Xoşbəxtliyin ölümcül dozası
Qustav Floberin “Madam Bovari” romanı haqqında
Fəxri Uğurlu
Flober Balzak kimi məhsuldar deyildi. Təqribən altmış illik ömründə bir sıra kiçik həcmli əsəriylə yanaşı cəmi üç roman ərsəyə gətirmişdi: “Madam Bovari”, “Salambo”, bir də “Duyğuların tərbiyəsi”. Əsərlərini böyük əziyyətlə, vasvasılıqla, zülüm-zillətlə yazıb başa vururdu. İlə bir neçə roman bitirən dahi sələfinin söz israfına, üslub pintiliyinə, tələskənliyinə işarəylə yarızarafat deyirdi ki, yaza bilsəydi, çox yaxşı sənətkar olardı. Özü isə Balzakın beş-altı aylıq normasını beş-altı ilə yerinə yetirirdi. Yazdıqlarını dönə-dönə pozub yenidən yazır, bəzən günə bir səhifə də yox, bir-iki cümlə irəliləyə bilirdi. Cümlənin poetikliyi, şümallığı, gözəlliyi ondan ötrü məzmunun dərinliyindən heç də az əhəmiyyət daşımırdı.
Qustav Flober bədii mətni siyasi pafosdan, ictimai demaqogiyadan, milli təəssübkeşlikdən. ən başlıcası da müəllif hegemonluğundan qorumağa çalışan mükəmməl stilist idi. Onun ortaya qoyduğu üslub doktrinası bütün Avropa, dolayısıyla bütün dünya ədəbiyyatına təsir göstərib. Həmin dövrdə Fransanın sənət mühiti böyük yeniliklərə, tarixi dəyişimlərə qapılarını taybatay açmışdı, eyni proses Floberin çağdaşı olan sənətkarların, o cümlədən “Parnas” poeziya məktəbinə mənsub, yaxud bu cərəyana yaxın Teofil Qotye, Lekont de Lil, Sülli Prüdom, Şarl Bodler, Pol Verlen, Stefan Mallarme, Artur Rembo kimi şairlərin də yaradıcılığında özünü göstərirdi.
Floberin üslubu təbiətdən əxz olunmuş panteistik üslubdur. Özü öz üslubuna belə tərif verirdi: “Yazıçının əsərinə müdaxiləsi Allahın təbiətdə iştirakı kimi olmalıdır – hər yerdə var, amma gözə görünmür”. Onun romanlarında Balzakın, Hüqonun, Dostoyevskinin, Tolstoyun əsərlərində olduğutək zəhmli müəllif barmağına, qüdrətli müəllif yumruğuna, hər kimsənin, hər nəsnənin fövqündə duran ucalardan uca müəllif postuna yer yoxdur; o, müəllifi, son illər dəbdə olan təbirlə desək, “öldürmüşdü”, daha doğrusu, onu canlı-cansız personajların bətnində əritmişdi, ona görünməz libas biçmişdi, onu zərrələrə, nüsxələrə, rollara bölmüşdü. Havayı yerə söyləmirdi ki: “Madam Bovari mən özüməm”. Yəni demək istəyirdi ki, özümü bir müəllif kimi əkdiyim şuma dən-dən səpmişəm, xarakterimin cəhətlərini obrazlarım arasında paylaşmışam, personajlarımı doğmaya-yada bölməmişəm, hər birində şəxsən özüm təcəlla eləmişəm. Bu, xalis ədəbi-bədii panteizmdir. Onun üslubu təkcə özündən sonrakı ədəbiyyata yox, təsviri sənətə, teatr, kino sənətinə də təsir göstərib.
***
Flober yaradıcılığının zirvəsi sayılan “Madam Bovari” romanının bütün süjeti boyu faciəylə komediya, romantikayla satira qol-boyun addımlayır. Əsərin ən tragik məqamlarında belə dərindən boylanan müəllif ironiyasının qımışan dodaqları görünür. Bu kitabı janr xüsusiyyəti baxımından faciəvi komediya, yaxud satirik tragediya da adlandırmaq olar. Əsər romantizmlə realizmin sərhədində yazılıb.
