə diqqətlə qulaq verir. Yaşlı lakey Qriqori həmişəki kimi Smerdyakovdan iyrənir, onun küfrünə bulaşmaqdan bir mömin xofuyla çəkinir. Ata Karamazov özü də oğlu İvandan eymənir, onun baxışlarında, fikirlərində mübhəm, qorxulu əlamətlər sezir, bu barədə heç kimə heç nə deməsə də, saf, müqəddəs Alyoşaya bəzi şübhələrini sızdırır. Əslində, İvan Dmitrinin nişanlısına göz yetirməklə qardaşının yox, atasının yolunda əngələ çevrilib, qardaşının atasına savaş açmasına bir az da təkan verib, daha münbit şərait yaradıb.

Mitya isə siyirməqılınc savaşa hazır durub, Qruşenkanın Fyodor Pavloviçin ayağına gəlməyini gözləyir. Qəfil Dmitri qaranəfəs içəri təpilir - o bu səmtə gələn hansısa qadını Qruşa ilə səhv salıb. Lakeylər, qardaşları onu axtardığının bu evdə olmadığına inandırana qədər gözü qızmış Mitya sərxoş atasını möhkəm əzişdirir, kişini onun əlindən güclə alırlar.


***

Roman dörd hissə, on iki kitab, bir epiloqdan ibarətdir. İkinci hissəyə aid beşinci kitab “Pro və contra” (“Lehinə və əleyhinə”), həmin kitabın dördüncü fəsli isə “Qiyam” adlanır. Bu, romana açar olan fəsillərdən biridir. İvanla Alyoşa (ağılla ruh) traktirdə mükaliməyə girirlər. Həmin dəqiqələrdə o traktir kainatın mərkəzinə çevrilir. İvan Karamazov qardaşına bütün içini açıb tökür, heç kimlə paylaşmadığı fikirlərini onunla bölüşür. İvan deyir yer kürəsi qabığından nüvəsinəcən göz yaşıyla islanıb. Deyir ki, Allahı yox, Allahın yaratdığı dünyanı qəbul eləmir; Allaha, onun yaratdığı nizama, onun insanlara açmadığı sirrinə, həyatın hansısa mənası, məntiqi olduğuna, daha nələrə, nələrə... inanır, di gəl, onun yaratdığı dünyanı qəbul eləyə bilmir. Bir körpə səmimiyyətiylə əmindir ki, bəşəriyyətin ən dərin yaraları haçansa qaysaq bağlayıb sağalacaq, insanlar arasındakı düşmənçilik məzhəkəsi, savaş komediyası bir gün ilğım kimi yoxa çıxacaq, nəhayət, dünyanın sonunda, əbədi harmoniyanın bərqərar olduğu anda elə bir möcüzə baş verəcək, elə bir qüvvə zühur eləyəcək ki, onun nurundan bütün yaralı könüllərə məlhəm çilənəcək, şər əməllər nəinki bağışlanacaq, hətta hər cür qəddarlığa, amansız rəftara bəraət veriləcək. Qoy bütün bu arzular çin çıxsın, ancaq İvan yenə də belə dünyanı tanımır, tanımaq da istəmir.

İvan Karamazovun fikrincə, İsa sevgisi, xristian məhəbbəti yer üzündə gerçəkləşməsi mümkün olmayan bir möcüzədir. Alyoşa qardaşının sözünü etirazla qarşılayanda İvan ona bir olmuş əhvalat danışır:

İstefada olan general, yüzlərlə tula saxlayan harın mülkədar şikara çıxmağa hazırlaşır. Ovqabağı sevimli tulasının axsadığı generalın gözündən yayınmır. İti kimin yaraladığını soruşanda ona qulluqçulardan birinin səkkiz yaşlı oğlunu nişan verirlər: uşağın atdığı daş tulanın ayağını zədələdiyindən it axsamağa başlayıb. General qəzəbindən at kimi fınxırır, çilənin soyuğunda cinayətkarı lüt soyundurmağı əmr eləyir. Sonra anasının gözünün qabağındaca tulaları uşağın üstünə qısqırdıb tifili itlərə parçaladır...
İvan Alyoşadan soruşur: indi səncə, bu generala hansı cəzanı vermək lazımdır? Əhvalatdan bərk sarsılmış Alyoşa həyəcanla deyir: güllələmək lazımdır! Şübhəbaz İvana bu cavab xoş gəlir, mömin Alyoşa emosional vəziyyətdə səhvə yol verdiyini anlayıb pərt olur. İvan deyir qiyamət günü o uşağın anasının övladının qatiliylə barışmasını, bir harmoniyada qovuşmasını istəmir, çünki Tanrının harmoniyası itlərə yedirdilmiş körpənin bir damla göz yaşına dəyməz. Alyoşa İvanın mövqeyini qiyam kimi dəyərləndirir, İvansa deyir ki, olsun, o elə qiyam ovqatıyla yaşamaq istəyir. Alyoşa qardaşından soruşur: sən başındakı bu cəhənnəmlə necə yaşayacaqsan? İvan deyir ki, paralel xətlərin kəsişdiyi dərgahı gözləriylə görsə belə yenə qəbul eləməyəcək, ona görə də belə harmoniyadan könüllü imtina eləyir, Tanrının dərgahına biletini geri qaytarır.

