Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fəxri Uğurlu
Əgər islam dini yaşadığımız bölgəyə ayaq açmasaydı, biz zərdüşti olsaydıq, “Məlikməmməd”, “Cırtdan” kimi nağıllarımız dini rəvayət, müqəddəs mətn sayılacaqdı. Bir dindar müsəlman, ya xristian bu gün Nuh, İbrahim, Yusif, Əyyub, Yunis, Davud, Süleyman, Musa kimi peyğəmbərlər haqqında dini qissələrə necə ürəkdən inanırsa, fanatik atəşpərəst də Məlikməmmədin, Cırtdanın başına gələnlərə eləcə sidq-ürəkdən inanacaqdı.
Odur ki, mən dini mətnlərə qədim ədəbiyyat nümunələri, adını bilmədiyimiz müəlliflərin yaratdığı misilsiz bədii-fəlsəfi əsərlər kimi baxmağın tərəfdarıyam. Yalnız bu halda – mövhumatdan arınmış nəzərlə baxanda o mətnlərin gerçək məzmununu çözmək, fəlsəfi-psixoloji dərinliyinə dalmaq mümkündür.
Novruz bayramının ayinləri, atributları da Zərdüşt kahinlərinin, bütöv bir dini-fəlsəfi institutun yüz illər boyunca kollektiv şəkildə yaratdığı böyük sakral mətndir. Novruz mərasiminin hər epizodu, Novruz tamaşasının hər səhnəsi o mətnin bir səhifəsidir. Bütün Novruz ayinlərinə Hörmüzdlə Əhrimənin, xeyirlə şərin, işıqla qaranlığın, bərəkətlə aclığın mübarizəsi kontekstində baxılmalıdır.
“Avesta” müəllifi qədim peyğəmbər yüz illər boyu gücdən düşməyən təliminin təməlini həyatın iki üzünü qarşı-qarşıya qoymaqla atmışdı. Ondan sonra bu təməlin üstündə dinlər, fəlsəfələr, məktəblər ucaldıldı. Təkcə elə Platonun Zərdüşt təlimindən təsirləndiyi haqda deyilənlərə inansaq, onun dünya fəlsəfi fikrinin inkişafında nə qədər böyük rol oynadığını təsəvvürə gətirə bilərik. Hələ burasını demirəm ki, zərdüşti məbədlərində keçirilən ayinlər, şərab içmə, çalıb-oxuma mərasimləri klassik Şərq şeirində rind obrazının, Rudəki, Xəyyam, Hafiz kimi böyük şairlərin təmsil elədiyi rindanə poeziyanın yaranmasına Epikür məktəbiylə bahəm birbaşa təsir göstərib.
Xristianlığın, daha sonra islamın yayılmasına qədər Yaxın Şərqdən Orta Asiyaya, Çinədək böyük bir ərazi zərdüşti mədəniyyətinin təsiri altındaydı. O zamanlar Novruz, heç şübhəsiz, dini bayram kimi keçirilib, indi adına nağıl dediyimiz mətnlər adını bilmədiyimiz atəşpərəst möbidlərin yaradıcı fantaziyasının məhsulu kimi məbədlərdə gənclərə tədris olunub. Bu dinin sözlüyündə behişt – sami folkloruna xas cənnətin, div – cinin, Əhrimən – Şeytanın, Cəmşid – Adəmin tərcüməsidir. Firdovsinin “Şahnamə” adıyla tanınan ölməz ədəbi abidəsi – tarixi-əfsanəvi dastanlar toplusu da zərdüşti mədəniyyətinin dirəkləri üstündə ucaldılıb.
Miladdan sonra üçüncü yüzillikdə yeni bir peyğəmbərin – Maninin (bu, Şeyx Nizaminin “İsgəndərnamə” əsərində obrazını yaratdığı həmin o nəqqaş Manidir) ortaya çıxıb zərdüştiliyin bazasında üç dinin (atəşpərəstlik, buddizm, xristianlıq) sintezindən manixeizm adlı yeni bir din yaratmasıyla Zərdüşt təliminin arealı daha da genişləndi, hətta manixeizm Uyğur xaqanlığının rəsmi dininə çevrildi. Yeni dinin nüfuzu o dərəcəyə çatmışdı ki, Afrikada belə özünə tərəfdarlar toplaya bilmişdi. Məsələn, qara qitənin şimalında dünyaya gəlmiş, sonradan xristian kilsəsinin atalarından sayılacaq Müqəddəs Avqustin uzun illər manixeizmin təsiri altında olmuşdu.
Üstündən iki əsr də keçəndən sonra zərdüştilik Məzdək təliminə bükülüb yeni qiyafədə zühur elədi (Sasani imperiyasının rəsmi dini olsa da, onlar zərdüştiliyi təhrifə uğratmışdılar). İslamın yayılmasından sonra küncə qısnanan Zərdüşt təlimi doqquzuncu yüzildə xürrəmilik hərəkatının gücüylə yerini yenidən genəltməyə çalışdı. Zərdüştiliyin ideoloji qüdrəti sayəsində Babəklə tərəfdarları xilafət ordusunun basqısına iyirmi ildən artıq duruş gətirə bildilər.
Bütün bunların Novruz bayramına nə dəxli olduğunu soruşan tapılacaq yəqin. Odur ki, sualları qabaqlayıb deyirəm: var dəxli. Hətta sovet hökuməti kimi əzazil bir hökumət də insanlara müqəddəs bayramı unutdurmağı bacarmadısa, bu, bütün başqa səbəblərlə yanaşı həm də Zərdüşt fəlsəfəsinin həyata, torpağa çox dərin köklərlə bağlı olduğunu, insanın ən əzəli, ən zəruri maraqlarını ifadə elədiyini göstərir.
Böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin el yaddaşımızda, folklorumuzda zərdüştiliyin qoyduğu izlərlə bağlı maraqlı qeydləri var. Ədibin “Qızlar bulağı” romanını Zərdüşt fəlsəfəsinin özünəxas şərhi kimi də qavramaq olar.
Azərbaycan mədəniyyətlərin qovşağında yerləşdiyindən burada multikultural mühit ta qədimdən üzübəri tarix boyunca təbii şəkildə formalaşıb. Ölkəmiz yer üzündə bəlkə də yeganə ölkədir ki, onun xalqı üç dinin (zərdüştilik, xristianlıq, islam) müqəddəs bayramlarını (novruz, milad, ramazan) heç bir siyasi sifariş olmadan, heç bir konyunktura uymadan ellikcə keçirir. Bu, gerçəkdən hər bir vətəndaşımızın qürurlanmalı, öyünməli olduğu bir mənəvi genişlikdir. Ölkənin, xalqın böyüklüyü onun torpaqlarının böyüklüyü ilə yox, mənəvi ərazisinin genişliyi ilə ölçülür. Yaponiya qonşu ölkələrin ucsuz-bucaqsız ərazilərini işğal eləyəndə, Azərbaycanın təxminən yarısı boyda olan Niderland ayrı-ayrı qitələrdə müstəmləkələr saxlayanda indiki qədər böyük deyildi…
Fikir vermişəm, bəzi tarixçilər Babəkin müsəlman, hətta mömin müsəlman olduğunu sübuta yetirmək üçün canı-dildən əlləşirlər, yaxa yırtırlar, az qala Babəkin yerinə tövbə eləyirlər. Buna nə ehtiyac var? Aydın məsələdir ki, Babək zərdüştiliyin bağrından qopmuş təriqətlərdən birinin başçısı, öz dini-milli köklərinə möhkəm bağlı olan nəhəng tarixi şəxsiyyət idi. Bəli, xürrəmilərdən ötrü islam düşmən ideologiya sayılırdı, çünki ərəb xilafəti məğribdən-məşriqə bütün ölkələri islam bayrağı altında zəbt eləmişdi, tutduğu torpaqların xalqlarına Allah, peyğəmbər, din adından zülm verirdi. Ona görə də Babəkin əvəzinə islam peyğəmbərindən üzr diləmək çox yersiz, gülünc görünür. Eynilə Zümürxaç kəndinin adını dəyişib Zümürxan, Xaçbulağı Xoşbulaq, Xaççobanlını Xoşçobanlı şəklinə salmaq da Allahın səhvini düzəltmək cəhdinə bənzəyir. Axı islam dini xristianlıqdan altı yüz il sonra yaranıb, islam peyğəmbəri özü də özündən əvvəlki peyğəmbərə, onun təliminə böyük hörmət-ehtiram bəsləyib. Bəs eləysə, Məhəmməd peyğəmbərdən artıq müsəlman olmağa lüzum varmı? Hamı bilir ki, Azərbaycan əhalisinin böyük çoxluğu islam dinini qəbul eləyənə qədər bu ölkədə xristian mədəniyyəti hökm sürüb. Ölkəmiz üç dinin qovuşağında qərar tutub, onlardan hansısa birinin mədəni yaddaşımızda qoyduğu izləri silməyə çalışsaq, bundan yaddaşımızı zədələməkdən savayı bir nəticə hasil olmayacaq.
Eynilə Novruz bayramının da islam ayini olduğunu ciddi-cəhdlə sübuta yetirməyə çalışanlar var. Qoy özlərinə havayı əziyyət verməsinlər, islam dininin belə xidmətə, belə təəssübkeşliyə ehtiyacı yoxdur. Ümumiyyətlə, nəyisə, kimisə başqalarını əskiltmək, alçaltmaq hesabına ucaltmağa çalışmaq bica zəhmətdir…
…Şimal yarımkürəsi ağır bir qışdan çıxmaqdadır. Əhrimənin divləri yenə də torpağa şər toxumları əkir, yer üzünü qana çalxayır. Xoşbəxtlikdən təbiətin qanunu dəyişilməz qalır – qışdan sonra hökmən yaz gəlir. İblisin səltənəti süquta uğramaqdadır. Vur-tut ikicə gündən sonra Hörmüzdlə Əhrimənin gücü bərabərləşəcək. Ondan sonra Hörmüzdün zaman içindəki sərhədləri gündən-günə genişlənəcək, səltənəti ayla-illə yox, dəqiqəylə, saniyəylə böyüyəcək, hökmü, qüdrəti misqal-misqal artacaq. Gündüzlər uzanacaq, gecələr gödələcək. Bağçalar gül açacaq, güllələr göyə uçacaq. Hörmüzdün qələbəsi bəşər övladının minillik yaralarına məlhəm sürtəcək. Xeyirin bitməz-tükənməz, bərəkətli səltənətinin qapıları insanlığın üzünə bu yaz taybatay açılacaq. Şair demişkən, bu yaz bir başqa yazdır.
Novruzunuz, yeni gününüz, təzə əyyamınız mübarək! Özü bir, adı çox olan Hörmüzd köməyiniz olsun!
“Yeni Azərbaycan” qəzeti