Azərbaycan kəndində zəncirə vurulan qadın - Yeni hekayə

 Azərbaycan kəndində zəncirə vurulan qadın   - Yeni hekayə

07 İyul 2022 13:07 496


YeniYaz.Az Şəfiqə Şəfanın “Sadəgül” hekayəsini təqdim edir.

İşin qızğın çağında dostum görüntülü zəng edib istirahətə getdiyi kəndin mənzərələrini göstərəndə həsəd apardım. “Dostunu özünlə aparmaq yerinə, hələ acıq da verirsən”, deyə məzəmmət də etdim. Sonra bildim ki, məqsədi kəndin mənzərəsindən çox köhnə məzarlığını göstərmək imiş. Məzarlıqda qəribə adlara rast gəlmişdi - unudulmuş, əski adlar diqqətini çəkmişdi.

- Bax, burda bir ad da var – Sadəgül! Düzdü, elə də qədimi ad deyil, bəlkə də indi də rast gəlinər. Amma diqqətimi bilirsən nə çəkdi? – gəzə-gəzə təngnəfəs halda dayandı, əyilmiş qəbir daşına əlini qoyub dedi:

- Nə? – yavaş-yavaş beynimi qıcıqlandıran yaddaşın sancılarından qısılmış səslə soruşdum.

- Burdakı qəbirlərin əksəriyyəti köhnə olsa da baxımlıdı. Bəzilərinin vaxtaşırı alaqları təmizlənir, üstünə güllər qoyulur. Bircə bundan başqa! - videogörüntüdə məzara tərəf qüssəylə baxıb əlavə elədi. Başdaşısı elə qəribə şəkildə əyilib, sanki boynunu büküb, qonşu məzarlardan kimsəsizliyinə, baxımsızlığına görə utanır. Nolardı ki, kimsə savab üçün bura əl gəzdirsəydi. Ot, torpaq basıb. Amma insanlar unutsa da Allah sanki təbiətə əmr verib ki, bu qəbirin baxımını öhdəsinə götürsün. Üstündə digərləri kimi qızılgüllər, qərənfillər olmasa da, rəngarəng çöl çiçəkləri bitib, yəni sadə güllər! Adı kimi...

Dalağım sancdı. Dostumun təsadüfi rastlantısı illərin paşlanmış xatirələrinin kilidini açmışdı. Elə bilirdim unutmuşdum... Ancaq unutsaydım, açar söz kilidə belə rahatlıqla düşməzdi. Sanki yüz il əvvəl olmuşdu, amma hafizəm üzümə dirənib durdu ki, yox 20 ildən bir az artıq olar. İlk qəddarlığım, məni ilk dəfə kirlədən rəftarım idi...

Xatırlayırdım o məzarın kimə aid olduğunu... Təkcə özünü yox, lap elə onu diriykən, ölüykən kimsəsiz qoyanları da. Hafizəm dərhal qadının son görüntülərini canlandırdı. Hafizəmmi, vicdanımmı? Bilmirəm... O dəhşətli görüntü – cənub rayonunun alov dilli yay aylarında, al günəşin altında zəncirə vurulmuş dəli qadın! İlk dəfə o dəhşətli mənzərəni görəndə şoka düşmüşdüm. Hətta dəqiqələrlə dayanıb, bərələ gözlərimi qırpmadan zəncirli qadını izləmişdim. Gün vurmuş qadının burnundan selik axırdı, cadar-cadar dərisi qapqara olmuş, arıqlıqdan sümüyünə yapışmışdı. Pırtlaşıq, aylarla su görməyən saçlarında bit-birə nədi, böcəklər dolaşırdı. Dodaqları, əlləri çat-çat idi. Yanında paslı vedrədə su qoyulmuşdu, çirkli, qırıq qabda iylənmiş yemək artıqları, göyərmiş quru çörək... Yəni heyvanın qabağına belə bundan urvatlı bir şey qoyardılar. Zarıyır, əcaib səslər çıxarırdı. Canı ağrıyırdı, dözə bilmirdi, bəlli ki. Belə istidə heç nər kişilər 2 saatdan artıq dayana bilməzdi. Bu yazıq, çəlimsiz, xəstə qadını hansı zalım, hansı şeytan zəncirləmişdi?! Özümə gələndə ilk işim tez yan həyətə qaçıb bir fincan su istəmək oldu. Tanımadıqları birinə dərhal sərin su gətirdilər. Əcəb qonaqpərvər imişlər! Gözlərinin qabağında insanı heyvandan betər hala salıblar, ona bir qaşıq su verən də yoxdu! Tez qadına tərəf qaçdım. Arxamca:

