Bətn
Esse
Hədiyyə Şəfaqət
Hərənin bir əfsanəsi var...
Bir yerdə hər şey bitir - kədər, darıxmaq, qüssə, həsrət, ürək sıxıntısı... Bitənlərin yerində bir əfsanə peyda olur. Heç nədən yaranmış kimi, hardan gəlib dolur düşüncənə, bilinməz. Ananmı danışmışdı? Ola bilsin, anan sənə çoxlu-çoxlu əfsanələr danışıb, sən onları dinləyib anlasan da, anlamasan da zehnin bir gizli guşəsinə qoyub unutmusan. Amma yox... Sənin əfsanən peyda olanda onun ananın əfsanəsi olmadığını görürsən. Nə ananın, nə də başqalarının belə əfsanəsi olmayıb... Sənin əfsanən elə sənin əfsanəndir...
***
- Qəribədir... - Diqqətlə dinləyib fikrə gedəcəksən... - Bəlkə də sən deyən kimidir...
Gülümsədim... "Bəlkə də..."
- Bu hardan ağlına gəlib?
- Ağlıma gəlməyib...
- Bəs nə?
- Peyda olub...
Susdun... Deməli, peyda olub. Nə etməli, olubsa olub...
- Nə deyim, xoşbəxt adamsan...
"Amma bu axmaqlıqdır, anlayırsanmı?"... - Ürəyində beləmi düşünəcəksən? - Əslində xoşbəxt olduğunu deyən bədbəxtə daha çox oxşayırsan... "
Olsun...
***
Yaradan O-nu özündən fərqləndirmək fikrinə düşdü. O-nu özünə oxşar yaratmışdı - bütöv, mükəmməl, hər şeyə qadir, öz içində dinc... Nə Qadın demişdi adına, nə Kişi... Amma tək özü bilirdi, özündən başqa da kim biləcəkdi - Yaratdığı özü boyda sirr içində sirdi...
Sonra onları ayırmaq qərarına gəldi...
Burda əfsanə dünyanın indiyədək danışılmış minlərlə əfsanəsinə bənzəyir - Qadın Kişidən ayrılmalıdır...
Amma biz onu başqa cür nəql edəcəyik...
***
Gəlib-keçmiş nə varsa, bu iki tarazlaşdırılmış axtarış üçün yaradılıb. Yaradandan sonra yaradılmışlar Tanrılıq iddiasına düşəndə Yaradanın ilk düşüncə əsərinin ətrafında dolanmaqdan başqa heç nə edə bilmədilər. Nə edə bilərdilər? Naməlum Gücün sahib olmadığı heç bir zərrənin nə əksini görmək mümkündür, nə yaratmaq. Yoxluq belə, boşluq belə, heçlik belə onun əsəridirsə - onun əlindən çıxmış aləmlərin bir-birinə əbədi ehtiyacla bağlanan parçalarından başqa nəyisə düşünmək mümkündürmü?
Sevgi!
Gəlin bu dəfə onu Axtarış adlandıraq... Bundan qabaqsa İtki gəlirmiş... nə zamansa...
"O zaman ki, Tanrı hələ də düşünməkdədir - Yaratmaq, ya yaratmamaq?".
Deməli, düyün burdan açılır - Yaradan bircə dəfə yaradıb, sonrasa ancaq yaratdığını bölüb... Bölüb, atıb adına Kainat dediyimiz naməlumluğa...
Axtara-axtara bölünmüşük, Dünyada adına Haqq-Ədalət deyilən nə varsa, əslində, əbədi Davanın təzahürünə geyindirilmiş dondur...
Əslindəsə, axtara-axtara vahid bir qanunauyğunluğun rəqsində bütövləşməyə can atırıq...
Əzab-əziyyət, müharibələr, qanlı mübarizələr, Tarix boyda yalan və... bölünmüşlük qədər dəyişmiş ünvandan axtarılan kövrək həqiqət...
Səbəb - Kişi əlindən alınmış Sirrin axtarışına çıxıb...
***
Yaradan onlara ayrılmaq əmri verdi... Qadın və Kişi... Onlardan hansının çıxıb getdiyini, hansının evində qaldığını düşünəndə gedənin Qadın, qalanın Kişi olduğunu görürsən. Əfsanə də belə peyda olub. Qadın Bətni özüylə götürdü və getdi...
Bətn - İç, Yuva, Sığınacaq...
İstilik, qorunma, və bağ...
Kişi əbədi Yuvasızlığa məhkum edildi...
Qadın onu taladı, ən qiymətli şeyi özüylə apardı... O, kimdəsə qalmalıydı, bəlkə elə Kişidə qalmalıydı. Çünki ilk O yaranmışdı, Onda yaranmışdı Bətn.
