Balama qurban sərçələr - Sevinc Elsevərin hekayəsi

Balama qurban sərçələr   - Sevinc Elsevərin hekayəsi

24 Oktyabr 2022 11:08 344


Maşın binamıza çatıb dayananda bütün yayı bir udum su içmək ümidiylə pəncərəmə dadanan quşları xatırladım. İki gün evdə olmamışdım, indiyə kimi dondurma qabında pəncərənin ağzına qoyduğum su ya buxarlanmışdı, ya da quşlar içib qurtarmışdı. Pilləkənləri qaça-qaça ikinci mərtəbəyə qalxdım, açarı tez-tələsik açar yerinə salmağa çalışdım, tələsdiyimdən işim tərs gəldi, çətinliklə qapını açdım. Birbaş mətbəxin pəncərəsinə cumub pərdəni araladım. Su qabı bomboş idi. Allah bilir, suya gələn neçə quş ümidsiz, əliboş qayıtmışdı. Litrlik bankanı suyla doldurub qaba tökdüm, ancaq bundan sonra çiçəklərimə su verdim, çaydanı doldurub qaynamağa qoydum. Bütün bu işləri gördüyüm müddətdə ərimlə uşaqlarım özləriylə daşıyıb gətirdikləri əşyalarla birgə evə qalxdılar.

İki günlük şahzadəliyim bitmişdi, bu iki gündə cavan, qəşəng oğlanlar qarşıma yemək düzmüşdülər, ürəyim nə istəsə bir göz qırpımında önümə gətirmişdilər. Burda, öz mətbəximdə artıq özüm qulluq eləməliydim, təzədən buna alışmaq çətin olacaqdı. Evdəkilər rayona getməyimizi istədiklərində elə həmişə buna görə könülsüz razılaşıram. Birinci günün yarısı o başa, ikinci günün yarısı bu başa yol çapırıq, oluruq yol yorğunu. Bircə mətbəxdən canımı qurtarmağım xoş olur... xoş olur nədir e, lap adamın ürəyinə sarı yağ kimi yayılır. Bu iki gün bir göz qırpımında bitir, geri qayıdırsan və önlüyünü geyinirsən. Şahzadədən qulluqçuya dönürsən.

Təlaşla axşam yeməyi üçün əlləşirəm... həm də iki gün rayonda xərclədiyimiz pula görə vicdan əzabı çəkə-çəkə. O pula uşaqların nə qədər dərd-sərini həll etmək olardı. Bu vaxt tanış səsləri eşidirəm, - bütün yay bu səslər qulağımı oxşayıb, - əvvəlcə çöl göyərçinlərinin qurultusunu, sonra sərçələrin civiltisini. Sevinirəm ki, bu dəfə susuz qayıtmayacaqlar. Sonra qəfil yenə uşaqlığıma qayıdıram və günahkarlıq duyğusu min birinci dəfə baş qaldırır.

***

Nənəmin nağıllarındakı acgöz tülkülər kimi aylardır dilimizə ət dəymirdi. Nağıllardakı tülkülərə ürəyimiz heç yanmazdı, onların hiyləgər qarğaları tutub yeyə bilmədiklərinə sevinərdik. Həmin vaxtlar biz özümüz o tülkülərin gününə düşmüşdük.

Anam dərd eləsə də, səsini çıxarmırdı. Ancaq nənəm yaman səs-küy salırdı. Elə hey gileylənirdi ki, uşaqlar ət yemir. Arvad o qədər tez-tez şikayət edirdi, özümüz də ət yeməsək, naxoşlayacağımızdan qorxmağa başlamışdıq. Bir-iki dəfə atam hansısa su kanalından balıq tutub gətirmişdi, bir neçə dəfə də dost-tanışlarıyla dovşan ovuna çıxmışdı. Atamın heç tüfəngi də yox idi. Bilmirəm dovşanı necə tuturdu. Yəqin ki, dostları öz tutduqlarından atama verirdilər, atam deyirdi mən vurmuşam. Ovçu Pirim kimi də döşünə yaman döyürdü.