- O sənin əlindən su içməyəcək. Yad adamlardan qorxur. İtələyəcək səni! – deyən qonşunun səsini eşitdim.

- Bəs tanıdıqları? Siz ki yad deyilsiz? – hirsimdən sıxılmış dişlərimin arasından birtəhər soruşdum.

Orta yaşı qadın istehza ilə fınxırıb:

- Qulplucanı qaytararsan, camaata yaxşılıq da yoxdu. Qələt elədim su verdim... – dedi.

Qeyri-ixtiyari əlimdəki insandan qiymətli dəmir su qabına baxdım.

- O ancaq öz qızının əlində su içir, yemək yeyir, - yaxınlıqdan keçən damağında siqaret tutmuş kişi mızıldandı.

Qızı varmış... Görəsən neçə yaşındadı? Yəqin uşaqdı, anasının bu halına etiraz edə bilmir, onu bu günə qoyanlara qarşı çıxa bilmir! Yoxsa hansı övlad ananın bu halına dözər?..

Onu qorxutmamaq üçün ehtiyatla yaxınlaşıb su qabını uzatdım. Deyildiyi kimi qabı itələyib başını paslı vedrənin arxasında gizlətdi. Tək daldalanacağı yeri bu vedrə idi. Vedrədəki çirkli sudan ovuclayıb üzünə çırpdı. Sonra qorxa-qorxa yenidən mənə baxıb bir az da bərkdən qəribə səslər çıxarmağa başladı. Deyəsən, danışa da bilmirdi. Bir anlıq nə edəcəyimi, ona necə yaxınlaşacağımı bilmədiyim üçün duruxub qaldım. Sonra ağlıma gələn bu oldu ki, deyim məni qızı göndərib:

- Qızın gələ bilmədi. Mən onun dostuyam, dedi ki, anama sərin su verərsən.

Bunu eşidən qadın zarımağı kəsdi. Sonra dizləri üstdə mənə tərəf süründü. Dodaqları sanki nəsə pıçıldayırdı, amma eşidilmirdi. Sakitcə suyu ona uzatdım. Cəld qabı əlimdən alıb kənara çəkildi, gözünü məndən ayırmadan qurtum-qurtum içməyə başladı. Sonra nə düşündüsə gülümsəyib dizlərini qucaqladı. Bu an mavi boyağı çatlayıb tökülmüş yan darvazadan orta yaşlı bir kişi çıxdı, qadının əlindən qulplucanı hisrlə alıb mənə uzatdı. Qan çəkmiş gözləri ilə hələ də mənə acıqla baxa-baxa qadının zəncirindən çəkib heyvanı tövləyə qovurmuş kimi onu həyətə apardı. Key kimi izləyirdim, əvvəlcə cınqırım da çıxmadı. Sonra özümə gəlib hirslə dəmir qapını yerdən qapdığım çay daşı ilə döyəclədim. Bayaqkı kişi qapını açıb hirsindən bir az da qızarmış gözləri ilə üzümə baxdı:

- Hə, nə var! Kimsən sən?

- Bura bax, qoca eşşək! Şeytan dölü! – Hirsimdəm dilim topuq vura-vura, kişinin yaşını-başını nəzərə almadan söyüşləri yağdırdım. - Sən kimsən insanı heyvan kimi zəncirə vurasan? Dərəbəylikdi? Ağlın kənd adamlarına getməsin ha, rayondan ta Bakıya kimi səni rüsvay edərəm, kimlər lazımdısa bura tökərəm! – deyə dodaqlarım əsə-əsə qışqırırdım.

