Aydın müəllimin tufanlı dənizləri - Esse

Aydın müəllimin tufanlı dənizləri   - Esse

21 Fevral 2023 14:02 572


“Əbuhübb” haqqında bəzi qeydlər

Mirmehdi Ağaoğlu

Ötən il mənim üçün mütaliə prosesi kəmiyyət baxımından olmasa da (həmişə olduğu kimi il ərzində nəzərdə tutduğum kitabların hamısını oxuyub başa çıxa bilmədim) keyfiyyət baxımından uğurlu oldu. Nədən ki, Aydın Talıbzadənin çoxdandır oxumağı arzuladığım iki romanını (“Əbuhübb” və “Ramana”) nəhayət oxuyub bitirdim. Və qərara gəldim ki, hər iki romanla bağlı düşüncələrimi bölüşüm.

Əvvəlcə onu deyim ki, Aydın Talıbzadənin romanları haqqında yazmaq mənə görə çətin və məsuliyyətlidir. Çünki Aydın Talıbzadəni hər zaman özümə müəllim qismində görmüşəm. Onun kulturoloji yazılarıni, esselərini susuz adam kimi acgözlüklə başıma çəkmişəm, nələrisə öyrənmişəm, müəyyən qənaətlər əldə eləmişəm. Onun üçün də müəllim nəzərində gördüyün bir müəllifin əsərləri barədə yazmaq ikiqat məsuliyyət istəyir ki, ustadına kəm baxmayasan. Ümid edirəm, hörmətli Aydın müəllim hansısa qəbul etmədiyi və ya razılaşmadığı məqamlara görə, güneyli soydaşlarımız demiş, güzəşt edər.

Onu da vurğulayım ki, esselərini böyük heyranlıqla(!) oxuduğum müəllifin – müəllimin romanlarından hansı təəssüratla ayrılacağım mənim üçün naməlum deyildi. Əksinə, məni hansı sürprizlərin gözləyəcəyini, Aydın müəllimin bizi öz ədəbiyyat gəmisinə mindirib hansı tufanlı dənizlərə, dumanlı cəzirələrə aparıb çıxaracağını təxmin edirdim. Romanları oxuyandan sonra da fikrimdə yanılmadığımı anladım.

İlk növbədə onu deyim ki, Aydın Talıbzadə hər iki romanı sirlərlə, şifrələrlə hörüb-toxuyub. Esselərində kodları açan müəllif bu dəfə özü kodlaşdırma aparıb, əsərlərinin içində müəyyən mənada müxtəlif tapmacalar gizlədib ki, gərək romanı oxuyan zaman onları da çözəsən, yoxsa Aydın müəllimin roman dünyasının sirlərinə tam vaqif olmaq çətin. Odur ki, inanmıram mənim bu sirləri tam çözmək cəhdlərim sonadək uğurlu olsun. Lakin bununla belə romanların məndə yaratdığı təsirləri sizinlə bölüşməyə çalışacağam.

“Əbuhübb”də hadisələr iki zaman dilimində baş verir. Biri müasir dövrdə Bakının Sovetski məhəlləsində yaşamış Tuncal adlı rəssamın zamanıdır. Digəri isə dəqiq tarixi bilinməyən, çox güman ki, Çingiz xanın hökmranlığı dövrünə dəng gələn Cingöz xanın sərkərdələrindən biri Toltı bəyin. Tuncal və Toltı – hər ikisi həyatla mübarizə aparır, biri fırçası ilə, digəri qılıncı ilə.