Müəllif personajları yaxşıya-pisə bölmür, romanda sözün klassik mənasında müsbət, ideal qəhrəman, yaxud da görkəmindən vahimə yağan eybəcər antiqəhrəman yoxdur. Flober heç kəsi ittiham mövqeyində durmur, hər bir obrazın iç üzünü öz nitqi, öz rolu, öz ifası vasitəsilə ifşa eləyir. Yazıçının bu əsərdə verdiyi mesajı yalnız təxmini yozumla çözməyə cəhd göstərmək olar, tutduğu fəlsəfi-ideoloji pozisiyanı yalnız əlhavasına axtarıb tapmaq olar. Kimi bu romanın burjua əxlaqına qarşı yönəldiyini, kimi meşşanlığı hədəfə götürdüyünü, kimi romantizmi lağa qoyduğunu, kimi də yeni estetik platformanın manifesti kimi qələmə alındığını sübuta yetirməyə çalışır. Əlbəttə, bunlar hamısı yarımçıq izahlardır, hərçənd hər birində gerçək payı var.
Süjet olduqca bayağıdır: monastırda təlim-tərbiyə almış, gizli yollarla içəri ötürülən yasaq sevgi romanlarının təsiri altında böyümüş varlı fermer qızı Emma dul kənd həkimi Şarl Bovariyə ərə gedir, tezliklə də getdiyinə peşman olur, darıxdığından özünə məşuq tutur, sonra onu başqasına dəyişir, zər-zibaya, daş-qaşa aşırı tamahı ucbatından hiyləgər, qəddar sələmçinin girovuna çevrilir, axırda da özünü zəhərləyib öldürür. Bu cür bayağı süjetdən ölməz əsər yaratmağın sirri nədədir? Yəqin ki, bayağılığın astar üzünü görə bilməkdə, bayağılıqda ifadə olunan ciddi həyat həqiqətlərini sezə bilməkdə. Bayağı olanın mahiyyəti bayağı olmaya da bilər, eynən bu romanda öz ifadəsini tapdığı kimi.
Flober qəhrəmanlarının ürəyini əsl psixoterapevt, ustad psixoanalitik kimi oxuyur, oxuduqlarını romanının səhifələrində bənd-bənd analiz eləyir, nəticə çıxarmağı isə oxucunun, təhlilçinin öhdəsinə buraxır. Biz onun yaratdığı obrazları, konkret götürsək, Emma Bovarini qınadığınımı, onu ictimai rəyin cənginə verdiyinimi, yoxsa ona acıdığınımı, onu yazıq günə qoyduğuna görə Yaradanı, təbiəti suçladığınımı dəqiq bilə bilmirik, Flober bunlarla bağlı ortalığa açıq mövqe qoymur. Biz bütün bunları yalnız ehtimal eləyə bilərik. Əlbəttə, dahi yazıçının öz şah əsərini zavallı bir qadının timsalında əyalət əxlaqının maskasını yırtmaq üçün (hərçənd əsərin yarımbaşlığında buna açıq işarə var) yazdığını düşünmək doğru yanaşma olmazdı. Floberin söykəndiyi fəlsəfi-estetik prinsiplərin dərinliyi belə dayaz yanaşmanı birmənalı istisna eləyir.
Dövrünün bir sıra böyük qələm adamı kimi Flober də insanlara yalnız diaqnoz qoyur, onları həyatın qada-bəlasından qorumaq üçün yazdığı resepti, düzəltdiyi peyvəndi isə ya gizli saxlayır, ya da heç belə bir resept, peyvənd yoxdur, hərçənd biz onun qoyduğu diaqnozdan özümüz də nəticə çıxara bilərik. Necə? Gəlin sınayaq.