- Ay bala, yeri get işüün-gücüün dalınca, camaatın şəxsi işinə qarışma! – desə də bayaqkı qəzəbli baxışlarından əsər-əlamət qalmamışdı. Əməllicə təlaşlanmışdı, amma səs-küyə çıxan qonşulara büruzə vermək istəmirdi. – Nə zibilə düşmüşük eee, - deyə-deyə sağa-sola boylanırdı.

- Ay qızım sənin nəyüvə lazım? Demək, belə lazım biliblər ki, eləyiblər də, - bayaqkı su verən qadın yastı-yastı dilləndi.

- Al, sox kruşkanı qəbrivə! Sabah bu cəllad səni də donuz kimi kəsər! – dəmir su qabını arvadın çarpazladığı qollarının arasına soxub ordan aralandım. Bilirdim ki, təkbaşına heç nə edə bilməyəcəm.

- Bıy, sənin ciyərün yansın, bihəya! Namazqılan arvada donuz deyir e... – arvad donuz sözünü heç cür həzm eləyə bilməyib dalımca qarğış tökürdü.

Həmin günlərdə məhərrəmlik məclisləri keçirilirdi. İlboyu şəhərdə başını qaşımağa vaxtı olmayan atam dininə, kökünə hörmət misalı kimi işini-gücünü atıb kəndə gəlmişdi. Yay tətili olduğundan mən də rahatca ona qoşulub gəlmişdim. Hər axşam məclis keçirilən evə gəlib, əl-ayaq işlərində qadınlara kömək edirdim. Nənəm “suvabdı, bala, Allahın pənahı üstündə olar”, - deyərdi. O günün axşamı da ordaydım, əlim işləsə də beynim günorta gördüklərini hələ unuda bilmirdi. Atama demişdim, o kişiylə danışacağını, məsələnin nə olduğunu öyrənməyi söz vermişdi. Amma vədində əminlik hiss olunmurdu, deyəsən, məni sakitləşdirmək üçün təsəlli verirdi. Məclis yerinə gəlməmişdən qabaq isə əmimin “o qadın özü öz taleyini belə yazdı, sonu bəlli idi”, deməsi məni lap incitmişdi. Doğma əmim belə deyəndən sonra yada niyə qəzəblənirəm! Hər kim olur-olsun insanı bu hala qoymazlar axı!

Fikirli halda çömçəylə iri, sarı emallı qazandan yonma stəkanlara şərbət töküb dəmir sinilərə düzürdüm. Əzadarlıqdan sonra camaata paylanacaqdı. Bayaqkı isti indi yerini bürküyə vermişdi, hava elə bil tərləmişdi, adam nəfəs ala bilmirdi. Kənd yeri, üstəlik məhərrəmlik məclisi olduğundan qolları dirsəyə qədər qapalı don geyinib, başıma da yaylıq çəkmişdim. Sonuncu stəkanı da siniyə qoyub tez özümü evə atdım, daha bürküyə, bir yandan da tünlüyə dözə bilmirdim. Çiy kərpicdən tikilmiş evlər sərin olur. Üstəlik kərpicin illər sonra da qalan nəm qoxusu adama ayrı sərinlik gətirir. Qadınlar üçün ayrılmış otaqda kilimin üstünə çökən kimi yaylığımı çıxarıb tez qollarımı çirmələdim.

- Ay qız, otaqda ələm var, başuvu nöş açırsan? – qapının ağzından kök, qırmızıyanaq qadın dilləndi.

Bir söz demədən otaqdakı qadınları süzdüm. Hamısı düşmən kimi üzümə baxırdı. Orda əllərinə daş versəydin, “şeytan daşlayıram” sevinci ilə baş-gözümü yarardılar.

- İşin olmasın e, Gülüstan, şəhər uşağıdı, bilmir, - qadının arxasınca içəri girən nənəm dadıma yetişdi. – Gəl, bala, get o biri otaqda sərinlən, cavan qızlar ora yığışıb. – Kənara çəkilib əli ilə sol tərəfi göstərdi. – Arxavı ələmə çöörmə ha, dalı-dalı get. – nənəmin sözünü yerə salmayıb dediyi kimi otaqdan çıxdım.

