Məni və itim Mumunu narahat edən suallar - Seymur Baycan

Məni və itim Mumunu narahat edən suallar  - Seymur Baycan

30 Dekabr 2022 16:20 985



Doğum evinin həyətində məni və itim Mumunu narahat edən

Seymur Baycan

Ondan itdə də var…
Atalar məsəli.

Evin yaxınlığında yekə doğum evi var. Doğum evinin də, öz növbəsində, yekə həyəti. Nədənsə itlər gəlib bu yekə doğum evinin yekə həyətində, bəzək kollarının arasında küçükləyirlər. Böyük ehtimalla, doğum evinin həkimləri, tibb bacıları, doğan qadınların yaxınları itləri yemləyir. Ona görə də itlər üçün hal-hazırda doğum evinin həyətində küçükləmək daha əlverişlidir. Ən azı doğuşdan sonra sür-sümüklə təmin olunurlar. Hər halda, buna ümid edirəm. Yəni ümid edirəm ki, vəziyyət belədir, doğum evinin həkimləri, tibb bacıları, doğan qadınların yaxınları balalayan itləri mərhəmət göstərərək azdan-çoxdan yemləməyə çalışırlar.

Nə bilmək olar, bəlkə, artıq itlər də doğum evində küçükləmək istəyirlər və onlar bu təbii, labüd prosesi hələlik doğum evinin həyətində həyata keçirməyə müyəssər olublar. Nə bilmək olar, bəlkə də, yaxın gələcəkdə onlar daha da irəli addımlayaraq növbəti inkişaf, təkamül mərhələsinə keçməyi, doğum evinin içinə girməyi, orda hansısa bir şöbədə balalamağı da bacaracaqlar. Artıq hər şeyə inanıram.

Səhərlər və axşamlar piyada gəzəndə doğum evinin həyətinə də baş çəkirəm. Baş çəkirəm deyəndə orda heç bir ciddi işim yoxdur. Sadəcə piyada gəzmək marşrutuma doğum evinin həyətində iki-üç dövrə vurmaq da daxildir. Yaxınlarda yenə də marşrutuma sadiq qalaraq doğum evinin həyətinə girdim. Tək deyildim. Yanımda “Mumu” adı qoyduğum ağ rəngli itim də vardı. Birdən bəzək kollarının arasında it mırıltısı eşitdim. Ehtiyatla (aydın məsələdir, ehtiyat igidin yaraşığıdır) bəzək kollarına yaxınlaşdım. Gördüm ki, bəzək kollarının arasında arıq, vücudu bir dəri və bir sümükdən ibarət olan, tükləri tökülmüş, sir-sifətinə gənə darışmış, rəngini itirmiş (doğrudan, onun rəngini müəyyən edə bilmədim) bir it balalayıb. İtin “vid-fason”una baxdım və bəzi suallara cavab axtarmağa başladım:

Axı bu soxhasoxda, üçüncü dünya müharibəsinin hər an başlaya biləcəyi, ərzaq, meyvə-tərəvəz, dərman qiymətlərinin hər gün qalxdığı bir vaxtda küçükləmək sənin nəyinə lazım idi? Harada, hansı cəhənnəmdədir bu küçüklərin atası? Qaçıb? İşin görüb aradan çıxıb?

Başa düşürəm bu suallar çox yersizdir, ədalət naminə mütləq qeyd edək ki, itdə heç bir günah yoxdur, özündən asılı olmadan nəsil artırma işini yerinə yetirib. Bununla belə, yenə də arıq, bir dəri və bir sümükdən ibarət olan, tükləri tökülmüş, sir-sifətinə gənə darışmış iti küçüklədiyinə görə həm səsli, həm də səssiz formada xeyli danladım.

