Bu da uçurum - Bahəddin Həzi yazır...

Bu da uçurum   - Bahəddin Həzi yazır...

17 Aprelel 2023 15:17 308


Şair Shahriyar Del Geraninin hesablamasına görə ölkədə 250 min kitab oxumalı olan insan var. Oxuya bilən yox ha (oxuya bilən milyonlarladır), oxumalı olan. Həkimləri, müəllimləri, jurnalistləri, tələbələri, mədəniyyət işçilərini və sair hesaba alıb. Ancaq, məsələn, vəkil bəlkə də hamıdan çox oxumalıdır. Müvəkkilini daha yaxşı müdafiə edə bilmək üçün. Prokuror da oxumalıdır, ittiham aktını daha düzgün əsaslandırmaq üçün. Siyasətlə məşğul olanlar, ümumiyyətlə, gecə-gündüz oxumaq zorundadır.

Bizim iqtidarlı-müxalifətli siyasətçilərimizin çoxu elə bilir onun işi, sadəcə, danışmaqdır. Orası düzdür ki, danışmaq da onun işinin önəmli bir hissəsidir. Ancaq danışmaq üçün oxumaq da lazımdır axı. Yox, beş-on siyasi liderdən və ictimai fəaldan başqa, demək olar, kitab üzü açan yoxdur. Beş-on rəqəminə etiraz olacaq. Yaxşı, olsun lap beş-on min. Amma partiyalar var ki, deyir, on minlərlə üzvü var, yüz minlərlə təəssübkeşi var və sair. Siyasət, ictimai sektor oxumaq, dayanmadan oxumaq tələb edən sferalardır.

Bizdə iqtidar elə bilir ki, kim ingiliscə bilirsə, o, hər şeyi bilir. Üstəgəl Bravo hipermarketində 3-5 il yox, lap 3-5 ay iş stajı, artıq hazır nazirdir. Həm də hazırın naziri. Müxalifət də elə bilir, Azərbaycan dilində yaxşı danışa bilirsə, hər şeyi deyə bilir. "Yaxşı danışmaq" deyəndə yotube-da ya söyüş söymək, ya da pafos püskürmək nəzərdə tutulur daha çox. Amma hər şeyi deyə bilmək hələ siyasət deyil axı. Hər şeyi bilmək mümkün deyil. Çox şeyi bilmək üçün də çox oxumaq lazımdır. Siyasətdə ən başlıcası isə, dediyini eləmək, elədiyini demək bacarığıdır.

Onları da keçdim. Orta məktəbin yuxarı sinif şagirdləri nə oxuyur? Oxuyurmu?! Yoxsa ən yaxşı halda təkcə elə dərs oxuyur?! Biz orta məktəbdə oxuyanda kəndimizin kitabxanasından kitab götürürdük. Dərsdən əlavə. Ədəbiyyat müəllimimiz də siyahı verirdi ki, filan kitabları mütləq oxumaq lazımdır. Kitabxanaçı Rəfiqə xala hansı sinifdə oxuduğumuzu soruşurdu. Aşağı sinifdə olanlara həftəyə 1-2 kitabdan çox vermirdi. Oxuduğumuz kitabı qaytaranda da bizdən kitabın məzmununu, ordakı obrazları, süjetini soruşurdu. Bilmədinsə, oxumadığın kitabı təzədən verirdi. Ya da kitab sayını azaldırdı ki, oxumamış qaytarmayasan kitabları. Varmı belə bir yanaşma, sistem? Yox. Körpə uşaqların da başını smartfonla, planşetlə qatırıq. Həm gözünü xarab edirik kiçik yaşlardan, həm məntiqinin formalaşmasına imkan yaratmamış oluruq.

Kitab təkcə bilik vermir axı. Ruhu da qidalandırır, fikri də cilalayır, hissiyyatı da itiləyir. Kitab oxuyanda sevindiyiniz, heyrətləndiyiniz, yaxud kədərləndiyiniz hallar olubmu? Olub. Sənə ya elə gəlib ki, sanki bu kitabı sən özün yazmısan, ya da sənin haqqında yazıblar. Əsərdəki obrazlarla birgə sevinmisən, birgə üzülmüsən. Həyatı dolu-dolu yaşamısan. Mən hələ bədii ədəbiyyatı nəzərdə tuturam, elmi-kütləvi və sair kitabları demirəm. Amma, yox! Biz tik-tok nəsli yetişdiririk; aşağı ayarlı, sıfır dəyərli vizuallara əsir düşən nəsillər... Oxuyan düşünən, öyrənən deyil, baxan, görən, əylənən kütlə. Küt-lə! Altını cızaraq bir daha deyim: oxuyan və düşünən deyil, baxan və görən. İfrata varanda sözün yaxşı və pis mənalarında gözü ilə görənlər sürüsü yetişir və bir də baxırsan ki, efirdəki vay-şüvən proqramlarının birində kişi çıxıb hərşeyşünas-fövqəlqadir aparıcıdan mədəd umur. "Gecə-gündüz tik-tokdan çıxmırdı, axırda uşaqları da atıb, başqasına qoşulub qaçıb. Nooolar, arvadımı qaytarın da!" deyibən zar-zar ağlayır...

Şair Qismət Rüstəmov gözəl deyib: "...Çatdıq. Düş. Bu da uçurum".

Biz də bax o uçuruma doğru sürətlə gedirik. Ya da çatmışıq artıq, düşürük. Bəlkə də düşmüşük...

P.S. Şəhriyar qardaşımıza demək istədiyim isə budur: Şair, biz kiçik tirajlar ölkəsiyik. Danışanda 10 milyonluq ölkədən, 50 milyonluq xalqdan danışırıq. Ancaq 10 milyonluq ölkəyə, 50 milyonluq xalqa biri 10 manatdan 50 kitab sata bilməzsən. Düzdür, kitab oxuyanların sayı artır. Həə, əsas sual da budur: necə artır?! Raket əsrində tısbağa sürətilə!

Bircə robotlar gəlib özünü yetirsəydi; süni intellekti kitab oxumağa proqramlaşdırardıq, yazıçılar da kitabdan dolanmağın səfasını sürərdi.

Bax, görürsünüz, ağlamalı günümüzə hələ bir gülürük də...