Yusif Yusifzadə
Atam məni çiyninə alıb Xəzərdə üzürdü. Bu gün qəfil xatırladım. Onun çiynində Sumqayıtın çirkli Xəzərində üzmüşdüm. Ayaqlarım, qarnım hərdən də çiynim dənizə batırdı. Atam isə delfin kimi məharətlə, göstərər-göstərə üzürdü. Mən o günü çox yaxşı xatırlayıram. O gün haqqında yazmaq çətin olmayacaq.
Altıncı sinifdə oxuyurdum. Dərslərim qaydasında deyildi. Bir qız var idi, ağlım ancaq onda idi. Elə hey gələcəyi düşünürdüm. İndiki zaman xırda canıma təsir eləyə bilmirdi. Gecə yatanda, tezdən oyananda, məktəbə gələndə, məktəbdən çıxıb it kimi o qızın dalınca düşəndə, bir sözlə, məni məşğul edən məsələ olmayanda gözlərimi bir müddət yumub xəyala dalırdım. Xəyalımda “yaxın dostum və onun arvadı bizim evimizə qonaq gəlib. O qız da rəngarəng gül naxışları ilə bəzənmiş dəyirmi “padnusda” qonaqlara və mənə balaca fincanlarda çay gətirir, çayları ərdəmlə, sıra gözləməklə (servisə məndən başlayır) bir-bir paylayır, nəhayət, son fincanı özünə götürür, “padnusu” masaya qoyub mənim yaxınıma əyləşir. Gülə-gülə deyir,
-Yadında məktəb vaxtı mənim dalımca necə düşürdün – nazlanır, – çayından qurtumlayır, söhbət qızışır.
Ancaq bu xəyalla yaşayırdım. Məktəbə o qızı görməyə gedirdim. İstəyirdim ona məktub yazım və məktubu xəbəri olmadan çəhrayı çantasının yan cibinə atım. Alınmadı, mən bir qıza məktub vermək üçün 26 il gözləməli oldum. Belə yaşayırdım. Həyatdan razı idim. İnanırdım ki, xəyalım gerçəkləşəcək. O qız mənə, mənim dostuma və onun arvadına balaca fincanda çay verəcək, yanıma əyləşib deyəcək,
-Yadında məktəb vaxtı mənim dalımca necə düşürdün?
Dalınca düşürdüm ki, gələcəkdə bu cümləni qura bilsin, heç bilmirdim ona necə cavab verəcəm.
***
Onda atamı özgə adam kimi tanıyırdım. Sinif yoldaşlarımı ondan çox görürdüm. Hər gün işə gedirdi. Evdə qalan günlər isə çox gec yuxudan oyanırdı. Atam evdə olanda, anam tez tez deyirdi. “sakit ol, «xodunu» al, papa yatır”
Atam fəhlə işləyirdi. Onun işindən utanırdım. Elə bil hamı bundan xəbərdar idi. Müəllimlər hər tədris ilinin əvvəli soruşurdu.
-Atan nə işləyir?
-Mühəndis.
Sıxıla-sıxıla, utana-utana, ilk ictimai yalanımı danışırdım.
Atam cavan idi (indi buna inanmaq mümkün deyil) işdən, gücdən yorulmurdu, içmirdi, siqaret belə çəkmirdi. Gecəyə kimi işləyirdi.
Qışda anamın yanına soxulub onu gözləyirdim. Taxta pəncərəmiz elə uğuldayırdıkı, mən qorxumdan başımı yorğanın altından çıxara bilmirdim. Özümə balaca bir nəfəslik qayırırdım. Oynaya-oynaya yatmaq istəyirdim. Zülmət qış gecələrində atam qaranlığdan qəfil evə girir, salonun işıqlarını yandırıb, bizi oyadırdı. Biz cücə kimi onun yandırdığı işığın altına toplaşırdıq. Mən, anam və iki bacım. O, bizə bir kəlmə deyib yatağa göndərirdi.
-Beton tökdük, sabah pul alacam, gedin yatın. Hamam istidi? (anama baxmadan ondan soruşurdu)
Biz belə yaşayırdıq. Mən həyatı belə görürdüm. Atamı özgə, o qızı ən doğma adamım kimi tanıyırdım.
***
Atam yenə beton töküb, pul almışdı. Cümə günü idi. Biz məktəbə gedirdik. Atam evdə yatırdı. Anam pulumuz var idi deyə çox sevinirdi. Qapıdan çıxanda birdən məni geri səslədi, onun zərifliyini, gözəlliyini, təravətini, bir sözlə, gəncliyini itirməyə başlayan arıq əlləri havada iki dəfə yelləndi və mən geri qayıtdım. Bu iki ələ gözümü zilləyib nə düşündüyümü indi xatırlaya bilmirəm. Amma anamın dediyi cümlə ağlımda qalıb.
-Sabah papa səni gəzməyə aparacaq.
