Doğrudanmı bizim taleyimiz əlimizdə deyil? - Esse

Doğrudanmı bizim taleyimiz əlimizdə deyil?  - Esse

26 Yanvar 2023 12:08 379


Milyon illik tənhalıq
Fəxri Uğurlu

Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti haqqında

Doğrudanmı bizim taleyimiz əlimizdə deyil? Doğrudanmı insan oğlunun həyatı fələyin lotereya oyununda çıxan rəqəmlərin təsadüfi ardıcıllığından asılıdır? Doğrudanmı ömrümüz nə əvvəli, nə də sonu görünən səbəb-nəticə silsiləsinin zəncirinə vurulub?

Yerlə-göylə əlləşən başlar min illərdir bu kimi bəsit sualların cavabını axtarır. Qonşu planetə köçməyə hazırlaşan bəşəriyyət bunca sadə məsələləri çözməkdə hələ də acizdir.

Mənə qalsa, belə deyərdim: əgər varsa, azadlıq insan ruhunun xassəsidir, maddi, fiziki aləmdə, təbiətdə heç bir azadlıq yoxdur. Şəxsən mənim mənəviyyat qanunlarına, yəni təbiətə alternativ qanunlara (yəni ruha, yəni Allaha) inamımın bünövrəsində duran budur. Başqa bir tanrını təsəvvürə gətirmək çox çətindir, çünki bütün başqa hallarda pak ruhumuzu napak əməllərimizin çirkabına bulamış olacağıq. İnsan oğlu tanrısını öz günahlarından tam arındırmayınca gerçək azadlığın dadını, yaxud da azadlığın gerçək dadını duymayacaq.

Bir çox fikir adamı tanrı, allah anlayışlarıyla tale, qismət kimi anlayışları eyniləşdirir, halbuki insan oğlunun azad mənəvi iradəsi tanrılıq zirvəsinə ucalıb taleyin, qismətin əsarətindən qurtulmağa yönəlib. Məsələn, bizə genetik yollarla, yəni taleyin, qismətin hökmüylə ötürülən mərəzlər indi artıq bir çox halda azad insan ruhunun təcəllası olan elmin qüdrətiylə ya tam zərərsizləşdirilir, ya da gücdən salınır. Bu, ruhun bədənə, Tanrının təbiətə qarşı mübarizəsi deyilsə, bəs nədir?

Hərçənd hər düşünən adam həyata bu çərçivədə baxmır, kimi bu dünyanı savaş meydanı, kimi də tragikomik tamaşa səhnəsitək qələmə verir…

***

Məzmunu nə qədər faciəvi olsa da, Qabriel Qarsia Markesin dilimizə Əkrəm Əylislinin çevirdiyi “Gözlənilən bir qətlin tarixçəsi” povestini insan azadlığına karikatura kimi də təfsir eləmək olar. Yəqin həm də bu səbəbdən ki, müəllif özü də belə bir azadlığın varlığına şəkkak yanaşıb. Ümumiyyətlə, bu povestin ən dərin qatlarında ironiya layları üzür. Baş qəhrəmanın adının-soyadının mənası (Santyaqo – müqəddəs Yaqub, Nasar – yardım eləyən deməkdir), onu qətlə yetirən əkiz qardaşların xristianlığın təşəkkülü, yayılması prosesində ən üstün xidmətlər göstərmiş İsa Məsih həvarilərinin adını daşıması (Pablo – Pavelin, Pedro – Pyotrun ispanlaşmış variantıdır), toy gecəsi üzüqara çıxan qızın adı (Anxela – mələk deməkdir) söylədiyimi təsdiqləyir.

Əsərin personajlarından heç biri ürəyinin hökmüylə davrana bilmir, gizli, sirli, amansız bir güc onları arzulamadıqları yolla getməyə, istəmədikləri işi tutmağa məcbur eləyir. Bir qəsəbə adam bir qətlin baş tutması üçün səfərbər olunur, hər kəs yaxından-uzaqdan bu cinayətin şərikinə çevrilir, heç kim yaxasını qırağa çəkə bilmir.

