Yazılanlara görə, bəzi özəl telekanal rəhbərləri PA-ya çağrılıb və onlara yayınladıqları bəzi proqramların səviyyəsizliyi ilə əlaqədar xəbərdarlıq edilib.
Narahatlıq anlaşılandır, ancaq qısa müddətdə və xəbərdarlıqla həll olunan problem deyil.
Mədəniyyət, zövq, elm, savad, intellekt, elmi təfəkkür, yumuşaq bacarıqlar kimi məsələlərdə qısa müddətdə inzibati üsullarla həllə nail olmaq olmaz. Piyada keçidinin zəbt edilməsi deyil ki, göz ağardasan, yolu açalar.
Bunun üçün çoxşaxəli, ətraflı düşünülmüş strateji plan olmalıdır.
İndi lap tutaq ki, kanal rəhbərləri utandılar və "Ay Zaur"a, "Huy Zaura" təpindilər. Onların alternativ metodu, B planları, ehtiyatda daha yüksək səviyyəli dünyagörüşləri var ki, bunu qoyub onu tətbiq eləsinlər?
Vəziyyət kritik həddədir. Artıq kütlə zövqsüzlüyü, bayağılığı öz diktəsini bütün sahələrə yeridir.
"Bizon" kimi mənasız məhsulun reklamına Axundov və Natəvanı "çəkirlər", soruşsan kim olduqlarını belə bilməzlər bəlkə də.
Günəbaxan tumunun reklamına "Qoy həmişə günəş olsun" mahnısını seçdikləri kimi. Özəl klinika reklamına "İnək Şaban"ın "Bizim Şaban" təqlidi-düşüklüyünü çəkdikləri kimi.
Viza şirkətinin reklamını "Dincəldim" sözünün yanlış anlaşılması kontekstində çəkilməsi kimi. Sahibkar da bayağılıqda kütlədən fərqlənmir. Kütlənin seçimi ilə hesablaşırlar, ya da heç fərqləri yoxdur.
Kütlənin zövqü ən itici, "5-ci element"dəki aparıcı obrazına oxşar tipləri seçib ekranın ən çox izlənən aparıcılarına çevirir.
Tipik tok-şou: "Manıslar bir ağız oxusunlar, reklamlar-baş sponsor, əsas sponsor, ana sponsor, fundamental sponsor, asistent sponsor, məhsullar: şampun, çips, kərə yağı, diş çöpü, salfetka, qarınağrı dərmanı, çay".
Ardınca da mənasız adamların məişət dramları.
Kütləvi məişət, kütləvi istehlak məhsulları, kütlənin manısları, kütlənin bunlara ciddi iqtisadi dəstəyi.
Bir qrup yeniyetmə təqlid və təsir altında "Çukur" serialını öz imkanları ilə düşükcəsinə təqlid edirlər. Biri də çıxır, sanki çox önəmli hadisə imiş kimi, uzun-uzun bunlara lağ edir, Cavan tv-də, 80 mindən çox insan baxır.
Hamı hamıya lağ edir. Nə öyrətmisiniz ki, indi də ələ salırsız?
Rayonların birində insanlar ata-bala fenomenin dalına düşmüşdülər, rayonda başqa hansı hadisə olur ki, o rayon insanı üçün hadisə budur. Hansı mədəniyyət aşılamısınız ki, onlara ikrahla baxsınlar?
İş adamı Bakıdan rayona gedib onu söyən guya dəlini videoya çəkirsə, cibinə pul qoyursa, imkanlı dostları ilə birlikdə videoya baxıb qəşş edirsə, sıravı kənd insanından nə gözləyirlər ki?
O gün bir məclisdə məkanın düz pilləkəninə bahalı bir maşını dirəyib saxlamışdılar. Yəni bu şəxs "pilləkəndən enib park yerinə qədər getməməlidir, çox böyük insandır", düşük aparıcılardan biri idi. Maraqlıdır ki, hamı da maşının kimə aid olduğunu bilirdi.
Bu artıq bayağılığın təntənəsidir.
Formal təpinmələrlə bu iş olmayacaq, ciddi-ciddi düşünüb strateji plan hazırlamaq lazımdır. Bəli, mədəniyyət çox ciddi strategiya tələb edəcək qədər vacib məsələdir.
İcrasını da özünü doğrultmuş bir kadra tapşırmaq lazımdır. Sonra bizə heyran heyran baxan Orta Asiyalı qardaş respublikalara belə biabır olacağıq belə getsə. Bəlkə özümüz ehtiyacını hiss etmirik, çoxluq olaraq, ən azından bizdən bunu gözləyənlərdən ar edək.