Bütün dünyanın ən dərin, ən güclü əsəri - Fəxri Uğurlu

Bütün dünyanın ən dərin, ən güclü əsəri   - Fəxri Uğurlu

07 Noyabr 2023 16:56 569


İman cəngavəri, əxlaq zadəganı

Migel de Servantesin “Lamançlı Don Kixot” romanı haqqında

Bütün dünyada bundan dərin, bundan güclü əsər yoxdur. Bu, hələlik insan fikrinin ən son, ən böyük sözüdür, bu, insanın ifadə eləyə biləcəyi ən acı bir istehzadır. Bir gün yerdə məhşər qopsa, bəşəriyyət Allahın qarşısında hesabat verəsi olsa, insan oğlu Don Kixotu üzünə tuta bilər.

F.M.Dostoyevski

Əgər Hamleti hərəkətə gətirən qüvvə şübhədirsə, Don Kixot cəngavərlik səfərlərinə inamın ətəyindən tutub çıxır. Böyük ispan yazıçısı, filosofu Migel de Unamuno əbəs yerə onu “inam cəngavəri” adlandırmır. Burada hərflərin yerini dəyişib “iman cəngavəri” də demək olar.

Don Kixotun səfərləri ruhani səfərlərdir, onun cəngavərliyi İsa peyğəmbərin, İmam Hüseynin, Həllac Mənsurun, Nəsiminin cəngavərliyi kimi mənəvi xarakter daşıyır. Don Kixot maddilikdən arınmış, köynəyini soyunmuş ruhdur. Onun macəraları haqq aşiqinin, divanə ruhun sərgüzəştləridir.

Don Kixotun şər qüvvələrə bənzədib üstünə şığıdığı yel dəyirmanı çərxi-fələyin obrazıdır. Zərbə dalınca zərbə alsa da, fiziki aləmin qanunları qarşısında zəbun olsa da, işıq savaşçısı, inam cəngavəri əqidəsindən dönmür, şübhəni, küfrü, bədbinliyi özünə yaxın buraxmır. Anlaşılan budur ki, ruh dediyimiz varlıq elə həqiqətin, gözəlliyin, xeyirin özüdür, onun yanlış yol tutmaq, başqa varlığa çevrilmək, ayrı qanunlarla yaşamaq imkanı yoxdur.

Silahdaşıyan Sanço Pansa Don Kixotun cismi, onu real aləmə bağlayan bioloji alətləri – əllərini, gözlərini, qulaqlarını, ağlını, başqa sözlə, insan bədəninə məxsus yaraq-əsləhəni daşıyandır. Don Kixot ideal dünyada, Sanço Pansa real dünyada yaşayır. Nə qədər nataraz, kobud, köntöy olsa da, bədən özünü ruha təslim eləyib onun yedəyində sürünür, ona sədaqətlə qulluq göstərir. Eynən toboslu Dulsineya da Don Kixotun ideal sevgilisinin idealdan çox-çox uzaq bədəni, Rosinant – onun ideal atının qanadları qırılmış gövdəsidir.

***

Qəmgin cəngavərin prototipi İsa Məsihdir. Don Kixot on altıncı əsrin əvvəlində İspaniyada, intibah həyatsevərliyi, renessans optimizmi müstəvisində zühura gəlmiş xristian peyğəmbəridir. Servantesin yozumunda İncil motivləri komik planda təqdim olunsa da, kədərlə sevincin bir-birinə bu qədər möhkəm sarmaşdığı başqa kitab tapmaq çətindir. “Don Kixot” romanındakı kədər də, sevinc də ruhani mahiyyət daşıyır, yəni bir-birinə qarşı duran düşmən qütblər kimi yox, həqiqətin ideal aləmdə barışıb qardaşlaşmış, bəqa bəzmində vəhdət məqamına yetmiş iki üzü, bir cüt sifəti kimi təzahür eləyir.

