Dövlətimizin Xalq yazarları / Hərbi hissə hasarları - Yeni imza

Dövlətimizin Xalq yazarları / Hərbi hissə hasarları   - Yeni imza

04 May 2022 11:34 1267


YeniYaz.Az gənc şair Fuad Novruzlunun şeirlərini təqdim edir.

Bizim mədəni və mənəvi yükümüz

Xalqımızın yazılmamış qanunları,
Dövlətimizin Xalq yazarları,
Hərbi hissə hasarları
Və dostluq pozan bazarları.

İşğalçıdan qorxmayan qonaqpərvərlik.
Əzəldən sözün dərininə dəyər,
Həyatın acısına təmkin və təpər.

Qapısı oğurlanmış, yağmalanmış şəhərlərin dahiləri,
Onların səsinin min illərə uzanan əks-sadası
Parlaq çıraqlarının min faciəlik gözyaşı qədər yanacağı,
Nəsiminin neçə cahanlıq xəyallarının növbəti dayanacağı.
Uzaq qütblərin ortaq qovşağı.

"Örtülü bazar" münasibətləri

Dostluğu pozan
Örtülü bazarda
İntim atmosfer yetişirdi.
Cənub şəhərində
Şimal küləyi
Bahar mehinə dəyişirdi.

Ağsaqqallar şurası
Yüksək təzyiqini
Ağbirçəyin şəkərilə tarazlaşdırırdı.
Balçı öz işçi arılarını
Fərdi yaşayış minimumuna-
190 manata razılaşdırırdı.
Pulcuqları soyulmuş balığın
Təəccüblü gözləri
Sanki vəziyyətlə barışırdı.

Qərb küləyi
Örtülü bazarın
Üstünü açmağa çalışırdı.
Konservləşdirilmiş narazılığın
Son istifadə müddəti
Tərəddüdlə yaxınlaşırdı.

Yaddaşın zəhəri

Özümə düşmən kəsilən qəlbim
Hər döyüntüsü ilə
Acı zəhər molekullarını
Ruhum boyu qovur,
Zehnimin olan-qalan xoş xatirələri qeybə sovurulur,
Mənfur toksinlər daxili dünyamın müqəddəs ünsürlərini
Kafircəsinə soyqırıma məruz qoyur.

Ətraf ancaq tənha qarşılanası qaranlıq təhlükə vəd edir,
Dünənki xoş xatirələr
Qara, tikanla biçilmiş dona qərq olub,
Zəifləmiş sahibinə
Dişlərini qıcadır.
Çatlamış, özünə inamsız mənlik
Ruhun təlaşlı çırpıntısı altında
Ritualvari ölüm rəqsi edir...

Vətən, ondan əvvəl və sonra

Apofeoz bizimdir - müharibə xalqın.
Mavzoley bizimdir - Lenin camaatın.
Kreml bizimdir - ulduz səmanın.

Cinayəti özünüz öyrənin, cəzanı öyrədərik.
Hərbə siz öyrənin, sülhə öyrədərik.
Ataları əzbər öyrənin, oğulları biz öyrədərik.

Toksik buludların zəhər yağışı,
Qanlı əsgər balışı və ürkək körpə baxışı.
Makro-iqtisadi təkanlar və təxribatçı cərəyanlar.
Qazanılmış düşmənlər və bütləşmiş kabuslar.
Təxəyyülün zindanı və əl çirki pulu qanla yuma dövranı.

İşıq illəri

...Keçmiş.
Doğma yataq,
Bir azdan bu yox, o dünya.

Köhnə xəstəxana və gələcək...
Kəskin, yeni nəfəsli gələcək.
Bəlkə mələk-şeytanla çığırışıb qara pişikləri qovacaq.
Bəlkə elə həmin zalım keçmişə dadanacaq,
Bəlkə qum saatının axını aşağıdan yuxarıya fışqıracaq?

İndi isə
İlıq rahatlıq dalğaları
Ağrını yerində boğacaq.
İlğımlar qanayan yaraların üstünü yüngül qıdıqlayacaq,
Tanrı mənim yorğun gözlərimin işığını
Nəvazişlə alıb,
Gələcək körpə baxışlara hədiyyə edəcək.

Əzab və ümid

Qara qarğanın qaranlığa qarğışı.
İslanmışın qiyamət yağışı.
Anamın göz yaşı.

Mübarizənin ağası,
Qorxularının köləsi.
Həyatının ölümü titrədən kölgəsi.
Zəif gözümün son pərdəsi.

Arzularının sakit, nəhayət sonluğu.
Zaman küçüyünün zalımdan betər bədheybətə çevrilməsi.
Əbədi əzab,
Əbədi əzab.
Anlıq ümid... və tanış dövran.

Təcavüz

Qızıl Ordu, sonra qızıl xaçlı gümbəz kölgəsində
Əsrlərdən saniyələrə parçalanmış milli mənlik,
Əbədiyyətdən dövrlərə bölünmüş mədəni boşluq
Və dünənki mənəvi heçlik.

Nəhəng şimali aqressiya,
Format dəyişmiş imperializm.
İkibaşlı anti-demokratiya və xalqlar zindanı reaktoru.
Papağı qırmızı ulduzlu zalım alimin
Öz qanlı təcrübələrinin
Vəhşi nəticələrinin
Əbədi təhkiminə çevrilməsi.

Dünya birliyinin öz ədalətsizliyinə dözümü.