YeniYaz.Az 10 mart – Milli Teatr Günü münasibəti ilə teatrşünas Aydın Talıbzadənin “Heç nədən hay-küy və yaxud lax çıxmış yumurta” yazısını təqdim edir.
(ac həriflərin çayxanası)
Ayravana, ayravana, çandrika...
Kintemani, kintemani, işvara....
Çitraxuda, çitraxuda...
... və getdik, getdik, getdik və gördük ki, bir kənd var... Kəndmi? Bəlkə qəsəbə? Bəlkə də rayon mərkəzi? Hər halda çayxana bütün variantlarda məqbuldur, dəmiynən-dəstgahıynan, gümüşü samovarıynan, armudu istəkanlarıynan, qəndiynən-konfetiynən və əla nərdtaxtasıynan... Bizim məmləkətin bütün guşələrində çayxana elə çayxanadır, tipi eynidir, janrı eynidir, sosial-ictimai, bədii-estetik xisləti eynidir. Burda olmur, bir başqa yerdə olsun: fərqi nə? Azərbaycanda hətta teatrla çayxananın sərhəddini müəyyənləşdirmək də çətin məsələ.
“Yuğ” teatrının, pardon, Dövlət Teatrının “TAS” tamaşası yazıçı Orxan Fikrətoğlunun hekayələrini, yəni bir zaman uydurduğu əhvalatları əsl azərbaycanlı çayxanasında söhbət mövzusuna çevirir.
İki kişi oturub nərd atır; biri topasaqqal, qıvrımsaç, pırpız cavandır (Ruslan Şöhrətoğlu), o birisi də dünyanın hər sifətini görmüş, özünü oyun babası kimi tanıtdıran orta sinni vələdüzna qədeşbala (Vaqif İbrahimoğlu): potensial türmə adamıdır; altdan qara mayka geyinib, çiyinlərinə pencək salıb, keçəl başına da buxara papaq qoyub. Beləsinin yeri ya Kubinkadır, ya Dağlı məhəlləsidir, ya da Bakı kəndi... Bununla da tamaşanın ideya müəllifi V.İbrahimoğlu qayıdır bədii trafaretə, klişeyə və nərd oyununu sanki balaca bir milli marka timsalında gətirir tamaşasına...
Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində və ya akuna matata. Çöl donuzunun həyat fəlsəfəsi.
Vaqif İbrahimoğlu yenə də haqlıdır, əşhədü-billah, haqlıdır. Məgər köhnə hamamı rekonstruksiya eləyib teatr adına ona sırımayıblar? Masqura boyda yerdə tamaşamı oynamaq olar? Niyə də yox? Bəyəm biz meyxanalardan, çayxanalardan, kababxana və cızbızxanalardan çıxmamışıq? Məgər biz poeziyamızı, nəsrimizi, dramaturgiyamızı, kinomuzu, teatrımızı çayxanalarda müzakirə obyekti eləməmişik? Bəyəm bizim çayxanaya meylimiz kitabxanaya həvəsimizi daim üstələməyib?
Bu milləti öldürmək istəyirsənsə, onun çayxanalarını və hamamlarını bağlatdır. Onda görəcəksən ki, aləm dəydi bir-birinə, ruhlar xəstələndi, dəlilər düşdü küçələrə... və başlandı vaveyla!
Mən deyə bilmərəm ki, bu tamaşa pisdir, ya yaxşıdır.
Mən deyə bilmərəm ki, bu tamaşa xoşuma gəldi, ya gəlmədi.
Mən onu deyə bilərəm ki, bu tamaşada məqam oldu gülümsədim, məqam oldu darıxdım, məqam oldu Vaqif İbrahimoğlunun virtuoz oyunbazlığından həzz duydum. Amma elə hesab eləmədim ki, vaxtımı itirdim. Ol səbəbdən danışmağına da dəyər, yazmağına da.