Fələyin dəftərxanasında Santyaqo Nasara ölüm hökmü kəsilib. Hökmün icrası Pablo-Pedro Vikario (yeri gəlmişkən, katolik kilsəsində ruhani rütbələrdən biri olan bu sözün mənası “əvəzləyən”, “nümayəndə” deməkdir; elə isə qardaşlar kimi əvəzləyirlər, kimin nümayəndəsidirlər – fələyinmi, əzrayılınmı, əcəlinmi?..) qardaşlarına tapşırılıb. Əkizlərin toy gecəsi üzüqara çıxmış bacıları Anxela Vikario bakirəliyinin pozulmasında Santyaqonu günahlandırır.

Bu suçlamanın doğru olub-olmadığı sona qədər aydınlaşmır, qızın nəyə görə məhz Santyaqo Nasarın yaxasından yapışdığı axıracan bilinmir. Bir sözlə, xalis müəmma, əsl sirri-xuda!

Qətlə yetirildiyi ərəfədə dostunun davranışlarını, hətta gördüyü yuxuları qırğı gözüylə süzgəcdən keçirən müəllifin müşahidələri, təsvirləri, təhlilləri deməyə əsas verir ki, Santyaqo başına gələsi faciədən xəbərsizdir, bu səbəbdən heç kimdən qorxub çəkinmir, heç nədən narahat deyil. Buradan belə bir sadə məntiqi nəticə çıxır ki, əgər günahı olsaydı, cavan oğlan qəsəbədə o cür arın-arxayın dolanmazdı, toy gecəsi gərdəyə girən gəlinin aqibətini həyəcanla gözləyərdi.

***

Bütün əsər boyu müəllif bir gəncin ölümünə necə hazırlıq görüldüyünü ən xırda detallarına, bu qətlə gətirən səbəblər silsiləsini incəliklərinə qədər açıb göstərir. Onun öldürüləcəyini özündən başqa hamı bilir, ancaq heç kəs, hətta onu qətlə yetirməyə hazırlaşan əkiz qardaşlar belə bu ölümü arzulamır.

Fəqət qətlin qarşısını almağa kimsə ciddi cəhd göstərmir, hamı əli-qolu bağlı, dili bağlı işin sonunu gözləyir. Santyaqo Nasar eynən Markesin ustadı Kafkanın ölümə məhkum olunmuş qəhrəmanı kimi çaşqındır, ömrünün son dəqiqələrində belə nədə suçlandığını, nəyə görə hədəf seçildiyini anlamır, üstəlik, özünü qorumağa, hədəfdən yayınmağa da çalışmır.

Bu detallar həm də Santyaqonun günahsız olduğunu sübuta yetirir, əks halda onun qətli fəlsəfi mahiyyət də daşımazdı, məişət xarakterli bir faciənin kriminal xronikasından uzağa getməzdi. Söhbət məişət əxlaqına dirənsəydi, əminəm, Markes bu əsəri qələmə almazdı; sadəcə o, qənaətini açıq dilə gətirmir, heminqueysayağı fəndlə tapmacanın açmasını oxucuya saxlayır.

Əslində əvvəl-əvvəl əsər elə o cür də qəbul olunmuşdu, “Yüz ilin tənhalığı” romanının dünya şöhrətli müəllifinin başına and içən tənqidçilər bir müddət pəjmürdə sükuta dalmışdılar. Sonra onlardan kimsə povestə açar tapmışdı: demək, heç kim qəsəbə camaatının sevimlisi olan iyirmi bir yaşlı gəncin öldürülməsini istəmirdi, bununla belə onu amansızlıqla qətlə yetirdilər!..