“Əbuhübb” Toltı bəyin “dördnala çaparaq” mülkünə doğru gəlməsi ilə başlayır. Cingöz xanın hörmətli əyanı mülkünə varid olub qızı Umayranı çimdirib hazır etməyi tapşırır. Ağıllı kənizi Saytuba Toltı bəyin öz qızını Cingöz xanın hərəmi üçün hazırlatdığını zənn etsə də gözlənilməz hadisə baş verir. Toltı bəy Umayraya özü sahib olur və dəf olub gedir. Toltı bəy kimi nüfuzlu bir sərkərdənin bu müəmmalı addımına haqq qazandırmaq olmazdı, əgər ki, sonradan Cingöz xanın öldüyü və onunla birlikdə qırx bakirə qızın diri-diri dəfn olunacağı, bu qızlardan birinin də Umayra olduğu, eşikağası Bayburd ağanın isə Umayranın dalıyca yola çıxdığı məlum olmasaydı. Bayburd ağa öyrənəndə ki, Umayra bakirə deyilmiş, bərk qəzəblənir, bu qəzəb əlbəttə Toltı bəyə baha başa gələcəkdi. Odur ki, Toltı bəy eşikağası gedəndən sonra evinə qayıdır, arvadı ilə yatan mehtərin başını kəsir, onsuz od düşmüş evinə bu dəfə özü həqiqi mənada od vurur, sonra qızını və kənizini götürüb yollara süvar olur. Həm ərinin namusa sığmayan davranışından, həm də oynaşını itirməkdən havalanan Təncigül isə evlə birlikdə yanıb külə dönür.

Əlbəttə Bayburd ağanın da dabanqırma onun mülkünə doğru gəldiyi bir vaxtda Toltı bəyin qızının bəkarətini özü almaqdan başqa çarəsi qalmır, lakin sonradan onun qızını da götürüb cəlayi-vətən olması belə bir sual doğurur: əcəba qızını bəkarətini almadan da götürüb gedə bilməzdimi? Bu sual oxucunu düşündürür. Lakin burada ümdə məqsəd Toltı bəyin elədikləri deyil, əsas fokus nöqtəsi onun qızından olacaq övladı, Əbuhübbdür. Elə gəzən ada-şəhərdəki dərvişlər də həmin müqəddəs zatın doğuşunu gözləyirlər. Necə ki, ən gözəl çiçəklər ən zibilli torpaqlarda cücərir, Əbuhübb də məhz belə bir çirkin aktın bəhəri olmalı idi. Bitkinin yaxşı inkişafı üçün nəcis-peyin gərək olduğu kimi Əbuhübbün də doğuşu üçün izdivacların ən murdarı gərəklidir.

Qızının xilası üçün Toltı bəyin verdiyi qərar ilk baxışda qaçılmaz görünsə də sonradan uçan ada-şəhərin pak dərvişlərinin də Toltı bəyi qəbul etməmələri onun bu qərarının qaçılmazlıqdan doğulmadığını, qəlbinin dərinliklərində ehtiras qığılcımları da gizlətməsinə işarədir. Çünki bəzi məqamlarda Toltı bəyin həmin dəhşətli izdivacdan sonra dəfələrlə qızına yaxınlaşması əslində ona artıq ehtirasın hakim olmasının göstəricisidir. Dolayısı ilə Toltı bəyin bu addımı heç də çıxılmazlıqdan deyil, oğraşlıqdan doğur ki, döyüş meydanlarında dəfələrlə ölüm mələyi ilə üz-üzə gələn sərkərdə üçün qızını diri-diri gömülməkdən xilas etmək naminə öldürmək bəs edərdi. Lap sonra xanimanını da oda verib yenə də sərgərdan dolaşardı. Amma o, bunu etmir. Toltı bəy Saytubaya etirafında qızının namusuna əl uzatmağını onu Cingöz xanın məzarına diri-diri gömülməkdən xilas etməkdən çox sərkərdə ərini mehtərin at təri qoxulu qoynuna dəyişən arvadı Təncigüldən qisas almaq üçün etdiyini boynuna alır.

Əsərin mündəricatına nəzər yetirdikdə görürük ki, fəsil adları müəyyən qanunauyğunluqla düzülüb. İlk fəsil olan “Tək”dən sonra “Təkər” fəsli yaranır, sonra “Ər” gəlir, daha sonra “Roman”, “Om”, “Məhəllə”, “Sarıqulaq”, “Amor”, “Əbuhübb”, “Köç”. Mən deyərdim ki, Toltı bəyin və daha sonra Tuncalın da ölümü ilə nəticələnən fəsillərdən sonra gələn, lakin kitabda yer almayan xəyali bir fəsil də var ki, bu fəsil adlarından ibarət söz oyununun davamı kimi görünür – “Çök” - həm də kitabın ümumi ruhunu, əsas personajların cismani və mənəvi çöküşlərini ehtiva edir.

