27 Sentyabr 2022 16:47 447
Nizami Bayramlı
Korların görə biləcəyi hadisələrə lalların təsəlli verməyə gücü çatar, əgər karlar eşitməzliyə vursa, yaşadıqlarınla yaşamadıqlarının arasındakı körpünü ayaqların olmadan da keçə bilərsən. Gənc şair Elvin İntiqamoğlunun “Dörd nəfər” şeirindəki kimi. Hadisələrin dörd nəfər tərəfindən izlənilməsi, absurd təfəkkürün icra edilməsi, baş verməsi mümkün olmayan məsələlərin qarşıya qoyulması kənardan süni görünsə də, müəllifin misralara verdiyi poetik yük qənaətbəxşdir:
Üzümdəki kədərdən,
gözümdəki yaş izindən tanıdı -
Kor məni gördü ağladı...
Hamımıza məlumdur ki, kor insanın hansısa görüntünü görməsi cəfəngiyyatdan başqa bir şey deyil. Əgər müəllif “yaş izindən” yox, “yaşdan tanıdı” yazsaydı, hadisəyə “korun əli ilə toxunması” iddiası ilə yanaşmaq olardı. Çünki gözü görməyən birinin həmin baş verən hadisədən xəbərdar olması yalnız bu yolla mümkündür. Bu halda misranı uğurlu saymaq olar. Amma əlavə olaraq onu da xatıladım ki, gənc şairin müraciət etdiyi mövzu poeziyamızda dəfələrlə işlənilib. Açığını desəm, kor, kar, lal və s. bu cür sentimental ifadələrin şeirlərdə yeni bir fikri ifadə etməsi, demək olar ki, nadir hallarda qarşılaşılır. Belə misralarla poeziyada dünyəviliyi nəzərə çarpan eləmək olduqca müşkül və çətindir. Bu şəkildə olduqda ədəbi mətndə “surətyaratma” sənət halına çevrilir.
Çox vaxt ədəbi mətnlərdə mexaniki təqlid müəllif tərəfdən ön plana çəkilir. Ümumiyyətlə, yazının janrından asılı olmadan mətn yaranarkən təqlidin mahiyyəti bir qədər də böyüyür. Gənc şair Elvin İntiqamoğlu şeirini təqlid meyarından azad etmək fikrinə meyillənsə də, “dörd nəfər” şeirində yuxarıda göstərilən misralardan aydın olur ki, işinin öhdəsindən lazımınca gələ bilməyib. Başqa sözlə, heç bunun üçün çalışmayıb da.
Kordan kor peşman ayrılıb
karı gördüm -
O da qəmli görünürdü,
eşitmişdi ürəyimdən keçənləri...
Kar da kara gəlmədi,
lal heç ağzımı açmamış başladı təsəlliyə:
məyus olma,
sən də unut unudub gedənləri...
Mətndə ən çox diqqəti çəkən yerində işlədilən omonim sözlərin şirin təkrarlama ilə yaratdığı söz oyunu görüntüsüdür. “Kordan kor peşman ayrılıb” və “Kar da kara gəlmədi” ifadələrini nəzərdə tuturam. Təbii ki, bu, şeirə heç bir poetik mahiyyət vermir. Bunu yalnız şeirin səslənməsində müşahidə edib sezmək olar. Yəni beyinə çatan siqnal yox, qulağa xoş gələn söz. Filan rəngin bir az tünd versiyası. Ədəbiyyat qavramanın hər halında mifdən yaranıb, mistik təsəvvürdən doğub və buna görə də ədəbi mətn mütləq hansısa bir sublimal mesajı ötürməlidir. Müəllif də ekzistensiyasını ətraflı şərh etməlidir. Əsl ədəbi nümunə də o halda yaranır ki, bunlar mətndə qruplaşıb, oxucu diqqətini özündə cəmləşdirir.
Sən gedəndən heç nə yolunda getmir -
Beynimə ayrılıq sızıb,
yaddaşım itmək üzrədi...
Həkim hər gün yeməkdən bir saat sonra
bir qaşıq təsəlli yazıb!
Yuxarıda göstərdiyim misralar müəllifin “Diaqnoz” adlandırdığı mətnindəndir. Əslində, müəllifin özünün də xəbəri olmadığı maraqlı bir məqam ilk misradadır. Söhbət keyfiyyətli söz oyunundan gedir. Böyük bir təəssüflə qeyd etməliyəm ki, həmin misranın ardı ilə gələn misraların əvvəlkindən zərrə də xəbəri yoxdur. “Sən gedəndən heç nə yolunda getmir”-yəni müəllifin nəzərində tutduğu yolla gedə biləcək bir subyekt var, o da “sən” əvəzliyi adı verib göstərdiyidir. Bir öz yolu ilə gedən “sən” idin. Bir də təkrar qeyd edirəm, heyif ki, ardı “beynimə ayrılıq sızıb” və s. kimi misralarla tamamlanır. Ümumiyyətlə, gənc həmkarıma “bir qaşıq təsəlli” kimi söz birləşmələri ilə şeir yazmağı məsləhət görmürəm. Ona görə də yerdə qalanlar haqqında danışmağa gərək də duymuram.
Bir az da diqqətlə baxsan alnıma,
görəcəksən:
Yazılıbdır Allahın qələmiylə son yazı -
EŞQ...
Damarlarım qan ağlayır sənsizlikdən:
Razılığa gələ bilmir
ağ həsrət qırmızı eşq!
Bu bənddə ən çox gözə qəribə görünən “damarlarım qan ağlayır” misrasıdır. Bəlkə də nə vaxtsa, hansısa şeirində qarşılaşsaydım, “möhtəşəmdir” fikrini acizcəsinə deyib, kənara çəkilərdim. Amma başqa bir mətndə.
Elvin İntiqamoğlu istedadlı gəncdir. Onun şeirlərində hərdən elə misralar olur ki, bağrıma basıb təşəkkür etmək istəyirəm, hətta kaş həmin şeir o misradan ibarət olaydı qənaətinə gəlməyə də gücüm çatar. Amma hərdən o misralardan sonra elə şeylər yazır ki, sevinməyim cəmi bir neçə saniyə çəkir, fikirləşirəm ki, bəlkə də elədiyim tənqid çox mülayimdir. Ona da, digər həmkarlara da sənət yolunda uğurlar arzu edirəm. İnanıram ki, elədiyim tənqidin, çəkdiyim əziyyətin mütləq bəhrəsini görəcəyəm.