Cəbiş müəllimin arvadının biədəb videosu - Şərif Ağ

Cəbiş müəllimin arvadının biədəb videosu  - Şərif Ağ

07 Oktyabr 2022 09:18 511


Farizi 1 nömrəli yataqxanadan tanıyıram. Xocavənddən məcburi köçkündür. Bakıya gələndən jurnalistika ilə məşğul olurdu.

Deyəsən, təhsili yox idi. Etika xatirinə ondan heç vaxt diplomu olub-olmadığını soruşmamışdım. Məncə, 90-ların boşluğundan istifadə edib mətbuata soxulanlardan idi.

Bircə cümləsi yadımda deyil. Ümumiyyətlə, nə yazırdı, nə pozurdu, hansı qəzetdə işləyirdi, bilmirəm. Amma yaxşı dolanırdı. Əlinin papağının Vəliyə, Vəlinin papağını Əliyə qoya-qoya ən ağır vəziyyətlərdən çıxmağı bacarırdı.

Amma təbii, Əlinin-Vəlinin boş qalası papağı ilə özünə binəgüzarlıq qura bilməzsən. Otuz ildir, beş nəfərlik ailəsi ilə on iki kvadratmetrlik yataqxana otağında qalır.

Mətbuat Şurası reket jurnalistlərə hücuma keçəndə Farizin eşşəyi öldü, bir loxma çörəyə həsrət qaldı.

Yaxşı ki, köhnədən qalma “07”-si var. “20 Yanvar” dairəsindən “Binə”, “Sədərək” bazarına adam daşıyır...

Yolum tez-tez oralardan düşür deyə, hərdən “Binə” bazarına manatdan iki nəfər!” - deyib qışqıran Farizlə rastlaşıram. Boğazının damarları zol durur, səsi zoğallayıb. Çox vaxt üzü tüklü olur.

Məni görəndə utanır...

Çox istərdim, izah edəm ki, halal zəhmətlə dolanmaq üçün utanmamalı, əksinə fəxr etməlisən. Nə qədər əziyyətli olsa da sənin bu işin, o biri işindən daha gözəldir. Amma deyə bilmirəm. Məncə, Farizdə bu sözləri anlayacaq zəka yoxdur.

Bir üstün cəhəti var - heç nəyi ürəyinə salmır. Əslində, Farizin bu şakəri Tanrının on iki kvadratmetrlik otağa sığınmış beş nəfərlik ailəyə iltifatıdır. Yoxsa o da arvadı kimi xəstəlik tapıb arı yeşiyi boyda otağın bir küncünə uzanar...

O gün məni saxlayıb xoş xəbər verdi: “Arvada pensiya düzəltdim axır ki! Ayda 60 manat!” Elə sevinirdi! Dedim, niyə belə az? “Stajı yoxdu dana!” – sevinə-sevinə deyirdi və sanki arvadının stajının olmaması çox sevindirici hadisə idi.

Xasiyyətini bilirəm, düşdüyü çətinliklərə məntiqi səbəb tapanda rahatlayır. Ən azı bəhanəsi olur...

Bir müddət sonra qəfil rastlaşanda çox dilxor gördüm. Səbəbini soruşdum, məlum oldu ki, həmişə dayandığı yerdə “Səhv park eləmə” maddəsi ilə cərimə yazıblar və o gün axşamacan qazandığı 20 manatı büdcəyə ödəməli olub.

Arvadının ürəyi xəstədir. Əməliyyat olunmalı, sinəsinə aparat qoyulmalıdır. Vur-tut iki-üç min manata... Təbii, pul tapa bilmir. Varlı qohumları çox olsa da heç kim əl tutmur onlara.
Və Fariz qara kostyum, ağ köynək geyinib, qırmızı qalstuk taxıb həmin o varlı qohumların qız-oğlan toylarında böyük həvəslə iştirak edir.

O toylarda ki, aşağı yeri iki-üç min dollara atəşfəşanlıq düzəldirlər. Fariz də o atəşfəşanlığa baxıb şənlənir, ayağa qalxıb gülə-gülə əl çalır, işıqların parıltısı heyrətdən böyümüş gözlərində əks olunur.

Adətən, Farizi görəndə utanmasın deyə yayınıram. Bir az da özümə görə edirəm bunu. Yüklənmək istəmirəm. O, mənə hüdudsuz qüssə bəxş eləyir.

Bu səhər qaça-qaça gəlib metronun girişindəcə qolumdan yapışdı. Çaşdım. Elə bildim, polis-zad qovalayır bunu. Nəfəsini dərib nə desə yaxşıdır:

“Müəllim, eşitdim kinodakı Cəbiş müəllimin arvadının biədəb videosu yayılıb!”

Cavabımı gözləmədən əlavə etdi:

“Hər şeyin zibilini çıxardıblar eee... Adam da belə iş eləyər? Yüz il qala o kişinin arvadının pis yola getdiyinə inanmaram!” – duruxub gözlərini döydü – “Sən baxmısan o videoya?”

Nə deyəcəyimi bilmədim və hələ də bilmirəm.