Birinci fəsil “Tək” Toltı bəydən bəhs edir, ağır sınaq qarşısında tək qalmasından. Növbəti fəsil “Təkər”dir, burda Tuncalın öz həyatını təkər kimi yoxuş aşağı buraxdığının şahidi oluruq. Sovestkidə təkcə uşaqlar təkərləri yoxuş aşağı diyirlətmirlər, bəzən böyüklər də öz həyatlarını beləcə diyirlədirlər, taleyin ümidinə buraxırlar, ta gedib öz təcili ilə və ya nəyəsə toxunub yıxılanacan diyirlənməsinə imkan yaradırlar, öz samsaralarını təkər kimi fırladırlar. Əsl dərvişlik həyatı da elə budur, həyatını təkər kimi yoxuşdan aşağı diyirlətmək, Tuncalın elədiyi kimi. Və bu yolda Tuncalın “təkər”i də qanunauyğun olaraq maneəyə - Fərizəyə toxunur. Bu toxunuşdan da yeni bir hərəkət doğulur və Sovetskidə yoxuşdan diyirlədilən hər bir təkər kimi hansısa enişdə aşaraq öz yoluna – həyatına son qoyur.

Tuncal rəssam Ucal Haqverdiyevin obrazıdır. Əsərdə bu barədə açıq şəkildə deyilməsə də cəmi bir yerdə Tuncalın “Fransız” filmində çəkildiyi qeyd olunur ki, bilənlər bilir, həmin rolu Ucal Haqverdiyev canlandırıb. Bir də ki, müəllif özü də bir neçə də müsahibəsində qəhrəmanın hardasa Ucal Haqverdiyevin prototipi olduğunu dilə gətirib.

Dediyimiz kimi kitabda iki zaman dilimi, iki ayrı baş personaj, iki ayrıca hadisələr sikli var. Bu iki hissə bir-birilə heç vədə kəsişmir, yalnız əsərin sonlarına doğru əyan olur ki, Toltı bəylə bağlı fəsillər əslində Tuncalın baxdığı bir serialdan imiş. Yəqin buna görə də Toltı bəylə bağlı hissələri oxuyarkən oxucu qəfildən hadisələrin ortasına düşür. Kobud şəkildə desək biz bu serialın əvvəlindən xəbərsizik, gərək ki, onu yalnız Tuncal görüb, ya da o özü də elə bizim kitabda oxuduğumuz yerdən baxıb həmin seriala. Mənə görə Toltı bəylə bağlı hissə məhz bu səbəbdən bəzilərinin dediyi kimi ayrıca roman hesab oluna bilməz.

Romanın Toltı bəylə bağlı hissəsi daha dinamik və dramaturji baxımdan daha gərgindir, seriallarda olduğu kimi oxucunu tarım saxlaya bilir. Tuncalla bağlı hissə isə sakit, statikdir. Bu bağımdan hər iki dövrlə aid fəsillərin bir-birini əvəz etməsi romanı daha oxunaqlı edir. Oxucu intizarla Tuncayla Fərizənin münasibətlərinin yer aldığı fəsli bitirməyə çalışır ki, Toltı bəyin macərasının hara gedib çıxacağını öyrənsin.

Fərizə demişkən... Fərizə personajı ziddiyyətlidir, müəllif həmin obrazı daim tərəddüdlər içində çırpınan xarakter kimi verib. Tuncal heç, məqsədi bəllidir, Fərizə isə müəmmalıdır. Rəssam qadın gah sənət aşiqi kimi görünür (hərgah Qız qalasının yanındakı sərgidə onun elə də dərin istedada malik olmaması üzə çıxır), gah Tuncala qibtə edir, gah da imkanlı məşuq axtarışındadır. Onun bu tərəddüdləri seksual həyatına da sirayət edir (əcnəbi sənətşünas qadınla arasında münasibət yaşanır). Sonunda isə Fərizənin polyak məşuqa qoşulub səadət dalıyca qaçması onun əslində heç vaxt əsl sənətkar eşqi ilə yanmamasına təntənəli nöqtə qoyur. Fərizənin əvvəldən gerçək ehtirasla sənətə bağlanmadığı da ilkin səhifələrdən duyulur, bu, hətta onun çiy fəlsəfi düşüncələrində də sezilir.

