Ay kimi gözəl - Çağdaş özbək hekayəsi

Ay kimi gözəl   - Çağdaş özbək hekayəsi

12 Fevral 2025 12:07 92


Aziz Abdurazzoq (1928-2007). Tanınmış şair, tərcüməçi və redaktor Aziz Abdurazzoq 1928-ci ildə Daşkənddə anadan olub. Əvvəlcə Mədəniyyət və Təhsil Texnikumunda sonra isə Moskvadakı Ədəbiyyat İnstitutunda təhsil alıb. Uzun illər “Yoshlar” (Gənclik) qəzetində (indiki “Türkistan”), “Sharq yulduzi” (Şərq ulduzu) və “Guliston” (Gülüstan) jurnallarında əməkdaş, Özbəkistan Yazıçılar Birliyində ədəbi məsləhətçi olaraq fəalityyət göstərib. Aziz Abdurazzoqun ilk şeirlər toplusu olan “Do‘stlarimga” (Dostlarıma) 1959-cu ildə nəşr olunub. Bundan sonrakı yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə şair “Yana bahor” (Yenə bahar), “Bodom gulladi” (Badam çiçəkləndi), “Lirika” (Lirika), “Sho‘x yomg‘ir” (Şən yağış) kimi şeirlər toplusu işıq üzü görüb. O, M. Lermontov, T. Şevçenko və başqa məşhur şairlərin şeirlərini özbək dilinə tərcümə edib. Əsərləri onlarla xarici dilə tərcümə edilib. Aziz Abdurazzoq 2007-ci ildə vəfat edib.



Hekayə

Oycamol ay üzlü qadın idi. Yaşı altmışı haqlasa da yaxşı qalmışdı. Hamar, ağappaq yumru yanaqları, ətrafı təzəlikcə fərq edilməyəcək dərəcədə qırışmağa başlamış qara gözləri həmişə gülürdü. Gəlin olduğu vaxtlardan doymamış, ömrü boyu tək-tənha yaşamış bu qadının iradəsinə rəfiqələri həsəd aparırdı. Amma Oycamol yalnız qaldığında, xüsusilə də gecələr gözünə yuxu getməyəndə, özünün təbirincə desək “əsəbinin tarıma çəkildiyi” o gecələrdə nə qədər ciddi, nə qədər xəyalpərəst olduğunu sadəcə özü bilirdi. Rəfiqələrindən biri:

“Ay Oycamol, dünən televizorda əla film göstərdilər. Baxdınızmı?” deyə soruşsa hər hansı səbəbdən baxa bilmədiyini deyərdi.

Əslində, film müharibə ilə bağlı olduğu üçün televizoru qəsdən söndürdüyünü deməzdi. Söndürür və hər şey eyni qalırdı. Xəyalı onu keçmişə aparırdı: uşaqlığının keçdiyi bağ və küçələr, sığınacağı olan ata evi - bağdakı geniş üzüm çardaqları, qurbağaların durmadan quruldadığı gölməçə, gölməçə kənarındakı taxt, o yerdə özü kimi gözəl saçlı rəfiqələri ilə bağda işlədikləri, bir-birilərinə saxta qaş çəkdikləri, mahnı oxuduqları anlar - gözəl ətrli yay günləri və daha nələr ... O zamanlar indi sadəcə hərdən bir yuxusuna girirdi. Bəlkə də müharibədə itkin düşmüş Camoliddin qayıdıb gələr, amma uşaqlıq... Bağ və küçələr... Yox, əsla...

