Cavi Dan
QISQANCLIQ
Sən olan şəhərdə
bütün qadınları öldürmək istəyirəm,
kimsə səninlə tanqo oynamasın,
kimsə sarılmasın boynuna,
kimsə öpməsin barmaqlarını...
Sən olan şəhərdə
bütün qadınlar vəfasız olsun, deyirəm,
hamısı ərini aldatsın,
hamısı girsin min-bir oyuna,
hamısı sol yana atsın ayaqlarını...
Sən olan şəhərdə
bütün qadınlar yazıq olsun,
saçlarını kəssinlər hər səhər,
gözlərini qapasınlar Günəşə,
üzlərini sevməsinlər aynalarda...
Sən olan şəhərdə
bütün qadınlar yasaq olsun,
qadın zindanına dönsün şəhər,
havalar yağmurlu olsun həmişə,
aşiq olmasın kimsə baharda...
Sən olan şəhərdə
bütün qadınlar mən olum,
bütün qadınlar...
***
Hərdən istəyirəm,
Alım bu şəhəri küləklərin əlindən,
Basım bağrıma.
Deyim,
Bəsdir,
Daha ağrıma.
***
Mart kimi çıxacaq
bu sevgi canımdan,
Dərd kimi çıxacaq...
Mən
Apreldə
yenidən vurulacam...
...sənə.
***
Həmin gün
bu balaca şəhərin
kibrit-kibrit daxmalarında
işıqlar daha gur yansın
istəyirəm,
insanlar daha gümrah oyansınlar,
pəncərələr daha geniş açılsın
ümidlərə...
Həmin gün
kimsə ölməsin buralarda,
mən də gizlədim
hələ də səni Tanrım bildiyimi...
Səhərin alatoranında
Azan səsinə açım əllərimi,
ovuclarımın içi yansın,
gözlərimdən
Günəş boylansın
ümidlərə açılmış
pəncərələrə...
Həmin gün
kimsə bilməsin buralarda,
mən də gizlədim
hələ də sənin üçün öldüyümü...
Qayıdacağın gündən danışıram...
Qayıdacağım gündən...