Tuncal isə Fərizədən, eləcə də digər rəssam yoldaşlarından fərqli olaraq özünü sənətə həsr edir, ideallarını maddiyyata dəyişmir. Arabir büdrəsə də (bomjla ünsiyyətdə) əsl dərviş həyatı yaşamağa can atır, kallıqdan yetişkənliyə doğru təkərini fırladır. Buna nail olurmu? Tuncal ideallarını maddiyyata dəyişməsə də sonda məşuqunun hesabına yaxşı həyat yaşayan Fərizədən asılı vəziyyətə düşməsini də görürük. Lakin onun ürəyini partladan da deyəsən, elə Fərizəyə möhtac qalması olur. Bulvarda ölən zaman cibindən çıxan Fərizədən aldığı 100 dollarlıq əskinazın xərclənmədən qalması da yaşadığı vicdan əzabını göstərir.

Lakin Fərizənin fəlsəfi çərənçiliyindən fərqli olaraq Tuncalın həyat və sənət haqqında düşüncələri sağlam və diqqətçəkəndir. Tuncal çox fəlsəfi danışır, ağzından dürr tökülür, aforizmlər saçılır. Elə Toltı bəy də aforizm deməkdə Tuncaldan geri qalmır.

Tuncal da müəyyən mənada Toltı bəy kimi səhv yolu seçir, guya dərviş məqamına yüksəlməyi cəhd eləsə də əsərin əvvəlindəcə onun bomjla (XXI əsrin dərvişi) qarşılaşmasından necə çilik-çilik olduğu əyan olur, sonradan onun Fərizə ilə münasibətləri və müəyyən mənada alfons həyatı heç də onun düz yolda olmadığını göstərir ki, bunlar da Tuncalın həyatında kəfkir kimi gedib gəlmələr şəklində baş verir. Əgər Toltı bəyə fikir versək, əsərin sonuna yaxın o da müdrikləşir, dayanmadan aforistik fikirlər səsləndirir, lakin bu onu xilas etmir. Toltı bəy də, Tuncal da natamamlıqlarının əziyyətini çəkirlər. Birisi xeyirlə tam dola bilmir, digəri şərlə.

Aydın Talıbzadənin hər iki romanında esseçi tərəfi özünü ağır şəkildə büruzə verir. İstər müəllif təhkiyəsində, istərsə də obrazların dilindən bəzən müxtəlif fəlsəfi fikirlər, aforistik düşüncələr səslənir. Bəzən bu fəlsəfi ricətlər ümumi mətndən fərqlənərək az qala ayrıca yazı halında görünür. Bu ricətlər esse kimi dəyərlidir, lakin romanın içində bəzən bənd, arakəsmə rolunu da oynaya bilir. Toltı bəyin sonda bir filosof kimi dayanmadan aforizmlər “istehsal etməsi” romanın ruhu ilə zənnimcə uyuşmur. Bu nə deməkdir? Toltı bəyin müdrikləşməsi? Əgər müdrikləşmədirsə, bəs o zaman dərvişlər onu nədən qəbul etmir?

