Bu da təzə payız, təzə yağışlar - Əlizadənin yeni şeirləri

Bu da təzə payız, təzə yağışlar   - Əlizadənin yeni şeirləri

19 Sentyabr 2022 11:03 498


YeniYaz.Az tanınmış şair Əlizadə Nurinin yeni şeirlərini təqdim edir.

Üfüqləri kim çəkibdi tarıma?..

Ürəyimi görməmişəm, nə bilim
Bəlkə elə damar yeri ağrıyır?
Bu dünyanın əyri üzü ağrımaz,
Bu dünyanın hamar yeri ağrıyır.

O qoca da atıb getdi qarısın,
O qarı da yarı adam, yarı su…
Köhnə yaram bu təzəni sarısın -
Canımdakı qubar yeri ağrıyır…

Bu ağ çiçək bəlkə sənin əl izin?
Qoy o günəş gözlərində ərisin…
Barı bir yol adımı çək, əzizim -
Adımdakı qabar yeri ağrıyır.

Dağlara bax, - şəst ələnib, elə bil,
Bu yağışlar bəstələnib, elə bil…
O ağac da xəstələnib elə bil,
Yarpaq yeri, ya bar yeri ağrıyır?

Üfüqləri kim çəkibdir tarıma?
Aman bulud, için-için zarıma.
…Əllərimi göndərmişəm yarıma
Eşitmişəm tumar yeri ağrıyır…

Sən yoxsansa, bəs nə var?!..

Bəlkə ay da danışır -
Nə olsun, səs eləmir?
Bəzən xoşbəxt olmağa
Xoş gün də bəs eləmir.

Od aldı o laləmi,
Dağlar çəkdi naləmi…
Mən istəyən aləmi
Dünya əvəz eləmir.

Nə qayıq var, nə avar,
Sən yoxsansa, bəs nə var?!..
Sənsiz bu çöl, bu hava
Tək bir nəfəs eləmir…

Şəhid şeir

Cəbhədə balası ölmüş
bütün analar şəhiddi.
Şəhiddi - o qızın barmağında ağlayan
nişan üzüyü.
Şəhiddi - həlak olmuş əsgərin
cibindən tapılan sevgi məktubu.
Şəhiddi - cavan əsgərin
ayağından düşüb qalan
bir tay ayaqqabı.

Şəhiddi - yarasından qan daman
boynubükük arzular…

…Şəhidi bağrına basan
beş qarış torpaq da şəhiddi.
Şəhiddi - yuxusu qaçan o ev də…
Bir cüt qərənfil qoyun
bu şeirin üstünə -
Bu şeir də şəhiddi…

Dərs

Yol yerimək öyrədirdi axsaq uşağa…
Ağ göyərçin balasına uçmağı,
qara bulud topasına yağmağı öyrədirdi göy üzü..

…Qayalar bərk olmağı,
Sevgilər yumşalmağı öyrətdi bizə.
Sular durulmağı,
Kəpənəklər vurulmağı öyrənirdi…

…Bu dünyaya
darıxmaq öyrənməyə
Gəlmişdi adamlar.
Yalan həqiqətə dərs keçirdi -
Ayaqda dura bilsin deyə.

Soyuq otağın küncünə qısılan
qızcığaz
Günəşin şəklini çəkmək öyrənirdi…

Milyard ildi adamlar
Allahın yerini öyrənməyə
can atırdı hələ.
Quş dili bilən Süleyman
adam dilini
Öyrənə bilmirdi ki, bilmirdi…

…Bir gün də məktəbə getməyən
O qoca
Alın yazısını oxumaq istəyirdi…

Payız serenadası

Payız barmaqları ucunda gəldi,
Xəbəri olmadı çöl quşlarının.
Keçən payızdan da yadigarım var -
Yığıb saxlamışam yağışlarını.

…Bu da təzə payız, təzə yağışlar,
Görən o quşlara bir dam aldılar?
Çıxdım bir ağaca salam verməyə,
Yarpaqlar yüz yerdən salam aldılar.

Özümü payızın üstünə atdım,
Uzaqdan dəniz də gözə dəyirdi.
Körpə göyərçinin ac dimdiyində
Bir buğda dənəsi gülümsəyirdi…

Gün də soyumuşdu, küsmüşdü sanki,
Dünənki yandırıb-yaxan deyildi.
Görən nə olmuşdu bənövşələrə,
Onlar ki bu sayaq baxan deyildi.

…Bir qızın saçları axırdı çaya
Tellər axacaqdı, çay axacaqdı.
Qızın gözəlliyi bəlkə bir azdan,
Bu axan çayı da saxlayacaqdı…

Ağzına su alıb… susub dəniz də,
Mən necə dindirim dənizi indi?
Gördüm ağıllısı suya daş atır,
Görəsən neynəyir dəlisi indi?!

…Yenə şairliyi tutub yağışın,
Bəlkə bu yağışla deyişim, gəlim?
Görəsən neynəyir islanan çiçək?
Gedim paltarını dəyişim, gəlim…

Yorğunluq

Yorulmuşam, deyəsən,
Bu ömürdü, ya dağdı?
Dünya nə boydadı ki? -
Bir darısqal otaqdı.

Allah göydə deyilsə,
Bu göy kimin göyüdü?
Kimdə artıq dərd qalıb,
Versin bir az böyüdüm…

Gülü güllələdilər,
Dik tutmuşdu başını.
Dünyanı kim ağladıb,
Yığsın bu göz yaşını…

Ya yer verin, itim mən,
Ya ov verin ovçuya.
Ovcumu boş görəndən
Quş da qonmur ovcuma.

Ömür hara gedirmiş?
Bir az yubatmışam mən.
Hamıdan uzaqlaşıb,
Özümə çatmışam mən.

Yanımda su da yoxdu,
Bəs mən hansı adayam?
Get, o bayquşdan soruş
Hansı xarabadayam…

Bu sonuncu güllə də,
Son ümidə tuşlanıb.
Bir dəfə süfrə açıb,
Çağıram ac quşları…

Kimin əlindəyəm mən,
Əgər ixtiyaramsa.
Cənnətin nə günahı,
Cəhənnəmdə varamsa?..

Ölü balıqlar düşür,
Atdığım hər qırmağa.
Bir nəfəslik səs qalıb
Allahı çağırmağa…