Amma Qadın... elə Qadındır... Bətni özüylə apardı...
***
Həyat, bir nöqtədən çıxıb digər nöqtəyə yetişmək deyil. Doğuluşun ölümədək davam edən yolu bizi ilkin nöqtədən uzaqlaşdırmır, Ali məqamın bir yerində - düz ortasında ilk nöqtəyə qayıdırıq. Dayanmaq və geri dönmək? Xeyr, bu olmayıb və olmayacaq. Bətndən başlayan yol Ölümdə bitir. Məzar, Kül, ya nəsə başqa bir üsul? Xeyr, bu dirilərin həyata keçirdiyi bir prosesdir. Bir dünyadan digər dünyaya keçid anında Qapı bircə dəfə açılıb qonağının içəri daxil olmasıyla bağlanır...
İnsan həyatının orta nöqtəsinin yeri ancaq onun ölümünün gerçəkləşməsindən sonra bəlli olur. Bizim həyatımız bizim çevrəmizdir. Həyatın yarıda qırıldığını deyən insanlar üçün gülümsəyirəm... Həyat heç zaman yarıda qırılmır, o, nazik və incə sap deyil...
Lakin düşüncə...
Bəzən insan bir yerdə susur... Dərin bir sükutun ortasında içindən gələn səsləri dinləməyə başlayır. Eşidilən hər şey ona əfsanəsinə aparır...
***
Dünyanın dəyəri hesab olunan insani sevgi elə insanın özünə məlum olmayan bir qatda Axtarışa çıxmaqdır...
Kişi öz Bətnini axtarır...
Bunu küçəyə atılmış bir insanın isti yuva axtarışına da bənzədə bilərsiniz, səhrada su diləyən insanın bir içim su arzusuna da. Dünyada var olan bütün arzuların ilkin səbəbi Ayrılmışlıqdır... Bu Yerdə "əbədi" kəlməsi işlətmək yerinə düşmür, Yaradandan başqa, heç kim və heç nə bilinməzlik davam etdiyi müddətcə bu kəlmənin sahibi deyil...
Kişinin axtarışı ən haqlı axtarışdır. O, haqqı olanı istəyir. Özündən gedənin dalıyca düşüb dünyanın bu başından o başına, kainatın bir dərinliyindən digər dərinliyinə sürgün kimi vurnuxub, bəzən susub, bəzən ölüb, bəzən öldürüb xaotik cığırlar açır. İzlər bəzən toqquşur, ləpirlər tanış gəlir, lakin heç zaman nə təkrar olunur, nə də üst-üstə düşür - Barmaq izləri kimi... Ona görə də heç bir Kişi və heç bir Qadın həyatı heç zaman başqalarına bənzəməyib və belə davam etdikcə, dünyada bircə Kişi və bircə Qadın Qalmadıqca da belə olacaq...
İnsanın Yaradanla üz-üzə, göz-gözə, duyğu-duyğuya, hiss-hissə qalması ancaq O-nun və özünün olduğu məqamda baş tutacaq. Öz olmaq Kişi və Qadın ayrılmışlığından geri dönmək və ya çevrəni tamamlayaraq ilk Nöqtəyə qovuşmaqdır. İnsan Yaradanı məhz o Nöqtədə qoyub bilinən və bilinməyən ən böyük çevrə boyunca səyahətinə çıxıb. Yaradanla üzləşməyin, bəlkə də O-nu hiss edib qovuşmağın yeganə yolu Ayrılmışlığın hələ başlamadığı zamanı geri qaytarıb bütün dünyəvi həzz və çağırışlardan arınmışlıqla O-nun kimi olmaq xoşbəxtliyinə yetişməkdir...
İnsan nə yaradıbsa ilk mifik düşüncədən qaynaqlanan düşüncə işartılarının təsiriylə yaradıb. Çox güman Tanrı düşüncəsinin özü belə insan ağlına əfsanələrdən sonra gəlməyə başlayıb. İnsan onun üçün olan - yəni gördüyü, bildiyi, hiss etdiyi, toxuna, dada bildiyi, qoxusunu aldığı heç nə barədə əfsanə yaratmayıb. Lakin əfsanə yaranıbsa özü-özlüyündə növbəti yaradıcı kimi böyük bir qüvvə şəklində gah o, gah bu seçilmiş, ya da çox güman düşünən, dərk etməyə çalışan və axtaran, bir sözlə, ilk sualı verən insanın əlində qüdrətli bir vasitəyə çevrilərək özündən sonra qalacaq və ya qalmayacaq nəsnələr ortaya qoymağa başlayıb.
