Bir haykunun tarixçəsi - Qismət

Bir haykunun tarixçəsi  - Qismət

27 İyun 2024 12:02 189


Görkəmli yapon şairi Basyö 1681-ci ildə inzivaya çəkilir; beş il sonra, 1686-ci ildə, ustadı Butço tələbəsi Qohei ilə onu ziyarətə gəlir.

Görüşdə Basyönün də bəzi tələbələri iştirak edir. Basyönün bağını ilk dəfə görən Qohei belə deyir: "Bu sakit bağçada bütün bitkiləri, bütün ağaclarıyla necə də Buddanın cövhəri var!"

Basyö cavab verir: "Böyük yarpaqlarda böyüklüyü, kiçik yarpaqlarda kiçikliyi ilə..."

Ustad Butço söhbətə qoşulur: "Bəs indilərdə necədir?"

Basyö deyir: "Yağış kəsib, yosunlar yaşıllaşır."

Ustad Butço soruşur: "Bəs Buddanın cövhəri yosunlar yaşıllaşmamışdan qabaq necəydi?"

Deyilənə görə, bu məqamda bir qurbağa suya tullanır və Basyö belə deyir: "Qurbağa hoppandı, suyun səsi."

Rahiblər heyrətlənir, tələbələrdən biri deyir ki, ancaq ilk misra kəmdir. Basyö deyir, nə təklif edirsiniz? Biri "Axşam düşür", bir başqası "Tənhalıqdakı", digəri "Dağ çiçəkləri" misrasını təklif edir.

Basyö deyir, bu misraların hərəsi vəziyyətin bir tərəfini yaxşı ifadə edir, ancaq mən belə deyəcəm:

Köhnə hovuz.
Qurbağa hoppandı.
suyun səsi.

Bir vacib məqam daha... Basyöyə inzivaya çəkilmək üçün daxmanı hədiyyə edən tələbəsi Sanpu balıq taciri olub, bağçadakı "köhnə" hovuz əvvəllər ovlanmış balıqları diri saxlamaq üçün istifadə edilirmiş. Belə-belə işlər...

Bu üç misra haqqında cild-cild kitab var, ancaq tükənmir ki tükənmir...