Bir dəfə çox nəhəng dovşan gətirmişdi. Onu gülləylə vurmuşdular. Ömrümdə o boyda dovşan görməmişdim. Heç cizgi filmlərində də, xəyalımda da elə böyük dovşan olmazdı. Yazıq heyvancığaz gözləri qapalı, cansız şəkildə iri tasımızın içində uzanırdı. Yekəliyinə nə qədər heyrət etsəm də, gözümü çəkə bilməsəm də, ona baxmaq mənimçün ağır idi, balaca ürəyim sızım-sızım sızlayırdı.

Kasıbçılıq elnən gəlmişdi, nənəm nə qədər desə də ki, elnən gələn toy-bayramdır, bu toy bayramın dözülməz çətinlikləri vardı. Bu qədər yoxluğun içində nənəm nəvələrini ətsiz qoymamağa çalışırdı. Nənəmə görə, insan ət yeməliydi, yoxsa xəstə düşərdi.

Açıq artırmamızın baş tərəfindəki balaca mətbəximizin pəncərəsini daim açıq qoyur, qapının pərdəsini çəkir, pusurdu. Pəncərədən içəri ac sərçələr girir, nənəm pəncərəni-qapını örtüb, sərçələri tuturdu. İnsanlar nə qədər ac idisə, heyvanlar da o qədər ac idilər. İnsanlar tox olanda, insanlar aləmində, onların yan-yörəsində yaşayan quşlar da, itlər-pişiklər də o qədər tox olur, kökəlib ətə-cana gəlirdilər, xoşbəxt olurdular. Nənəm deyirdi ki, qıtlıqdan bəri yaman düşüb, hətta sınıxandan sonra adamların ona münasibətinin dəyişdiyini belə hiss eləyib. Əvvəllər ətli-əndamlı olduğu vaxtlarda, sözü ötkəmmiş, hamıya, böyük oğluna belə söz keçirə bilirmiş. İndi bədəni balacalaşdıqca sözü kəsərdən düşüb, özü də hörmətdən. Nə gəlinləri, nə oğulları, nə də böyük nəvələri daha onu adam yerinə qoymur, saymırlar. Qonum-qonşular da ona birtəhər baxır, toyda-yasda sınıxdığını üzünə deyir, oğlanlarının ona yaxşı baxmadığına eyham vururlar.

İndi həyətimizə bir qarın yemək dalınca gələn pişiklər kor-peşman, əliboş geri qayıdırdılar. Pişiklər nənəm qədər ağıllı və tədbirli deyildilər, bəziləri o qədər əfəl idi ki, sərçə də tuta bilmirdilər. Bütün günü onların sərçələri pusmağına, necə asta-asta, oğrun-oğrun sərçələrə yaxınlaşmalarına göz qoyurdum. Ancaq hər dəfə pişiklər sərçələrə çatmağa az qalmış, sərçələr duyuq düşür, qaçıb yaxınlıqdakı ağaca qonurdular. Təbii ki, buna sevinirdim. Axı canlarını qurtarmış olurdular.

Nənəm tutduğu sərçələrin başını bir göz qırpımında üzür, tüklərini yolur, ikiyə bölür və həmişə qaz peçinin üstündə saxladığımız pas rəngindəki qulplu dəmiri balon qazıyla alışdırdığı odun üstünə qoyub isinməyini gözləyirdi. Bu dəmirin üstündə nənəm o qədər ət, ciyər qızardıb bizə vermişdi ki! Hərdən bağın künc-bucağından göbələk də tapıb qızardırdıq bu dəmirin üstündə. Başqa vaxtı ancaq çay dəmləməyə yarayırdı.

Nağıllardakı tülkülər qarğaları ovlamaq istəyirdilər. Qarğaların canı qurtarmışdı bizdən. Qarğa əti yemək haram sayılırdı.

Əslində bəlkə də əksinə olmalıydı. Adam göyərçinə necə qıyar? Göyərçinin əti haram, qarğanın əti halal olsa yaxşıydı. Axı gözəlliyə qıymaq belə asan olmamalıydı.

