Bu gün tanınmış şair, yazıçı, esseist Aqşin Yeniseyin doğum günüdür. YeniYaz.Az bu münasibətlə Aqşin bəyi təbrik edir və onun bir neçə şeirini oxucuların diqqətinə çatdırır.
Amaliyanın cib dəftəri üçün
ağır-ağır örtülən darvazanın səsindən
kədərli heç nə yoxdur
ağır-ağır batan gəminin həyəcanlı fitindən
bunu görüb heç bir kömək edə bilməyən
sahildəki yeganə sakinin görkəmindən,
kədərli heç nə yoxdur.
kədərli heç nə yoxdur balıq çırpıntısından
nə qədər ki, qarmağın ucuna yem taxırlar
heç bir dənizdə balıqlar heç bir balıqçıya qarşı üsyana qalxmayacaqlar
bu acı həqiqətdən kədərli heç nə yoxdur.
qocaların istikanda suya qoyulmuş protez dişlərinin
səssiz gülüşündən
bu gülüşün gecə boyu evdəkilərə verdiyi əzabdan
kədərli heç nə yoxdur
üzünün cod tükü ilə əlinin üstünü qaşıyan atanın
sükutu uzun sürəcək
uşaqları böyütmək üçün evdə bir az da sükut lazımdır
bu uzunömürlü sükutdan kədərli heç nə yoxdur.
zəlzələdən sonra şəhərdəki qarmaqarışıqlığa nə ad vermək olar?
bilmirəm.
Şəxsən məni ölmək yox, uçuq divarların altında qalmaq qorxudur
bizim evdə qadınlar cocuqları,
cocuqlar kişiləri ovutmaq üçündür.
Qapqaraciyərin sevgisi
Bədəninə toxunduqca kədərlənirəm,
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq.
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq
üçün öləcəyəm.
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki,
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram.
Yaşayıb səni itirməkdənsə,
Ölüb səni tapmaqdı sevgi - mənim üçün.
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.
Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi
İnsana necə baxmağı öyrədirdi.
Əllərin uzaqlaşmaq dərsi keçirdi.
Çünki biz
insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə.
Səni hamını itirdiyim yerdə tapmışdım, doktor.
Bundan sonra başqasını sevsən də sevinəcəyəm
Biləcəyəm ki, o da mənəm.
Amma sən
bu boyda gözləri necə, kimin arxasında gizlədəcəksən,
Hardan tapacaqsan o nəhəngi?
Danışdıqca ağlamağım gəlir,
Ağladıqca susmağım
Susduqca yoxa çıxmağım gəlir, doktor.
Bax, yenə də ağrıyıram
Saatımın əqrəbi sol qolumu sancıb!
Zamanın zəhərini qatıb qanıma.
Bir insan ört üstümə, tənhalıqdan üşüyürəm
Bax, əlçatmaz ağacların başında mürgüləyən külək əsməyə başladı yenə
Gecənin qaranlığından ağappaq qar yağdı
Üşüdük və göylər yenə sübut etdi ki,
Sevəndə qaranlıq da ağappaqdı.
Doktor, hər qadın Həvvanın uzaq qohumudu
Hər kişi Adəmin yaxın dostudu.
Alma ağacı görəndə iyrənirəm
Çünki bu ağacın əcdadı
Qadının cənnətdə yediyi
Qadağan olunmuş meyvənin
Mədəsində gətirdiyi toxumudu.
Gülü ağac olmaq arzusu soldurur
Bizi Tanrı olmaq iddiası öldürür.
Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi.
Vaxt vardı, ümidsizliyim də
mənə yaşamaq üçün ümid verərdi.
Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq istəmirəm
Məni elə sev ki, yenidən palçıq yox,
biryolluq yox olum.
Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram.
Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki,
Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik.
Doktor, məni unutsan, elə unut ki,
Səndən sonra heç kimin yadına düşməyim.
Sonuncu ümid yox, sevgi ölür
Dirilər ölülərə qulluq etməkdən təngə gəlib
Sevgilər ayrılıqların köləsinə çevirilib
Gözü yol çəkən hər şeyin adı sevgidi
Baş şaman belə söylədi
Və sükut bürüdü bütün məbədi.
