Danışığını bilməyən aparıcı və "ağanəzərəm, belə gəzərəm..." deyən yazıçı haqqında bir-iki kəlmə
"Ad çəkmək istəmirəm" demək necə yozulur? Qorxaqlıqmı, ağrımaz başa buz bağlamaqmı? Ki hər birimiz zaman-zaman həm qorxağıq, həm qorxmazıq, həm də qaşınmayan yerdən qan çıxaran... İşdə, insanlıq halı...
Lakin ad çəkə bilmirsənsə sus, ad çəkə bilməmək yarısusmaqdır... deyənlər də haqsız deyil... çox vaxt susaraq susmamağa çalışırıq... bunu da yazaq zəif insan təbiətimizin ayağına...
Aparıcı haqda uzun uzadı yazmayacağam. O bircə kəlmə ilə özü haqda hər şeyi deyib, çox oxuduğunu desə də mədəni səviyyə aşağıdır və xanımın ədəb problemi var.
Bir də mədəni səviyyə elə bir şeydir ki, oxumaqla onu azca korrektə etmək olar. Yapını dəyişmək olmaz. Məsələn, bir dəfə çox kamil bilik sahibi sayılan bir tarixçini dinləyirdim Aygün Muradxanlının verilişində. Qızıldan qiymətli söz danışırdı, lakin oturuşu qara qəpiyə dəyməzdi. Oturacağa elə yayılmışdı ki, adam evində belə yayxanmır. Adam alim olmuş amma öyrənə bilməmiş ki, oturuş insanın mahiyyətindən xəbər verən bir ədəb elementidir və insanın çox gizli kodlarını açır. "Oturuşmuş adam" sözü də boşuna yaranmayıb.
Nə isə... ədəbli adam, peşəkar aparıcı efirdən dünyanı dolaşan nəhəng bir yaradıcılığa "zil-zibil" deyə bilməz. Deyərsə, demək, yerində deyil... lakin yerində olmayanı güllələmirlər... bu günkü aparıcıların, tv redaktorlarının, rəhbərlərinin, onları təyin edənlərin çoxu, 99%-i yerində deyil, savadsız, səviyyəsiz və hətta əyarsızdırlar...
Keçək, illərdən bəri ağanəzərlik edən yazıçıya...
Əvvəlcə öz teleaparıcı təcrübəmdən yazacam...
90-cı illərdə "həftəaşırı" adlı bir verilişim vardı. Dövrünün yeniliyi idi.
Deyilənə görə cəsarətli suallar verirdik. Mənim üçün isə bu suallar cəsarət deyil, bir iş idi, telejurnalistika peşəsi idi. Ölkənin siyasi formasiyası dəyişmişdi, yeni şüur gəlmişdi, biz bilərək-bilməyərək yenilikçi şüurun daşıyıcıları idik. Bu, bizdən çox zamanın işləyi idi.
...Ünlü qonaqlarımız olur, sovet dövrünün ərköyün uşaqlarına maraqlı bildiyimiz, "kəşf etdiyimiz" suallarımızı verirdik. Çox vaxt özləri xahiş edib verilişimizə gəlirdilər.
Həmsöhbətlərim arasında Anar, İsmayıl Şıxlı, Yusif və Vaqif Səmədoğulları, Zəlimxan Yaqub, Çingiz Abdullayev, Fikrət Qoca, Rəfiq Zəka, Qabil və başqaları vardı.
Bu söhbətlərdən tamaşaçı razı qalırdı, reytinqimiz üst yerdə idi. Biz həmsöhbətindən yararlanmaq peşində olanlardan deyildik. Toplumun ehtiyacı olan, sovet dövründə dilə gətirilməsi mümkün olmayan məqamlara toxunurduq, həmsöhbətlərimiz isə razı qalmırdı və bizi durduqmaq üçün hər yola əl atırdılar.
Həmin illərdə müəllif verişlərimi dəfələrlə bağladılar. Lakin şəxsimə efir yasağı gəlməmişdi, o üzdən yeni adda veriliş aça bilirdim.
İndi ilk bağlanmanın tarixçəsini danışacam və ad çəkəcəm. Susaraq deyil, susmayaraq danışacam.
Böyük sıxıntı altında olduğum, prezident aparatından rəhbərliyə, rəhbərlikdən üzərimə gələn bir basqının altında əzildiyim bir vaxt idi. Yerlə yeksan idim, bilmirdim dirənişlə uğraşım, yoxsa efirə hazırlaşım, suallar hazırlayım, saçımı, əynimi, başımı sahmana salıb, efirdə yorğun deyil, gülərüz, məmnun, dərddən, qəmdən uzaq görünüm, yoxsa azyaşlı uşaqlarımı, məktəbə, idmana, əlavə dərslərə qaçırım...