Tamaşa içrə bir oyun var aktyorlar oynarlar: mövzusu Orxan Fikrətoğlunun dördcə hekayəsindəndir. Bir oyun da var nərdtaxta arxasında: Ruslanla Vaqif oynar bu oyunu; zər atıb xanalara daş vurarlar şappa-şurup. Odur ki, tamaşa adlanır: “TAS”, nərd oyununda olduğu kimi; rəqibini üç dəfə gərək aparasan ki, “tas” eləsin. Yoxsa kov deyil.
Hərçənd burada rəqib yoxdur: hamı çayxana müştərisidir.
Yəqin ki, “tas” sözü nərd oyununa dolmaq mənasını verdiyi üçün daxil edilib. Nərddə oyun tas olub tamama yetir, qurtarır. Həqiqətən, məişətdə istifadə edilən tası ehtiyaca görə nəyləsə doldurub işlədirlər. Onun suyla, unla, qoğallarla... və kirli paltarlarla doldurulması mümkündür, baxır adamına və həmin adamın ehtiyacına. Tasdan cənab “ö”lər də yararlana bilərlər: naxoşların, əyyaşların və toxluq eləyənlərin gözü həmişə tas axtarar.
V.İbrahimoğlu da müasir milli ədəbi nümunələrlə qarşılaşanda yadına adətən tas düşür. Bu, artıq şərti refleks səviyyəsindədir. Məgər bir qədər bundan əvvəl “Yuğ” teatrında Afaq Məsudun hekayəsi əsasında hazırlanmış tamaşada Vaqifin özü bir cərrah qismində butafor qadın iç-çalatını pinsetlə dartıştırıb tasa yığmırdımı?! Sonra tası əlinə götürüb seyrçilərin üstünə cummurdumu ki, amanın günüdü, qoyma, gəldi: bu dəqiqə bulaşdırram hamınızı?! Tas universal formadır, qadın başlanğıcını özündə simvollaşdırır; qəbul eləyən tərəfi işarələyir.
Tas qurub fala baxmaq da bizim milli mədəniyyətdə yasaqlanmır. Dediyim bu ki, tas həm də falçı əlbəsəsi; yəni onun mistikaya gedən yolu da bizə məlum. Belə ki, azərbaycanlılar tasa baxıb da
gələcəyi, gələcək olayları və hətta insan taleyini öncədən görmək qabiliyyətinə malik olurlar. Qutlu, dürlü xəbərlər onlara TASDAN gəlir.
“Aşpaz Abbas, dur, mənə beş basma tas aş ver”.
Ay, bərəkallah! Aşı tas-tas yemək oğuz igidinə yaraşan bir şakər deyil bəyəm?!
Tamaşanın seyrində olduğum zaman “TAS” adında şifrələnməsi mümkün daha bir mənanı da mən tapdım: Fikrətoğlu Orxanın Teleqraf Agentliyinin Sədası. Mənmi tapdım? Əlbəttə ki, mən, amma Vaqifin qurub-quraşdırdığı oyunun köməyilə və bəlkə də diqtəsilə. Bilirsiniz niyə? Çünki bu tamaşada Tekst heç bir məna-filan kəsb eləmir. Burada cəmi mənalar Kontekstə pərçimlənib! Vaqif İbrahimoğlu “Yuğ” teatrının “Tas” tamaşasını ANS kanalından “köhnə azərbaycanlı Orxan Fikrətoğlu” kimi tanınan bir teleaparıcının, yazarın, ziyalının çıxışlarının, hekayələrinin, atmacalarının, zarafatlarının, mesajlarının, parafrazlarının Kontekstindən düzəldib. Elə düzəldib ki, bir “çayxanaya” iki dəfə girmək bir kimsəyə nəsib olmasın. Axı çayxanada da zaman samovardan axıb-axıb geri dönmür!
