Gecə urcah olduğum yuxusuzluq hədər getməsin deyə dalbadal on iki hekayə oxudum; yerli və müasir müəlliflərimizdən. Və ağlımda yalnız bir sual yarandı:
Azərbaycan yazıçısına kim deyib ki, sən dəhşətli dərəcədə maraqlı bir həyat yaşayırsan, hər saniyəsi "ədəbi material" olan bu həyatının istənilən epizoduna heç bir əlavə etmədən hekayə kimi yaza bilərsən?
Müəlliflərin, demək olar ki, hamısı hər gün hər adamın həyatında təkrarlanması mümkün olan və təkrarlanan olaylardan götürüb özlərinə "xatirə deposu" düzəldiblər. Qələmləri duran kimi yazıb adını qoyurlar hekayə.
Xatirə insan həyatında təkrarlanmaq ehtimalı belə mümkün olmayan bir hadisədir. Xatirənin ədəbi dəyəri onun özündə deyil, bəşəri miqyasda titrətdiyi episentrlərdədir. Xatirə travmatik bir təsadüfdir. Məsələn, balaca Freydin gözü önündə atasına vurulan ingilis qapazı antisemitizm olayını oyatmadığı təqdirdə sıradan bir qapazdır.
Sənin heç bir bəşəri qarşılığı olmayan məktəbə getməyin, tələbə olmağın, seks həyatın, atana, anana sevgin və s. sıravi davranışların nə qədər nadir rastlanan və travmatik hadisələrdir ki, onları xatirəyə çevirmisən, üstəlik, bu sıravilikdən ədəbiyyat çıxarmaq fikrinə düşmüsən?
Deyirsən, böyük görünmək üçün böyük mövzuların arxasında gizlənmə, gedib balaca bir mövzu tapıb belinə minir ki, böyük görünsün.