Daxili dünya haqqında- Seymur Baycan

Daxili dünya haqqında - Seymur Baycan

21 Avqust 2024 16:36 403


Hər bir sənətkarın öz daxili dünyası olmalıdır. Sənətkarın daxili dünyası ən adi səhnələrdə üzə çıxır, ən adi təsvirlərdə özünü göstərir. Sənətkarın daxili dünyasının ən adi səhnələrdə, təsvirlərdə, cümlələrdə üzə çıxması, özünü göstərməsi, ifadə olunması böyük təcrübə, vəhşi istedad, həqiqi, təbii, orqanik sənətkarlıq tələb edir.

Əsərdə ağır-ağır fəlsəfi fikirlər, bəzəkli cümlələr yazmaq, təlatümlü, dramatik hadisələr təsvir etmək çox asandır. Adi səhnələrdə, ən adi təsvirlərdə sənətkarın öz daxili dünyasını göstərməsi, ifadə etməsi isə olduqca çətindir.

Oxucular, tamaşaçılar sənətkarın böyüklüyünü, daxili dünyasını göstərən adi və dahiyanə səhnələrin, təsvirlərin üstündən şappıltıyla keçirlər. Heç tükləri də tərpənmir. Oxucuların, tamaşaçıların əksəriyyəti dramatik hadisələrə, ağır-ağır fəlsəfi fikirlərə, bəzəkli cümlələrə köklənirlər. Daha doğrusu, konkret desək, oxucuların, tamaşaçıların əksəriyyəti dramatik hadisələrə, ağır-ağır fəlsəfi fikirlərə aldanırlar.

Oxuduqlarıma və şəxsi müşahidələrimə əsaslanaraq bir daha qətiyyətlə bəyan edirəm ki, oxucuların, tamaşaçıların çoxu əsərlərdə əsl sənətkarlığı görmürlər. Bu heç də adi, sıravi oxuculara aid deyil. Özünü zövqlü, hazırlıqlı hesab edən oxuculara, yazıçılara, rejissorlara, tənqidçilər də aiddir. Oxucuların, yazıçıların, tənqidçilərin əksəriyyəti ən yaxşı halda əsərin süjetiylə, hadisələrlə tanış olurlar.

Oxucu, tamaşaçı əsəri bütün hüceyrələrindən keçirib, əsəri bütün hüceyrələri ilə hiss edib əsər haqqında öz şəxsi münasibətini, öz şəxsi hisslərini ortaya qoymalıdır.

Kitablar, filmlər haqqında yazıları oxuyuram. Terminlər yan-yana düzülüb, İZM-lərin biri bir qəpik, modernizm elə gəldi, postmodernizm belə getdi, yazıçı bunu demək istəmişdir, yazıçı ora göndəriş etmişdir, struktur oyunları, nə bilim nə oyunları... Bir sözlə, xalis boşboğazlıq. Nadir istisnaları çıxsaq filmlər, kitablar haqqında yazılmış yazıların əksəriyyəti xalis boşboğazlıqdan ibarətdir. Yazını oxuyursan və yazı müəllifinin əsərdən heç nə qanmadığını açıq-aşkar görürsən. Görürsən ki, yazı müəllifi yazıçının, rejissorun daxili dünyasını, iztirablarını hiss etməyib, əsərdə sənətkarın əsl sənətkarlıq nümayiş etdirdiyi yerləri görməyib. Görə də bilməz. Çünki bədii təfəkkür, bəsirət gözü yoxdur.

Daxili dünyanın ifadəsi deyildikdə hansısa şəxsi sirlərin, təbrizlilər demişkən, şuluq hisslərin, acı və ağrılı xatirələrin açıq-aşkar şəkildə yazılması nəzərdə tutulmur. Bəzi yoldaşlar isə hisslərin istismarını daxili dünyanın ifadəsi kimi başa düşür. Bu çox səhv münasibətdir. Sənətkarın daxili dünyası ən adi səhnələrdə görünə, ifadə oluna bilər.

Çexovun “Qağayı” pyesində bir yer var. Darğa məşhur aktrisaya deyir ki, “sizin istedadınıza böyük hörmətim var, amma bağışlayın atları verə bilmərəm”.

Təlatümlü hadisələr, dramatik səhnələr, ağır-ağır fəlsəfi fikirlər yazmaq çox asandır. “Sizin istedadınıza böyük hörmətim var, amma bağışlayın atları verə bilmərəm” cümləsini yazmaq üçün isə insan dahi olmalıdır. İnsan öz həqiqətinə çatmalıdır. Yalnız dahi, öz həqiqətinə çatmış, öz daxili dünyası olan əsl sənətkar bu cümləni yaza bilər. İlk baxışdan adama heç nə deməyən, adidən də adi bir cümlədə Çexovun əsl sənətkarlığı, daxili dünyası özünü göstərir.