Don Kixot həyatı xeyirlə şərin savaş meydanı, özünü də bu savaşın qəhrəmanı kimi qavrayır. Onun zədəli, miskin, sınıq-salxaq reallıqları ideal ucalığa qaldırmağa qadir baxışları var. Don Kixotun ideal aləmdən real aləmə zillənmiş nəzərləri bu dünyanın qabığını deşib keçib varlığın mahiyyətinə nüfuz eləyir, məxluqatın qəlbinə toxunur. Gerçəkliyin namərd, xain əliylə ideal aləmdən qoparılıb real dünyaya qayıdanda onun həyat eşqi sönür, yaşamaq ondan ötrü mənasını itirir. Yer üzünə ruhani səfərini başa vuran cəngavər dirilik səltənətinə, qeyb aləminə çəkilir, bununla da kometa kimi yanıb sönən parlaq bir ömrün çevrəsi qapanır.

***

Don Kixotu Şərq ürfan poeziyasının Məcnunuyla yan-yana qoysaq, onların bir-birinə əkiz qardaşlar qədər bənzədiyini görərik. Hər ikisi ilahi eşqin qüdrəti sayəsində, Platonun təbirincə desək, ideyalar aləminin, Aristotelin istilahıyla ifadə eləsək, metafizik aləmin real, fiziki dünyadakı nişanələrini, işarələrini fəhmlə qavrayır, gizli ilahi kodları çözüb oxuyur, baxışlarının, təxəyyülünün gücüylə maddi-cismani aləmi mənəvi-ruhani aləmə layiq bir şəklə salmağa çalışır. Hər ikisi şübhə tələsindən, tərəddüd körpüsündən yan keçir, inandığına sona qədər inanır, sevdiyini heç bir qeydsiz-şərtsiz axıra qədər sevir. Hər ikisi tək şübhədən yox, qorxudan da məhrumdur. Məcnun ətrafına yığılmış vəhşilərin nəfsini oyatmadığı kimi, qapısı açıq qəfəsdəki şir də Don Kixota hücum çəkmir. Qorxudan arınmış bədən cismani cazibəsini, xassəsini itirir, ruh qabına, könül qəfəsinə çevrilir.

Məşhur Şərq pritçası yəqin hər kəsə bəllidir: bir gün xəlifə əmr verir ki, Leylini tapıb onun hüzuruna gətirsinlər. Baxsın görsün, Qeys kimi bir oğulu dəli eləyib çöllərə salan bu qız axı necə qızdır, nə möcüzədir? Qızı gətirirlər, xəlifə onun camalına baxanda pərişan olur: bunun ki o biri gözəllərdən bir fərqi yoxdur! Cavabında Məcnun xəlifəyə deyir: sən ona mənim gözümlə bax. Yəni bəsirət gözüylə – iki gözünlə yox, üçüncü gözünlə, ruhunun nəzəriylə bax, ona altıncı duyğu orqanınla toxun, onda mənim gördüyümü, duyduğumu sən də görüb duyacaqsan…

Eynən Don Kixotun da gördüyünü kimsə görmür, onun varlığın yaxasını açan, dünyanın qabığını çatladan nəzərinin hansı dərinliyə işlədiyini heç böyründəki Sanço Pansa da bilmir. Buna görə də xəyalı göylərdə uçan ağasının yerdəki səlahiyyətli nümayəndəsi, ayağının altına baxan bir cüt gözü kimi Sanço hər dəfə onun səhvini düzəltməyə, onun təsəvvürüylə gerçəklik arasında rabitə yaratmağa çalışır.

İntuisiya seli Don Kixotun beynini yuyub aparıb, başqa silahlarıyla birgə o, ağlını da Sançonun boz eşşəyinə yükləyib. Qəmli cəngavər düşünmür, Hamlet kimi götür-qoy eləmir. Onun artıq düşünməyə ehtiyacı qalmayıb, o bilir ki, ruh ağıldan çox bilir, özü də saf ruh kimi nə eləyirsə düz eləyir. O, rasional yox, irrasional varlıqdır, Don Kixot hər cür düşüncənin fövqündə duran məxluqdur. O düşünmür, əməlinin nəticəsini gözünün altına almır; o, haqsızlıq gördüyü hər yerdə düşünmədən, yubanmadan hərəkətə keçir.