***

Qəssab bıçağıyla silahlanmış Vikario qardaşları bacılarının üstündəki namus ləkəsini təmizləmək üçün Santyaqo Nasarı öldürəcəklərini uca səslə bəyan eləsələr də, kimsə onların qarşısını almır. Qardaşlar öz niyyətlərini məhz elə buna görə gizlətmirlər ki, biri onların əlindən vursun, kimsə hədəfinə könülsüz tuşlanmış bıçaqlara qalxan tutsun, işə polis-filan, divan-dərə qarışıb töhməti onların boynundan zorla götürsün. Di gəl, polis də məsələyə gərəyincə baş qoşmur, sərxoşluqdan ağlını itirmiş qardaşların bıçaqlarını əllərindən almaqla özünü vəzifə borcunu yerinə yetirmiş sayır.

Klassik Şərq şairləri sayaq məstanə, rindanə ömür sürən ərəb əsilli Santyaqo Nasar taleyin oyunundan xəbərsiz fani həyatın hər dəqiqəsindən-saniyəsindən zövq almaqdadır – qəsəbədə o vaxtacan misli görünməmiş toyda doyunca şənlənir, dəbdəbəli nikah mərasiminə xərclədiyi pulları ləzzətlə hesablayır. Ağlına da gəlmir ki, bu təmtəraqlı məclis ondan ötrü qurulub, sədası ərşə dirənən şadyanalıqdan tezliklə onun matəmi xortlayacaq. Yuxusuna belə girməz ki, haralardan gəldiyi bilinməyən, Anxelaya özünü bəyəndirmək, onunla evlənmək üçün ağlasığmaz xərclər çəkən Bayyardo San Roman qəsəbəyə əzrayılın elçisi, əcəl müjdəçisi kimi göndərilib.

Axı kimin ağlına gələrdi? Bir cavanın canını almaq üçün fələk neçə milyon, neçə milyard fənd işlədər, iz salar, əməl qurar axı? Vallah bundan Markes kimi dahi də baş çıxarmaz! Bu adamları həyata gözüyumulu gətirib gözüyumulu aparmaq, əcəliylə baş-başa bəsləmək, olumu ölümlə, sevinci dərdlə, toyu vayla boğaz-boğaza bağlamaq yəni bu qədərmi vacib idi?..

Belə güman olunur ki, Anxela Vikario Santyaqo Nasarın adını əsl günahkarı xilas eləmək üçün çəkir. Düşünür ki, kasıb qardaşlarının varlı-hallı Santyaqoya əl qaldırmağa cəsarəti çatmaz. Bununla da günahsız gəncə əcəl aşı bişirən fələyin qazanına bir çimdik duz atmış olur.

Hərçənd bu qənaət də gümandan uzağa yerimir, qətldən uzun illər sonra Anxelanı ziyarət eləyən müəllif yenə ondan inandırıcı cavab ala bilmir, bəxtsiz gəlin dediyinin üstündə durub yenə Santyaqonu nişan verir.

***

Amanat cisminin fələyin dəyirmanında gec-tez bir ovuc toza dönəcəyini ağlı başında olan hər kəs bilir, amma heç kim bu gerçəyə ürəkdən inanmır; inansa, insanın ürəyi həmin dəqiqədəcə dayanar. Kafkanın dediyi kimi, hər bir məhkum edamına qalmış müddəti azacıq da olsa uzatmağa çalışır.

Canına mübhəm bir kabusun yeli dəydiyini handan-hana duyan Santyaqo evlərinə gedən yolu uzatmaq üçün nişanlısıgilə dönür, fəqət orada da xoş üzlə qarşılanmır, bütün qəsəbəyə bəlli bir həqiqəti (ən azından Anxelanın filan səbəbdən ata evinə qaytarıldığını), boynuna qoyulan cinayəti heç kim onun üzünə oxumur, qayınatası onu ləngitməyə çalışsa da, nişanlısı qapını Santyaqonun üzünə çırpır. Qurban öz cəlladına vaxtında yetişməlidir!