Bu aforizmlər ayrılıqda gözəl fikirlər olsalar da əsərin içində muxtariyyətini elan etmiş vilayətə bənzəyirlər, gözlərisə müstəqillikdədir. Mən ümumilikdə bu cür fəlsəfi fikirlərə qarşı deyiləm, lakin onun tərəfdarıyam ki, bu ricətlər əsərin ümumi ruhundan çıxış etməli, onun bıçaq kimi böltələməməli, süjeti, ümumi axarı dikdik-dikik etməməli, əksinə əsəri irəli aparmalıdır. Lap sadə şəkildə belə deyim, fəlsəfi fikir əsərin içində şəkər çayda əridiyi kimi itib yox olmalıdır ki, onun şirinliyini yalnız çayı içəndə (oxuyanda) biləsən. Yox əsərin ayrı-ayrı hissələrində xəmirin içində un qırıntıları kimi yumurlanıb qalanda əksinə artıqlıq edir. Lap fikrimi bir qədər də sadələşdirim, esse ilk növbədə fəlsəfi məhsuldur, düşüncədir (tərcüməsi də belədir), onun məqsədi ən adi halda müəllifin fikirlərini çatdırmaqdır. Essedə bədiyyat isə, onun naxışı, bəzəyidir. Lakin romanda müəllifin düşüncələri ümumi ab-havada ərinmiş şəkildə olmalı, elə yerləşməlidir ki, onu çıxaranda bədii əsərdən heç nə itməsin. Təbii ki, bunlar mənim qənaətlərimdir, razılaşmamaq da olar.

Bir məqamı vurğulamaq yerinə düşər ki, Tuncayın Füzuli heykəli tərəflərdə sərkərdən dolaşıb Fərizəni gözlədiyi vaxt verilən aforstik fikirlər şüur axınına dönərək yerinə düşür, Tuncalın daxili təbəddülatlarının, düşüncələrinin ifadəsi kimi görünür, onun kamil bir insan kimi yetişməkdə olduğunu göstərir.

Aydın Talıbzadənin əsərlərində hər şey personajdır (“əsər”ləri deyəndə aşağıda bəhs edəcəyim “Ramana” romanını da nəzərdə tuturam). O, asanlıqla hər şeyi personajlaşdırır. Əşyalar, hərəkətlər, davranışlar əşya, hərəkət, davranış olmaqdan çıxır, metafora iksiri içib canlanır, əsərin içində tale, ömür qazanır, personaja dönür. Misal üçün, bu nümunədə sükut dil açıb danışır: “Sükut qapı ağzında çöməlib bir xeyli müddət idi ki, təzim eləyirdi. Sonra icazəsiz içəri girdi: hər yeri nəzarətinə götürdü”.

Və ya.

“Saytuba başını yana çevirəndə Bayburd ağanın baxışlarını tutdu, amma onlar sıpçınıb qaçmağa üz qoydular və tullanıb Bayburd ağanın gözlərinə girdilər, kiriyib elə oradaca kirpiklərin arxasında gizləndilər”.

Bəzən bu metaforalar o qədər böyüyür ki, bulud Ayın qabağını tutan tək personajın qabağını kəsir. Yuxarıdakı misalda Bayburd ağanın baxışları da anidən obrazlaşır, kiçik də olsa əsərin içində özünə ömür qazanır, diqqəti üstünə çəkir, bəzənsə bu bənzətmələr yazıçı məharəti haqqında şaqraq zəngulələr vurur.

Elə məqamlar var ki, müəllif orada bənzətmələrlə bağlı məharət göstərib. Həmən cümlələri oxuyanda müəllifin də onları yazarkən öz tapıntısından necə vəcdə gəlib təşəxxüslə gülümsədiyini də sezmək olur. Məni heyrətə gətirən gözəl cümlələrdən biri belə idi: “Qloballaşma məhəlləmizi plitka şokolad kimi sındıra-sındıra yeyirdi”.

Yəqin “Əbuhübb” haqqında mənim nəzərimdən qaçan və ya görə bilmədiyim xeyli məqama toxunmaq olardı ki, mən yanından sükutla keçdim. Bunun üçün daha geniş yazıya ehtiyac var. Romanı tam çözə, əvvəldə dediyim kimi müəllifin əsərdə gizlədiyi kodları aça bildimmi? Zənnimcə yox. Bu yazı sadəcə mənim yozumum idi, digər yozumları isə “Əbuhübb”ü oxuyan başqa oxucular verə bilər. Hər kəs özü yozduğu kimi.

(Ardı var)

"Ədəbiyyat qəzeti"