Qarışqa
"Yerin-göyün Tanrısı" silsiləsindən
Mahir N.QARAYEV
I
Hər şeyi bilən Allah!
Qaranlıqda ayağımın izini görən Allah!
Mən bir qara qarışqayam -
Səndən bircə qarışdayam,
Səndən bircə qarışda...
Yüküm çəkimdən ağırdı -
fil də çəkməz mən çəkdiyim bu yükü;
Yolum təkcə bu cığırdı -
bu cığırın mən bilirəm hər cikini-bikini...
Fələk qarğamış kimiyəm -
qar-qamıştək bitdiyim bu cığırda;
Bir qara qarğış kimiyəm -
qar-yağıştək əridiyim, itdiyim bu çuxurda...
Bu çuxurda hamı məndən iridir -
mən hamıdan sısqası;
Bu cığırda hamı məndən diridir -
mən hamıdan ölüvayı, axsağı...
Halım yoxdu
çığırmağa-bağırmağa,
çağırmağa dilim yoxdu -
haqqım yoxdu cınqırımı çıxarmağa...
Ağır-ağır bu yerişlə,
fağır-fağır bu duruşla,
varım-yoxum bu qəpiklə, bu quruşla -
mən bir həqir qarışqayam,
mən bir fəqir qarışqa...
Yol getməyə başqa yol yox yolumda,
olan yolum - bu cığırdı, bu cığır;
Bu cığırdı əvvəlim də, sonum da,
nə karəyəm cızığımdan - cığırımdan çıxmağa?!
Bu cığırdı mənim solum-sağım da,
sağım-solum - bu cığırdı, bu cığır;
Heydən düşüb əlim də, ayağım da -
gücüm yoxdu bu cığırın axırına çıxmağa...
II
Mən bir qara qarışqayam,
mən bir kifir qarışqa -
mən gözlərə fil görünən ufaq, tifil qarışqa...
Mən bir tifil qarışqayam,
qarış-qarış boyum yox;
Hər yerdə, hər qarışdayam,
heç yerdə heç nəyim yox...
Mən hamıdan aşağıyam,
mən hamıdan dərində -
cığırımın sonundayam, çuxurumun dibində;
Quyumu dərin etmisən -
əlim çıxıb ipindən;
Dualarım çatmır sənə
bu çuxurun dibindən...
Kimsədən diləyim yoxdu,
kimsədən gileyim yox;
Yer üzündə yerim yoxdu,
Göy üzündə göyüm yox -
mən bir veyil qarışqayam,
mən bir səfil qarışqa...
Səfil-səfil, veyil-veyil,
nə yerdə, nə göydəyəm;
Yaratdığın gündə deyil,
unutduğun gündəyəm!
III
Bir ayrısı, özgəsi yox
bu kökdə, bu biçimdə:
Varlığımın kölgəsi yox
yoxluğumun içində!
Nə azımdan əsər qalıb,
nə çoxumdan xəbər var;
Nə sözümdə kəsər qalıb,
nə canımda təpər var.
Nə çölüm var - baxıb-baxıb
özgə yansın çölümə;
Nə içim var - yanıb-yanıb
çevriləm öz külümə!
Bükülməyə bel nə gəzir,
dikəlməyə qıçım yox;
Sürünürəm dizin-dizin,
yeriməyə gücüm yox.
Göz açandan batıb qalıb
səsim çıxmır içimdən;
Gör haçandan batıb qalıb
sözüm çıxmır içimdən.
Ogün-bugün
içimdədir son sözüm,
dilimin lap ucundadır son sözüm;
ha çığırım bu çığırda,
ha bağırım bu çuxurda -
qopub düşmür lal dilimin ucundan!
Hər şeyi bilən Allah!
Qaranlıqda ayağımın izini görən Allah!
Ayağımın izi yoxdu,
buynuzlarım içimdə;
Bir ayrısı, özgəsi yox
bu kökdə, bu biçimdə!
IV
Ovçum Sənsən,
ovun mənəm -
qolumda qandal yarası,
canımda çarmıx həvəsi...