***
Emma Bovari romantik xəyallarla bəslənmiş fermer qızıdır. Onun diləkləri, ehtirasları nəinki yaşadığı kəndə, heç ərə gedəndən bir müddət sonra köçdüyü əyalət şəhərciyinə də sığmır. Oxuduğu eşq romanlarının təsiri altında Emma hər zaman çılğın sevgi macəralarının, ağ atlı oğlanın intizarında olub. Kənd həkiminə ərə getməyə də elə buna görə həvəs göstərir, bu nikahla xəyallarına qovuşacağını düşünür. Fəqət rutin ailə həyatının sərhədləri içində romantikaya yer olmadığını görəndən sonra yel qanadlı xəyal atından yıxılır.
Şarl onun arzularındakı eşq cəngavərinə bilmərrə bənzəməyən adidən adi bir tipdir: nə at çapmağı, nə ova çıxmağı, nə güllə atmağı, nə qılınc oynatmağı, nə poetik cümlələr qurmağı, nə şeir söyləməyi, nə də çılğınca aşiq olmağı bacarır. Əri nə qədər qayğıkeş, mərhəmətli, sədaqətli, intizamlı olsa da, Emma belə bir əfəl, maraqsız-mənasız tiplə bir dam altında yaşamaqdan tezliklə bezir, Şarldan diksinməyə başlayır, qüssədən xəstələnir, əsəbləri pozulur, depressiyaya yuvarlanır.
Düşdüyü dərin quyudan çıxmaq üçün xanım Bovari özünə yeni məşğuliyyətlər, yeni əyləncələr, yeni macəralar axtarmağa başlayır. Onun darıxdığını sezən varlı gənc mülkədar, təcrübəli donjuan Rodolf Emmanın dilsiz harayına qarşılıq verir, təbiətinə uymayan, içindən gəlməyən saxta romantikayla tez bir zamanda onun qəlbini ovsunlayır. Madam Bovari əyalət səviyyəli könül alverçisinə bütün varlığıyla təslim olur, ondan ideal aşiq, fədakar cəngavər obrazı qondarır. Onlar arasındakı bayağı sevgi söhbətləri başdan-başa romantik eşq mükalimələrinə amansız parodiyadır.
Məqsədinə çatandan bir müddət sonra Rodolf Emmanı ehtiyatlı olmağa çağırır, əslində isə qadının yox, öz reputasiyasının korlanacağından çəkinir. Görüşləri seyrəltməklə könül oğrusu xanım Bovarinin heysiyyətinə toxunur, qadın nədən fədakar, sadiq ərini sevmədiyi, heç nədən ona bunca nifrət bəslədiyi barədə düşünməyə başlayır. Bir müddət Emmanın səbbi alınır, Şarla rəğbətini bərpa eləməyə çalışır. Bu vaxt onun əlinə yaxşı bir fürsət də düşür: maarifçilik ideyalarının pərəstişkarı, əyalət qəzetinin müxbiri, onların evinin daimi qonağı tərəqqipərvər əczaçı cənab Ome Şarl Bovarini əyripəncə mehtər İppolitin ayağı üzərində əməliyyat aparmağa razı salır. Ome onları inandırır ki, bu əməliyyat ölkədə bir ilk olmaqla Şarlın adını cəmi Fransada məşhurlaşdıracaq, bütün qəzetlər bu möcüzədən yazacaq.
Beləliklə, madam Bovarinin şöhrət azarının üzünə qızıl darvazalar açılmaqdadır: onu dünya miqyaslı həkimin xanımı kimi tanıyacaqlar! Zavallı Şarl ağlasığmaz avantüraya getmək istəməsə də, arvadıyla əczaçı birləşib bu işi onun boynuna qoyurlar. Təbii ki, əməliyyat uğursuz keçir, bir neçə gün sonra mehtərin yarası qanqrena verir, uzaqdan çağırılan adlı-sanlı, təcrübəli həkim binəva İppolitin qıçını dizdən aşağı kəsir, doktor Bovari cümlə mahalda rüsvay olur. Bundan sonra Emma onun parlaq xəyallarını mehtərin ayağının getdiyi yerə göndərən fərsiz ərindən biryolluq iyrənir, yenidən məşuqunun ağuşuna sığınır.