Yan otaqda təzə gəlinlər, nişanlılar, tək dərdi bu il mütləq ərə getmək olan yeniyetmə qızlar toplaşmışdı. Bəziləri rahat yayxanmış söhbət edirdilər. Kənarda körpəsini əmizdirən iki gəlin məni görcək xısınlaşdı. Mən hələ qapının ağzındaykən pıçapıç işıq sürəti ilə yayıldı. Üzümə nəsə deyən yox idi, yəqin bayaqkı hadisəni eşitmişkən, dilimin gücündən də xəbər tutmuşdular deyə cürət etmirdilər. Kənd yerində adının bihəya çıxması elə ləkələnmək kimi bir şeydi. Fikir vermədən özümə küncdə bir yer seçdim. Həm də təzəcə əsməyə başlamış axşam mehi pəncərədən düz bura vururdu. Ayaqlarımı uzadıb ovxalamağa başladım. Şəhərdə dərs oxumaqdan, arada anama ev işlərində yüngülcə əl tutmaqdan başqa işim olmurdu deyə, gün ərzində ora-bura qaçmaq, saatlarla ayaq üstə qulluq tutmaq məni yaman yorurdu. Utanmasam, elə xalçanın üstündəcə sərilib yatardım. Ətrafdakıların qınayıcı baxışlarını görməmək üçün gözümü yumub başımı adda-budda alaq vermiş kərpic divara söykədim.

- Çox sağ ol... – sanki quyunun dibindən gəlirmiş kimi zəif, ürkək səsə gözlərimi açdım. Bu təşəkkürü niyə etdiyini kəsdirmədiyim bir qız utancaq təbəssümlə mənə baxırdı. Diqqətlə üzünə baxdım. İlahi, mən hələ belə gözəllik görməmişdim! Bəzək-düzəksiz, boyasız, iri alagözlü, qıvrımsaçlı bu qız uzun kirpiklərini az qala yanağına çırpa-çırpa baxırdı. Düz burnu, gilası dodaqları ağ üzünə bir ayrı yaraşıq verirdi. Bu cənub rayonunda belə ağbəniz qız hardandı, rastıma çıxan gözəl-çirkin bütün qadınlar hamısı qarayanız idi.

Sual dolu baxışlarımı görüb ala gözlərini yerə zillədi, sonra sağına-soluna ehtiyatla baxıb:

- Mən Sadəgülün qızıyam, - dedi. Ağzımı açmağa macal tapmamış əlavə etdi. – Zəncirdəki arvadın...

Zəncirdəki arvad... Necə rahatlıqla dedi bu sözü! Heç tükü də tərpənmədi, üzünün ifadəsi də dəyişmədi. Narahat olduğu tək şey ətrafdakıların qınaq dolu baxışları idi. Acılamaq, söymək istədim, amma nə gərək vardı? Çiynində yük olmuş, dəliliyindən utandığı anasına görə gəlib quruca təşəkkür edən bir övlada sözlərim təsir edəcəkdimi?.. Belə bir gözəlliyi bu dəfə ikrahla seyr edib yenə də dilimi tuta bilmədim. Sadəcə yorğun halda, sakit səslə dedim:

- Heç utanırsan? Burda necə rahat oturursan, boğazından necə yemək keçir? Mən də elə bilirəm, qadının qızı uşaqdı, ya xəstədi. Yəni doğrudanmı o yazığı zalımın əlindən ala bilmirsən? Baxa bilmirsiz, göndərin ruhi xəstəxanaya, ən azından bundan yaxşı olar.

Gözlərindən yaş gilə-gilə süzüldü, sanki çoxdan gözləyimiş, bir himə bəndmiş kimi selin qabağı açıldı. Hıçqırmadan, içini çəkmədən eləcə yaş gilələri süzülüb çənəsindən damcılayırdı.

- Mənim özüm də o evdə dustağam. Bu gün səni görmək üçün güclə çıxmışam. İndi bir azdan dalımca gələrlər. Hələ sənlə danışdığımı bilsələr lap vayımdı. Elə bilirsən mənə asandı? Kənddə adımı tutan yox, istəyənə də əmim vermir ki, hazır qulluqçuyam da...