Dustağın,
girovun mənəm -
kürəyimdə ağır xaçım,
qulağımda azan səsi...
Mən bir qara qarışqayam -
qanad açıb uçmayan;
Səndən bircə qarışdayam -
hara qaçam-qaçmayam?..
Başım üstdə dar ağacım,
boğazımda ilgəyim;
Darta bilmirəm bu xaçı -
ovuclarım göynəyir...
Qarnım ac,
qanadım qırıq,
üstüm-başım çirklidir;
Bircə qarış aralı dur -
cındırımdan cin hürkür!
V
Qovan Sənsən -
daş götürüb, ha qovduqca qovan Sən;
Qaçan mənəm -
baş götürüb, ha qaçdıqca qaçan mən...
Dırnaqlarım qopuq-qopuq,
topuqlarım didilmiş;
Dizim gömgöy, çapıq-çapıq,
lələklərim ütülmüş...
İstim-tüstüm
çıxa-çıxa təpəmdən
təpərimdən damcı əsər qalmayıb;
daş qalmayıb atılmasın dalımca,
qanadıma tuş gəlməyən bircə kəsək qalmayıb!
Bircə hovur
nəfəsini dərmədən,
bircə kərə büdrəmədən, durmadan
qovan sənsən - gah o, gah da bu küncə;
Bu qan-tərin,
bu tər-qanın içində,
qəfəs-qəfəs bu zindanın içində
qaçan mənəm - çərləyincə, ölüncə!
Ovunmağa
zərrə qədər ümid yox -
qovulmaqdan canımda hey qalmayıb;
Dağ qalmayıb mən aşmayan,
düz qalmayıb mən keçməyən -
mən uçmayan bir tikə göy qalmayıb!
VI
Qovan Sən,
qovulan mənəm -
kəsilən, soyulan mənəm;
qarışqatək qanı axan,
quş kimi sağılan mənəm!
Qovan sən,
qovulan mənəm -
uçmaqdan yorulan mənəm;
qarışqatək təzə qanad çıxaran,
quş kimi qanadı qırılan mənəm!
Bu ağ varaq qaşdan-qaşa uçunca -
daşlanan mən, tapdanan mən, qaçan mən;
Bu son yarpaq qırılınca, düşüncə -
son şairin ruhu kimi göy üzündə uçan mən...
VII
Sən - başqasan,
Mən - başqayam;
Mənim yerim ayaqdadır, Sən - başdasan!
Sən bəndənin Allahısan,
Mən Allahın bəndəsi;
Sən - Tanrısan, mən - bir ufaq qarışqayam...
Özün seçdin bu yolu Sən,
bu yol Sənin yolundur;
yol üstündə hər nə varsa, qolubağlı qulundur...
Qolubağlı bir qulunam,
dayanmışam yolunda -
gözləyirəm, Tanrım gəlib yoldan haçan keçəcək;
Uzaqbaşı gəlməyəcək,
keçməyəcək bu yoldan,
keçəndə də öz qulunu tapdayacaq, keçəcək...
Mən - Allahın bəndəsiyəm,
Sən - bəndənin Allahı;
Tanrısına qul olanın nə qorxusu, nə dərdi?!
İndi durub nə deyəsən,
neyləyəsən Sən axı?! -
özün seçdin bu yolu Sən, özün kəsdin bu şərti...
Şahə qalxmış at kimisən,
dəmir nalın pud kimi -
Dırnağından od tökülür hər yala, hər yalmana;
Ürəyimdə çat kimisən,
kürəyimdə yük kimi -
ilan kimi dil çıxarıb mənəm sənə yalmanan...
Sən - tapdayıb ucalansan,
Mən - tapdanıb kiçilən,
kiçildikcə içimdəki tifil Tanrı filləşir;
Qarışqaya dönən filəm
ayağın altında mən -
ayağının altına bax, gör əlinə nə keçir...
Gör əlinə nə keçəcək
qarışqadan, ya fildən -
bəs gözünə özün boyda Tanrı dəysə qəfildən?!
“Ədəbiyyat qəzeti”