Onu nə tez unutduq? Mavi ekranın başında oturub sonradan "Hollivud oğlan" adını verdiyimi yaxşı xatırlayıram. Dilini sürüyə-sürüyə danışan bu adam əsl Amerika arzusuna çevrilmişdi.
"Retro" kinozalında hər davranışı, filmlərin şərhi isə mənə deyirdi: "Dünya birdən böyükdür!" O ki gedib nə şən və hazırcavab oldu, nə İrəvandakı köhnə dostlarına yarındı, nə üzü Kremlə ibadət elədi, nə də təsbeh götürüb istixarəyə keçmədi.
Hərçənd, son otuz ildə belələri çox oldu. Ayaz Salayev isə vur-tut özü kimi qaldı, eləcə dilini sürtə-sürtə sızıldadı və axırda da gedib Cıdır düzündə hönkürüb ağladı. Belə ağlağanları yetişdirən tarixin bir qismi də elə o düzənliyin böyür-başında yaranmışdı, bunu da bilirsiz...
Onunla sonuncu görüşümüzdə (təxminən beş il əvvəl) deyirdi ki, İrəvan haqqında film çəkmək istəyir. Bax onda bildim ki, tarix bitib. Susdum.
Ayaz Salayev kimi etirazçı insanların üstünə düşənləri anlamağa çalışıram. Onu xatırlayarkən, Həmidə Ömərovanı da xatırlayram. Həmidə xanımla "Bizim Əsr" qəzetində eyni səhifəni bölüşüb köşə yazırdıq. Publisistikada ona çatdıra bilmirdim, əksinə, ondan öyrənirdim. Muncuq kimi düzürdü: cümlələri, fikri, məntiqi. Səhnəmizin ulduzu, "Retro" kinozalının digər aparıcısı olmuş, Moskvada ali kino təhsili almış, rusdilli mühitdə böyümüş, rus dilini "tum kimi" çırtlaya bilən Həmidə Ömərovadan danışıram. Ta onu da demirəm, Həmidə Ömərovanı qədərincə sevə, fərqini, dəyərini anlaya bildikmi? Yoxsa düşmüşük Ayaz Salayevin üstünə və deyirik şəhər təkcə sənin deyil. Ayaz Salayev haradan danışır? Hansı mühitdən, hansı şəhərdən bəhs edir? Talan edilmiş Bakının mənzərəsini cızmır? "28"də hər biri bir kəndi təmsil edən göydələnlərə soxulanları demək istəmir? O kəslərdən ki, özünə evdən çıxmağa yol, evə qayıtmağa cığır da qoymaq yadından çıxıb. Bəs bu zəka sahibləri kimdir? Ayaz Salayev onlara işarə edir axı, eşitmirsiz? Ayaz Salayevin danışdıqlarını düşünərkən başqa bir güzgüdə Həmidə Ömərovanın da olduğunu görmürsüz? Bu gün də dünyanın dörd bir yanında təhsil alanların milli zəka halından xəbərdarsız?
Hamı kimi Ayaz Salayevin də uzaq, dolayı yollarla fikrini izah etmək haqqı var. Əslində dil məsələsi ikincidir, əsas mədəniyyətdir. Uzaq yollara getmək, oralara baxmaq, oraları buralara gətirməyin də min cür yolu var. Bunun bir adına mədəniyyət gətirmək də deyirlər. Hələlik mövcud olan, bizi formalaşdıran, əsas yollardan biri də budur. Yerinə təzəsini qoya biləsək, öz tariximiz olacaq. Axı biz daha çox başqalarının tarixini yamsılamağı sevirik. Ayaz Salayev də yamsılamağı davam etdirməkdən yanadır, təəssüf.
Hollivud da iflas olub, qoca Avropa da tükənib, Varşava müqaviləsi ölkələrinin ağ-qara kinosu da yoxa çıxıb. Mən də rus dilini müdafiə edənlərə qeyzlənirəm, amma hər dəfə paytaxtımın mərkəzində baş verən barbarlığı görəndə az qala demək istəyirəm: "Yaxşı ki Ayaz Salayev salamatdır"...
Qaynar İnfo