Məsələ getdikcə ciddiləşir, Emmanın gözünü qan örtür. Onlara qonaq gələn qayınanası ilə deyişəndən sonra madam Bovarinin əlinə yağlı bəhanə düşür, Rodolfdan tələb eləyir ki, onu götürüb qızıyla birgə əyalətdən uzaqlara qaçırsın. Qadının dirəşdiyini görən fıqıldaqçı aşiq ona yalan vəd verib ardınca saxta bir məktub qaralayır, sonda mürəkkəbin üstünə bir damla su da sıçradır ki, Emma onun iztirab çəkib ağladığını düşünsün. Məktubu alan xanım Bovari özünü evinin çardağından atmaqdan son anda saxlayır, bununla da onun ilk romantik sevdası daşa dəyir.
***
Qırx gündən çox Emma ölüm yatağından qalxa bilmir. Bu müddətdə zavallı Şarl iş-gücündən ayrılıb arvadının yastığının dibini kəsdirir, qazancı yetmədiyindən borc-xərc eləyib Emmanı dirçəldir. Şarl qəhrəman olmasa da, sakit, təvazökar, zəhmətkeş adamdır, onunla bir də yox, beş ömür dinc, asudə, hətta əyalət səviyyəsində xoşbəxt yaşamaq olar – əlbəttə, əgər qadın iddialı, çılğın, hikkəli deyilsə. Xanım Bovari isə ipə-sapa yatmır, fağır Şarlı kəlməbaşı heç bir səbəbsiz alçaldır, ərinin hər jesti, hər hərəkəti, hətta səbri, təmkini belə, hətta onun əri olduğuna görə özünü bəxtəvər sayması belə qadında hikkə, qıcıq oyadır.
Arvadının eynini açmaq üçün Şarl onu vilayət mərkəzi Ruana operaya baxmağa aparır. Burada onlar köhnə tanışları Leonla rastlaşırlar. Bir vaxtlar Emmaya lal məhəbbətlə aşiq olan məsum, ürkək Leon indi artıq təcrübəli vəkildir, Parisdən belə dolanıb gəlib, üzü üzlər görüb.
Az keçmiş gənc advokat madam Bovarinin içindəki boşluğu doldurmağa girişir. Emma İonvil şəhərciyindən Ruan şəhərinə sevgi yürüşlərinə çıxır, musiqi dərsləri almaq adıyla Leonun görüşünə qaçır. Bu dəfə də Leondan romantik aşiq obrazı yaratmağa çalışır, amma çifayda, bu məşuq da əvvəlkitək bayağı, onun kimi dayaz, miskin bir tipajdır.
Emmanın çılğın xoşbəxtliyi yenə də uzun sürmür, Leon yavaş-yavaş ondan soyumağa başlayır, tez-tez kontora gəlib onu xəbər alan evli qadının ağılsız, ehtiyatsız hərəkətləri ucbatından nüfuzuna ləkə düşəcəyindən, karyerasının korlanacağından, işini, qazancını itirəcəyindən qorxur. Az əvvəl qoynunda rahatlıq tapdığı məşuqundan ikrahla uzaqlaşıb bir zaman tələbəsi olduğu qızlar kollecinin qarşısında xəyala dalan Emma dərin məyusluq keçirir, anlayır ki, bu məktəbdə gizli-gizli boyunu sevdiyi arzuların heç birinə əli çatmayıb, dəlicəsinə can atdığı xoşbəxtliyə qovuşmayıb.
