26-28 may tarixlərində Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.
Bu barədə YeniYaz.Az-a tədbirin təşkilatçısı, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində – açıq havada təşkil olunacaq:
“İlk dəfə keçiriləcək bu tədbirin yaddaqalan olmasına çalşmışıq. Qeyd edim ki, türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılıb”.
Azərbaycanın tanınmış nəşriyyatlarının, kitab mağazalarının, ədəbi-mədəni qurumların, o cümlədən “Qanun” Nəşrlər Evinin qatılacağı tədbir həmçinin Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, T.C. Kültür ve Turizm Bakanlığı Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlğının, Yunus Emre İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə baş tutacaq.
Rəsmi açılışı mayın 26-da baş tutacaq festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Emrenin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib: “Festivalda yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələr dinləniləcək, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək. Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub”.
Vurğulanıb ki, festivalın sonuncu günündə, mayın 28-də təntənəli mükafatlandırma mərasimi təşkil olunacaq.