Bəlkə əfsanələr Yaradanın müjdəçiləridir...
Hər şeyin Tanrının darıxmasıyla başladığı deyilir, Qadının Kişinin darıxmasından sonra...
Yaradan üçün nəyin hansı istəkdən başlamasını demək iqtidarında deyilik...
Kişi üçünsə hər şey Axtarışdan başlayıb - Haqlı Axtarışdan...
***
Kişi axtarışında haqlıdır... Amma məsələ dərkedilmişlik və dərkedilməmişlik arasında dəyişir. İnsan ümumilikdə birgə yaşayış şərtlərində ümumi qaydalar daxilində həyatını davam etdirən cəmiyyət üzvü kimi görünsə də, bir pillə kənarda, bir divar o üzdə özü-özlüyündə naməlum düşüncəvi dünyasının yeganə sahibi və yeganə sahibidir. Yaradanın yaratdığı Kişi və Qadın vəhdətindən ibarət həmin İnsan kimi. Onun özündən başqa, ancaq Yaradanı var. Lakin ancaq Yaradanın və özünün mövcud olduğu dünyada əbədi fitrətlə aşkara çıxan axtarış onu, öz növbəsində, Yaradanına bənzəməyə - Yaratmağa sövq edir. İnsan yeganə sahibinin və sakininin özü olduğu Dünyaya keçdikdən sonra İkidünyalı olmasıyla Qadın və ya Kişi olması arasında fərqlər aradan qalxır. Qadın İlahi qüvvənin iradəsini dərk etdiyi andan fitrətən Ayrılmışlığını gözləməyə başlayır və onu qarşılamağa hazır olur. Kişi fitrətən onu gözləyənin onu gözlədiyini bilir və çırpıntılara son qoyur. Sirr budur - Qadın öz Kişisini özündə tapır, axtarış, hətta gözlənti daha sakit şəkildə bitir. Qadının öz Kişisini özündə tapması - Bətnə sahib olmağın ona hardan bəxş edildiyini duyması şükran və dinclik gətirir. O, axtarıldığını anladığı anda varlığı qəribə bir sakitliyə qovuşaraq Yaradanın yanında dayanır...
Bu, Yaradana ən saf İnamdır!
***
Kişi canını bu divardan o divara vurarkən, özünü bu Qadından o Qadına axtararkən hansı günahdan söhbət gedə bilər...
Qadın sakitliyi və əminliyi Kişi narahatlığını və axtarışını dərk etmək iqtidarında deyil...
Bəşəriyyətə təqdim olunan bütün Kişi yaradıcılıq nəticələri şüuru və ya qeyri-şüuru bir mesaj rolu oynamaqdadır. Bətni - Sirr, həm də əbədi dinclik sığınacağı Qadınla gedib, Qadında qalıb...
Kişi Bətnindən ayrıldığı andan onu son dönüş nöqtəsi narahat etməkdədir - Hansı qapı?
Kişi öz əlindən alınmış evini tapmadan narahat ruh kimi ya vurub-dağıtmalı, ya qurub - yaradıb axtarmalı, ya da sərgərdan ölməlidir... Əlbəttə, onun üçün də bir Qapı açılacaq, heç kim mövcudluğu bu dünyada əbədi qalmaqla cəzalandırılmır...
Kişi arzusunun, narahatlığının əndazəsizliyi onun içdən gələn ümidsizlik düşüncəsinin məhsuludur.
Qadın, adətən, Axtaran deyil, Axtarılandır. Lakin axtarıldığı barədə işarələrdən məhrum olan Qadın narahatlığı, canatması təbii təsir bağışlamaması ilə Kişi narahatlığından fərqlənir. Kişi narahatlığı yaranış etibarilə haqqa sahib olduğundan pisliyə deyil, yaxşılığa meyillidir. Narahat Qadın narahat Kişi qədər nə haqlı, nə də yaradıcıdır - Çünki onunku Səbəb deyil, cığallıqdır...
***
- Bununla nə etmək istəyirsən, Kişilərə haqq verirsən?
- Kişilər onsuz da haqlıdırlar...
- Bilirsən bunu eşidən adamlar sənin haqqında nə deyəcəklər? Hələ Qadınlar!
- Hansı Qadınlar?
- Daha sənə sözüm yoxdur...
"Niyə? Axı mən dünyanın ən gözəl əfsanələrindən birini söyləyirdim?"...
Üzünə baxıram, bilirəm, bir gün mənimlə razılaşacaqsan...
***
Mən əfsanələrin hardan, necə peyda olduğunu bilirəm... - Bətndən!