Onun zəif damarını ilk gündən tutan qəddar sələmçi Lerenin felinə düşüb (yeri gəlmişkən, borcların bir qismi də məşuqlarına aldığı hədiyyələr üzündən yaranır) dünyadan xəbərsiz zavallı Şarlı tam iflasa uğradanda ona nə Leon, nə də Rodolf yardım əli uzadır. Onun çatlaq bütləri qaldırdığı pyedestaldan kəlləmayallaq aşıb çilik-çilik olur. Leonu ağır sözlə təhqir eləsə də, Rodolfu sərt qınasa da, nəticə dəyişmir, bu dəfə ona heç kim, hətta Tanrı da kömək ola bilmir.
***
Fəqət Rodolfdan ayrı düşdüyü birinci məyusluq dönəmində Tanrı hələ Emmanı tərk eləməmişdi.
Doğrudur, ilk dəfə yerli kilsəyə gedib dərdini danışmaq istəyəndə keşiş onun halından heç nə anlamamışdı, özü də bilmədən Allahla arasını kəsib qadının ibadətinə, tövbəsinə əngəl olmuşdu (Yeri gəlmişkən, maarifçiliyə bir din kimi tapınan əczaçı Volterdən nə anlayırsa, bu abbat da Məsihdən o qədər qanır, bir-birinə qarşı çıxsalar da, eyni medalın iki üzüdürlər, biri dərman alverçisi, o biri din taciridir, biri can, o biri ruh həkimidir, ancaq heç biri də həm canı, həm ruhu xəstə qadının dərdindən agah deyil, üstəlik, paradoksal görünsə də, qadın özünü öldürmək üçün udduğu siçan dərmanını Omenin – insan sağlamlığının keşiyində duran bu tərəqqi aşiqinin aptekindən tapır). Sonralar evdə yatdığı vaxt onu ziyarətə gələn keşiş həyata incə bir sapla bağlı Emmada dinə, ibadətə azacıq meyil yarada bilir. Madam Bovari kasıb balaları üçün don tikir, zahı qadınlara odun göndərir, ac qarınları doyurur, qızını dayədən alıb özü saxlayır, onun bütün şıltaqlıqlarına dözür. Halbuki əvvəllər balaca Bertadan – tək övladından xoşu gəlmirdi, qız anasının gözünə çirkin, eybəcər görünürdü.
Bu da səbəbsiz deyil – Emma hamilə olanda övladının oğlan olmasını arzulamışdı. Flober bunun səbəbini açıqlamasa da, görünür, səbəb budur ki, bu tip qadının mütləq səcdəsinə durmaq istədiyi bir kişiyə ehtiyacı var. Biz adi həyatda da qızına ögey, oğluna doğma münasibət bəsləyən, oğlunu ilahiləşdirən anaları çox görmüşük. Madam Bovarinin də onlardan olduğunu güman eləməyə əsasımız var: Müəllif yazır ki, Tanrıya səcdə qılanda Emma bir zaman yasaq həzzin xumarlığında sevgilisinə pıçıldadığı məstanə sözləri təkrarlayırdı. Yəni demək istəyir ki, madam Bovari Allaha da bir kişi kimi pərəstiş eləyir.
***
Flober nədən Emmaya bunca ağır hökm kəsir? Ümumiyyətlə, bu, hökmdür, yoxsa aqibət? Tolstoyun Anna haqqında dediyi olmasın, Emma özü zəhər udur, yoxsa onu müəllif zəhərləyir? Müəllif onu niyə zəhərləsin – ərinə xəyanət elədiyinə, nikahın müqəddəsliyinə xor baxdığına görəmi? İnanıram ki, bu yanaşma problemi sadələşdirmək, bayağılaşdırmaq, Flober səviyyəsindən qat-qat aşağı salmaq olardı. Belə olsaydı, bu kitab indi nəinki Azərbaycanda, heç Fransada da kimsəyə gərək olmazdı. Bəs problem nədədir?