İndiki zaman öz yaxasını keçmiş zamanın əlindən almaq istəyir.
Dirilər ölülərə qulluq etməkdən təngə gəlib.
Sevgilər ayrılıqların köləsinə çevirilib.
Bütün ümidlər ölüb, əvəzinə növbəti körpə ürəklər cücərib.
Mən sənə yaxşılıqdan başqa heç bir pislik etməmişdim.
Gözlərini əllərimlə yummuşdum, özümü səndə unutmuşdum
Qulağına uzunömürlü sözlər pıçıldamışdım...
Sənə xəyanət edən dostlara xəyanət etmək lazımdı demişdim.
İnsan bəzən cəzadan ötrü darıxır
Və cinayət törədir
Şübhəli görkəmiylə
Özünü cani kimi göstərir
O, cəza çəkməkdən zövq alır.
Əslində, sonuncu ümid yox, sevgi ölür.
Dağda bitmiş tək ağacdan hər il payız küləyində
Nə qədər yarpaq tökülür.
Sən soyuqsan, sən sazaqsan,
Sən özünü məndən qoparan son yarpaqsan.
Sən də indi hamı kimi çox uzaqsan, çox uzaqsan.
Bəlkə də, heç daha yoxsan, daha yoxsan.
Mən indi qocayam, “heç vaxt və heç kim” hissinə qapılmışam.
Bir vaxt sənin gözlərini yumduğum əllərimlə
İndi öz gözlərimi yummuşam.
Heç özüm də bilmirəm kimi unutmuşam.
İndi ona bədənimin sol küncündə yas tutmuşam.
Heç bilmirəm, kiməm nəyəm, nədir adım?
Bircə onu bilirəm ki, bu həyatda
Ayrılıqlarla yaşadım,
Mən sevməyi bacarmadım.
Kökəlmiş şəhərə ərizə
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Içdiyim suyunun sidik kisəsi,
Yediyim çörəyinin bağırsağıyam.
Bu gündən öz qocalığımın uşağıyam,
Öz ölümümün qocasıyam.
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Şamlarını birdən yandırmağı bacarmıram
Amma üfürüb birdən söndürürəm.
İşıq ömür, zülmət an məsələsidi, Bakı!
Dünyaya gətirmədiyim uşaqların Uşaq Baxçasıyam!
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
ən böyük arzum:
Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaqdı
Məncə, rəssam ölübsə də, qulağı hələ sağdı.
Bütün sevgilər uzaqdı...
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Nə vaxtsa yandırdığın, sevgilinin şəkliyəm,
Nə vaxtsa şəklini yandıran sevgilinəm!
Ölümün plagiatı
(Şopenhauerin anasına yazdığı şeir)
Gecədir...
Küləyin sərt himni altında zivələrdə paltarlar yellənir
Bu məişət bayraqları məni təngə gətirir.
Ana!
Taleyim mənə ölüm haqqında bir şeir əzbərlətdirir.
Bir misrasını əzbərləmişəm hələ ki:
“Ayrılıq ölümün plagiatıdır!”.
Gecədir...
Ağzı üstə sərilmiş bir ölü şəkli çap etdi qəzetlər
Oxuculara arxasını çevirmişdi.
Küçədə cərgəylə düzülmüş fənərlərdən biri sönmüşdü.
Yəni daha bir işıq qaranlığın tərəfinə keçmişdi.
Həyat mübarizədirsə, birinin ölümü başqa birinin həyatıdır
Ana!
Ayrılıq ölümün plagiatıdır.
Bəzən arzulananda ölüm də yoxa çıxır.
İndi qəlbim içində kimsənin olmadığı bomboş Troya atıdır.
Damağında hərflər laxlayan qoca sözlərlə yazıram bu misraları.
Ana!
Ayrılıq ölümün plagiatıdır.
Sevgi... sevgi yeni doğulmuş dərddir.
Azadlığı həmişə başqalarından istəyir insan.
Çünki azadlıq başqalarıdır.