...Rəfiq Zəka son həmsöhbətim idi. Uyarı almışdım, veriliş bağlanacaqdı...
Rəfiq Zəkanın yeni dövrdə yazdıqları ilə keçmişdə... Lenin, kommunist partiyası haqda yazdığı tərif şeirlərindən misal gətirir və bu yolda aldığı mükafatları müzakirəyə çıxarmışdım.
Əlbəttə, amansızca... amma hələ bir kimsə efirdə və ya həyatın günlük müzakirələrində fikirlərimi, sözlərimi "ədəbdən kənar" bulmamışdı. Amansızca ola bilərdi... lakin ədəblə, hörmətlə...
Tənqid etdiyimizə hörmət, nifrət etdiyimizə anlayış borcumuz var...
Qonşumuz olan yaşlı bir ibtidai sinif müəllimi verilişlərimi çox izləyirdi. Çox da bəyənirdi, tərifi tərifə calayırdı. Bir dəfə yolumu kəsib "doğrudan da mehriban vəzirsən" dedi. Anlamadım, izah etdi: dedi, vəzirlər acımasız olur, sən də acımasızsan, sualların çox ağırdı, lakin mehribansan, sözünü yumşaq deməyi bacarırsan.
Bu izah xoşuma gəlmişdi. Əlbəttə, acımasızlıq heç də yaxşı şey deyil, lakin sözün doğrusunu deməyi bacarmaq da əlahiddə bir keyfiyyətdir. Və ən çətin işdir. Bu fb məkanında doğru danışmaqdan çəkinən nə qədər ünlü var, bilirsiniz.
Bu gün həbs edilmiş qələm yoldaşı haqqında söz deməyə qorxan nə qədər qələm sahibi var. Adı ev siyasından çıxar deyə və ya yeni siyahıya düşməz deyə həqiqətə göz yuman, bir kəlmə AZADIL sözü yazmağa hünəri çatmayan nə qədər qələm adamı var?!
Bunlar təkcə onların zəifliyi deyil ki, həm də dövrün simptomlarıdır, zamanın ictimai-siyasi simasıdır. Ki, əslində qələmi məzəndəyə (alqı-satqıya) düşmüşlərin faciəsidir...
...nə isə...
Rəfiq Zəkanın aydınlatmasından məlum oldu ki, ondan əvvəl verilişimə gəlmiş və alışmadıqları duruma düşmüş yazıçılar – Anar, Çingiz Abdullayev, Fikrət Qoca, Zəlimxan Yaqub dövrün prezidentinə məktub yazıb bildiriblər ki, bəs cənab prezident, biz sizi dəstəkləyirik deyə əslində soyadı Vəzir deyil, Vəzirova olan bir Mehriban bizi toplum içində gözdən salır. O Vəzirovanın bəlli siyasi səbəblər üzündən əsas hədəfi biz deyilik, sizsiniz!!! O Vəzirova soyadlı aparıcının davası sizinlədir. Sizi dəstəkləyənləri gözdən salmaqla sizi gözdən salır. Bizim vasitəmizlə sizinlə savaşır və s.
Belə...
Rəfiq Zəka nə qədər doğru deyirdi, bilmirəm, amma dünənə qədər sayqı ilə davranan rəhbərlik əmr almış kimi günümü göy əskiyə bükmüşdü... hər kəlməm təqib altında idi, hər cümləmə töhmət alırdım. Adım töhmət lövhəsindən əskik olmurdu. Hər gün işə gələndə birinci o lövhənin önünə keçirdim ki, başqası "muştuluqlamasın".
Məni işdən çıxarmağa zəmin hazırlanırdı...
Rəhbərliklərin ən böyük istedadı tabeliyində olanı dirigözlü öldürmə qabiliyyətidir. Mən də elə ölmüş gündə idim...
Bütün AzTV və yazılı mətbuat üçün iztirablı illər idi. Prezident aparatından "hər kəs mövqeyini bildirsin" əmri gəlmişdi. Mövqeyi bildirmək, getmiş hakimiyyətə dişinin dibindən çıxanı demək, gəlmiş iqtidara tərif yağdırmaq anlamında bir əmr idi. Rəhbərlik "kimlərlə işləyəcəyimizi müəyyən etməliyik" əmrini AzTV rəhbərliyinə vermişdi, o da başıma od ələməkdə idi.
