Balaca sərçəm - Hekayə

Balaca sərçəm   - Hekayə

28 Fevral 2022 09:29 671


YeniYaz.Az gənc yazar Müşfiq Şükürlünün “Road”un sərçəsi” hekayəsini təqdim edir.

“...elə yalqızam ki, Blum...”

Coys, “Uliss”

“Road”a qızlı-oğlanlı yığışıb içənlər. Tələbəlik. Gənclərin cibində bəlkə siçanlar oynaşsa da, pivədən başqa hər şeyin qiyməti baha olan “Road”a getməyə dəyər.

“Road”dayam.

Üç-dörd ofsiant. Alaqaranlıq. Dayanmadan işləyirlər? Yox, barın qabağına yığışıblar? Deyəsən, arxasına. Aralarında bircə oğlan var. Qalanı qızdır. Biri şipşirin. Təbiətin möcüzəsi. Əgər indi təbiətlə poetik irtibat vacibdirsə, deməli, o, sərçənin ideal formasıdır. Göz, burun, qaş, dodaq – arılar çiçəklərdən toxuyublar. Dadına baxmaq olar?

Gözəllik çöhrəsinə kip oturub. Bəlkə eləcə qaranlıqdır? Bədii goplamalar. Qoynunda mışıl-mışıl uyumaq istərdim. Sözün kəsəsi. Pamadasız, qırmızı, bir sözlə, natural dodaqlar. Dedim axı. Təbiətin icadı.

İndicə mənə yaxınlaşdı, pivəmi təzələmək üçün əlini bakalıma uzadıb gözlərimə baxdı. Bu gözəlliyə səcdə eləməyə dəyər. Camaatdan ayıbdır. Yoxsa Don Kixot Dulsineyasının qabağında diz çökəcəkdi.

Ona məhəbbət bağışlamaq istədim və dedim: “Birini də”.

Ortalarda görünmür. Hara yoxa çıxdı? Gözəllik belədi də. Qaç ki tutasan. Birdən masaların arasından ötür (saçları uzundur). Ötür də yox. Arxasınca bədheybət düşüb, zaman maşınına oturub-nədi. Vıyyyy... Allah bizi yoxluqdan belə xəlq edib. Hardan peyda oldu, necə gəldi? Dəyərini bimək istəyirsinizsə dostluğun, az-az görüşün.

İmkan tapıb gözlərini süzdürür, varlığımı təsdiqləyir. Çoxluq bayraq qaldıran hakimdir, mən ofsayta düşən futbolçu. Təkliyim həmişə pərt olub. Subliminal mesajlardır üzünü güldürən. Amma iyrəncliyə yol vermək olmaz.

İkinci bakalı gonbul qız gətirir. Başımı dik də tutsam kirpiklərim aşağıdadır. Məndə vaxtı çoxdan keçmiş şair görkəmi var. Misalçün, siqaretin tüstüsüylə metafizik atmosfer yaradıram. İnsanlara baxmağı bacarmıram. Bir az kaprizliyəm (bir az da həyəcanlı). Bəlkə də qorxudandır. Özümü anlamaq mənə çətindir. Çünki anlamağa da elə bir şey yoxdur.

Televizorda futbol gedir. Heç kəs o səmtə baxmır. Eləcə səs eşidilir. Qəhqəhə, buz bakalların sükutu, onlara zillənmiş donuq, dalğın gözlər. Sonra televizor əcnəbi klipə keçid edir.

Nəsə bir hadisə olmalıdır, həyat bu qədər cansıxıcı ola bilməz!

Tək oturmaq əcaibdir. Qıraqdan baxana, yəqin ki, yaxşı görünmür. Söz edirlər. Bəlkə inkişafın o həddinə çatmamışıq, nə bilim. Bəlkə, hollandlar da kafedə tək oturana pis baxırlar. Nəysə. İncəbel bakalımı ovcumun içinə alıram.

Taxta masada tıqqıldıyan boş bakalın küncüylə sifariş verirəm. “Road”a bir sakitlik çökür. İki-iki, bir-bir mənə sarı çönürlər. Qızları bilmək olmur, həyəcana düşürlər, yoxsa gülüşürlər.

Ofisiant yaxınlaşır. Budəfəki oğlandır. Sir-sifəti məni açmır. Narazıdır?

- Pivə?

Sağ qaşından aşırdığı, gözünün yarısını örtən qara kəkili fırçanın əyilib qurumuş tükləri kimi cansıxıcı və hərəkətsizdir. Əliylə onları arxaya atmağa çalışsa da xeyri yoxdur. Həyatla çoxdan vidalaşmış, bərkimiş, yüngül quş lələyi sürüşüb düşür kirpiklərinin üstünə.

- Gətir. Qızartma kartof da ver.

Bayaqkı müvəqqəti, saxta narazılıq ifadəsini yenisiylə dəyişir. Üzünü saxta, amma işıqlı bir təbəssüm bürüyür.