- Həə, sənin dərdin buymuş... – sözünü ağzında kəsib acı-acı güldüm. – Anası zəncirləmə dəlini kim alacaq?! Bunu bil ki, bu kənddən səni kim alsa, elə sonun anan kimi olacaq!

Son sözüm güllə kimi dəydi qıza. Hətta sözün ağrısından diksindi də. Üzünü silib qalxdı. Dediyim son söz elə özümü də yaraladı. Ürəyim sancdı, dişim-dişimə sıxıldı. Amma söz artıq ağızdan çıxmışdı.

- Mən sadəcə xilas olmaq istəyirdim. Bu gün içimə bir az ümid dolmuşdu... Sən də... Neynək canın sağ olsun. – deyib sürətlə otaqdan çıxdı.

Otaqda heç kimin cınqırı da çıxmırdı, bayaqdan hamının qulaqları bizdəydi. Bu dəfə onlar haqlı olaraq məni qınaqla süzürdülər. Çünki daha onlardan heç bir fərqim yox idi: mən də yaranın üstünə basmışdım, mən də yıxılana bir balta çalmışdım.

O gecə heç cür yata bilmirdim. Yerimdə sağa-sola burulmaqdan yorulub, dikəlib oturdum. Deyəsən, nənəm də narahat idi. Yerinin içindən yorğun, yuxulu səslə dedi:

- Nazənini gördün, hə? Sadəgülün qızını deyirəm. Necə gözəldi!.. – söhbət qulağına çatmışdı. -Sadəgül cavanlığında ondan da gözəl idi... Onu o halda görən adamın inanmağı gəlməz. Nahaq iş tutdu...

- Neyləyib axı? Əmim də bayaq deyirdi, amma düz-əməlli danışan yoxdu.

Nənəm dikəlib ah çəkdi.

- Sadəgül təzə gəlin idi. Heç iki il olmazdı, əri öldü. Həm də lapdan öldü, cavan, sağlam adam idi. Sonra qaynı bunları evə gətirdi ki, ayıbdı camaatdan, dul gəlinin adına söz çıxar. Bir müddət sonra kişi öz arvadını evdən qovdu. Söz-söhbət başladı. Dalınca xəbər yayıldı ki, qardaşının ili çıxmamış dul arvadını almaq istəyir. Necə oldu, hardan tapdı, bilmirəm... Az sonra Sadəgül başqa birinə qoşulub qonşu kəndə qaçdı. Qaynı dava-qırğınla uşağı ondan aldı. Şərt qoydu ki, uşağı istəyirsən, ayrıl gəl. Nə bilim e... Rəzillik üstünə rəzillik. Amma Sadəgülün rəhmətlik bacısı deyirdi ki, başqasıyla qaçmağa məcbur olub. Qaynının əvvəldən onda gözü varmış, qardaşı sağ ikən də əl çəkmirmiş. Hələ deyirdi ki, qardaşı heç də yatdığı yerdə ölməyib. Çölə iş adıyla aparıb, orda da atdöşü edib, kişinin ürəyini partdadıb. Gətirib yerinə salıb ki, guya yatıb oyanmayıb. Qardaşı öləndən sonra da Sadəgüldən əl çəkməyib, yiyə durmaq adıyla evinə gətirib, arvadını da qovub. Sonra arvadı nə əlləm-qəlləm elədisə ərinin yanına qayıtdı. Sadəgül də uşağa görə məcbur qayıdanda, kişi arvadıyla birgə acığından başladı bunun başına oyun açmağa. Gəlini göz görə-görə dəli elədilər. Nə qədər ağsaqqal-ağbirçək dedisə mümkün olmadı. Dedilər, namus məsələsidi, qarışmayın. Kənd yeridi də, hamı öz adın qoruyur. Qahmar çıxana da deyirdilər yəqin aşnasıdı. Qadının bir dəfə adı yava çıxdısa, vəssalam. Bu da axırı...