Pablo-Pedro qardaşları meydan boyu onu evlərinə doğru qovanda doğmaca anası Santyaqonun artıq darvazadan içəri adladığını düşünüb qapını səhvən tək balasının üzünə bağlayır. Bununla da mübhəm qüdrətin qanlı əməliyyatı başa çatır.

Bəli, insan fələklə təkbətək zər atır, labüd ölümdən onu doğma anası belə qoruya bilməz! Bəşər oğlu taleyi, əcəliylə savaşda təkdir, köməksizdir, acizdir. Loru desək, bizim halvamız çoxdan çalınıb. Yazıçının bu əsərdə verdiyi başlıca mesaj, məncə, budur.

***

Markesin yaradıcılığından qırmızı xətt kimi keçən tənhalıq mövzusu burada bir başqa səpkidə, başqa fonda özünü göstərir.

“Gözlənilən bir qətlin tarixçəsi” povesti iki janrın – jurnalist araşdırmasıyla detektiv janrının qovuşağında qələmə alınıb. Müəllifin uzun illər peşəkar jurnalistikayla məşğul olması burada da karına gəlib. Qəhrəmanın öldürüldüyü elə ilk cümlədəncə bilinirsə də, bu sirli-sehirli əsəri həyəcansız oxumaq mümkün deyil.

Povest ilk dəfə 1981-ci ildə işıq üzü görüb. Dilimizə tərcüməsi, yaxşı xatırlayıram, bundan vur-tut bircə il sonra “Azərbaycan” jurnalında dərc olunmuşdu. Ona qədər Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”, “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” kimi əsərləriylə dünyanın bir çox ölkəsində tanınırdı (Yeri gəlmişkən, sıradakı birinci əsər ötən əsrin 70-ci illərinin sonuna yaxın mərhum İshaq İbrahimovun tərcüməsində “Ulduz” jurnalında çapdan çıxmışdı). “Polkovnikə məktub yoxdur” – sosial roman, “Yüz ilin tənhalığı” – ailə romanı, “Patriarxın payızı” – siyasi roman, “Vəbalı çağda sevgi” – sevgi romanı, “General öz labirintində” – tarixi roman, nəhayət, “Gözlənilən bir qətlin tarixçəsi” – jurnalist araşdırması üstəgəl detektiv roman qəlibində yazılmış olsa da, bu əsərlərin hamısının ana xətti, leytmotivi, başlıca mövzusu tənhalıqdır – insanın fələk, qəzavü-qədər, tale-qismət, alın yazısı, həyat, ölüm, bir də başqaları qarşısında tənhalığı.

Uzun ömür yaşayan Markes həyatı boyu öz tənhalığını doldurmağa, öz sərhədini aşmağa çalışdı. Əlbəttə, bunun dahiyanə əsərlər yaratmaqdan, dünyada tanınmaqdan, milyon-milyon insanın qəlbinə girməkdən yaxşı yolu ola bilməzdi. Hərçənd şöhrət qazanmağın da özünə görə problemləri, dərdi-səri var. 1979-cu ildə Moskvada nəşr olunan ədəbi jurnallardan birinin redaksiyasında Latın Amerikası həyatının, mədəniyyətinin kamil bilicilərinə verdiyi çox geniş müsahibədə böyük yazıçı məşhurluğun mənfi cəhətlərinə də toxunmuşdu: “Axşamlar arvadım Mersedeslə oturub gözləyirik ki, dostlardan biri zəng vurub bizi görüşə çağıracaq. Ancaq heç kim çağırmır, hamı elə bilir həmin axşam bizi onlarla dəvət gözləyir”.

Ardınca da markesvari bir ustalıqla sözünə belə yekun vurmuşdu: “Şöhrətin gətirdiyi tənhalıq hakimiyyətin gətirdiyi tənhalığa çox bənzəyir…”

“Yeni Azərbaycan” qəzeti