Sonra İvan Alyoşaya “Böyük inkvizitor” adlı hələ yazılmamış poemasının məzmununu danışır. On altıncı əsr İspaniyasının Sevilya şəhəri. Doxsan yaşlı inkvizitor dinsizlikdə suçlanan kafirləri oda atdırır. Bu vaxt İsa Məsih ikinci dəfə zühur eləyir. Hamı onu tanıyır, hər kəs ondan nicat umur. Qəzəbli kardinal peyğəmbəri zindana saldırır. İşini başa vurandan sonra inkvizitor axşam türməyə peyğəmbərin görüşünə gedir, onu inandırmağa çalışır ki, insanlara inanmaqda, onlara azadlıq vəd eləməkdə səhvə yol verib. Bəşər övladının xeyirlə şəri bir-birindən ayırmaq, ağı qaradan seçmək, ona verilmiş azadlıqdan yararlanmaq imkanı yoxdur. Onların yerinə bu işi kilsə özü görməlidir, insanların taleyinə ruhanilər sərəncam verməlidir. Bəşəriyyət insan sürüsüdür, bu sürüyə nəyin faydalı, nəyin zərərli olduğunu onu otaranlar bilir. Məsih bu zavallılara azadlıq boyun olmuşdu, onlarsa azadlığın nəyə yaradığını qanmırlar. Əvəzində kardinal onlara çörək verir, onları yaşadır. İnkvizitor Məsihə deyir ki, daha sənə ehtiyacımız yoxdur, get, bir də heç vaxt qayıtma. İsa kardinala cavab vermir, qocanın dodaqlarından öpüb dinməzcə qeybə çəkilir...

***

Qardaşlar ayrılandan sonra İvan atası evinə qayıdır. Yolda Smerdyakovla qarşılaşır. Onların arasında gedən üstüörtülü dialoq ayrıca bir tədqiqatın mövzusudur. Dialoqun mahiyyəti budur: İvan sabah harasa getsə yaxşıdır, çünki bu günlərdə atasının başına iş gələ bilər; Smerdyakovun sabah ürəkgetməsi tuta bilər, tutsa, onun anlaqsız vəziyyətdə olması iki gün çəkəcək; ata Karamazov Qruşenkanı alsa, qardaşlar külli sərvətdən məhrum olacaqlar; Fyodor Pavloviçin Qruşenka üçün ayırdığı üç min rubl filan yerdədir; Smerdyakov Dmitriyə parolu verib, Mitya qızı atasının yanında tutsa, nə baş verəcəyi bəllidir; bir halda ki, Allah yoxdur, hər əmələ icazə var. Həddini aşmış nökərin qudurğanlığı, törədiləcək cinayətə arsızca işarə vurması İvanın qüruruna toxunsa da, Smerdyakovun niyyətini söhbətin altından üstünə çıxarmağa cəhd göstərmir. Bundan sonra İvan sabah Moskvaya gedəcəyini elan eləyir.

Alyoşa isə artıq canını tapşırmış mürşidinin hücrəsinə gedir. Hamı möcüzə gözləyir, guya qocanın meyidi gül qoxuyacaqmış. Fəqət təbiət qanunları işini görüb, Zosimanın cəsədi iylənməyə başlayıb. Bu zaman Alyoşa ilk dəfə Allaha asi düşür, möcüzə göstərmədiyinə görə tanrısından inciyir. Ütük qəzetçi, xəbərdaşıyan Rakitin onun bu halını fövtə verməyib kiçik Karamazovu Qruşenkanın evinə aparır. Qadın Alyoşanın dizinin üstündə oturub oğlanı şirnikləndirməyə çalışır, ancaq Zosimanın öldüyünü eşidəndə ciddiləşib dua eləyir, xaç çevirir. Məlum olur ki, Rakitin Alyoşanı Qruşanın yanına gətirməyin müqabilində qadınla iyirmi beş rubldan mərc gəlibmiş.

Qruşenka isə çox qayğılı, həyəcanlıdır. Beş il əvvəl onu aldadıb atmış polyak zabiti Mokroye deyilən kənddəki meyxanada əylənib onu gözləməkdədir. Qadının taleyi indi verəcəyi qərardan asılıdır. Xeyli tərəddüddən sonra o, getməyi qərara alır.

Dmitri isə bu müddətdə üç min pul tapmaq üçün hər yerə baş vurur. Onun niyyəti Qruşenkanı götürüb bu yerlərdən uzaqlaşmaq, haradasa yeni, məsud həyata başlamaqdır. Qadını heç yerdə tapmayanda Mitya onun atasının yanında ola biləcəyini düşünür, gecəylə gedib evin pəncərəsindən boylanır, pəncərəni Smerdyakovun dediyi sayaq döyür. Qruşanın buraya gəlmədiyinə əmin olandan sonra Mitya qaçmağa üz qoyur. Lakey Qriqori duyuq düşüb onu tutmağa çalışır, Dmitri əlindəki mis əşyayla ona zərbə endirir, sonra qocanı qan içində qoyub aradan çıxır. Qruşenkanın harada olduğunu qulluqçusundan öyrənən Mitya gecəylə özünü meyxanaya çatdırır. Səhərəcən yeyib-içib, çalıb-oynayıb əylənirlər. Sabah ertə Dmitri Karamazov atasını öldürmək ittihamıyla həbs olunur.

"Yeni Azərbaycan" qəzeti