Sanço Pansa Don Kixotun antipodu olduğu kimi, onun boz ulağı da Rosinantın yerlə sürünən kölgəsidir. Eşşək nə qədər zəhmətkeş, sədaqətli olsa da, hələ heç kəs ona qanad taxmağı xəyalına gətirməyib. Qanadlı atlarınsa folklorda, ədəbiyyatda sayı az deyil. Bu baxımdan atla ulağın yerlə göy qədər, lap elə atla eşşək qədər fərqi var. Uzağa getməyək, Koroğlunun Qıratı, Molla Nəsrəddinin eşşəyi – biri romantik, o biri realistik fiqur, biri epik vüsətli, o biri yumoristik xislətli personaj, biri qəhrəmanın qardaşı, o biri yiyəsinin nökəri. Obraz kimi at metafizik aləmin, eşşək fiziki dünyanın rəmzidir.

***

Don Kixotun babat bir zərbəyə davam gətirməyən çürük, paslı zirehi onu dünyadan ayıran qabığın necə kövrək, nə qədər incə olduğuna işarədir. Onun nizəsi hürufilərin taxta qılıncından fərqlənmir, onun yaraq-əsləhəsi öldürmək üçün deyil, qorumaq üçündür. Onun bəyaz Rosinantı at deyil, at ruhudur, onun xəyali Dulsineyası qadın deyil, pak, təmiz qız könlüdür, yəni mələkdir.

Don Kixotun zəncirdən açıb azadlıq verdiyi məhbuslar axırda onu daşa basırlar – eynən İsa Məsihin azadlıqla müjdələdiyi kölələr peyğəmbəri daşqalaq eləyib çarmıxa çəkdirdikləri kimi. Ağasının zülmündən qurtardığı balaca çoban da sonda qəmli cəngavərə, onun timsalında bütün xilaskarlara lənət oxuyur. Don Kixotun xeyir məqsədlə, xoş niyyətlə gördüyü bütün işlər gerçəkliyə toxunanda şərə dönür, canına qızırğanmadan elədiyi fədakarlıqlar amansız dünyanın reallıqlarına çarpılıb puça çıxır, ziyana çevrilir. Onun pak sevgisini lağa qoyub gülürlər, onun saf ürəyinə min yerdən yara vururlar.

Həkimlik təcrübəsini Don Kixotun üstündə sınamağa çalışan hiyləgər bakalavr Samson Karrasko cəngavər donuna girib onu duelə çağıranda, onu vurub atından aşıranda şərt qoyur ki, Don Kixot səyyar cəngavərliyin daşını atacaq. Cəngavərlik qanunlarına ürəkdən bağlı olan, cəngavər rituallarını namusla yerinə yetirən hidalqo bakalavrın şərtini qəbul eləməyə məcbur qalır. Beləcə, onu heç vaxt yalana bulamadığı dilindən tuturlar, onu öz həqiqətiylə, həqiqətə sədaqətiylə, səmimiyyətiylə vururlar. Bununla da Don Kixotu faktiki öldürürlər.

***

Bir sözlə, Don Kixot hər bir şeyə, hər kəsə təmiz gözlə, ruhani nəzərlə baxır, hər məsələyə saf ürəklə yanaşır. Ona görə də yalan, natəmiz dünyada gülünc vəziyyətə düşür. Adi karvansaranı əsilzadələrin yaşadığı qəsrə bənzədir, yüngül əxlaqlı qızları nəcib, kübar xanımlara oxşadır. Onun platonik məhəbbəti – toboslu Dulsineyası da zadəgan qızı deyil, kobud, qoçaq, dilli-dilavər kəndçi balasıdır.

