Dörd filmdən reportaj - Yusif Yusifzadə

Dörd filmdən reportaj  - Yusif Yusifzadə

04 Aprelel 2022 09:25 636


Yusif Yusifzadə

Dostum Eyyubla “28 May” metrostansiyasının qarşısında saat 18-15də görüşürük. Hava küləklidir. Eyyub əsir. Belə hava mənə bazarertəsi günortasmenlərinin dərs çıxışını xatırladır. Üşüyürsən, acsan, evə gedirsən amma sabah yenə dərs var. Böyük bir qarabasma çiynində səninlə evə gəlir.

Biz bu gün Kino İttifaqın “Azerbaycansinema” kinoteatrında təşkil etdiyi gənc rejissorların film nümayişinə və müzakirəsinə gedirik.

Eyyub da mənim kimi bu ölkədə yazmağın mümkün olub-olmadığını sınayanlardandır. Onunla ilk kitablarımız eyni vaxtda nəşr olunub. Nəysə, bu yazı Eyyub Məmmədovun keçdiyi məşəqqətli həyat yolundan, İstanbuldan Moskovaya uzanan səyahət tarixçəsindən bəhs ediləcək yer deyil. Bu yazı kino sənətinə həsr olunur

Eyyubla salamlaşıb, qucaqlaşıb öpüşüb düzəlirik yola. Yolda ona oxuması üçün verdiyim Seymur Baycanın “Körpüsalanlar” romanını geri alıram. “Körpüsalanlar” romanın “Qanun” nəşriyyatının özündən endirimlə 1 manata almışdım. Başa düşə bilmirəm bu roman niyə ikinci dəfə nəşr olunmur?

Üzeyir Hacıbeyov adına Musiqi Akademiyasından sola dönüb “Tarqovi” istiqamətinə yürüyüşümüzü davam etdiririk. Havadan, sudan, otdan, böcəkdən danışırıq. Necə olursa belə bir cümlə işlədirəm.

-Həqiqətən, hazıram. Rayonların birinə köçüb inzivaya çəkilə bilərəm. Bircə heç olmaya tək adama iki aylıq bəs edəcək pulum, evim olsun. Şəhərdən bezmişəm.

Dostum cavab verir.

-Elə olmur, rayon bataqlıqdı. Bəlkə də, sən şəhərdə doğulub böyümüsən deyə şəhərdən uzaqlaşmağı yenilik hesab edirsən, amma tam əksidir. Sənət adamı rayonda heç nə edə bilməz. Mən rayonda olanda mənə elə gəlir ki, bir addımlığında dayandığım çayda bütün dost-tanışım qurşağa qədər soyunub çimir, mən də qalın koftada onlara baxıram.
-Etiraf eləməkdən qorxmuram, mən özümü son bir ildi böyük təcridə hazırlayıram. Bu təcridi ən az xərclə ölkənin şimal rayonlarının birində edə biləcəyimi düşünürdüm. Sən elə kədərli danışdın, elə dəqiq nümunə gətirdin ki, fıkırlərim tamam baş-ayaq oldu.

-Həyat belədir. Mən Tiflisdə, İstanbulda, Nijni-Novqorodda, Moskvada, Bakıda olmuş adamam. Mənə inan.
-Sənə inanıram. Bu yay Tiflisə gedək?
-Gedək.

***

Kinoteatrın qarşısındayıq. Maskalarımızı taxırıq, ilk dəfə olduğumuz bu məkanda özümüzü necə aparacağımızı bilmirik. Eyyub deyir:

-Gəl oturaq.

Yaxşı ideyadır. Səyahət təcrübəsi öz sözünü deyir. Elə belə məsələ deyil. Mənə qalsa, hələ ora-bura boylanırdım.
Oturduğumuz yerdən çətinliklə olsa da kinoteatrın coffieshopu görsənir, azərbaycanlı olmayan bu adamlara baxıram. Tələbəlikdən, yəni, şəhərə ayaq açdığım ilk gündən coffieshoplarda oturan adamlara baxıb bir neçə sual haqqında düşünürəm. Bu adamlar doğurdan mövcuddurlar? Bu adamlar “20 Yanvar” ərazisinə gediblər, Bakı-Sumqayıt yolunda tıxaca düşüblər? Axmaq suallardı, amma mən yazılarımda səmimiyəm. Həmin an bu haqqda düşünürdüm.



Bir neçə dəqiqə gözucu bina interyeri ilə tanışlıqdan sonra qalxırıq film nümayişləri olacaq zala. Koridorda Sevda Sultanovanı görürəm. Məni içəri dəvət edir. Sevda xanımı “Artlogos”da yazılarım verilən ərəfədə tanımışam. Mənim üçün əhəmiyyətli adamdı. Belə ki, ətrafımda onun qədər işinə bağlı başqa adam tanımıram. Böyük təcridə hazırlaşdığım bu ərəfələrdə onun obrazı mənə stimul verir. Sevda Sultanovaya gərək bir dəfə deyim, “Azərbaycanda işi necə sevməli” adlı yazı yazsın. Buna ehtiyac var.

