Sartrla razıyam - həqiqətən də insan azadlığa məhkumdur.
Lakin cəmiyyət əlində olan bütün imkanlardan istifadə edərək fənd-fənd onun azadlığını əlindən almağa çalışır.
Müəyyən görmə bucağından bəşər nəslinin binayi-qədimdən bu günə qədər keçdiyi yol fərdin Allah tərəfindən ona verilən Azadlığı bərpa etmək uğrunda mübarizəsi və toplumun min-bir bəhanə ilə onun sərbəst hərəkət etmək, sərbəst düşünmək, sərbəst danışmaq hüququnu məhdudlaşdırmaq tarixidir.
Fərd heç vaxt axıra kimi təslim olmamış, təkidlə, inadkarlıqla öz azadlığını təsbit etməyə cəhd göstərmişdir.
Yadıma Şura dövründə "pilləli" azadlığımız düşür.
Məsələn, ali məktəbdə oxuyanda ürəyimizdən qara qanlar axsa da, partiya tarixi dərsində azadlığımızdan tamamilə imtina etməli olurduq - tutu quşu kimi kitabda yazılanları təkrar etməyə məcbur idik. Bu, azadlıqdan imtina imitasiyası pilləsi idi.
İkinci pillədə yaxın, lakin hər ehtimala qarşı (sovet gerçəkliyi bizdə şübhə immuniteti formalaşdırmışdı) ehtiyat etdiyimiz tanışlarımızın yanında Ezop dilində danışmağa imkan verən ikibaşlı lətifələrlə azadlığımızı təsbit edirdik. Bu azadlıq uğrunda qorxa-qorxa mübarizə aparmaq pilləsi idi.
Və nəhayət üç-dörd ən yaxın sirdaş, ən mərhəm dostla gözdən-qulaqdan uzaq, arvad-uşaq, qohum-qonşu yuxuya gedəndən sonra qapalı məkanda ürəyimizi tamamilə boşaldırdıq, istədiyimiz məsələləri istədiyimiz şəkildə, heç nədən, heç kimdən çəkinmədən müzakirə edirdik.
Doyunca çay içməyə, siqaret çəkməyə imkan verən mətbəx belə bir ideal qapalı məkan idi. Bu azadlığımızın ən yüksək "mətbəx pilləsi" idi.
90-cı illərin əvvəllərində Şura dağılanda küçələrə, meydanlara tökülüşüb ciyər dolusu nəfəs aldıq və ürəkdən "oxqay!" dedik. Amma son vaxtlar məndə çoxdan unutduğum Ezop dilini yenidən mənimsəmək, üç-dörd nəfər ən yaxın sirdaşla mətbəxə çəkilib siqaret çəkmək, çay içmək meyli yaranıb.
Allah axırını xeyrə calasın!