Sən məndən uzaqlaşdıqca mən ölümə yaxınlaşıram.
Xəbərin olsun.
Ah çək, elə bir ah ki,
Məryəmin bətnindən İsa peyğəmbər deyil,
Allahın özü doğulsun.
Mənim ömrüm yatmış divar saatdır.
Ana!
Ayrılıq ölümün plagiatıdır.
Kişi bədəni ilə qadın bədəninin fərqi budur
Kişi bədəni qabaqdan, qadın bədəni arxadan unudulur.
Mənə qalsa, qadın yer üzündə Tanrının xurafatıdır.
Ana!
Ayrılıq ölümün plagiatıdır.
Gecədir...
Özün öz üzünü şənləndir.
Nə olsun ki, içində qan ağlayırsan.
Necə ki Tanrı göy üzüylə yatdı və gözəl bir qızı doğuldu:
Günəş!
Ona baxarkən gözlərimizi qırpırıq tez-tez.
Çünki kipriklərimiz gözlərimizə çəkilən Tanrının salavatıdır.
Ana!
Ayrılıq ölümün plagiatıdır.
Öləndə də ümid kimi ölmək lazımdı
Biryolluq!
Praqa məsələsi
Köçüb gedəcəyəm Praqaya
Əl əvəzi hamı başını yelləyəcək arxamca
"heyif" sözü feildir vağzallarda.
Köçüb gedəcəyəm Praqaya
İçi dolu çex qızının yanına
Qadının içinə bir şəhər
Heç olmasa bir küçə,
Heç olmasa bir tin,
Heç olmasa bir məhəllə,
Heç olmasa bir ev,
Heç olmasa bir otaq,
Heç olmasa bir kişi,
Heç olmasa bir uşaq,
Heç olmasa bir odun belə sığmırsa,
Soba dibində yatmaq gözəldir
Qar yağan axşamlarda
"heyif" sözü feildir vağzallarda.
Vətəndaş nikahında yaşayanlar üçün iki nəfərlik fəlsəfə
İndi bir cinayət hadisəsiyəm mən,
H.Hacıyev küçəsində törədilmiş,
bir az qaçıb gizlənmiş qatilǝm,
bir az ölüxanadakı mərhum
bir az yas yerində çərənləyən möminəm
bir az rüşvətxor müstəntiq,
bir az qorxmuş şahid
bir az hadisə yerindən tapılmış bıçağam
bir az küçəyə axmış qanam,
bir az qan axmış küçəyəm
bir az fotoqrafam,
sevgilimin üstündən qaldırıb, gətiriblər:
cinayət işinə tikiləcək şəkillər çəkirəm,
bir az hadisə yerindən
guya laqeydcə keçən qorxaq sakinəm
bir az da müxbirəm, sırtıq və yoxsul.
Mən özümü də
başqasını öldürmək yanğısıyla öldürəcəyəm
mən özümə doğma adam deyiləm
masadakı çaxır şüşəsi,
kətilin üstündəki qadın çantası,
boş prezervativ qutusu,
televizordakı tanınmaz kişi meyitinin fotosu və s.
Bunlar hamısı boş şeylərdir, əsas məsələ,
Nəfəsini dərmədən yaşamaqdır, uşaqlar sayaq.
Məncə insan bir az quşdan ibarətdir
bir az güldən, bir az itdən,
bir az da tutaq ki, taxtabitidən
insan sevəndə quşdur, yatanda gül və s.
İnsan öldürəndə kimdir sualına
törətdiyi cinayəti boynuna almış qatil cavab verəcək
«İnsan uşaqlığında daha çox başqalarını öldürür - möhtərəm hakim,
uşaqlıq bizə özümüzdən zəifləri
öldürmək üçün verilmiş
lisenziyadır.
Milçəkləri, quşları qırmaq, böcəkləri tapdalamaq-
bunlar uşaqlıq cinayətləri deyilmi?
başqasını öldürmək uşaqlıq ehtirasıdır»
Mən özümü də uşaqlıq ehtirasıyla öldürəcəyəm mən özümə doğma adam deyiləm.