Eləcə qulaq asdım, nə illah elədimsə düz-əməlli cümlə gəlmədi dilimə. Bircə sabah tez açılsaydı, qaçardım Nazəninin yanına. Üzr istəyər, kömək edəcəyimə söz verərdim. Mütləq, atamı da razı salardım. Şəhərdə nə qədər vəzifəli dostları var... Bircə səhər tez açılsaydı...

Səhər atam məni tezdən oyatdı, gec yuxuya getdiyimdən gözümü güclə açdım. Təcili şəhərə qayıtmalıydıq. İşdən çağırıblarmış. Yalvar-yaxar elədim ki, mən qalım, sonra əmim gətirər. Razı olmadı. Hələ bu hadisədən sonra burda qalmağımın heç mümkün olmadığını dedi.

Yol boyu danışmadığımı, kövrəldiyimi görüb söz verdi ki, maraqlanacaq, narahat olmayım:

- Özün də bu biri tətildə gələrsən kəndə, qardaşınla göndərərəm. Kefini pozma.

***

Atam hey deyirdi, onlara əslində ən yaxşı kömək evdə normal şərait yaratmaq olar. Əmimə tapşırdı ki, kənd ağsaqqalları bir də işə qarışsın: xəstə qadını incitməsinlər. Az da olsa təskinlik idi, amma Nazəninin son baxışlarını heç cür unuda bilmirdim. İlk vaxtlarda hətta o baxışların məni təqib etdiyini də düşünürdüm. Qış ayağı Sadəgül də tez-tez yuxularıma girməyə başladı. Yazıq-yazıq üzümə baxıb zarıyırdı. Nəsə deyirdi, anlamırdım. Semestrdə dözə bilməyib kəndə getdim. Heç kimə xəbər də verməmişdim. Avtobusdan düşüb çala-çuxurlarına lil dolmuş asfalt yolla nənəmgilə üz tutdum. Çay daşları ilə hörülmüş, əhəngini yağış yuyub aparmış hasarların arası ilə sürətlə gedirdim. Yaxşı ki, hava soyuq, çiskinli olduğundan çöl-bayırda adam az idi. Hərdən rastıma çıxan qohum-əqrəba ilə tələsik görüşürdüm. Elə bil nəyəsə gecikəcəkdim. Qapıya çataçatda əmidostumla üz-üzə gəldim. Heç qanım isinmədiyi bu qadını hamı loxəbər kimi tanıyırdı. Harda bəd xəbər var çatdırar, elə bil ləzzət alardı. Bu dəfə də dilucu hal-əhvaldan sonra şakərindən qalmadı:

- Xəbərin oldu? Nazənin qonşu kənddən birinə qoşulub qaçdı. Anası kimi! – sözünü deyib girdə, gündən ləkə salmış üzündə sırtıq gülüşlə reaksiyamı gözlədi. Donuq ifadəmdən baş açmadığından, ya hər nədənsə ciddiləşib əlavə elədi:

- Yazıq Sadəgül də qızı qaçandan iki ay sonra rəhmətə getdi. Bəlkə də acınnan öldü, axı qızınnan başqa heç kimin əlindən yemir, içmirdi...

Boğazımda elə bil görünməz yumruq vardı, nə udqunmağa, nə də danışmağa imkan verirdi. Bura niyə gəlmişdim, bilmirdim. Heç olmasa, bircə üzr istəsəydim... Gözlərim sancırdı, ancaq ağlaya bilmirdim, yadıma Nazəninin ağlamağı düşdü. Kaş eləcə, səssiz, hıçqırıqsız göz yaşım süzüləydi!..

- Hə, yadımdan çıxmışdı az qala! Nazənin anasını burda basdırmağa qoymadı. Dedi, heç kimin haqqı yoxdu onun üstündə. Amma əri yaxşı adammış, yoldaşına dayaq durdu, götürdü apardı Əli-Bayramlıya. Ora köçmüşdülər axı. Ehh, görürsən də, bala, yazıq arvad diriykən də qərib idi, ölüykən də qərib oldu...

- Ay qız, sən niyə gəlmişdin, niyə getdin?! – qaça-qaça gəldiyim yolu ayağımı sürüyə-sürüyə geri qayıdarkən, əmidostum son sözlərini arxamca su kimi atdı.