Deməli, belə... Müəmmalı oyun?! Şəxsən mənə gün kimi aydın... Nərd və Dərd... Ehtimal nəzəriyyəsinə əsasən zər gətirəndə xoşbəxtlik olur. “Yek”lə “şeş” arasında variantlar, oyun kombinasiyaları hüdudsuz və provakasyon: yəni “dü” gözləyirsən, “pənc” verir və bayaqdan liderliyi qoruyub saxladığın, qələbəyə inandığın halda axırda xırda bir zər ucbatından hər şeyi itirirsən. “Tas” tamaşası da bu prinsipə tabe: nə olar, olar, Allah kərimdir, kim necə oynar, oynar, Allah kərimdir, kim nə deyər, deyər, Allah kərimdir. Bu da onu aşkarlayır ki, tamaşada “rejissor qurğu”su iynənin ucu boyda ola, ya olmaya. Çayxanada süjet, ssenari yoxdur, hər masanın arxasında öz-özünə, heç nədən bir tamaşa yaranır. “Yuğ” teatrosunun “Tas”ında da elə bu cürdür.
Tamaşanın gerçəkləşdiyi Şərq üslublu xudmani hamam parametrlərində hər sütun konkret nəsnələrin vasitəsilə müəyyən məkanı eyhamlaşdırır. Sütunlardan biri bildirir ki, bura çayxanadır. Aktyorlar samovardan vaxtaşırı armudu istəkanlara çay süzüb içərlər. O birisinin yanında göyçək bir xanım (Zümrüd Bəxtiyar) dayanıb əynindəki, əlindəki al tafta-bafta ilə camaatı başa salır ki, bura “qırmızı fənərlərin küçəsidir”, mənsə yunanların sevgi tanrısı Eros bacı. Ay inandıq ha! Məncə, Eros oğlan uşağıdır, bacı yox. Amma şərtilikdir, dəxli nə. Digər sütunun böyründə aktrisa Gülzar əyləşib elə hey nəsə toxuyur: qoca kimi qoca deyil, dilənçi kimi dilənçi. Yaşsız bir qadındır, vəssəlam. Yəqin ki, təqaüdlə, yardımla dolanır. Bəlkə də tas qurub kiminsə taleyinə “ilmələr” salır, yuxu yozur, baxt açır bu qadın?! Onunla üzbəüz sütun Molla Nəsrəddinindir, Mollanın eşşəyinindir, xəlbirindir, bir xamça samanındır. Bu, artıq milli lətifə və proza dəftərindəndir. Hərçənd Orxanın “At belində nəsihət”ində daha çox Bəhlul Danəndə mövzusu aktualdır. Bəlkə bu tamaşa kontekstində Orxan Fikrətoğlunu bizə zəmanənin Mollası kimi təqdim eləyirlər? Gərçi bu sayaq olmasaydı, eşşəyi tamaşanın finalında ona sarı sürməzdilər ki? Bununla yanaşı aktyor Qasım Nağının Mollası tamaşanın press-relizində Tanatos (Ölüm) əmi kimi göstərilir. Vaqif İbrahimoğlunun zarafatları öldürücü. Qasım Nağının özü və xəlbiriysə, vallah, ayrıca bir məqalə: milli mədəniyyət üzərində gəzişmələr üçün bir bəhanə.
Aha... “Avtobioqrafiya”: ifa edir Zümrüd Bəxtiyar; klubun aktivi, “Hüseynova bacıları”ndan biri. Eros olmasa, biz də olmarıq. Əslində, avtobioqrafiya erosdan tanatosa qədər uzanan bir cəfəngiyyat, əməl ilə söz arasında əbədi dissonans. Həyat söz olanda avtobioqrafiya olur.
Hindlilərin mifologiyasında tanrı Brəhmənin avtobioqrafiyası yumurtadan başlayır.
Orxanın “Avtobioqrafiya” hekayəsində də yumurta məsələsi gündəmdə: süjet yaratmır, ancaq qavrayışı Kontekstə yönəldir. Kontestdə isə yenə həmən sözdür.
