YeniYaz.Az gənc şair Həsən Kürün şeirlərini təqdim edir.
Şükür, şükür, çox şükür
Biz irəli gedirik
Səngiməyir top səsi
Yaralanan dostumun
Gedir gəlir nəfəsi
Şükür, şükür, çox şükür!
Yoldaşıma zəng gəlir
Anasıdır deyəsən
Qırıq-qırıq səs ilə
Deyir ki, ölməmişəm,
gecə rahat yatmışam
yeməyimi yemişəm.
Yoldaşım danışdıqca
Yorğun gözləri yerə
Gilə-gilə yaş tökür.
Sonra anası deyir:
- Səni verənə şükür
Şükür, şükür, çox şükür!
Yalan dedi, şahidəm,
Nə düz əməlli yeyir,
Nə isti yerdə yatır.
Ömründə ilk dəfədir
Anasını aldadır.
Yatağı buz olsa da,
Dili susuz olsa da
Ölməyibdi yaşayır.
Ölməyibdi amma ki,
Sol qolunun üstündə
Kiçik qəlpə daşıyır.
Hərdən açır sarğını,
Baxır və gülümsəyir.
"Bu Vətənin uğrunda
Nəsə etmişəm" deyir
Şükür, şükür, çox şükür!
Sonra evə qayıtdım
İki gitarist oğlan
Bildiyi mahnıları
Uca səslə oxuyur.
Onların gözlərində
İndi hamı xəsisdi.
Gitara sandığına
Mən də heç nə atmıram
Birinin səsi pisdi
Balıqçı gəmisi də
Tək qoydu ləpələri
Gün qaralar-qaralmaz
Yanımdakı tabloda
Bu sözlər yazılmışdı
"İntihar etmək üçün
dənizə girmək olmaz"...
Orda uşaq var idi
Hörüklü qız uşağı
Yaşı doqquz-on olar.
Dənizə yalvarırdı
"Atama de qayıtsın
ona ehtiyacım var"
Ondan utandım, Allah
O balaca uşaqdan.
Gözündəki həsrətdən
Ürəyindəki dağdan.
O uşağın dilindən
Elə sözlər eşitdim.
Hamımızın yerinə
Dənizə nifrət etdim.
Sonra evə qayıtdım
Keçdiyim məhəllədə
Bir mənzərə var idi
Yadımdadır hələ də.
Dörd mərtəbəli bina
"Antena"lı köhnə dam
Üstünə bir quş qonub
Bir də yarımcan adam.
Özünü tullamağa
Bir az gücü çatmırdı
Bir az də cəsarəti.
Bir yığın bekar adam
Doldurmuşdu həyəti.
Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb
Özünü atar indi.
Bir neçə gənc jurnalist
Yeni xəbər var deyə
Gizlicə sevinirdi.
Sonra bir qadın gəldi
Əllərini qaldırıb
Xeyli göz yaşı tökdü.
Dedi: "Gəl gedək evə,
Allah özü böyükdü!"
Allah onu bağışla
Yoldaşının gözündən
Axan yaşa bağışla.
Al onun dərdin, qəmin
Dağa, daşa bağışla.
Bağışla sahildəki
Səndən acığı gələn
Saçı hörgülü qızı.
Nə qədər ölməmişik
Bağışla hamımızı
Xəmiri əllər
Bir səhərin sübh çağı
Hamı əl-ələ verib
yuxuna haram qatar -
Katibə zəng vurar ki,
İşdən çıxarılmısan.
Nişanlın, mesaj-mesaj
Başının ətin yeyər:
- Səninləyəm, cavab ver!
Axşam harda qalmısan?
Anan girər otağa,
Pəncərəni açar ki,
boğulmasın tüstüdən...
Araq şüşəsi tapar
Döşəyinin üstündən.
Cırıldayan yatağı
Əsəblə silkələyər -
"Ay alkaş oğlu, alkaş
yenə içmisən?" deyər...
Qışqırar əsəbindən,
Xəmirli əlləriylə
Sinəni yumruqlayar.
İçini çəkə-çəkə,
Uşaq kimi ağlayar.
Qaçasan otağından,
Hirs soyutmaqdan ötrü
Qapını bərk vurasan,
Küçənizdə can verən
itə təpik vurasan.
Qaçasan, sən qaçdıqca
Uzaqlaşa yol hələ.
Aclıq vurar təpənə
Dönərçiyə deyəsən -
"Zəhərini bol elə".
Bədbəxtlikdən içindən
İynə çıxmaz çörəyin.
Kredit şöbəsindən
Bahar xanım zəng edər:
"Müəllim, sağsınızsa,
Borcunuzu ödəyin!"
İri-iri addımlar
Ata səni sahilə.
Yerdən bir daş götürüb
Keçirəsən boynuna,
Qulağına səs gələ...
Bu yaşlı kişi kimdir?
Kövrək səslə qışqırır:
"Etmə qurbanın olum
Əgər pulun yoxdursa,
Gəl mən sənə verim, var.
Əgər evin yoxdursa,
Bir nəfərlik yerim var.
İş də taparam sənə
Köhnə bir tanışım var,
hamıya iş düzəldir.
Ölmə, qurbanın olum,
Axı həyat gözəldir!"
O yaşında adamın
Yaşamaq məhəbbəti
Sanki güc verər sənə.
Çıxarıb boynundakı
yarım kiloluq daşı
Qayıdasan evinə.
Anan qaça qapıya
Daş izi qalan yerdən
Boynunu qucaqlayıb
Deyər: "Yaxşı ki, varsan.
mən səni bağışladım,
sən də bağışlayarsan..."
***
Yıxmağa çox çalışdılar
Deyə-deyə - Aş! Kəsdilər...
Qurumamışdı qabığım,
Budağımı yaş kəsdilər.
Baxın! Yaxşı-yaxşı baxın!
Mən külüyəm bir ocağın
Didib ürəyimin dağın,
Qəbrim üçün daş kəsdilər
Ölüm e , bir söz demirəm
Torpağı insanlar bəslər.
Yadındadı sentyabr?
Bitdi bütün atəşkəslər,
Mənim yol çıxdığım kəslər,
Dava edib, baş kəsdilər.
Yaxşı xatırlayın uşaqlar məni
Harda azdıracaq bu yol görəsən
Hara aparır bu ayaqlar məni.
Anacan dua et, əgər etməsən
Qovar Allahacan günahlar məni
Mən ölsəm bəxtimin bəxti açılar
Dilimin altında neçə söz ölər
Birdən mən qalaram, anam tez ölər
Tanımaz güzgülər, daraqlar məni
Yox ana, sən ölmə, sən əbədi qal
Ver öz kəfənini sərim yerimə
Arada nəfəs al mənim yerimə
Bilməsin ölmüşəm budaqlar məni
Ay Allahsız fələk, əlin qırılsın
Çəkmə o kədərin yaxşı yerindən
Payın artıq olsun, yemirəm toxam.
Mən bu gün varamsa, sabah da yoxam
Yaxşı xatırlayın uşaqlar məni.