***

Zalda anşlaq var. Heç kim bu qədər adamın gənc rejissorların filmlərini izləməyə gələcəyinə inanmazdı. İki yanaşı yer tapıb otururuq. Film başlayır ilk film Ərturan Nəcəflinin “Səs” filmidir.

İşıqlar sönür. Ekrandan xorultu səsi gəlir.

“Səs” filmi haqqında:

Mən sənəti iki yerdə axtarmışam. Əvvəlcə uşaqlıqda. Tarkovskinin də dediyi kimi “Gələcəkdə xatırlanmayacaq uşaqlıq yaşayan biri sənət adına nəsə yarada bilməz.”

Digəri bir sənət axtarışı məkanı isə gündəlik həyatdır. Bəli, heç bir gopa basmadan, heç bir yalançı fəlsəfədən istifadə etmədən və rol aparmadan tam realist şəkildə gündəlik həyatı sənətə çevirmək olar. “Səs” filmi ikincilərdəndir.

Filmdə qoca cütlük və bir radio var. Rejisor bu üç personajla xırda, amma yeri doldurula bilməyən bir həqiqət haqqında film çəkib. O həqiqəti bu filmdə səslə daha dəqiq xorultu ilə bizə göstərib. Ərturan Nəcəflinin “Səs” filmindəki yeri doldurula bilməyən həqiqət bağlılıqdır. Nümayişlərin sonundan rejissor gələcəkdə kinoda öz dəsti-xəttini yaratmaq istədiyini dedi. “Səs” filmində mən rejissorun arzusunda olduğu məxsusiliyi gördüm. Ərturan bəyə məndə böyük inam yarandı. Xırda mövzudan belə yüksək səviyyədə bir ekran işi yaratdığına görə ona səmimi qəlbdən təşəkkürümü bildirirəm. Ona heç bir iradım təklifim yoxdu. Məst elədi məni.

***

İşıqlar yenə sönür Azər Quliyevin ard-arda iki filmini göstərirlər. Birincisi “Təngnəfəs”, ikincisi “Pa-pa”. Hər iki film də mənim zövqumcə deyildi. İzləyə, fokuslana, anlaya bilmədim. Filmləri belə yozdum:

“Rejissor kinoda yenilik axtarışındadır.”

Sadəcə, onu deyim ki, “Pa-pa” filminin dialoqları çox süni və gop alınmışdı. Həmişə qeyd etdiyim kimi həyatdan uzaqdan, reallıqdan kənarda yaradılan istənilən sənət nümunəsi mənim nəzərimdə yarımçıqdır. Gənc rejissoru ssenariyə yersiz fəlsəfi müdaxilələrdən çəkinməyi təklif edərdim. Süni və gop ssenaridənsə səssiz film çəkmək daha yaxşıdır.

***

Sonuncu film üçün növbəti işıqlar sönür. “Titrəmə” filmi başlayır. Rejissor Amil Amaldır. Məni bura gətirən, izləmək üçün səbirsizləndiyim film məhz “Titrəm”dir. Amil Amalın uğurlarını, tərifini çox eşitmişdim.

“Titrəmə” filmi müharibə haqqındadır. Protoqonist ayağını döyüşdə itirən siravi əsgərdir. O, bütün film boyu titrəyir.
Müharibədən yenicə çıxmış ölkə kimi nümayəndəmizin filmi mənə çox maraqlı idi. Adətən, müharibə filmləri vətən millət qüdsiyyətini gözə soxmaq və ya müharibənin mövcüd olmayan romantik tərəfini göstərmək üçün çəkilir. “Titrəmə” filmində isə biz bunların heç birini görmədik. Amal Amal müharibəni siravi əsgərin gözündən bizə göstərdi. Biz gördük ki, insanın bütövlüyü qədər ona qüvvə verən, onu həyata bağlayan ikinci bütövlük yoxdur. İnsanın öz bütövlüyü ilə müqayisə olunacaq başqa birlik, harmoniya mövcüd deyil.

Filmin son səhnəsində əsgər qopmuş ayağını tapır. Onu qucağına alır. Sonra nələr baş verdiyini hissiyatlı oxucular artıq təxmin etdilər.

“Titrəmə” filmi nümayiş olunan filmlər arasındakı ən böyük büdcəli filmdir. Düzdü, bu beynəlxalq kino sənayəsi üçün çox cüzi rəqəmdir. 30 min manatdan söhbət gedir. “Titrəmə” filmi digər üç filmi həm də ona görə qabaqlayır ki, aktyor ifası çox yüksək səviyyədədir. Bəhruz Vaqifoğlu “Titrəmə” filmində böyük iş görüb.

***

Nümayiş bitdi. Müzakirə başladı. Gözüm saatdadı. Hava qaralıb. Sevda xanım sualları bir-birini ardınca rejissorlara unvanlayır. Zaldakılara baxıram, hamının üzündən oxuyuram.

-Evim yaxındı, müzakirədə də otura bilərəm.

Mənim qəsəbəm isə burdan çox-çox uzaqlardadır, tələsməliyəm.