Uzun söhbət oldu... amma bitmədi... hara bitir... bir ömrün iztirabları yazmaqla bitərmi... iztirabı dövrün siyasəti həndəsi sistemlə balaladırsa... bitərmi heç...
Efirə çıxmağım yasaqlandı. Bunu çətin suallara cavab vermək istəməyən yazıçılar etdi, fikrindəyəm. Əlbəttə, onlar zamanın gedişatından ilham aldılar. Repressiyaya əl atdılar. Söz adamları sözdən qorxdular. Yeni dövrə yeni etiraflarla gələ bilmədilər. Keçmişin sorğulanmasını istəmədilər. Sovet dövrünün "əlbəbək, gülbəbək" etdiyi bir ədəbi zümrə yenidən at oynatmağa – donos yazmağa başlamışdı. Gözün üstdə qaşın var deyənin kürsüsünü devirirdilər.
Əlbəttə, o məktubla məni AzTV-dən çıxara bilmədilər. Lakin ədəbi-bədii verilişlərimi yasaq etdilər. Bu minvalla çalışmalarımı daha iki il davam etdim. Ünlü "aydınlarımızın" bir dəfəlik gedişimə gücü çatmadı. Gücləri efir yasağına çatdı.
Lakin hədəf başqa idi və bu hədəfin çətəsi başqa bir plan qurdu. Radiodan televiziyaya baş redaktor gəlmiş Mailə Muradxanlı komitədə nüfuz sahibi idi, peşəkar idi, ömrüboyu radiodan televiziyaya gəlməık üçün çalışmışdı. Gələ bilməmişdi. Nəhayət gəlmiş və mənə baş redaktor olmuşdu. Həqiqət naminə deyim, bu iş üçün mükəmməl biliyi də vardı, ədəbiyyatı, sənəti bilirdi, ədəbi aləmi tanıyırdı. Lakin çox qadınlar kimi zəif yerləri vardı, özündən irəlidə olanı vurmaq talantı vardı. Möhtəşəm bir intriqaçı idi. Onu heç zaman sevmədim, o da məni sevməzdi, amma hörmətim vardı, unudulmaz həmsöhbət idi, çox maraqlı insan idi. Fərqimiz həm yaşda idi, həm də o sevmədiklərini sıradan çıxarmaqda mahir idi, təcrübəli idi. Mən isə sevmədiyimlə uğraşmazdım, unudardım, arxamca çevrilən oyunlardan xəbərsiz qalardım.
Nə oyunlar çevrildi... otuz nəfərlik redaksiyanı iki nəfərin - mənim və Solmaz Əmirlinin üstünə qaldırdı... iş-güc qaldı, boş intriqalarla uğraşdırdı... yenə olmadı. Axırda yolunu tapdı. Cəlal Əliyevin gur-gur guruldayan vaxtı idi. Bizim yüksək idarədən kimsə onun "mübarək hüzuruna" çıxa bilməzdi. Mailə Muradxanlı Zeynəb Xanlarova ilə dost idi. Onu Cəlal Əliyevin yanına göndərib: "Bu qadın Vəzirovun qohumudur və AzTV-də dəstə qurub sizinlə düşmənçilik edir" mesajını "əmi"yə çatdırdı.
Əminin belə şeyləri götürən vaxtı deyildi, Əbdürrəhman Vəzirovda da intiqamı vardı. Mənim familiyam da başıma bəla idi... məni vurmaq istəyən də, öymək istəyən də qürur və bəla mənbəyim olan soyadımdam yapışırdı...
Beləcə... xanımağaların əmisi qalib gəldi...
Bir az uzun sürdü sürəc, amma sonunda mən gedəsi oldum...
Heyif... insan öz dəyərli vaxtını nə dəyərsiz işlərə sərf edir...
...eşitdim, Yazıçılar Birliyi aparıcı ilə bağlı bəyanat yayıb. Mənimlə bağlı da bir bəyanat tarixçəmiz var. Onu da danışım...
Yazıçılar İttifaqı ilə başqa bir qarşıdurmam isə bir başqa vaxtda baş verdi. Artıq qəti bir efir yasağım vardı. İndiki kimi yutub filan yoxdu. Talelər iki dodaq arasında idi.