- Olar. – Sağ əlini qaldırır, barmaqlarını birləşdirib həmin iyrənc, təhqiramiz təbəssümlə mətləbə keçir. - Bircə səs salmayın.
Obbaaa. Davaya bir addım. İndi ya yola vermək lazımdır, ya da çıxdığın yola davam eləmək. Bakalı azca, astaca aşağı əyib stolun altından düz doqquzluğa. Qara kəkilini qırmızıya boyamaq! Əla fikirdir.

- Baş üstə.
Hələ ki pivələyim.
30 dəqiqə.
Mən hazıram. İçməyə davam. Bu, mən deyiləm. Əgər indi olsaydı, mütləq “Saxla!” deyərdim. Bəsindi.
- Xanım qız hardadı?

Boş bakalıma əl atan gonbul qızı baxışlarımla saxlayıram.
- Kim?
- Uzunsaç qız. Boğazlı koftası var. Şirin qız.
- Burdadı. Neynirdiz? - dodaqları qaçır.
- Pivəmi niyə o gətirmir axı?
Dodaqları bir az da açılır, xoşbəxt dişləri baxışlarımı udur.
- Deyərəm, gətirər.

Gəl bu gecə qucaqlaşıb yataq. İsti çarpayı tapılar. Bunun dərdin çəkirsən?

Mən elə bildim, o gələcək və “buyurun, məni istəmisiniz” deyəcək. Zarafat edirsən? Belə də şey olar? Baxdığın filmlərdən romantik səhnələr çöküb deyəsən yaddaşına. Pornaoqrafik səhnələr daha təbii olardı. Ehtiraslı, nazlı yerişlərlə stoluna təşrif buyurub qucağına buraxsın bəlkə özünü? Dayan, dayan! Özünü yığışdır. Nə istəyirsən axı sən?

O, yenə arakəsmələrdən ayaqlarının ucunda işıq sürətiylə uçub getdi. Barın arxasına.
İyrəncliyə yol vermək olm...
Mən sadəcə başını sığallamaq, yanaqlarını oxşayıb dodaqlarından dad... Döşlərinə toxunsam... o mənada yox. Eləcə bədəninin istiliyini. İyrəncliyə yol... Axı.

Məni qısqanclıq bürüyür. Barın qabağında həmin o kəkilli bambılının saçlarıyla oynayır. Sürahiyə dirsəklənib, sağ dizini on dərəcə qatlayıb oğlanın qabağında güzgülənir. Offf, qadınlar! Onlardan nəsə gizlətmək olar? Bəs qızları necə aldadır görəsən bu “babniklər”? Hissiyyat tanrıçasıdır bu qızlar, qadınlar axı. Məqsədyönlü səhnəciklər hazırlamaqda onların üstünə var?
Məni çağırır.

Hissiyata qapılma, gözəlim. Özümə söz keçirə bilirəm ki?

Melodramatik səhnə. Bakalı alıb əlimə stulumu arxaya çəkirəm. “Dzrrrr”... və irəli. Lap belə məşhur filmlərdəki kimi. Qoluma poetik bir şəkil verirəm. Əlimdə viski bardağı düşün. Bara yaxınlaşan bədənim və addımlarım da öz yerində. Bax, belə. Gözlə, gəlirəm.

Bu nə rahatlıqdır. Üzünün ifadəsi bozqır. Qadın kişinin torpağıdır. Beləsinə toxum atsan. Yox, sənin baxışlarını sınayır. Ya da ki, gözləyir. Nə deyəcək indi bu? Yəni ki, necə deyim? Ağ kağız qələminə möhtac.

Axır ki hədəfə çatıram. Bozqır, səbirsiz baxışları mənim qərarsız halımdan bezir və nəhayət:
- Nə qədər sürünürsən arxamca. Əl çək dəəə!
Tələbəlik.
Kəkillinin söhbətimizə nə dəxli axı. Səni kim soxdu ortaya, oğraşşş!
- Problem nədi, qaqaş? Başın bədəninə ağırlıq edir?
Deyəsən, həə. Bakalım. Mənim sevimli silahım.

Tappp. Çiliklənmiş uzunsov bardaqlar yalnız son anlarında insan acısına, səsə çevrilə, iniltiyə bənzəyə bilər. Əlimdəki bakalsa salamatdır. Oğlanın bara əyilmiş başı müqavimət gücünü itirir və bədəni başın arzuladığı istiqamətdə...

Hay-küy düşür. İnan Allaha, bu qışqırıq və bağırtıların 90 faizi qızların çığırtılarıyla başlayır. Bəs uğrunda “pub”a hay-haray saldığım sərçəm hanı? Cik. Cik. Cik. Tapılmır. Gözlərim qaralır. Məni deyəsən vurdular. Allah bizi yoxluqdan belə xəlq edib. Hardan peyda oldu, necə gəldi? Dəyərini bimək istəyirsinizsə dostluğun, az-az görüşün. Cik. Cik. Yoxdu. Mənim balaca sərçəm.