YeniYaz.az bu gün anım günü olan Xalq artisti Mirzə Babayev haqqında Şərif Ağayarın yazdığı “Bir gün Mirzə Babayevgildə” yazısını təqdim edir.
Jurnalistikanın bakirə vaxtlarıydı. Mən rayondan yenicə gələn, köynəyinin qollarını çırmalayıb gəzən, arıq, uzun bir gənc idim və “Panorama” qəzetində yenicə işə düzəlmişdim.
Uzağı yaxşı inşa yazırdım. Birdən necə oldusa, məni mərhum müğənni Mirzə Babayevlə müsahibəyə göndərdilər. Onda sənətçilər jurnalistlərlə adətən öz evlərində görüşürdülər. Çünki arada bir həmrəylik, dostluq vardı. Qələm adamları söhbətlərdə sensasiyadan çox səmimilik, doğruluq axtarırdılar.
Mirzə Babayevi çox sevirdim – orasını deyim... Odur ki, görüşə uça-uça getdim. Amma onu görəndə gözüm kəlləmə çıxdı. Böyük sənətkar biləyindən qoltuğunun altına qədər sökülmüş bir köynək geyinmişdi, sinəsi qarnına qədər açıq idi.
Məndən başqa 3 qonağı vardı: bir hamilə qadın, bir operator, əlində üstünə “ABA” yazılmış mikrofon tutan gənc bir jurnalist... Onlar heç nə çəkmirdilər. Yəqin çəkib bitirmişdilər. İndi isə stol ətrafında laqqırtı vururdular. Süfrədə meyvə, çərəz və konyak vardı. Sonralar öz-özümə dəqiqləşdirdim ki, o, konyak yox, viski, ya da likör imiş. Çünki butulkasının quruluşu da, dadı da fərqli idi.
Mirzə müəllim qonaqları ilə rusca danışırdı, zahiri görkəmimə baxıb mənə Azərbaycanca müraciət edirdi. Mən onların söhbətinin bitməsini gözləməli idim ki, “Panorama” qəzeti üçün müsahibə alım.
Birdən... İlahi, Mirzə müəllim ayağa durub hamilə jurnalistin bətnindəki “rebyonok”un sağlığına qədəh qaldırdı.
Ömrümdə ilk dəfə idi ki, içki məclisində hamilə qadın görürdüm. Doğrudur, o içmirdi, amma heç kimdən utanıb-çəkinmirdi də! Bətnindəki uşağın sağlığına qədəh qaldırılanda şaqqanaq çəkib güldü, Mirzə müəllimi qucaqlayıb öpdü. Sevincdən az qala uçacaqdı...
Mən pörtmüşdüm.
Başımı qatmaq üçün əl atıb bir gavalı götürdüm. Əlim necə titrədisə, gavalı yerə düşdü və yumalanaraq stoldan aralandı. Baxışlarımla gavalını şkafın atında itənəcən izlədim. Mirzə müəllim qarışıq hamının gavalıya baxdığını hiss edəndə isə özümü tamam itirdim. Cəld konyakı (bəlkə likörü, bəlkə viskini) axıracan başıma çəkdim. Mirzə müəllim mənə baxıb qəribə tərzdə gülümsədi...
İçkinin təsirindən utancaqlığım yavaş-yavaş keçdi, əllərimin əsməcəsi kəsildi.
Qonaqlar gedəndən sonra Mirzə müəllimlə şahanə bir söhbətim alındı. O, təbii və sadə, hətta sadəlövh olduğumu görüb mənimlə dostlaşmışdı, olduqca səmimi danışırdı. Diktofonu bağlayandan sonra da bir-iki qədəh içdik, Mirzə müəllim eşq macəralarından danışdı mənə. Mərhum həyat yoldaşının fotoşəkilini göstərdi. Çox gözəl qadınmış...
Şəkli göstərəndə də Mirzə müəllimin pörtdüyünü və əllərinin əsdiyini hiss etdim.
Ən axırda köynəyinə çox baxdığımı görüb məni öz qarderobuna apardı, enli, hündür şkafın güzgülü qapısını sürüşdürüb yüzlərlə köynək göstərdi və inandırmağa çalışdı ki, evdə cırıq-sökük paltarlarda daha rahat olur.
Mənimsə yadıma başqa bir əhvalat düşdü.
Mirzə Babayev bizim qonşu kəndə konsert verməyə gəlir. Feodal-patriarxal düşüncəli dağ adamları bu “yüngül ağsaqqalı” elə də sevmirdilər. Ona görə kəndin ən “ağır ağsaqqal”ı Mirzə müəllimi yanına çağırıb deyir: “Söz ver ki, “Kəpənək” mahnısını oxumayacaqsan, camaatı konsertə buraxaq!”
Mirzə müəllim əvvəlcə ürəkdən gülür, sonra isə ağsaqqalla razılaşır...