Hərçənd Söz bu dəfə Vaqif İbrahimoğlunun ovcunda. “Tərgizginən quşları quşbaz oğlum” və ya çəyirtkə haqqında pritça, hansı ki, havanı tutan birisinin ovcuna girir və onu ölümdən xilas eləyir. Beləliklə, “Axrestomatik əhvalat”: solo partiya Vaqif İbrahimoğlunundur. “Axrestomatik”, yəni müntəxabata dəxli olmayan bir əhvalat. Uşaq ovcunu yumub, ovcunda söz qalıb. Nə sözdür, heç kim bilmir. Uşağın ovcu da açılmır ki, baxıb görsünlər orda nə var. Ustad isə hansısa bir zirvədə. Olsun ki, adı Budda. Uşaq ustad axtarır. Vaqif də bizə bu əhvalatı danışır ovcunda söz. Danışır nərdtaxta arxasında əyləşmiş qədeş kimi: qətiyyən aktyorluq eləmədən danışır; yumruğunu havaya ədəbsiz tərzdə qovzayıb danışır. Və birdən sən anlayırsan ki, Vaqif heç nə danışmır, sadəcə, bədii sözün yaşamaq hüququnu sınağa çəkir, reviziya eləyir: Orxanın sözünü ovcunda tutub oynadır, elə oynadır ki, söz rəng verib rəng alır. Bu söz Vaqifin məzəsinə, məntiqinə, zövqünün diqtəsinə, ironiyasına tablayacaqmı? Çətin ağlım kəsir.
Heç Ruslan Şöhrətoğlu da buna tablamır. Vaqif İbrahimoğludan sonra söz demək nə demək! Nərdtaxta açılmamışdan öncə uduzmuşdu Ruslan oyunu Vaqifə. “Yuğ” teatrosunun Lələsi qənşərində cavan bir kimsənə nə edə bilər ki? Ay səni, Şöhrətoğlu Ruslan! Yaman gərginləşmişdi tamaşada. Sözü güclə gətirirdi dilinə, daşları zorla düzürdü xanalara. Mən bunun səbəbini Vaqif İbrahimoğluda gördüm. Çünki Ruslan öz partiyasını imtahan verirmiş kimi oynayırdı. Ustadsa bağışlamırdı: üzündə maska, gözlərində yorğunluq. Hər baxanda deyirdi ki, alınmadı, danışa bilmədin. İtki... Üzücü boşluqlar... Kompensasiya... Kondensasiya... Ruhsal intensiya...
Ayravana, ayravana çandrika...
və yaxud....
Hamam hamam içində... Bilgi saman içində... Xəlbir Qasım əlində... Qasım eşşək belində. Ta-maşanın kvintessensiyası, yəni cövhəri. Akuna matata.
Sonrası toydu, mağardı. Bayaqdan küncdə büzüşmüş Gülzarın yaşsız qadını ortaya düşüb bir sındırır, bir sındırır ki... Bizim adamlara da hay gərək... Toyxanalardan çıxmışıq... Az qalırlar masqura boyda meydançaya atllıb, qol götürüb oynasınlar... Ancaq oynamırlar... Ayıbdır axı... Odur ki, çəpik çalırlar, çalırlar, çalırlar və yorulmurlar. Və şəkil çəkdirmə mərasimi başlayır... Şəkil çəkirlər, çəkdirirlər və yorulmurlar, əlbəttə ki, “Yuğ” teatrosunun tarixi üçün.
Hamam hamam içində...
Mən “Tas” tamaşasına baxdığım gün belə oldu. Bir başqa gün başqa cür ola bilir. Vaqif İbrahimoğlu tamaşanı düşüncə modusu kimi fikirləşib. Bax və düşün, əgər düşünə bilirsənsə. Əgər düşünə bilirsənsə, mənaları özün tapacaqsan. Yox, əgər düşünmürsənsə, və ya düşünmək istəmirsənsə, onda bizimlə birlikdə çayxanada ol, nərd ataq, söhbət eləyək... Allah kərimdir!
“Aşpaz Abbas, dur, mənə beş basma tas aş ver!”... Ki, məqaləni çayxanadan aşxanaya marşrutu ilə qurtarım getsin.