O qədər sevindim ki, uzun məktəb yolu boyunca o qızın dostuma, onun arvadına və mənə çay verib, nazlana nazlana;
-Yadında məktəb vaxtı mənim dalımca necə düşürdün, dediyi xəyala da dalmadım. Sabahı, daha yaxın gələcəyi arzulayırdım. Gəzməyə heç vaxt getməmişdim. Bu özgə adamla gəzməyə hara gedəcəkdik?
Sabah oldu. Atam oyandı. Biz evdən çıxdıq. Gəzməyə yola düşdük. Həyatımda ikinci dəfə atamın əlindən tutdum. Onun əlini ilk dəfə birinci sinifdə oxuyanda tutmuşdum, məni dərsə apardığı ilk gün idi. Yolda mənə üzərində “metro” yazılmış şokolad almışdı. Yolda heç nə danışmamışdıq.
Qəsəbə avtobusuna mindik. İyirmi dəqiqədən sonra bir vaxtlar Sovet İttifaqının gənc sənaye şəhəri olmuş Sumqayıta çatdıq. Nizaminin heykəlinin yanından avtobusdan düşdük. Təzə açılmış ticarət mərkəzinə girdik. Atam mənə ağappaq yay şalvarı aldı. Qiymətini endirmədi, satıcının dediyi ilk qiymətə razı oldu. Elə ordaca təzə şalvarımı əynimə geyindim. Köhnə şalvarı isə atdıq getdi.
Arada aşağıdan onun uzunə baxırdım (bəstəboy idi). Üzündə xüsusi, bu günə məxsus ifadə yox idi. Bığı biçimli idi, saçları qısa qara imiş, burnu biraz qabağa əyilmişdi, (böyük bacım və mənim burnum da onunkuna oxşayır) simasından heç nə artıq deyildi. Yadıma düşür ki, bibilərim onu yaraşıqlı adlandırırdı. Ağ-qara şəkillərdə həqiqətən, yaraşıqlı idi.
“Göyərçinə” gəldik. On dəqiqəsi bir manat olan uşaq maşınlarına mindirdi məni. Bir neçə dəfə maşınımı dəyişməyimi istədi. Ancaq bu rəngli, təkərli iri oyuncaqlar mənim xoşuma gəlmirdi. Mən tikişli ayaqlarımın üstündə özümü daha təhlükəsiz hiss edirdim. Təxminən bir saata yaxın “Göyərçinin” başına dolandıq sonra yaxınlıqdakı restorana girdik. Mənə də, özünə də çoxlu lülə kabab sifariş elədi. Mənim uşaqlıq illərimdə lülə kabab çox məşhur idi. Özü də yalnız mal ətilə. (İndi lülə kababı toyuq əti ilə də edirlər.) Atam iştahla lülələri içəri ötürdü. Ağzını sildi. Qərara gəldiki burdan getmək vaxtıdır. Son lüləmi çörəyin arasına qoyub restorandan çıxdıq. Biz uzun və əhənglənmiş pilləkənlərdən enib Xəzərin sahilinə gəldik. Dənizdə pas atmış nəhəng gəmi var idi. Atam mən soruşmadan onun hekayəsini danışdı. İndi xatırlamıram.
***
İnsanlar dənizə girirdi. Girməyənlər sahildə ayaqyalın gəzirdi. Bir qadın döşlərini açmış dənizin ortasında qürubu seyr edirdi. O qadını arxadan büstqaltersiz görəndə ürəyim əsmişdi. Yəqi ilk dəfə idi çılpaq qadın kürəyi görürdüm deyə. Atam düz qabağına, çimərlik boyu düzülən adamlara baxırdı. Birdən üzünü dənizə çevirdi. Paltarlarını soyunmağa başladı. Təkcə alt paltarı qaldı. Məni paltarlarına gözətçi qoyub dənizə girdi. Uzaqlara üzdü. Onun üzə bildiyi bilmirdim. Paltarların yanında oturub atamı izləyirdim. Qollarını qanad kimi açıb bağlayırdı. Başı hər dəfə sağa sola burulduqca, "boğular, görəsən" düşünürdüm. Dənizdə bir neçə dəfə görünməz olub, sahilə geri üzdü,
-Üzmək istəyirsən?
-Hə
Məni çiyninə aldı. Yavaş-yavaş suya girdik. Doyunca üzdük. Bu özgə adamla mehribanlaşdım. Onu at kimi mindiyimə görə, özümü onun doğması saydım. Günəş batdı. Biz sahilə qayıtdıq. Vicdanlı insanlarla dolu Xəzər sahilində paltarlarımızı, soyunduğumuz, atamın pulqabını və telefonunu qoyduğumuz yerdə tapdıq. Geyinməyə tələsmədik. Alt paltarlarımız hələ su idi. Onları qurutmaq üçün günəş də yox idi. Bir az sonra paltarlarımızı geyindik. Birdən mənim gözbəbəklərim bizə arxadan baxdı. Atamın cins şalvarında, mənim təzə, ağ yay şalvarımda nəmli altpaltarımızın əksini gördüm həm də gördüm ki, biz doğma adamlar kimi əl-ələ tutuşub evə qayıdırıq.