Nənəm sərçələri tutmaq üçün hər dəfə mətbəxin qapı-pəncərəsini bağlayanda Allaha yalvarırdım ki, arvad onları tuta bilməsin, qaçıb getsinlər. Mətbəxin pəncərəsinin bir gözü sınıb tökülmüşdü. Nənəm pərdəni bərk-bərk çəkib pəncərəni bağlasa da, bəzən quşlardan hansısa təsadüfən ordan qaçıb canını qurtara bilirdi. Nənəm əsəbləşirdi onda. Qorxumdan mən də qapını aça bilmirdim ki, quş uçub canını qurtarsın. Nənəm bunu bilə-bilə elədiyimi başa düşərdi. Bəlkə məni döyərdi də. Düzünü deyim, bir neçə dəfə döyülmüşdüm, döyülməkdən də yaman qorxurdum.

Sərçə əti bişəndə qoxusu yayılırdı. Əvvəlcə adamın burnu xoşhallanırdı, sonra ağzı sulanırdı, mədəsi qazınmağa başlayırdı. O qoxunun qabağında dayanmaq hər adamın işi deyildi. Sərçələrə ürəyim yansa da, ətlərini gözümə təpirdim. Başlanğıcda yeməkdən imtina elədim, düzünü desəm, çimçinirdim, ürəyim götürmürdü, alışmadığım dad idi. Ancaq bir-iki dəfə yeyəndən sonra dadına öyrəşdim.

Nənəm tutduğu sərçələrin hamısını bişirib bizə yedizdirmirdi. Bir də görürdün, ovcunun içində möhkəm-möhkəm saxladığı sərçəni götürüb özü taxtadan düzəltdiyi stulunun üstündə oturdu. Nəvələrini yanına haylayıb, yan-yana düzdü. Ovcunda qorxudan ürəyi ağzına gələn bala sərçəni bir-bir başımıza hərləyir, bunu eləyə-eləyə dilinin altında dua eləyirdi: "...balalarıma gələn qada-balanı özüylə aparsın, balalarımın başının-gözünün sadağası olsun!".

Nənəm bu sözləri deyib ovcunu açar, sərçəni havaya buraxardı. Sərçə bir göz qırpımında, güllə kimi uçub yoxa çıxardı. Bu mənim ən çox sevdiyim səhnə idi. Sonralar yuxularımda belə səhnəni tez-tez görərdim: nənəm bərk-bərk yumduğu ovcunu başımıza hərləyib sevimli duasını pıçıldayır, sonra ovcunu açır, nənəmin ovcundan çıxan körpə quş güllə kimi uçur. Həmin anlar mənimçün həm həyəcanlı, həm sevincliydi. O balaca sərçənin azadlıq duyğusunu elə dərindən hiss edər, elə böyük sevinclə sevinərdim ki! Ət yemək üçün heç ürəyim atmır, heç vaxt sevindiyimi xatırlamırdım. Hələ-hələ sərçə ətiyçün heç ürəyim getmirdi. Əksinə, nənəm quşları tuta biləndə çox kədərlənirdim.

Nənəm sərçələri ehtiyacdan, bizi düşündüyündən tutmağa məcbur qalırdı. Ancaq biz həm də uşaq idik axı. Oyun axtarırdıq. Özümdən balaca qardaşım qəribə bir əyləncə tapmışdı. Hərəmiz bir stəkan götürür, açıq artırmadakı yemək stolunun ətrafında düzülür, stolun üstünə qonan milçəkləri güdür, pişik sərçəni pusan kimi pusur, sakit-sakit stəkanı yaxınlaşdırıb, qəfil milçəyi stəkanın altına alırdıq. Binəva milçək əvvəlcə nə baş verdiyini anlamırdı. Döyükə-döyükə baxır, təhlükəni anlayanda isə stəkanın içində çırpınmağa, özünü gah stəkanın bu yanına, gah o yanına çırpıb xilas olmağa çalışırdı. Onsuz da bütün milçəkləri axırda azadlığa buraxırdıq. Stəkanı ehmallıca qaldırırdıq, bunu lap yavaş hərəkətlə edirdik ki, milçəyin sevinclə uçub gedişini görə bilək. Qardaşımda qəddarlıq da vardı. Hərdən o, tutduğu milçəklərin qanadlarını qoparırdı. Onun bu hərəkətindən xoşlanmasam da, qarşısını alacaq bir iş də görmürdüm. Bəlkə də bu barədə ona bir söz demək sadəcə ağlıma gəlmirdi.

