Azərbaycanı Rusiyada necə qalib etdik? - Şahnaz Kamal

Azərbaycanı Rusiyada necə qalib etdik?   - Şahnaz Kamal

09 Aprelel 2022 13:52 507



2015-ci ildən etibarən Sankt-Peterburqda yerləşən Mayakovskiy adına kütləvi kitabxana ilə əməkdaşlıq edirəm.

Ötən illər ərzində kitabxanada onlarla tədbir keçirmişəm. Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi ilə bağlı mühazirələr oxumuşam. Azərbaycan kinosu həftəsi, milli geyimlərimizin nümayişi, mətbəximizlə bağlı usta dərsləri olub. Üç ildən artıqdır ödənişsiz danışıq klubu fəaliyyət göstərir. Şərq Mədəniyyət Mərkəzində yüzə yaxın kitabdan ibarət rəf yaradılıb. Bu kitabların bir qismini mən hədiyyə etmişəm, digər qismi isə kitabxana tərəfindən alınıb.

Bir neçə ildir kitabxana "Oxuyan Peterburq: ən yaxşı xarici yazıçını seçək" adlı beynəlxalq layihə keçirir. Bu layihə iki nominasiya üzrə aparılır:

1. Əsərləri rus dilinə tərcümə olunan yazıçıların romanları;
2. Əsərləri rus dilinə tərcümə olunmayan yazıçıların romanları.

Keçən ildən etibarən mən də Azərbaycanı bu layihəyə qoşa bildim. İlk ilimiz uğurlu oldu. "Əsəri ruscaya tərcümə olunmayan yazıçıların romanı" nominasiyasında Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı üçüncü yerə çıxdı.
Bu nominasiyada birinci yerə Almaniya yazıçısı Tomas Hethenin “Herzfaden” romanı, ikinci yerə İsveçrə yazıçısı Doroteya Elmiqerin “Aus der Zuckerfabrik” romanı çıxdı.

Qeyd edim ki, səsvermə internet üzərindən idi və təxminən on ay davam etmişdi.

İkinci nominasiya üzrə Azərbaycanı Elçin Hüseyinbəyli "On üçüncü həvari və 141-ci Don Juan" romanı təmsil edirdi. Layihə çərçivəsində Elçin Hüseyinbəyli ilə oxucuların onlayn görüşü təşkil olunmuşdu.

Romandan parça "Yay oxusu" çərçivəsində aktyor tərəfindən səsləndirilmişdir. Romanı oxuyan kitabxana işçiləri əsər haqqında çox yüksək fikirdə olmuş, bunu dəfələrlə qeyd etmişdilər.

Bu nominasiyada birinci yeri İsveç yazıçısı Fredrik Bakman "Narahat insanlar" romanı, ikinci yeri Böyük Britaniya yazıçısı Robert Qelbreytin "Pis qan" əsəri, üçüncü yeri isə Almaniya yazıçısı Elike Şmitterin "Xanım Sartoris" və Yunanstan yazıçısı Pavlos Matesisin "İt anası" romanı tutmuşdur.

Rus dilinə tərcümə olunmayan yazıçıların əsərlərindən müəyyən hissə kitabxananın saytında yerləşdirilmiş və tərcüməçilər arasında müsabiqə elan olunmuşdu. Bu müsabiqədə Şərif Ağayarın romanından olan hissəni tərcümə edənlər arasında Gülşən Həbibova birinci yerə layiq görülmüşdür.

Azərbaycan bu il də bu beynəlxalq ədəbiyyat layihəsinə qoşulub. Bu il Azərbaycanı Çingiz Hüseynovun "Fətəli fəthi" və Cavidanın "Məshəti"si təmsil edəcək.