Əslində ən çirkin adamın da ruhu, qəlbi təmizdir, sadəcə, insan cürbəcür səbəblər üzündən saf düşünməkdən, təmiz danışmaqdan, pak davranmaqdan, yəni daxili, gerçək mənindən üz döndərə bilər. Bizə çox vaxt başqasının təmizliyi sərf eləyir. Fəqət təmiz gözlə baxmasan, təmizliyi görməzsən. Təmizlik istəyirsənsə, birinci özün təmiz olmalısan. Sənə qəhrəmanlıq gərəkdirsə, heç kəsi irəli itələmə, hamıdan əvvəl özün düş qabağa. Dürüstlükdən danışırsansa, ilk növbədə özün dürüst ol, bunu başqalarından umma. Könüllər cəngavəri Don Kixot kimi.

Zadəgan nəslindən olsa da, Servantes zadəganlığı mədh eləmir, kəndçilərə, plebeylərə gülmür, sadə xalqı alçaltmağa çalışmır. Don Kixot da müəllifi kimi yoxsullaşmış aristokrat soyuna mənsubdur, ancaq bu, ona xüsusi psixoloji üstünlük vermir, onun belə şeylərlə öyünmək kimi bir lüksü yoxdur. Servantesin bizə göstərmək istədiyi mənəvi zadəganlıq, ruhani aristokratiyadır. Bu isə irsən keçə bilməz, yalnız pak əxlaq, mükəmməl tərbiyə, yüksək mədəni səviyyə hesabına başa gələ bilər. Bir adam əgər mərddirsə, dürüstdürsə, özünə, ya özgəyə zülm eləmirsə, yalan danışmır, başqalarını aldatmağa çalışmırsa, dilinin altında gizlənmirsə, yetimin-yesirin payına tamah salmırsa, əsl cəngavər odur.

Söhbət məhz bu cəngavərlikdən, bu zadəganlıqdan, bu qəhrəmanlıqdan gedir. Yoxsa XVI əsrin əvvəllərində, yəni “Don Kixot” romanının üzə çıxdığı illərdə cəngavərlik erası çoxdan geridə qalmışdı, Avropa yavaş-yavaş feodalizmlə vidalaşır, burjua epoxasına qədəm qoyurdu. Belə bir vaxtda cəngavərliyin, aristokratizmin xiffətini çəkmək yalnız gericillikdən xəbər verə bilərdi.

Bir zaman İsa Məsihi də dövrün zalım hakimlərinin gözündən salmaq üçün yəhudilərin padşahı elan eləmişdilər. Dağ boyda peyğəmbər heç kəsi qandıra bilmirdi ki, o, kölələr padşahı yox, könüllər padşahıdır.

***

Avropa ədəbiyyatının artıq çoxdan arxetipə çevrilmiş başqa bir qüdrətli obrazından – Hötenin Faustundan fərqli olaraq Don Kixotun haqqa yolu cəhənnəmdən keçmir, o, göylər səltənətinə günah bataqlığından pərvazlanmır. O, Tanrı dərgahına elə Tanrının cızdığı yolla gedir, bundan ötrü İblisin vasitəçiliyinə ehtiyac duymur. Don Kixotun İblislə heç bir kontaktı yoxdur, ondan ötrü Şeytan Allahın xəfiyyəsi, məxfi köməkçisi deyil, düşmənidir; bu səbəbdən onunla düşmənlə davrandığın kimi davranmalısan, şərlə mübarizədə güzəştsiz mövqe tutmalısan. Ancaq amansız olmamalısan.

“Don Kixot”u Servantes dünyagörüşünün ana konsepsiyası saysaq, hiss olunur ki, müəllif özü də şeytan nökərlərini ağır cəzalandırmağa bir o qədər meyilli deyil. Böyük xristian filosofu Müqəddəs Avqustin deyirdi: şəri, pisliyi Tanrı yaratmayıb, o yer qaranlıq olur ki, ora gün işığı düşmür. Şər də eləcə, Tanrının ziyası düşməyən yerdə peyda olur. Don Kixotun əl-ayağına dolaşanlar, onu öz inancından daşındırmağa, oxuduğu kitablardan ayırmağa çalışanlar da bunu məxsusi İblisə xidmət göstərmək məqsədilə eləmirlər. Onlar sadəcə, Don Kixotun daldığı aləmdən xəbərsizdirlər, o kainatın ulduzları onlara gülümsəmir, o dünyadan onlara siqnallar gəlmir. Onlar əziz tutduqları insanı qorumağa çalışa-çalışa onun axırına çıxırlar.