O, Camoliddin ilə keçirdiyi nur kimi gözqamaşdırıcı günlərini, ildırım sürətilə keçmiş gecələrini xatırlayırdı. Camoliddin də o bağ və küçənin gənclərindən idi. Onlar bir mətkəbdə oxumuş, bir küçədə boya-başa çatmış, zamanla bir-birlərinə könül vermişdilər. Əfsuski, onların xoşbəxtliyi, bəylə gəlinlik həyatı uzun sürmədi. Evliliklərinin qırxı çıxmamış müharibə başladı, bir çoxu kimi Camoliddin də əyninə şinel geyinib, əlinə silah alıb döyüşə getdi. Oycamola Camoliddindən iki xatirə qaldı. Biri toy gecəsindən bir gün əvvəl taxdığı üzük, ikincisi də bətnində təzəcə yaranmağa başlayan balaca canlının şirin narahatlığı idi. Birinci xatirə hələ də barmağındadır. Amma ikincisi... Üz-gözü atasını, dərisinin ağlığı anasını xatırladan pambıq kimi oğlu bir yaşına çatmadan qızılcadan vəfat etmişdi. Camoliddin isə oğlu dünyaya gəlmədən öncə 1942-ci ilin fevralında Kiyev uğrunda gedən döyüşlərin birində şəhid olub. Amma bu haqda xəbər Oycamola müharibədən sonra 1947-ci ilin yayının ortasında isti külək kimi gəlmişdi. Xəbər gəlsə də absurd idi: “... əlli-ayaqlı itkin düşüb”
.
Bundan sonra Oycamolı şirin sözlərlə təsəlli edənlərin, “dostcasına” məsləhət verənlərin sayı əvvəlkindın daha çox artmışdı. Bunlardan biri:

“Keşkə yalan olsa!” demişdi.

Digəri də:

“Əsir düşmüş ola bilər” söyləmişdi.

Başqa biri də ərə getməsini məsləhət etmişdi. Beləcə, bu insanlar bir neçə gün ərzində biçarənin baş-beynini aparmışdılar. Oycamol heç kimin öyüd-nəsihətinə qulaq asmamış, ölənə qədər Camoliddinin həyatda olduğuna qərar vermişdi. Onu bu cür qərardan heç kim döndərə bilməmişdi. Rəfiqələri və qohum-əqrabaları onu əsla inandıra bilməmişdilər. O, “yaxşı yerlərdən olan” bəzi namizədləri rədd etmişdi. Onların heç biri Camoliddinin dırnağı belə ola bilməzdi.

“Axı ürəyim “isinmir”. Nə edim?” demişdi araya girən şəxslərə.

Onun üz-gözündəki sevinc ancaq bu ürəkağrıdan araya girən şəxslərin sayı çoxalanda yox olardı. Bundan sonra bir müddət qulağı dinc qalsa da bitib-tükənməz savab qazanmaq istəyənlər onun başını xarab etməyə başlayırdılar.

Oycamolun həyət evinə ziyan dəymişdi və ona bir otaqlı mənzil vermişdilər. Lakin o, mənzili aldığına görə yox qulağının dincliyi üçün sevinmişdi. Artıq əvvəlki məhəllədəki kimi axmaq qonşuları yox idi. Heç kim ərə getməsilə bağlı məsləhət və nəsihət vermirdi.

Oycamolun yaşadığı evə qonşu olduq. Bir neçə il qonşuluq etdik. Qonşuluğumuzun ilk günlərində mənə:

“Canım, qəlbinizi qırsa da gəlin sizə bir söz deyim” deyə yumşaq və qırıq səslə söyləmişdi.
“Buyurun, söyləyin” demişdim təəccüblə.
“Baxın, mənə nəsihət və məsləhət verən adama nifrət edirəm.”

O, sözünü bitirmədən:

“Tam mənim kimisiniz, ana” demişdim. “Məsələhət və nəsihət verən adamdan mənin də zindeyi zəhləm gedir. Özüm də heç kimə ağıl vermirəm. Çünki hamının öz ağlı və fərasəti var. Hər kəs ürəyinin istədiyi işi görsün. Mənim insanlarla nə işim var?

Bu söz qonşumun çox xoşuna gəlmişdi. Beləcə, bir neçə il, daha doğrusu on yeddi il qonşuluq etmişdik.

Oycamol yetmiş yeddi yaşında qəfildən ağrıdı və yatağa düşdü. Vəziyyəti ağır idi və baxıcısı olmadığından qardaşı ilə qardaşı uşağı gəlib apardı. Bir neçə gündən sonra onlar gəldilər.

“Oycamol anamın vəziyyəti necədir?” deyə soruşdum. Qardaşı:

“Vəfat etdi” dedi.

“İnanılmazdır... Bu qədər gözəl yaşlı qadın da öldü mü?” deyə birdən düşündüm.

Biçarə Camoliddinin şəklini həmişə üstündə gəzdirərdi. Onu bağrına basaraq can verib.


Özbək dilindən tərcümə etdi: Elvin Abbasbəyli (Məmun Universiteti. Özbəkistan)