Qadının xoşbəxtlik arzulamağa, öz idealını axtarmağa, sevdiyinə can atmağa haqqı çatırmı? Çatır. Ancaq hər qadının da arzuladığı xoşbəxtliyə yetişməsi mümkündürmü? Çətin. Əgər bu axtarış birinci, ikinci, üçüncü, beşinci… dəfə də arzulanan nəticəni verməsə, arama-axtarma prosesi davam eləməlidirmi? Eləməlidirsə, haracan, haçanacan davam eləməlidir? Bu prosesi çərçivələyən hansısa limit, sərhəd, bənd-bərə varmı? Yoxsa qadın qismətinə qane olub taleyilə barışmalı, ərinin timsalında Yaradanın səcdəsinə durmalıdır? Əgər qisməti onu qane eləmirsə, ər (böyük hərflə) O deyilsə, onda necə? Qadının erotik fədakarlığının həddi-hüdudu varmı? Əgər təbiət kimin üçünsə belə bir hüdud qoymayıbsa, buna bəraət vermək olarmı? Nəhayət, madam Bovari romantikadan məhrum, eşqə yabançı, ölgün, sönük, soyuq Şarla yox, Napoleon kimi cəsur bir generala, ya bir orta əsr cəngavərinə, dahi ixtiraçıya, səhnə ulduzuna, mafiya başçısına, lap elə Qustav Floberin özünə ərə getsəydi, Parisin göbəyində yağ-bal içində, əyləncələr qoynunda, amma kəbininə haram qatmadan ömür sürsəydi, həyatından razı qalacaqdımı, xoşbəxt olacaqdımı?
Bu suallara cavab vermək çətindir, ancaq mən əminəm ki, Emma lap Floberin arvadı olsaydı belə ərinə sadiqliyini qorumayacaqdı, çünki o boyda coşqun bir ehtirasın qarşısına bənd vurmaq heç dahi kişinin də gücü çatası iş deyil.
Nə isə, bu korazehin, korafəhim ehtimalları qoyaq bir qırağa. Məncə, Flober bizə tamam başqa mesaj verir.
Flober deyir ki, ehtiras dağıdıcı, yıxıcı, öldürücüdür. Xoşbəxtlik, fədakarlıq, müqəddəslik illüziyadır. İnsan vəfasız, insafsız yırtıcıdır. Təbiət yaratdıqlarının qənimidir. Bu dünyada hər şey kimi eşq zövqü də gəldi-gedərdir. Atıldığımız səhnədə faciəylə komediya iç-içə oynanır. Həyatın bir gözü gülür, o biri gözü ağlayır – gülən göz ağlayan gözə gülür, ağlayan göz də gülən gözə ağlayır. Hətta sevgi kimi gözəl, möhtəşəm, ülvi bir duyğu da ötəri, aldadıcı, şit, bayağı, gülüncdür. Adına məhəbbət, şəhvət deyilən qüvvə – ağıl, məntiq, din-iman, vicdan, namus, qeyrət tanımayan katastrofik təbiət hadisəsidir.
Flober məhəbbəti şəhvətdən, sevgini ehtirasdan ayırmır, saf, ruhani eşqə əsla inanmır. Buna şübhəsi olan onun “Sadədil” adlı povestini oxusun (yeri gəlmişkən, bu əsər mövzusu baxımından Çexovun “Qadası” hekayəsiylə çox səsləşir), bütün ömrü boyu sevmək, özünü fəda eləmək yanğısıyla qovrulan qulluqçu Felisitenin miskin aqibətindən xəbər tutsun.
Buradan da belə nəticə çıxır ki, ömrü qəzadan qorumaq üçün, ana təbiətin pay verdiyi gerçək əcələ sağ-salamat yetişmək üçün, orqanizmin içindən cücərən doğma ölümə qədərki yad ölümlərin tələsindən yayınmaq üçün arzuları susdurmalı, ehtirasları cilovlamalı, aşırı həzzə dartınan həvəsləri söndürməlisən. Yoxsa madam Bovarini zəhərləyən dərd səni də öldürəcək.
“Yeni Azərbaycan” qəzeti