Bir zaman İsa Məsih də ona zülm verənləri Tanrıya belə tapşırmışdı: “İlahi, onları bağışla, onlar neylədiklərini bilmirlər”. Servantesin kitabına da bunca böyük, bunca saf mərhəmət hopub. O, İncilin ruhuna olduqca sadiq yazıçıdır, hərçənd İncildə yumor, zarafat yoxdur.

Servantesin yumorunu intibah dövrünün başqa bir azman yazıçısı Fransua Rablenin yumoruyla qarışıq salmaq olmaz. “Don Kixot”dakı yumor tikanlı deyil, əksinə, çox kədərli, ağlamalı yumordur, necə deyərlər, göz yaşı içində gülüşdür. “Qarqantua və Pantaqruel”in yumoru isə yumordan da o yanadır, gələcək maarifçilərin süngüsünü itiləyən qapqara yumor, bomboz satiradır. Servantes dindar katolikdir, Rable kilsəyə qarşıdır.

***

Migel de Servantesin “Don Kixot” romanının birinci cildi Vilyam Şekspirin “Hamlet” dramı (eləcə də qalan məşhur faciələriylə) təxminən eyni zamanda – 1605-ci ildə ortaya çıxıb. Onda Servantesin nə az, nə çox – əlli səkkiz yaşı vardı. Buna qədər xeyli pyes, novella yazmışdısa da, dartındığı zirvəyə ucala bilməmişdi. Üstəlik, dövrünün Lope de Veqa, Luis de Qonqora, Fransisko de Kevedo kimi ən böyük ispan ədibləri başı bəlalar çəkmiş, neçə il ərəb əsirliyində olmuş, Osmanlı qoşunuyla döyüşdə sol qolundan bir qılınc (əli ömürlük şikəst qalmışdı), sinəsindən iki güllə yarası almış yazıçı haqqında, yumşaq desək, xoş danışmır, onu təkcə istedadsızlıqda yox, başqa məsələlərdə də qınayırdılar. “Don Kixot”un doğuluşu Servantesin adını dünya ədəbiyyatının “Bisütun qayasına” əbədi həkk elədi.

Hamlet (Şekspir), Faust (Höte), Don Juan (Molyer, Bayron) kimi şöhrətli qəhrəmanların adı onların dahi müəlliflərindən əvvəl də Avropaya bəlliydi, yəni bu müəlliflər o qəhrəmanları hansısa yazılı, yaxud şifahi mənbədən götürüb öz mallarına çevirmişdilər. Don Kixotsa Servantesin öz kəşfidir, ona qədər ədəbiyyatda bu adda obraz, qəhrəman olmamışdı. Aradan keçən müddətdə bu obraz arxetipə, mifə, əfsanəyə çevrilib. İndi artıq onu bəşərin şüurundan, təhtəlşüurundan, yaddaşından heç kimsə silə bilməz.

Romanın birinci cildi nəşr olunandan on il sonra – 1615-ci ildə Servantes ikinci kitabı ortaya qoydu. Onda müəllifin yaşı yetmişi haqlamışdı, o dövrdə bu, çox uzun ömür sayılırdı. Bunun ardınca xəstə, əlil yazıçıya yalnız ölmək qalırdı.

Üstündən bir il keçmiş – 1616-cı ilin aprel ayının 23-də, Şekspirlə bir gündə Servantes Don Kixotu atdan salan bu dünyayla bağını qırdı. Həmin il Servantesin 69, Şekspirin 52 yaşı vardı. Bir ilin bir günündə bu boyda, bu ağırlıqda iki ölüm balaca dünyamıza yəqin ağır yük olub. Bu yükü çəkmək üçün insana ya Hamlet şübhəsi, ya da Don Kixot inamı gərəkdir.

“Yeni Azərbaycan” qəzeti