Mumu da maraqla, diqqətlə və təəssüflə bəzək kollarının arasında mırıldayan itə baxırdı. O qədər maraqla, diqqətlə və təəssüflə baxırdı ki, onun baxışlarından hər şeyi başa düşdüm. Bəli, məni narahat edən suallar Mumunu da narahat edirdi:

Axı küçükləmək sənin nəyinə lazım idi? Ay qancıq, əmcəklərində süd də yoxdur. Necə saxlayacaqsan, necə böyüdəcəksən bu küçükləri? İnsanların günü-gündən aqressivləşdiyi, ölkələrin hərisliklə silahlandığı, hər yerdə millətçiliyin, dini radikalizmin tüğyan etdiyi bir vaxtda, at izinin, it izinə qarışdığı bir dünyada sənin küçüklərin necə yaşayacaqlar? Kim onlara mərhəmət göstərəcək? Kim onlara sığınacaq verəcək? Sən bu küçükləri məktəbə göndərə biləcəksən? Bu küçüklərə məktəbli çantasını, məktəbli formasını, dəftər-qələmi, dərslikləri necə alacaqsan? Məktəbdən süpürgə pulu, pərdə pulu, döşəmə əskisi pulu, təmir pulu istəyəcəklər. Verə biləcəksən o pulları? Haradan tapacaqsan o pulları? Qəhbəlik eləyəcəksən? Sən Sonya Marmeladovasan? Sən istəsən belə heç qəhbəlik də edə bilməzsən. Kim sənə pul verəcək? Kim sənə yaxın düşəcək? Heç kim.

Deməli, küçüklərinə təhsil verə bilməyəcəksən. Onlar təhsilsiz, elmsiz, cahil qalacaqlar. Sən onlara heç Allahın velosipedini də ala bilməyəcəksən. Bulvara aparıb gəzdirə bilməyəcəksən.

Onlar ən adi uşaq əyləncələrindən də məhrum olacaqlar. Sən onları vaxtlı vaxtında vacib qidalarla, meyvə-tərəvəzlərlə təmin edə bilməyəcəksən. Onlar vitamin çatışmazlığından, qan azlığından əziyyət çəkəcəklər. O gün radioda eşitdim ki, bir insan il ərzində minimum iyirmi beş kilo dəniz məhsulu yeməlidir. Haradan tapacaqsan iyirmi beş kilo dəniz məhsulunu?

Yuxarıda sadaladığım və sadalamadığım sualların Mumunu narahat etməsi oxucular tərəfindən kifayət qədər təbii qəbul edilməlidir. Çünki atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar. Hər bir it aşağı-yuxarı öz sahibinə oxşayır. Sahibi aqressivdirsə, it də aqressiv olur. Sahibi mərhəmətlidirsə, it də mərhəmətli olur. Sahibi ağıllıdırsa, it də ağıllı olur. Bu nöqteyi-nəzərdən mənim dərin intellektimdən, əlbəttə, Mumuya da nələrsə keçib. Onunla çox ünsiyyətdə oluram. Müxtəlif mövzularda söhbətlər edirik. Müxtəlif mövzularda müzakirələr aparırıq. Açıq havada sərgilər keçiriləndə, tamaşalar göstəriləndə mütləq Mumunu da aparıram. Təzə yazdığım hekayələri Mumuya oxuyuram. Hekayələrdə boşluqlar olanda, kobud, əsaslandırılmamış zaman və məkan keçidlərində, təyinatsız təbiət təsvirlərində, obrazların danışığı yaşına, sənətinə, mənsub olduğu təbəqəyə uyğun gəlməyəndə bərkdən və əsəblə hürür. Bildirir ki, oralara əl gəzdirib, səhvləri mütləq düzəltmək lazımdı. Gözəl təsvirlər eşidəndə, mövzu bədii həllini tapanda, obrazlar təbii danışanda həzz alır. Bu mənada Mumunun bədii təfəkkürü bir çox insanların bədii təfəkküründən daha güclüdür. Mumunun bədii təfəkkürünə inanıram…

Dəqiqələr keçdikcə doğum evinin həyətində məni və Mumunu düşündürən, narahat edən sualların sayı sürətlə çoxalırdı. Həm mənim, həm də Mumunun başı hər dəqiqə sürətlə artan sualların təzyiqinə tab gətirə bilməyib partlaya bilərdi. Gecikmək olmazdı. Ona görə də hər ikimiz iti addımlarla yekə doğum evinin yekə həyətini tərk etdik. Doğum evinin həyətini tərk edən kimi hər ikimiz yüngülləşdik. Dərindən nəfəs aldıq. Elə bil çiyinlərimizdən ağır bir yük götürüldü. Bizim yekə doğum evinin yekə həyətini iti addımla tərk etməyimizi bir növ “Azadlıqdan qaçış” da adlandırmaq olardı.

azlogos.eu