Fikir vermişəm, başqa ölkələrdə qışda, yollar sürüşkən, duman, boran olanda avtomobil qəzalarının sayı artır, bizdə yayda, dünyanın bu başından baxanda o başının göründüyü bir fəsildə. Təkcə, yollarda deyil, iş yerlərində, ailələrdə, dost çevrələrində də yayın istilərində biz nəsə başqa bir adama, başqa bir topluma çevrilirik.
Bunun səbəbi isti iqlimin insanın hormonal vəziyyətinə təsir edərək sosial mühitdə əks təsir yaratmasıdır. İbn Xəldun "coğrafiya taledir” dedikdə bunu nəzərdə tuturdu bir az da. Adətən, insan qudurğanlığını maddiyyata bağlayırlar, guya, insanı özündən çıxarıb başqalaşdıran şey maddi zənginlikdir. Tamamilə yanlış yanaşmadır. Əslində, qudurğanlıq maddiyyatın artıqlığından yox, o maddiyyata sahib olanın mənəvyyatının azlığından qaynaqlanır. Mənəviyyatı qaydasında olan adamı ləbələb xəzinələr idarə edə bilməz! Bu, təkzibi olmayan aksiomadır.
İstinin şiddətləndirdiyi hormonal vəziyyətimiz sayəsində yay aylarında bizdə üzə çıxan şey də soyuq aylarda nisbətən qınına çəkilən mənəvi yoxsulluğumuzdur.
Yayda vücudumuzla bərabər eqomuz da çılpaqlaşır.
Mənəviyyat əksər hallarda bizim insanın öz kasıblığına qoyduğu addır. Psixoloji təsəllidir. Yoxsulluğun da bir tutacağı, bir qürur mənbəyi olmalıdır axı. Ümumiyyətlə, maddi nemətlər baxımından yoxsul olan ölkələr mənəvi nemətlər baxımından həmişə zəngin olurlar. Bu, yatsın deyə ac uşağın başını göydən düşən üç alma ilə aldatmaq kimi bir şeydir, qursağı motivasiya yolu ilə doyurmaq cəhdidir.
Bir manatla comərd olmaq çox asandır, məsələ bir milyon manatla comərd ola bilməkdədir ki, bunu bacarmaq hər şəxsin, bəzi hallarda hər xalqın, cəmiyyətin hünəri deyil. Acın "kişi” olması onun ərdəmliyi deyil, əlacsızlığıdır.
Hələ antik çağlarda Epikür və epikürçülər deyirdilər ki, insan bədəni də hər şey kimi atomlardan, molekullardan ibarətdir. Və ölüm əbədi son deməkdir. Ona görə də insanın öldükdən sonra daha heç vaxt yaşamayacağı (nə bu, nə o biri dünyada) həyatda ona bəxş olunmuş bütün həzləri yaşamaq haqqı var. Amma Epikür həzzi əxlaqiləşdirirdi. Onun fikrinə görə, bütün insani pisliklərin qaynağı həzzin yasaqlanmasıdır. Həzzi bədəninə qadağan olunmuş insan yırtıcıya çevrilir. Bütün yaxşılıqların səbəbi və qaynağı isə doya-doya yaşanan həzdir. İnsan canındakı heyvani duyğuları yasaqlamaqla deyil, əhliləşdirməklə xoşbəxt ola bilər.
Ətraflı
Mənəviyyat da elə budur; insanın öz içindəki heyvanı əhliləşdirməsi. Yazımın ilk cümləsində dediyim problemin səbəblərindən birinə gəldik. Biz hedonizm adı altında içimizdəki heyvanı əhliləşdirmək əvəzinə, onu açıb buraxırıq millətin üstünə. Bu, artıq meşşanlıq da deyil, buna ingilislər "donuz fəlsəfəsi" (Philosophy of Swine) də deyirlər.
Hedonizmin ən kobud forması hedonistik eqoizmdir. Bu, eqoizmin hedonistik versiyasıdır. "Mən”mərkəzli bir dünya iddiasıdır bu. Meşşan xislətidir. Yalnız öz mənafeyini güdən, əxlaqi olmayan bir hedonizmdir. Bu düşüncənin tərəfdarları hesab edirlər ki, hərəkətlərinin başqaları üçün necə nəticələnməsi onları qətiyyən maraqlandırmır. Bu gün böyük şəhərlər bu cür insanlarla doludur; əşyalara sitayiş edən, gündəlik xoşbəxtliklərin axtarışında olan hindu təfəkkürlü insanlarla. Ancaq ortada bir fərq var; hindular boyunlarından asdıqları, məsələn, bir qaplan dişi ilə özlərinin fiziki güclərini göstərirdi. Hedonistik eqoizmə yoluxmuş modern insanlar isə üstlərində gəzdirdikləri bahalı əşyalarla, minib bir-birilərinin üstünə sürdükləri bahalı avtomobillərlə, nə bilim, (guya) xoşbəxt "Instagram” şəkilləri ilə özlərinin mənəvi yoxsulluqlarını gizləyirlər. Bu həm də psixoloji hedonizmdir; həzzin, az qala, psixoloji xəstəlik həddində yaşanması. İngilis filosofu Con Stuart Mill tox bir axmağın ac bir Sokratdan təkcə maddi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da daha yaxşı həyat sürdüyünə inanırdı və insanların gecə-gündüz xoşbəxtlik arxasınca qaçmasını təklif edirdi.
Qlobal istehlak bazarını yaratmağı hədəfləyən bu xoşbəxtlik fəlsəfəsi insanları bu gün mağaza şüşəsinə iri hərflərlə yazılmış "endirim” çağırışına tapınan bədbəxtlərə çevirdi. Bu gün milyardlarla insan bu "endirim tanrısının” qarşısında səcdə edir. İstehlakçı çağırışlara tapınan cəmiyyətlərdə insanlara mənəvi-intellektual dinclik bəxş edən yerlər artıq teatr, konsert salonları, rəsm qalereyaları, kitabxanalar deyil, istehlakçı hedonizmin məbədləri olan alış-veriş mərkəzləridir, daha doğrusu, alış-veriş məbədləri. Bu gün bu məbədlər arzulamadığını almağa, istəmədiyini yeməyə, yaraşmayanı geyməyə təşnə olan, vitrinlərə çağdaş hedonizmin ikonaları kimi düzülmüş ayın-oyuna baxmağa tələsən modern zəvvarlarla ləbələb doludur.
Məsələnin kökü, səbəbi dərindədir. Nitsşe "Bütlərin alaqaranlığı” kitabında dinlərin və əxlaq təlimlərinin ümumi tezislərini belə yığcamlaşdırır: "Bunu, bunu edin, bunlardan və bunlardan qaçın. Yalnız bu zaman xoşbəxt olacaqsınız”. İstehlakçı düşüncə də bunun üzərində qurulub. Seçdiklərini bizə seçdirirlər. Bunu, bunu sizin üçün seçdik, alın ki, xoşbəxt olasınız.
Bu gün yollarda, iş yerlərində, ailələrdə adamları yeyən mühit bu istehlak barbarlığının nəticəsidir. Aldığı ilə, yediyi ilə, geyindiyi ilə fəxr edən, şəxsiyyətini, mənəviyyatını əşya ilə təsdiqləyən ümumi istehlakçı hedonizmin faciəsidir bu. Evlərimiz doludur bu cür hedonistlərlə. Ölənlə öldürənin fərqinin olmadığı apokaliptik bir məqamdır bu.
Bizi birlikdə bədbəxt edən şeylər bizi ayrı-ayrılıqda xoşbəxt edən şeylərdir!
Qaynar İnfo