Çünki sənsən ömrümün dəyişməyən mənası- Yeni şeirlər

Çünki sənsən ömrümün dəyişməyən mənası - Yeni şeirlər

09 İyun 2022 11:55 1422


Anar Əli Eldaroğlu

Yol

Deyirsən, gəl düzəl, yol gedək mənlə.
Yol getmək asanmı, ay baba dərviş?
Bu yol gedilməyir quru bədənlə,
Bu ruhun yoludur – Allahı görmüş.

Bu yol nə dağlardan, düzlərdən keçir,
Nə saman yolundan, nə göy qübbəsindən;
Bu yol bəndələrdən – bizlərdən keçir,
Və qulun Rəbbinə ilk tövbəsindən.

Bu yol eşq yoludur bənzəri olmaz,
Şəfqət, mərhəmətlə üstü döşənmiş.
Bu yol miskinlikdir, ləl-zəri olmaz,
Sonda varidatı qəlbdə süslənmiş.

Amma getmək gərək, gəlirəm, gözlə,
Bu yol hər bəndəyə nəsib olmayır.
Dayan, izah etmə heç nəyi sözlə,
Sadəcə, getməyə mənə yer ayır.

Göz yaşı

Hərdən ağlamaq istəyir
Ürək, bəlkə, rahatlana.
Bu dünyanın dərd yükünə
Durub yenidən qatlana.

Axan bir damla göz yaşı
Bir böyük dərdi azaldır.
Qəm üşüdən ürəyini
Gördün, bir ilıq yaz aldı.

Göz yaşları dərd məlhəmi,
Amma ağla için-için.
Qoy heç kəs duyuq düşməsin,
Soruşmasın: "Niyə, neyçin?"

Fəqət qəhər şiddətlənib,
Sığmayanda köksə ürək
Mümkün olmur əllərinə
Üz sıxmayıb hönkürməmək.

Göz yaşı var, ən müqəddəs -
Məhəbbətin göz yaşıdır.
O məhəbbət ki, insanı
Həm öldürür, həm yaşadır.

Vardır həm də göz yaşları
Sevincdən axıb süzülən,
Gözlədiyin bir səadət
Qəfildən gülcək üzünə.

Ağla, ağla dolduqca sən,
Göz yaşların selə dönsün;
Sulansın qəlbinin çölü,
Gülüstana-gülə dönsün.

Bəlkə, Tanrının rəhmidir
İnsanların ağlamağı, –
Qəlbin kədər duyğuların
Göz yaşına bağlamağı.

İnsan belə yaranmışdır:
Var sevinci, var kədəri;
Boşaltmaqçün boğazına
Tıxanmış ağır qəhəri:

Öz köksünə qoy başını,
Ağla, axıt göz yaşını,
At qəlbindən dərd daşını, -
Qoy ürəyin rahatlansın,
Qoy ürəyin rahatlansın.

İlk baharımsan

Bahar gəldi, əzizim, sevinir yenə hamı,
Mənim də könlüm alır bu büsatdan ilhamı.
Təbiət də canlanıb boyanır öz rənginə,
Şairlər duyğuların yığır söz çələnginə.
Baharı vəsf eyləmiş o kəslər zaman-zaman,
Mən də şeir töhfəmi istədim verim haman.
Amma... Yenə hissimin sənə döndü məcrası,
Çünki sənsən ömrümün dəyişməyən mənası.
Qışın soyuğunda da qəlbim olur nəşəli,
Çünki isidir onu sevgimizin məşəli.
Deyim sənə, bunu bil, qoy elə hamı bilsin,
İstəyən ciddi sansın, istəyən buna gülsün:
Qışın mənə nə fərqi, sən ki mənim varımsan,
Sən elə sərt qışda da mənim ilk baharımsan.

Alınmır

Könül sevib, odlananda sevgilə
Yar hüsnünə göz baxmasa alınmır.
Ürək qəhərindən köksü yaranda
Göz yaşları sel axmasa, alınmır.

Yar hüsnüdür sevən könlün məlhəmi,
Sevinc verən, silib tamam dərd-qəmi.
Məgər yarın naz-qəmzəsi, çəm-xəmi
Sevən canı hey yaxmasa, alınmır?

Nə olsun, sevirsən sən Məcnun kimi,
Tamam yanıb, ərimisən mum kimi,
Didilmisən, çırpılmısan yun kimi –
O da sənsiz darıxmasa, alnmır.

Sevən könül çəkər yarın qəmini,
Nə həsrətlə gözlər vüsal dəmini.
Səndə görüb öz ömür həmdəmini
Ta könlünə buraxmasa alınmır.

Qara gözlər, ipək zülflər can alar,
Sehrə düşən aşiq yara yan alar.
Nişan günün vədələşib analar,
Barmaqlar üzük taxmasa, alınmır.

Durna qatarı

Uçur durna qatarı,
Arzuların aparır
Özüylə yad ellərə,
Bizlərdən şad ellərə...
Aparır ümidlərin
Aşıb göyün hədlərin,
Səadətə çatmağa –
Ömrə ağ gün qatmağa.
Uçur durna qatarı
Yad ölkələrə sarı.
Baxıram bu qatara...
Lap uçsa da o, hara..
Ta gözdən itənəcən,
Gün batıb bitənəcən
Onu yola salacam;
Mən Vətəndə qalacam,
Mən Vətəndə qalacam!

Röya ol

Yorulmusan yamanca, çəkil xəlvət bir küncə,
Əvvəl tamam özündən, sonra hamıdan dincəl.
Fikir, düşüncələrin qoyma dillənə, dinə,
Hisslərini qandalla, at qəlbinin dibinə.
Bir azca rindi-zahid, bir az tərki-dünya ol,
Sonra çəkilib qeybə unudulmuş röya ol.