Bir gün nənəm bərk xəstələndi. Əməlli-başlı yatağa düşdü. Atam bir həkimi gətirdi, yola saldı, sonra başqasını gətirdi. Həkimlər gəlib baxır, başlarını bulayıb gedirdilər. Evimizə axışan qohum-qonşunun, böyüklərin üz-gözündən, xısın-xısın söhbətlərindən anlayırdıq ki, nənəmin vəziyyəti heç yaxşı deyil.

Sərçə tutmaq, nənəmin başına fırlayıb qada-balasını götürməsini diləmək bizə olduqca çətin gəldi. Nənəmin sərçə tuta bilməsinə heyranlıqla, heyrətlə baxırdıq, əlçatmaz, bir göz qırpımında uçub uzağa qonan quşları nənəmin tuta bilməsi bizi mat qoyurdu. Odur ki, pişiklərin belə əldən qaçırdığı sərçələri tuta biləcəyimiz ağlımızın ucundan keçmirdi. Başqaları dəryalardan qızılbalıq tutub ondan arzu diləyəndə, biz də ümidimizi milçəyə bağlamışdıq. Qardaşımla birgə açıq artırmadakı yemək stolunun üstündə stəkanla milçək tutmağa çalışdıq. Qəribədir ki, bütün cəhdlərimiz boşa çıxırdı. Bilmirəm niyə, həmin gün milçək də gözə az dəyirdi. Havalar artıq soyuyurdu, bəlkə ona görə. Üstəlik, süfrəmizə qonan milçəklər ya bicləşmişdilər, ya da necəsə cəldləşmişdilər. Onların sürətinə çata bilmirdik. Xeyli uğursuz cəhddən sonra qardaşım əlindəki stəkanı ağzıüstə qapqara, iri bir milçəyin üstünə endirdi. Ancaq kor taledəndi, ya nə sirr idisə, stəkanı milçəyin üstünə devirəndə qardaşım milçəyin bir qanadını möhkəm əzdi. Tuta bildiyimiz yeganə milçək də şil-küt, şikəst qalmışdı. Biz indi bu milçəyi nənəmin başına hərləyib, onun sağalmasını arzulaya bilməyəcəkdik. Çünki bu milçək artıq uça bilmirdi.

İkimizin də qanı möhkəm qaralmışdı. Az qalırdıq hirsimizdən ağlayaq. Qəfil evimizin içindən dəhşətli səslər qopdu. Bibimin yanıqlı səsi aləmi başına götürdü. İşin nə yerdə olduğunu başa düşdük. Nənəmiz dünyasını dəyişmişdi.

Biz ağlamağa başladıq. Ancaq həm də bacarıqsızlığımıza yanıb-yaxılır, nənəmizi sağalda bilməməyimizə üzülürdük. Elə bilirdik ki, milçək, doğrudan da, onun qada-bəlasını, xəstəliyini götürüb özüylə uzağa, çox uzağa apara bilər. Ancaq bir qanadı belə qırılmasaydı...

Bir də bu peşmanlıq bizi uzun müddət tərk etməyəcəkdi: kaş ki, nənəm sərçələri tutub başımıza çevirib azadlığa buraxdığı, başımızın-gözümüzün sadağasını özləriylə aparmaqlarını dilədiyi zamanlarda biz də nənəmiz üçün dualar etsəydik! Kaş ki, belə gecikməsəydik!