Bir gün böyük şair Həmid Nitqinin yaradıcılıq gecəsi keçirilirdi Yazıçılar İttifaqında, biz, Aydınlar Birliyinin bir neçə üzvü yaxın kafelərin birində çay içib vaxtı gözləyirdik. Cavad Heyət lə bir masada idik, o Həmid Nitqi haqda gözəl xatirələr danışırdı. Vaxt tamam olanda məlum oldu ki, Cavad Heyət toplantıya qatılmır, çünkü eşidib ki, Elçi Bəy də toplantıya gələcək. Elçi Bəy olan yerdə görünmək iqtidarla münasibətlərinə, bu tay Azərbaycanda görəcək işlərinə zərər verər deyə, ehtiyat edir. Gəlmir və bizə uğur arzulayır...
Bu adları dövr anlaşılsın deyə çəkirəm, heç kimlə heç bir davam yoxdur... əksinə hər kəsə hörmətim var. Çingizə olmasa da - zatən o özünü yetərincə rüsvay edib - Anara, Zəlimxan Yaqubun, Cavad Heyətin, Mailə Muradxanlının xatirəsinə hörmətim var. Mailə Muradxanlı bütün mənfiləri və müsbətləri ilə orjinal bir qadın idi.
Yeri gələndə bu adamların xoş olmayan əməllərindən danışıram, yaxşı tərəflərini də məmnuniyyətlə dilə gətirirəm. Səbəb yalnız dövrün izahını verməkdir. Xoş halıma ki kimsəyə tərifnamə borcum da yoxdur, doğru bildiyimə də susan deyiləm. Hətta görürsünüz, susaraq danışmıram, ad çəkib ağrımayan başıma buz bağlayıram.
Etirazlara da açığam...
Həmid Nitqini yaradıcılıq gecəsinə Yazıçılar İttifaqının rəhbərliyindən kimsə gəlmədi, halbuki özləri təşkil etmişdilər. Elçi Bəy iştirak edir deyə bir otaqdan o biri otağa keçmədilər. İşlərini buraxıb yasa getdilər. Əslində işdən qaçdılar. Bunu da çətin dövrün ayağına yazıram...
Azadlığını qəsb etdirmiş Yazıçılar İttifaqı rəhbərliyi barədə tənqidi bir yazı yazdım. Mənə cavab olaraq bəyanat verdi Yazıçılar İttifaqı. Bu gün verdiyi bəyanatdan. Bəyanatlarına da cavab yazdım, yazdım ki, ölkədə bu qədər ölüm-itim var, problemləri saydım, o vaxt Rusiyada bizimkiləri öldürürdülər, hər gün ölkəyə tabut gəlirdi. Ordu səfil vəziyyətdə idi, əskər ölümləri, orduda intihar, rüşvət, əskərin yeməyini, geyimini oğurlamaq tüğyan edirdi. Demokratik dəyərlər bir-bir sıradan çıxır, mətbu orqanlar bağlanır, jurnalistlər həbs edilirdi. Dedim, Yazıçılar, bir dəfə də bu müsibətlər barədə bəyanat verin. Şəxsinizdən başqa dərdiniz yoxmu?!
Eşitdim, məsələni müzakirə edib mənə cavab verməmək qərarına gəliblər, cavab yazıb məşhurlaşır, deyiblər. Çox komik...
Əlbəttə, Yazıçılar İttifaqının ictimai dərdi yoxdu, fərdlərlə döyüşləri o qədər çoxdur ki, mənim hekayəm o teatrın dəqiqəsi belə deyil. Amma mənim üçün ağırdır. Çünkü həyatımı etkiləyib. Necə zalımca etkiləyib onu bir Allah bilir...
Gələk bəyanat məsələsinə... daha doğrusu ağanəzərin aparıcını məhkəməyə verməsi məsələsinə... Şərif Ağayar deyir ki, bu, repressiyadır.
Bəli, öz nəzərinin ağa olduğunu iddia etmək və əlində olan gücdən sui istifadə etmək repressiyadır. Ki, bu məsələdə adamın təcrübəsi var...
Bu uzun yazımın son sözünü qısaca belə ifadə edim: ağanəzər, vallah, ayıbdı... məhkəməyə vermə, vermisənsə geri al... yazıçı tarixdə təkcə kitabları ilə qalmır, həm də adamlığı ilə qalır... sən jurnalistə "utanmıxdan ölmürsən" deyəndə səni məhkəməyə verən oldumu... ey böyük qələm adamı, min kitabın müəllifi, bu sıravi qələmlilərdən ibrət götür... nə olar... axı sənin də danışığında ədəb problemi var...