Onu hamı ciddi biri, işinə tələbkar qadın kimi tanıyır. Nə az, nə çox 45 il Azərbaycan Dövlət Televiziyasında ölkəmizə ləyaqətlə xidmət edib. Çoxu kimi özündən danışmağı sevməyən təvözakar bu xanım, əslində seçilənlər siyahısında olanlardan biridir.
Azərbaycanın ilk operator qadını - Esmira Məmmədova.
Gənc yaşlarından Azərbaycan Televiziyasına operator kimi işə qəbul olunanda çoxuna qəribə gəlmişdi. Qadın operator? Hər kəsin təəccüblü baxış və suallarına cavab olaraq işini çəkdiyi süjet və filmlərlə sübuta yetirdi.
Çətin də olsa bu sənəti sevdiyindən və heç bir çətinlikdən qorxub geri durmadığına özü də əmin olmuşdu.
Esmira Məmmədova televiziyada işlədiyi illərdə dəfələrlə xarici səfərlərdə, dövlət tədbirlərində operator kimi ezamiyyətə göndərilmişdir. Getdiyi ölkələrdə də xanım operator olaraq hər kəsin diqqətini çəkib. Hətta xarici dövlətlərin birində ona yaxınlaşıb "Xanım, bu sizin üçün ağır deyilmi? Qadın üçün bu sənət, kameraman olmaq çox çətindir" deyənlərə Esmira Məmmədova "Xeyr, bu mənim üçün heç də çətin deyil. Mən bu sənətə sevərək gəlmişəm" deyib.
Onun haqda çox söz demək, yazmaq olar.
Esmira Məmmədova Birinci Qarabağ müharibəsində ən ağır döyüşlər zamanı cəbhə bölgəsindən çəkilişlər edərək əsgər və hərbçilərimizin yanıda olmuş, kameranın yaddaşına həmin anları köcürmüşdür.
Uzun illər ömrünü bu sənətə bağlayan onlarla sənədli filimlərin, teleproqramların operatoru olan Esmira xanım öz şəxsi həyatını belə düşünmədən ömrünü bu sənətə bağlamış, sevgisini operatorluğa həsr etmişdir.
İlk operator qadın olaraq Esmira Məmmədova bir sıra xarici media şirkətlərin serfikatlarına layiq görülüb. 1984-cü ildə Moskva ali operatorlar ixtisaslaşdırma kursunu keçib. 2002-ci ildə Avropa Şurasının Televiziya Xəbərləri kursunu bitirib. Azərbaycan kütləvi informasiya vasitələri həmkarlar ittifaqı heyətinin "Xan qızı Natəvan" mükafatına layiq görülüb. Esmira xanım həm də fəlsəfə üzrə elmlər doktorudur. Esmira Məmmədova artıq bir aydır ona doğma olan Azərbaycan Dövlət Televiziyasından ayrılsa da, yenə də dövlətinə, millətinə, ölkəsinə faydalı işlərlə xidmətini davam etdirmək məqsədi ilə "Balans Media"-nın icraçı direktoru kimi fəaliyyətə başlamışdır.
Onun məqsəd və məramı yenə də eynidir - vətənə könüllü xidmət, canından artıq sevdiyi dövlətinə sədaqətini öz işiylə göstərmək.
Bu gün ölkəmizdə radio və televiziyanın yaranması günü qeyd edilir. Bu yolda 45 il təmənnasız şərəflə addımlayan, televiziya həyatında xidmətlər göstərən Esmira Məmmədovanı səmimi qəlbdən təbrik edirik, ona işlərində yeni uğurlar arzu edirik.
Gülüstan Əkbər
rejissor, ssenarist